Məhkəmə qərarları › İş №2(107)-2346/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2346/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2346/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, iddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «xxxx» Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair” mülki iş üzrə iddianı təmin etmə tədbiri haqqında ərizənin rədd edilməsi barədə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadından iddiaçı “xxxx” Bankı ASC tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» Bankı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli **********40715 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “xxxx” Bankı qarşısında 5714,92 ABŞ dolları (beş min yeddi yüz on dörd ABŞ dolları 92 sent) məbləğində vaxtı keçmiş əsas borcu, 9576,23 ABŞ dolları (doqquz min beş yüz yetmiş altı ABŞ dolları 23 sent) məbləğində kreditdən istifadəyə görə xx xxxxxx 2019-cu il tarixədək illik 19% (on doqquz faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borcu, 250,82 ABŞ dolları (iki yüz əlli ABŞ dolları 82 sent) məbləğində xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxxxx 2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 5244,31 ABŞ dolları (beş min iki yüz qırx dörd ABŞ dolları 31 sent) məbləğində xx xxxxxxxx 2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 20786,28 ABŞ dolları (iyirmi min yeddi yüz səksən altı ABŞ dolları 28 sent) məbləğində kredit borcları, xx xxxxxxxx 2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC “xxxx” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» Bankı ASC iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan İmişli rayonu Cəfərli kəndində yerləşən 1.58 ha torpaq sahəsinin 0.58 ha sahəsi üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadı ilə iddiaçı «xxxx» Bankı ASC-nin Cavabdeh qarşı “xx xxxxxx 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair” mülki iş üzrə iddianı təmin etmə tədbiri haqqında ərizəsi rədd edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadından xx xxxxxxx 2020-ci il tarixdə iddiaçı «xxxx» Bankı ASC-nin şikayəti həmin Məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda Bankın ərizəsinin təmin edilməməsinin əsası kimi göstərilmişdir ki, torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan və həmin torpaq sahəsində cavabdehin payı müəyyən olunaraq ayrılmadığından ərizə rədd edilməlidir. Qeyd etmək istəyirlər ki, Məhkəmənin yuxarıda göstərilən mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13-cü fəslində nəzərdə tutulan “iddianın təmin edilməsi” institutuna zidd hesab edirlər. Çünki, məlum olduğu kimi, iddianın təmin edilməsi institutu qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır və bunun üçün təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında da göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxxxx hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. “İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir”... Qeyd olunanlar baxımından hesab edirlər ki, əgər torpaq sahəsinin müvafiq hissəsinə əvvəlcədən həbs qoyulmadan və onun cavabdeh tərəfindən özgəninkiləşdirilməsi imkanı aradan qaldırmadan, məhkəmə tərəfindən torpaq sahəsi üzərində cavabdehin payının müəyyən olunması və həmin payın ayrılması məsələsinə baxılarsa, iş üzrə çıxarılacaq qətnamənin torpaq sahəsinin cavabdehə aid payı hesabına ödənilməsi imkanı itirilmiş ola bilər. Yəni, qeyd olunan məsələyə dair məhkəmənin yekun aktı qanuni qüvvəsini alanadək Cavabdeh torpaq sahəsinin digər birgə mülkiyyətçiləri ilə qarşılıqlı razılaşma əsasında öz payını ayırıb özgəninkiləşdirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd olunan normaları baxımından bu halın baş verməsi tam real görünür. Belə olarsa, hazırkı iş üzrə qəbul olunacaq qətnamənin icrası təminatsız qalacaqdır. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı «xxxx» Bankı ASC-nin Cavabdeh qarşı “xx xxxxxx 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair” mülki iş üzrə iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin rədd edilməsi haqqında Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadından iddiaçı «xxxx» Bankı ASC tərəfindən verilmiş şikayət həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxx» Bankı ASC-nin nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin fikrini dinləyərək hesab edir ki, iddiaçı «xxxx» Bankı ASC-nin Cavabdeh qarşı “xx xxxxxx 2015-ci il tarixli **********40715 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair” mülki iş üzrə iddianı təmin etmə tədbiri haqqında ərizənin rədd edilməsi barədə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)- 1948/2020 nömrəli qərardadından iddiaçı «xxxx» Bankı ASC-nin şikayəti təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki işdə olan xx.xx.2015-ci il tarixli **********40715 nömrəli kredit müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədi ilə Bank və X4 (ipoteka qoyan) arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətdə olan 0,045 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m təşkil edən 12 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********40715/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İşdə olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, X4 (ipoteka qoyan) arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Yevlax şəhəri Ərəş küçəsində mülkiyyətdə olan 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 209,60 kv.m təşkil edən 12 nömrəli fərdi yaşayış evini “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan «xxxx» Bankı ASC 17850 (on yeddi min səkkiz yüz əlli) manata almışdır. Bundan başqa, iddiaçı tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********04 nömrəli məktubundan görünür ki, Cavabdeh adına İmişli rayonu Cəfərli kəndində yerləşən 1.58 ha (JN-0043, 4 nəfərin ümumi birgə mülkiyyətində, xx.xx.1997-ci il) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun ləğv edilmiş DT və XK tərəfindən qeydiyyata alınması barədə məlumat aşkarlanmışdır. Qeyd olunduğu kimi iddiaçı, «xxxx» Bankı ASC Cavabdeh mülkiyyətində olan İmişli rayonu Cəfərli kəndində yerləşən 1.58 ha torpaq sahəsinin 0.58 ha sahəsi üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının müraciətini təmin etməməsini onunla əsaslandırmışdır ki, üzərinə həbs qoyulması tələb olunan torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan və həmin torpaq sahəsində cavabdehin payı müəyyən olunaraq ayrılmadığından sonuncunun payı üzərinə həbs qoyulması mümkün deyildir. Məhkəmə kollegiyasının qənaətincə, Yevlax Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadı ilə iddiaçı «xxxx» Bankı ASC-nin iddianın təmini tədbiri barədə ərizəsini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, torpaq sahəsinin üzərinə həbsin qoyulması, həmin torpaq sahəsinin alqısatqısının və ya başqa qaydada özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə görülə biləcək tədbirdir. Qeyd edildiyi kimi, üzərinə həbs qoyulması tələb olunan 1.58 ha torpaq sahəsi 4 nəfərin birgə mülkiyyəti olmaqla həmin torpaq sahəsində Cavabdeh ¼ hissə mülkiyyət payı vardır. Bu da o deməkdir ki, Cavabdeh payına təxminən 0.40 ha torpaq sahəsi düşür. İddiaçının tələbinə əsasən 0.58 ha torpaq sahəsinin üzərinə həbs qoyulduqda bu, torpaq sahəsinin digər payçılarının mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Digər tərəfdən, məhkəmə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi təmin tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə dərəcədə əlaqəli və mütənasib olduğunu araşdırmalıdır. Bu zaman məhkəmə həm də əmin olmalıdır ki, iddianı təmin tədbirinin görülməməsi iddia tələbinin təmin olunması halında məhkəmə qərarının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin irəli sürülmüş iddia tələbinə mütənasibliyi baxımından hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya, yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Görülmüş təmin tədbirləri MPM-in 157-ci maddəsində göstərilən məqsədlərə uyğun olmalıdır. Bu maddədə nəzərdə tutulmuş məqsədlərə uyğun gəlməyən iddianı təmin tədbirlərinin görülməsinə yol verilmir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh kredit borcunun 17.850 manat məbləği onun tərəfindən ipoteka qoyulmuş daşınmaz əmlakın hesabına ödənilmişdir. Həmin vaxta qədər Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehin iddiaçıya cəmi 21.057,69 ABŞ dolları məbləğində kredit borcu olmuşdur. Hazırda iddiaçı cavabdehdən 20.786,28 ABŞ dolları məbləğində kredit borcu tələb edir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələb və tövsiyələri kontekstində iddiaçının heç bir güzəşt tətbiq etmədən kredit müqaviləsi üzrə cavabdehə qarşı faiz, cərimə, əldən çıxmış faydanın əvəzi və s. kimi müxtəlif borclar hesablamağı davam etdirməsi başa düşülən deyil. Məhkəmə kollegiyasının qənaətincə, belə kəskin uyğunsuzluğun mövcudluğu halında əvvəlcə cavabdehin həqiqi borcu dəqiqləşdirilməli, sonra bundan asılı olaraq ona qarşı adekvat təmin tədbirləri tətbiq edilməlidir. Şərh edilənlər baxımından məhkəmə kollegiyası hazırda Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadından iddiaçı «xxxx» Bankı ASC-nin həmin qərardadın ləğv edilməsi, Cavabdeh mülkiyyətində olan İmişli rayonu Cəfərli kəndində yerləşən 1.58 ha torpaq sahəsinin 0.58 ha hissəsi üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması barədə verdiyi şikayətin təmin olunmasına əsas görmür. Ona görə də məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadını dəyişdirilmədən saxlamağı daha məqbul hüquqi mövqe hesab edir. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Yevlax Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri haqqında ərizənin rədd edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadından iddiaçı «xxxx» Bankı ASC tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 157-158, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı «xxxx» Bankı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin “iddianı təmin etmə tədbiri haqqında ərizənin rədd edilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli, 2(039)-1948/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar