Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2365/2020 08.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-817/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 manat əsas borcun və 180 manat faiz üzrə borcun, cəmi 480 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-817/2020 nömrəli (hakim F.Nəsibov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 300 manat əsas borc və 180 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 500 manat (beş yüz manat) borc tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdaş şəhəri, M.İsayev küçəsi, 35 saylı ünvanında yerləşən sahibkar mağazasında sahibkarlıq və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Borclu Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli borc müqaviləsinə əsasən Samsung 5282 markalı mobil telefonun alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni xx xxxxxx 2017-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 300 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh xx xxxxxx 2016-cı il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 180 manatını tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Cavabdeh xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 300 manat əsas borcun və 180 manat faiz üzrə borcun, cəmi 480 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Belə ki, o, iddiaçıdan 156 manat dəyərində mobil telefon götürmüş, hətta iddiaçı ona mobil telefonun üzərində 44 manatlıq qab da verəcəyini bildirsə də, telefon qabını verməmişdir. O, iddiaçıya olan borcunu artıqlaması ilə ödəmişdir. Belə ki, 156 manatın qarşılığında iddiaçıya 230 manat pul qaytarmışdır. Həmçinin həmin pulu iddiaçının işçisi Kamran Əhmədov vasitəsi ilə iddiaçıya vermişdir. Son ödənişi iddiaçıya 2017-ci ildə etmişdir. Hesab edir ki, iddia müddəti ötürülmüşdür. Ona görə də Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-817/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçıdan kreditlə telefon almış və müqaviləyə də imza etmişdir. Müqavilədə 300 manat yazıldığını da bilirdi. İddiaçının satıcısı hər ay onun yaşadığı evə gələrək aylıq 25 manatı ondan almışdır. Ona görə də Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx xxxxxx 2016-cı il tarixli borc müqaviləsinə əsasən Samsung 5282 markalı mobil telefonun alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə, yəni xx xxxxxx 2017-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 300 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh xx xxxxxx 2016-cı il tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə pul ödəməmişdir. Kredit Müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan cavabdeh bu müqavilələrin 1 saylı əlavəsinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə “Borcalan” müddəti keçmiş dövr ərzində illik 60 faiz məbləğində artırılmış faizləri “Kreditora” ödəməlidir. Cavabdeh maddi vəziyyətini nəzərə alaraq müddət ötürdüyü və bu gecikməyə görə ona vurduğu maddi ziyana görə artırılmış faiz borcunun 180 manatını tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh borc müqaviləsi və akt tərtib edilməklə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə borc müqaviləsi əslində mahiyyət etibarı ilə də iddiaçıdan borc pul alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz. İkincisi, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-817/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2365/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2365/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver