Məhkəmə qərarları › İş №2(107)-2379/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2379/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2379/2020 08.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı "İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair ərizəsi üzrə mülki iş üzrə çıxarılmış Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-417/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı «İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3097,98 (üç min doxsan yeddi manat 98 qəpik) manat, faiz borcu üzrə 446,42 (dörd yüz qırx altı manat 42 qəpik) manat olmaqla, cəmi 3544,40 (üç min beş yüz qırx dörd manat 40 qəpik) manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı QSC X7 Təşkilatının xeyrinə verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-417/2020 nömrəli (hakim Z.Tahirov) qətnaməsinə əsasən iddiа qismən təmin оlunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 1297.40 manat və faiz borcu üzrə 373.44 manat, cəmi 1670.84 manat məbləğində kredit borcu və 14.14 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı QSC X7 Təşkilatının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 145,0 manat ekspertiza xərcinin 72,5 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 72,5 manatı İddiaçı QSC X7 Təşkilatından alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X3 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı «İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatı Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 2(019)-417/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "İddiaçı" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "İddiaçı" QSC-və keçmişdir. "İddiaçı" QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X6 Edilməsi Agentliyi" MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar "İddiaçı" QSC tərəfindən "xxxx" ASC- dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-1204 saylı, xx.xx.2018-ci il tarixli təhviltəslim aktına əsasən "İddiaçı" QSC -yə verilmişdir. "xxxx" ASC ilə (bundan sonra Bank) Cavabdeh1 Səmsəddin oğlu (bundan sonra "Borclan") arasında xx.xx.2014-cli il tarixdə 122-xx.xx.2014-SM №lı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 7600 (yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixdə 122-xx.xx.2014-SM21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə tarixindən sonrakı gün başlanır (4.3. bəndi). "Borcalan"a verilən vəsaitindən istifadə müddəti 36 aydır.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 3 097.98 (üç min doxsan yeddi manat 98 qəpik) manat, faiz borcu üzrə 446.42 (dörd yüz qırx altı 42 qəpik) manat olmaqla cəmi borcu 3544,40 (üç min beş yüz qırx dörd manat 40 qəpik) manat məbləği təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd oluna kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı «İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 9/2627 nömrəli rəyinə istinad etmişdir. Həmin rəyin tədqiqat hissəsində əsassız olaraq göstərilənlərdən Cavabdeh1 və Cavabdeh2 «İddiaçı” QSC-yə əsas borc üzrə 1297,40 manat, faiz borcu üzrə 373,44 manat borcu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspertiza rəyinə əsaslanmaqla kifayətlənmişdir. Lakin cavabdeh tərəfindən isə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin ekspert tərəfindən əsas borcun hansı əsaslarla silinməsi tam müəyyən olunmamışdır. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-417/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti BOKT-n nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı tərəfin nümayəndəsi (icraçı direktoru) Süleyman Bəkirov məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyatorun teleqramını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 122xx.xx.2014-SM21 saylı təminatlı kredit müqaviləsindən və həmin tarixli məxaric orderindən görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 7600 (yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir xx xxxx 2014-cü il tarixli, 122-xx.xx.2014-SM21 nömrəli zaminlik Müqaviləsindən görünür ki, xxxx» ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından həmçinin görünür ki, "xxxx" ASC ilə "İddiaçı" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "İddiaçı" QSC-yə keçmişdir. xx.xx.2017-ci il tarixli arayışda Cavabdeh1 iddiaçı “İddiaçı» QSC X1 əsas borcu 3097,98 manat, faiz borcu 446,42 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/2627 saylı rəyindən görünür ki, Cavabdeh1“İddiaçı» QSC X1 borcu xx xxxx 2017-ci il tarixə (kredit müqaviləsinin qüvvədə olma tarixinə-Balakən Rayon Məhkəməsi) əsas borc üzrə 1297.40 manat və faiz borcu üzrə 373.44 manat, xx.xx.2018-ci il tarixə əsas borc üzrə 1297.40 manat və faiz borcu üzrə 554.21 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 9/2627 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145,00 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC BOKT hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 8.6-cı bəndində göstərilir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündan çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 122-xx.xx.2014-SM21 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlər Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlər Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının zamin-Cavabdeh2 qızına münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət, məhkəmə hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 122-xx.xx.2014-SM21 saylı təminatlı kredit müqaviləsinə əsasən «xxxx» ASC tərəfindən Cavabdeh1 istehlak məqsədi üçün 36 ay müddətinə illik 22 faizlə 7600 (yeddi min altı yüz) manat məbləğində kredit verilmiş, xx xxxx 2014-cü il tarixli, 122-xx.xx.2014-SM21 nömrəli zaminlik Müqaviləsinə əsasən zamin Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında birgə məsuliyyəti öz üzərinə götürmüş, "xxxx" ASC ilə "İddiaçı" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "İddiaçı" QSC-yə keçmişdir. Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya 1297.40 manat əsas borc və müqavilə müddəti üçün 373.44 manat faiz borcu yaranmışdır. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı QSC BOKT 30 (otuz) manat dövlət rusumu ödəmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, cavabdeh tərəf həqiqətən də xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyi lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsə də, apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apellyasiya şikayətini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. İkincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqedən görünür ki,...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Lakin, iddiaçı apellyasiya şikayətində qeyd olunan qərarın mahiyyətindən irəli gələn halla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, eləcə də əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin, rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Çünki, rəydən göründüyü kimi, ekspert kredit müqaviləsi üzrə həm bankın təqdim etdiyi hesabdan çıxarış və cavabdehin təqdim etdiyi ödəniş qəbzlərində olan ödənişlər nəzərə alınmaqla, həmdə yalnız bankın təqdim etdiyi hesabdan çıxarışda olan ödənişlər nəzərə alınmaqla tədqiqat aparmış və fərqli nəticəsi olan rəy vermişdir. Birinci instansiya məhkəməsi isə bankın təqdim etdiyi hesabdan çıxarış və cavabdehin təqdim etdiyi ödəniş qəbzlərində olan ödənişlər nəzərə alınmaqla ekspertin gəldiyi nəticəni əsas götürməklə iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı «İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(019)-417/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar