Məhkəmə qərarları › İş №2(107)-2386/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2386/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2386/2021 27.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Göyçay Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 2(046)-2480/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərardadından iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 190 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 26 noyabr 2021-ci il tarixli, 2(046)- 2480/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qızına qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilməsi izah edilməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC Göyçay Rayon Məhkəməsinin 2(046)-2480/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi şikayətdə tələbi belə əsaslandırmışdır ki, qərardadda Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə istinad edilməklə göstərilmişdir ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsinə əlavə etdiyi 21.11.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında qəbzin surətində iddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumunun ödənilməsi qeyd edilsə də, Elektron Məhkəmə Sisteminin dövlət rüsumunun yoxlanılması zamanı məlum olmuşdur ki, eyni qəbz nömrəsi ilə iddiaçı "xxxx" MMC tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 1 manat dövlət rüsumu ödənilmişdir. Vahid Məhkəmə Portalında qəbzdəki məlumatların düzgün göstərilməməsi texniki qüsurla əlaqədardır. Belə ki, bu qüsur ondan ibarətdir ki, “Dövlət rüsumu haqqında” Qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələrini müəyyən edən 8-ci maddəsinə edilmiş son dəyişikliklər Elektron Məhkəmə Sisteminə əlavə edilməmişdir. Bu səbəbdən də sistem həmin məlumatları “düzgün oxumur”. Həmçinin, qeyd edilən anlaşızmazlığın aydınlaşdırılması məqsədilə "xxxx" MMC ilə telefon (012 404-48-88) vasitəsilə əlaqə saxlanılmış, cavab olaraq bildirilmişdir ki, ödənilmiş dövlət rüsumu məbləği 30 manat (1 manat komissiya olmaqla) təşkil edir. Buradan da görünür ki, həqiqətən də, qüsur məhz Elektron Məhkəmə Sistemindəki boşluqlarla əlaqədardır. Buna görə də şikayətinin təmin edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(046)-2480/2021 saylı qərardadı iddiaçı "xxxx" MMC-nin Göyçay Rayon Məhkəməsinin 2(046)-2480/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərardadın ləğv edilməsi barədə şikayəti təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(046)-2480/2021 saylı qərardadı tam, həmin işlə bağlı 01 dekabr 2021-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsinə əlavə etdiyi 22.11.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında qəbzin surətində Göyçay Rayon Məhkəməsinin hesabına 30 manat dövlət rüsumunun ödənilməsini qeyd edilsə də, Elektron Məhkəmə Sisteminin dövlət rüsumunun yoxlanması haqqında çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 1 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı geri qaytarılması barədə mövqeyi əsassızdır. Belə ki, iş materiallarına kağız daşıyıcıda əlavə olunmuş dövlət rüsumunun ödənilməsi haqqında qəbzin surətindən (i/m səh. 13) görünür ki, iddiaçı tərəfindən e-manat ödəniş sistemi vasitəsilə (**********88 nömrəli qəbz) Göyçay Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu, 1 manat məbləğində isə kommissiya haqqı ödənilmişdir. Kollegiya qeyd edir ki, ödənilmiş dövlət rüsumunun texniki səhv olaraq Elektron Məhkəmə Sisteminin dövlət rüsumunun yoxlanması bölməsində görünməməsi iddiaçı tərəfin ziyanına şərh oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(046)-2480/2021 saylı qərardadı tam, həmin işlə bağlı 01 dekabr 2021-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, iddia ərizəsinin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı digər hallar arışdırılıb onlara qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(046)-2480/2021 saylı qərardadı tam, həmin işlə bağlı 01 dekabr 2021-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qızına qarşı borcun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar