Məhkəmə qərarları › İş №2(107)-239/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-239/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-239/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə; İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(046)-852/2020 saylı qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tаrixli, 2(046)-852/2020 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdeh 7200 manat və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Ağdaş rayonundan “Şuluq” ləqəbi ilə tanıdığı X2 ona Göyçay rayonunda tanışı olduğunu ondan xurma meyvəsi ala biləcəyini bildirmişdir. 2018-ci ilin noyabr ayında X6 rayonunun Şəhadət kəndinə getmiş və həmin kəndlə həmsərhəd Qarabağlar kəndində yaşayan Cavabdeh ilə görüşmüşdür. Cavabdeh Şəhadət kəndində bir neçə həyətdən ucuz qiymətə xurma yığdırdığını, pulunu verdiyini, həmin xurmaların yeşiyini 6 manata ona sata biləcəyini bildirmişdir. Cavabdehə 200 ABŞ dolları məbləğində beh vermişdir. Ertəsi gündən başlayaraq 3 gün ərzində 1400 ədəd yeşiyə xurma yığmış və məhsul qablaşdırıldıqdan sonra cavabdehə məhsulun tam dəyərini ödəmişdir. 200 ABŞ dolları məbləğində beh də daxil olmaqla cavabdehə 7700 manat pul vermişdir. Bundan əlavə cavabdehin xahişi ilə ona çatdırması üçün şəriki olan Xaləddin Hüseynova yaşadığı evdə 600 manat pul vermişdir. 24.11.2018-ci il tarixdə saat 09 radələrində cavabdehin yaşadığı həyətə getmiş, lakin yığılmış xurma meyvələrini həyətdə olmamışdır. Mehrabdan meyvələrin harada olduğunu soruşanda meyvələri Ənvər adlı şəxsə satdığını bildirmişdir. Belə olduğu halda cavabdehdən pulu qaytarmağı tələb etmiş və cavabdeh həmin gün axşam saat 17-dək pulunu qaytaracağına söz vermişdir. Lakin bu günə qədər həmin pul ona qaytarılmamışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 2018-ci ilin noyabr ayında iddiaçı ilə 2000 yeşik xurma meyvəsi satacağı ilə bağlı razılığa gəlmiş, ondan 7200 manat pul almışdır. Lakin sonradan həmin xurmanı başqa şəxsə satmışdır. İddiaçıya 7200 manat pulu qaytarmamışdır. İddiaçının ondan ümumilikdə 8500 manat tələb etməsini əsassız hesab edir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı ilə şəxsən tanışlığı olmamışdır. 2018-ci ildə Ağdaş rayon sakini X1 vasitəsi ilə iddaçı onun yaşadığı Göyçay rayonuna gəlmiş və ona Göyçay rayonunun müxtəlif ərazilərindən xurma meyvəsi tapmağına köməklik etməyini xahiş etmişdir. Həmin vaxt müxtəlif yerlərdə xurma meyvəsi olduğunu bildirmişdir. Sonradan iddiaçı sözügedən meyvələrin olduğu ərazilərə getmiş, sözügedən meyvələrin satıcıları ilə danışıqlar aparmış, xurma meyvələri müyyən vaxt ərzində olduğu yerlərdən alınması üçün sözügedən şəxslərlə razılaşmış və ayrı-ayrı satıcılara şəxsən özü beh kimi pul vermişdir. Lakin bir müddət sonra həmin meyvələri satan şəxslər iddiaçı ilə danışıqlar aparsa da iddiaçı tərəf hər dəfəsində onları aldatmış və nəticədə sözügedən meyvələrin bir qismi xarab olmuşdur. Ona görə də, sözügedən şəxslər tərəfindən yəni satıcılar tərəfindən meyvələrin tam şəkildə xarab olmaması üçün həmin meyvələri başqa şəxslərə satmışlar. Satdıqları meyvənin pulundan 4500 manatını İddiaçı göndərmək istəsələr də, iddiaçı Bakı şəhərində yaşayan X3 borcunun olduğunu bildirərək həmin pulun sonuncuya göndərilməsini xahiş etmişdir. Bundan sonra 4500 manat məbləğində pulu iddiaçının razılığı ilə Bakı şəhərində yaşayan X3 göndərmişlər. iddiaaçı sözügedən meyvələrin alınmasında şəxsən iştirak etmiş, satıcılar ilə özü razılığa gəlmişdir. Ona görə də Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(046)- 852/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2020ci il tarixli, 2(046)-852/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(046)-852/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(046)- 852/2020 saylı qətnaməsi dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən -7200 manat həcmində təmin edərkən göstərmişdir ki, İddiaçı Cavabdeh 7200 manat məbləğində pul verərək xurma meyvəsi satılacağı barədə razılığa gəlmişdir. Cavabdeh qeyd edilən xurma meyvəsini iddiaçıya satmamış, iddiaçıdan qəbul etdiyi 7200 manat pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə iclası zamanı cavabdeh iddiaçıya 7200 manat borclu olduğu pulu qaytarmadığını etiraf etmiş, iddiaçı isə cavabdehə 8500 manat məbləğində pul verdiyinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia cavabdehin məhkəmə baxışı zamanı etiraf etdiyi həddə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmyaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cаvаbdeh Cavabdehndаn 7200 mаnаt məbləğində pulun аlınаrаq iddiаçı İddiaçınа verilməsi nəticəsinə gələrkən haqlı olmamışdır Belə ki, cavabdeh vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsində iddia tələbini etiraf etmədiyini göstərmişdir. Həmçinin, cavabdeh mülki iş üzrə məhkəmə iclas protokoluna vermiş olduğu qeydlərində də birinci instansiya məhkəməsində onun izahatının təhrif olunaraq düzgün yazılmadığını bildirərək, göstərmişdir ki, iddiaçı sözügedən xurma meyvələrinin olduğu ərazilərə getmiş, xurma meyvələrin satıcıları ilə danışıqlar aparmış, xurma meyvələri müyyən vaxt ərzində olduğu yerlərdən alınması üçün sözügedən şəxslərlə razılaşmış və ayrı-ayrı satıcılara şəxsən özü beh kimi pul vermişdir. Lakin bir müddət sonra həmin meyvələri satan şəxslər iddiaçı ilə danışıqlar aparsa da iddiaçı tərəf hər dəfəsində onları aldatmış və nəticədə sözügedən meyvələrin bir qismi xarab olmuşdur. Ona görə də, satıcılar meyvələrin tam şəkildə xarab olmaması üçün həmin meyvələri başqa şəxslərə satmışlar. Satdıqları meyvənin pulundan 4500 manatını İddiaçı göndərmək istəsələr də, iddiaçı Bakı şəhərində yaşayan X3 borcunun olduğunu bildirərək həmin pulun sonuncuya göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh göstərmişdir ki, iddiaçının ayrı-ayrı şəxslərdən aldığı xurma meyvəsini vaxtında aparmadığı üçün həmin meyvənin bir hissəsi yararsız hala düşərək xarab olmuşdur. Qalan hissə isə başqa şəxslərə satılmışdır. Satılmış meyvənin pulu 4500 manat olmuşdur ki, həmin pulu da iddiaçının göstərişi ilə X3 verilməsini xahiş etmişdir. O da həmin pulu sonuncuya göndərmişdir. Məhkəmə kollegiyası tərəfindən İddiaçı müraciəti ətrafinda toplanmış rədd materialı (№ NK-1,1366) Göyçay RPŞ-dən alınaraq öyrənilmişdir. Həmin rədd materialından görünür ki, hazırkı iş üzrə tərəflərin və digər şəxslərin izahatları alınmışdır. Həmin izahatlarla müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ilin noyabr ayında Göyçay rayonu ərazisində Cavabdeh ilə şifahi razılaşmaqla Rusiya Federasiyasında satmaq üçün xurma meyvəsi almış, lakin meyvəni sata bilmədiyi üçün bir müddət Cavabdeh aldığı meyvələr həyətlərdə qalaraq bir qismi tələf olmuş, alqı-satqı zamanı ziyanlıqla əlaqədar X4 Məlikov arasında narazılıq yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı xurma meyvəsi yığdırmaq üçün Cavabdeh 8500 manat verdiyini, cavabdeh həmin pul müqabilində yığdırdığı xurma meyvəsini iddiaçıya verməyərək, başqa şəxsə satdığını və pulunu geri qaytarmadığını bildirir. Cavabdeh isə iddiaçının vermiş olduğu pul müqabilində yığılmış xurma meyvəsini sonuncunun vaxtında aparmadığına görə həmin meyvənin bir hissəsinin yararsız hala düşdüyünü, digər hissəsinin isə 4500 manata başqa şəxslərə satıldığını və həmin pulu iddiaçının xahişi ilə onun tanışı Bakı şəhərində yaşayan Elmir Məhərrəmova göndərdiyini bildirir. Belə olan halda, iddiaçının cavabdehə 8500 manat verdiyini sübutetmə yükü iddiaçının, etiraf etdiyi 4500 manat pulu geri qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Lakin tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallara dair məhkəmələrə hər hansı sübut növü təqdim edə bilməmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehə meyvə alışı üçün 8500 manat verdiyinə dair sübut təqdim etməmiş, cavabdeh isə etiraf etdiyi 4500 iddiaçıya qaytardığını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin qeyd edilən halına diqqət yetirməmişdir. Məhkəmə kollegiyası cavabdehə iddiaçının xahişinə əsasən 4500 manatı verdiyi şəxsin şahid qismində məhkəmə gətirməsi və ya həmin şəxsin məhkəmə kollegiyasının iclasına çağrılması üçün onun dəqiq yaşayış ünvanının təqdim olunması təklif olunsa da cavabdeh bunu etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi və qaytarılmasını sübuta yetirə bilmədiyi həddə-4500 manat məbləğində təmin edilməlidir. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31.05.2002-ci il tаrixli qərаrınа əsаsən, Mülki Məcəllənin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldə çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(046)-852/2020 saylı qətnаməsi dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 4500 manat müəyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(046)-852/2020 saylı qətnаməsi dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 4500 manat müəyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar