Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-24/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin cavabdeh X3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi, likvid dəyər, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2(039)- 999/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 39401.78 manat - bundan 13856.99 manat əsas, 637.38 manat faiz, 23058.45 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1848.96 manat faiz borcu və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh1 tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə Cavabdeh1 və Cavabdeh2 məxsus Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və üzərində olan tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin 26900 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 115.LN.2004.290115.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödənilmək şərtilə, 15000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yetləşəm 0.05 ha torpaq sahəsi və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 13856.99 manat əsas, 637.38 manat faiz, 23058.45 manat gecikməyə görə cərimə faizi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 1848.96 manat hesablanmış faiz borcu olmaqla, cəmi 39401.78 manat borcu mövcuddur. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2(039)-999/2021 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) iddianın qismən təmin edilməsi, Cavabdeh1 29 yanvar 2015-ci il tarixli, 15.LN.2004.040613.00001 saylı kredit müqaviləsi üzrə 13856.99 manat əsas borc, 637.38 manat faiz, gecikdirməyə görə cərimə 200 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 1848.96 manat hesablanmış faiz borcu olmaqla, cəmi 16543.33 manat məbləğində borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evinə yönləndirilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 268.80 manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı AGBank» ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 115.LN.2004.290115.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödənilmək şərtilə, 15000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yetləşəm 0.05 ha torpaq sahəsi və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı AGBank» ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 115.LN.2004.290115.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödənilmək şərtilə, 15000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yetləşəm 0.05 ha torpaq sahəsi və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 29 yanvar 2015-ci il tarixli, 15.LN.2004.040613.00001 saylı kredit müqaviləsi üzrə 13856.99 manat əsas borc, 637.38 manat faiz, gecikdirməyə görə cərimə 200 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 1848.96 manat hesablanmış faiz borcu olmaqla, cəmi 16543.33 manat məbləğində borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli; Tutma Cavabdeh1 və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yetləşəm 0.05 ha torpaq sahəsinə və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evinə yönləndirilməli; ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; Cavabdeh1 və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yetləşəm 0.05 ha torpaq sahəsinin və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 34000 manat müəyyən edilməli; ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq Ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi tələbi evə tutma yönəldikdikdən və o satıldıqdan sonra mümkün olduğundan təmin edilməməli; İpoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsi təmin edilməməlidir. Cavabdeh1 268.80 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 298.1, 298.2, 317.1, 317.2, 319.1, 442, 445.1, 445.2.1, 445.3, 448, 467, 739.1 və 741-ci maddələri, Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3, 33, 34.1, 41.1, 59.1, 59.3, 59.4, 39.3.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, borc məbləği şişirdilərək hesablanmış, ödənilmiş bütün pullar nəzərə alınmamışdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 97.1-ci mаddəsinə əsаsən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Ona görə də hesab edir ki, tələb olunan əsas və faiz borcunun kredit müqaviləsinin şərtlərinə uyğun hesablanıb-hesablanmaması xüsusi biliyə malik olan mütəxəssis tərəfindən araşdırılmalı və bu məqsədlə məhkəmə-mühasibat ekspertizası təyib edilərək rəy alınmalıdır. Həmçinin məhkəmə 200 manat cərimə məbləğini də əsassız olaraq onun üzərinə hesablamışdır. Belə ki, onsuzda kifayət qədər borclanmış birinə əlavə olaraq 200 manat cərimə hesablanması ədalətsizlikdir. Hansı ki, məhkəmə cərimə məbləğini tamamilə silmək hüququna malikdir. Bundan başqa, o Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1848.96 manat faiz borcunu da qətiyyən qəbul etmir. Belə ki, məhkəmə ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilməsini qət etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən "xxxx" MMC-nin 04 sentyabr 2021-ci il tarixli ƏQ-03/2021 saylı rəyinə istinad etmişdir. Həmin rəydə göstərilmişdir ki, onlara məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin və onun üzərində ona məxsus 10 saylı fərdi yaşayış evinin real bazar dəyəri 37000 (otuz yeddi min) manat, likvid dəyəri 34000 (otuz dörd min) manat təşkil edir. Lakin o bununla qəytiyyən razı deyil. Əvvəla onu qeyd edir ki, onun evinin yerləşdiyi Yevlax şəhəri, Şəkili küçəsi şəhərin ən yaxşı yerlərindən biridir. Evin 0,05 ha torpaq sahəsi vardır. Bu günkü vəziyyətdə, daşınmaz əmlak qiymətlərinin olduqca baha olduğu bir vaxtda onun evinin 34.000 manat qiymətləndirilməsi qəbuledilməzdir. Çünki həmin məbləğ evin real dəyərindən olduqca aşağıdır. Belə ki, ev həmin qiymətə satılarsa (hansı ki, hərracda evin qiyməti dəfələrlə aşağı düşür), borc məbləği ödənildikdən sonra yerdə cüzi bir məbləğ qalacaq ki, o pula da onların yaşamağı üçün yeni bir ev almağı mümkünsüz olacaqdır. Hesab edir ki, başqa bir qiymətləndirici təşkilatdan evin real qiymətini özündə əks etdirən rəy alınmalı və həmin rəyə uyğun olaraq da qərar qəbul edilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(039)-999/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Yevlax Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2(039)-999/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2(039)-999/2021 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi əsas borc, faiz borcu və dəbbə puluna aid hissədə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq həmin hissə qismən təmin etmişdir. Bununla belə birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1848.96 manat faiz borcununun tutulması və ipoteka predmeti olan Yevlax şəhəri, ünvan 2 ünvanında yetləşəm 0.05 ha torpaq sahəsinə və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evinin açıq hərracda satılması hissəsində səhvə yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2(039)-999/2021 saylı qətnaməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1848.96 manat faiz borcununun tutulması və ipoteka predmeti olan Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evinin likvid dəyərinə münasibətdə dəyişdirilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 115.LN.2004.290115.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödənilmək şərtilə, 15000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətinin ilk dəlilində bildirmişdir ki, tələb olunan əsas və faiz borcunun kredit müqaviləsinin şərtlərinə uyğun hesablanıb-hesablanmaması xüsusi biliyə malik olan mütəxəssis tərəfindən araşdırılmalı və bu məqsədlə məhkəmə-mühasibat ekspertizası təyib edilərək rəy alınmalıdır. Həmçinin məhkəmə 200 manat cərimə məbləğini də əsassız olaraq onun üzərinə hesablamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas və faiz məbləğinə münasibətdə şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının 23 iyun 2022-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertin 5 avqust 2022-ci il tarixli 9/5049 saylı rəyinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 115.LN.2004.290115.00001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 "xxxx" ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunmuşdur; xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin sonu) əsas kredit borcu 14.358,24 manat; faiz borcu 490,57 manat; xx.xx.2020-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas kredit borcu 14.358,24 manat; faiz borcu 2410,99 manat; xx.xx.2022-ci il tarixə (qərardad çıxarılan tarixə) əsas kredit borcu 14.358,24 manat; faiz borcu 3649,38 manat müəyyən edilmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində səhvə yol verməmişdir. Bu yuxarıda qeyd edilən ekspertiza rəyi ilə də təsdiq edilir. Borcun düzgün hesablandığı müəyyən edildiyindən apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızıdır. 200 Manat dəbbə pulunun çox olması barədə şikayətin dəlilini məhkəmə kollegiyası əsassız sayır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan 23058.45 manat cərimə (dəbbə) pulu azaldılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1848.96 manat faiz borcunu tutmaqda haqlı olmamışdır. Kollegiya şikayətin həmin dəlilini qismən əsaslı sayır. Məhkəmə kollegiyası qeyd edir ki, 29 yanvar 2015-ci il tarixli, 115.LN.2004.290115.00001 saylı kredit müqaviləsindən məlum olur ki, Cavabdeh1 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş və sonuncu ödəniş isə 29 yanvar 2018-ci ildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 avqust 2022-ci il tarixli 9/5049 saylı rəyinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 115.LN.2004.290115.00001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 "xxxx" ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunmuşdur; xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin sonu) əsas kredit borcu 14.358,24 manat; faiz borcu 490,57 manat; xx.xx.2020-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas kredit borcu 14.358,24 manat; faiz borcu 2410,99 manat; xx.xx.2022-ci il tarixə (qərardad çıxarılan tarixə) əsas kredit borcu 14.358,24 manat; faiz borcu 3649,38 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, ekspert qarşısında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1848.96 manat faiz borcunun müəyyən edilməsinə dair sual qoyulmasa belə, rəydən görünür ki, cavabdehin borcu xx.xx.2020-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas kredit borcu 14.358,24 manat; faiz borcu 2410,99 manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, 2410,99 manat faiz məbləğindən müqavilə müddətində olan 637.38 manat faiz məbləği çıxılmalı və yerdə qalan məbləğ iddia tələbində göstərilən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış pul kimi, cavabdehdən tutulmalıdır. Tutulan məbləğ isə 2410,99-637.38=1773,61 manat həddində müəyyən edilməlidir. Beləliklə kollegiya hesab edir ki, qətnamə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinə münasibətdə 1848.96 manatdan 1773,61 manata dəyişdirilməlidir. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, məhkəmə ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilməsini qət etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən "xxxx" MMC-nin 04 sentyabr 2021-ci il tarixli ƏQ-03/2021 saylı rəyinə istinad etmişdir. Həmin rəydə göstərilmişdir ki, onlara məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin və onun üzərində ona məxsus 10 saylı fərdi yaşayış evinin real bazar dəyəri 37000 (otuz yeddi min) manat, likvid dəyəri 34000 (otuz dörd min) manat təşkil edir. Hesab edir ki, başqa bir qiymətləndirici təşkilatdan evin real qiymətini özündə əks etdirən rəy alınmalı və həmin rəyə uyğun olaraq da qərar qəbul edilməlidir. Kollegiya şikayəti bu hissədə əsaslı sayır. Məhkəmə kollegiyası qeyd edir ki, 115.CL.290115.00001/a saylı ipoteka müqaviləsinə əsasən 29 yanvar 2015-ci il tarixli 1 saylı əlavəyə dair razılıqdan məlum olur ki, ipotekanın ilkin satış qiyməti 26900 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin 04 sentyabr 2021-ci il tarixli ƏQ-03/2021 saylı rəyinə əsasən Cavabdeh1 və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, ünvan 2 ünvanında yetləşəm 0.05 ha torpaq sahəsinin və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evinin real bazar dəyəri 37000 (otuz yeddi min) manat, likvid dəyəri 34000 (otuz dörd min) manat kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası tərəfindən 23 iyun 2022-ci il tarixli qərardadı ilə Yevlax şəhəri, ünvan 2 ünvanında yetləşəm 0.05 ha torpaq sahəsi və onun üzərində olan 10 saylı fərdi yaşayış evinin hazırki likvid dəyərinin müəyyən edilməsi “X4” MMC-nə həvalə edilmişdir. 28 oktyabr 2022-ci il tarixli 051/LBC-nin rəyinə əsasən Yevlax şəhəri, ünvan 2 ünvanında yetləşən 0.05 ha torpaq sahəsi və onun üzərində olan 10 saylı fərdi yaşayış evinin real bazar dəyəri nəzərə alınmaqla hazırki dövrə olan likvid qiyməti 65000 (altmış beş min) manat təşkil etmişdir. İddiaçı tərəf həmin rəylə razılaşmamış yenidən qiymətləndirmənin keçirilməsini xahiş etmişdir. Daha sonra məhkəmə kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərardadı ilə Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində olan 10 saylı fərdi yaşayış evinin hazırki likvid dəyərinin müəyyən edilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. 7 fevral 2023-cü il tarixli G-02/23-022 saylı rəyinə əsasən Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində olan 10 saylı fərdi yaşayış evinin bazar qiyməti 67000 (altmış yeddi min) manat, likvid qiyməti isə 60000 (almış min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Kollegiyanın qənaətinə görə Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində olan 10 saylı fərdi yaşayış evinin likvid qiymətinin 60000 (almış min) manat müəyyən edilməsi daha ağlabatandır. Belə ki, qiymətləndirmə rəyləri arasında fərqlər olduğu üçün ortaq məxrəc olaraq likvid qiymətinin 60000 (almış min) manat müəyyən edilməsi hər iki tərəfin mənafeyinə uyğundur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2(039)-999/2021 saylı qətnaməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1848.96 manat faiz borcununun tutulması və ipoteka predmeti olan Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və onun üzərində olan Cavabdeh1 məxsus 10 saylı fərdi yaşayış evinin likvid dəyərinə münasibətdə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2(039)-999/2021 saylı qətnaməsi dəyişdirilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1773,61 manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. İpoteka predmeti Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində olan 10 saylı fərdi yaşayış evinin likvid dəyəri 60000 (almış min) manat müəyyən edilsin. Yevlax Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2(039)-999/2021 saylı qətnaməsi apellyatorun apellyasiya şikayəti üzrə mübahisələndirdiyi digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manatın 25 manatı Cavabdeh1 və 25 manatı isə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-24/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-24/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver