Məhkəmə qərarları › İş №2(107)-2408/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2408/2020

08.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2408/2020 08.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir mülki iş üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-958/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat ümumilikdə 340 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-958/2020 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2008-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat cəmi 200 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat ümumilikdə 240 manat sabit pul məbləğində müəyyən edilməsi, Cavabdeh xx.xx.2008-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 120 manat ümumilikdə 240 sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulması, Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-958/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahdan xx.xx.2008-ci il tarixdə X5 və xx.xx.2009cu il tarixdə X6 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 100 manat ümumilikdə 200 manat alimentin tutulması qət edilmişdir. Uşaqların saxlanmasında maddi çətinlik çəkir, uşaqların maddi təlabatın artıdığını əsas gətirərək iki uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat ümumilikdə 340 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-958/2020 nömrəli qətnaməsi ədalətsiz olduğuna görə dəyişdirilməlidir. Belə ki, o, hər ay hər uşaq üçün 170 manat aliment tələb etdiyi halda məhkəmə 120 manat aliment müəyyən etmişdir. Halbuki uşaqlar məktəblidir və hər gün ehtiyacları artıq, o isə bu ehtiyacları ödəyə bilmir. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-958/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırda əmək haqqı 250 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmiş alimenti çox çətinliklə ödəyir. Hətta bir dəfə inzibati həbs də olunmuşdur. Ona görə də şikayətin təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, prosesi onun iuştirakı olmadan keçirilməsini və alimentin artırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin dəyişdirilməsinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay ümumilikdə 100 manat cəmi 200 manat məbləğində aliment tutulması qət edilmişdir. ƏƏSMN-in Dayanıqlı və Operativ sosial Təminat Ağentliyinin xxxxnin xx.xx.2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh “xxxx” MMC-də Göyçay rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir və aylıq əmək haqqı 250 manatdır. Birinci instansiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13 və 19-cu maddələri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, və 112.1-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cü və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir. İkincisi, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə kollegiyanın araşdırması zamanı cavabdehin aylıq əmək haqqısının 250 manat olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi haqlı olaraq uşağın əvvəlki təminat səviyyəsini və uşaqlar üçün yaşayış minimumunu əsas götürərək iddianı qeyd olunan meyarlar nəzərə alınmaqla qismən təmin etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı qanunvericiliklə nəzərdə qaydada məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını və ya aliment ödəməli olan şəxsin diqqətəlayiq başqa maraqlarını nəzərə alınmasını sübut etməlidirlər. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, bundan əlavə məhkəmə kollegiyasının iclasına dəvət olunmalarına baxmayaraq məhkəməyə gəlməmişdir. Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmamasını məqsədəmüvafiq hesab edir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı alimentin artırılması tələbi ilə bağlı hissədən şikayət vermişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin hər uşaq üçün 170 manat məbləğində artırılmasını tələb edir. Deməli iddiaçının hazırkı tələbinin məbləği 140 (340-200=140) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə iddianın qiyməti 1680 (12x140) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, tələb olunan alimentin məbləğinin bir illik ödəməsi 2000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(046)-958/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar