Məhkəmə qərarları › İş №2(107)-242/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-242/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-242/2022 21.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması tələbi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(035)-415/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borca görə 698.38 ABŞ dolları, faiz borcuna görə 833.70 ABŞ dolları, cəriməyə görə 808.55 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna görə 172.10 ABŞ dolları və dövlət rüsumun görə ödənilmiş 30 manat pulun tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. müqaviləsinə əsasən Cavabdeh1 qızma gündəlik tələbat məqsədi ilə 12 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 ilə "xxxx" ASC-nin Təbriz filialı arasında zaminlik müqaviləsi bağlanmış və öhdəliyin icrasına görə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdehlər üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onların əsas borca görə 698.38 ABŞ dolları, faiz borcuna görə 833.70 ABŞ dolları, cəriməyə görə 808.55 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna görə 172.10 ABŞ dolları, cəmi 2512.73 ABŞ dolları məbləğində borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı bildirişlərlə müraciət edilməsinə baxmayaraq cavabdehlər kreditin və faizlərin ödənilməsini təmin etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(035)-415/2021 saylı qətnaməsi ilə (hakim T.Qubadov) İddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 698.38 ABŞ dolları, faiz borcuna görə 833.70 ABŞ dolları, cəriməyə görə 808.55 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna görə 172.10 ABŞ dolları, cəmi 2512.73 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) və dövlət rüsumuna görə 30 manat pul müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC-nin Təbriz filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2015-ci il tarixli, İKM 298 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 gündəlik tələbat məqsədi ilə 12 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 ilə "xxxx" ASC-nin Təbriz filialı arasında zaminlik müqaviləsi bağlanmış və öhdəliyin icrasına görə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdehlər üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onların əsas borca görə 698.38 ABŞ dolları, faiz borcuna görə 833.70 ABŞ dolları, cəriməyə görə 808.55 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış faiz borcuna görə 172.10 ABŞ dolları, cəmi 2512.73 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi cavabdehlərdən tələb edilsə də, borcun könüllü ödənişi təmin edilməmişdir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 gündəlik tələbat məqsədi ilə 12 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. İsmayılov Cavabdeh2 Aysel İdris qızının bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və bank qarşısında onunla birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 22.07.2015-ci il tarixli, İKM 298 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 698.38 ABŞ dolları, faiz borcuna görə 833.70 ABŞ dolları, cəriməyə görə 808.55 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna görə 172.10 ABŞ dolları, cəmi 2512.73 ABŞ dolları məbləğində borcu vardır. Borcun könüllü şəkildə ödənilməsi cavabdehlərdən tələb olunmuş, əks təqdirdə borcun ödənilməsi üçün qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. Həmin qərara əsasən "xxxx" ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə ümumilikdə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilə öhdəliklərə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə, öhdəliklər və borcla bağlı normaları tətbiq edilməlidir. Həmçinin tərəflər arasında mövcud olan borc münasibəti zaminliklə təmin olunduğundan hazırkı münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliklə bağlı normaları tətbiq edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia əsas borc və faiz borcuna dair hissədə qanuni və əsaslıdır. Ona görə də həmin hissədə tam təmin edilməlidir. Cavabdehlərin əsas kredit borcu 698.38 ABŞ dolları təşkil etdiyi halda, onlardan 808.55 ABŞ dolları məbləğində cərimənin tələb olunması tənasübsüz surətdə yüksəkdir. iddia tələbi cəriməyə (dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı qarşısında birgə məsuliyyət daşımalı və ödənilməsi qət edilən məbləğ onlardan müştərək qaydada tutulmalıdır. Ödənilmiş dövlət rüsumuna görə 30 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci, 448.1-ci, 470-ci, 472.1-ci, 467-ci, 739.1-ci, -ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 119.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırıcı hissəsində 808.55 ABŞ dolları məbləğində cərimə məbləğinin tənasübsüz surətdə yüksək olması qeyd edilsə də nədənsə qət etdi hissəsində 808.55 ABŞ dolları məbləğində cərimə məbləği(tam təmin edilmişdir. Halbuki birinci instansiya məhkəməsi öz qətnaməsində əsaslandırıcı hissədə iddia tələbinin cəriməyə aid hissədə qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə cərimə məbləğini təmin edərkən cavabdehlərin əmlak mənafelərini nəzərə almamışdır. Aztəminatlı ailə olamaqla himayələrində yetkinlik yaşına çatmayan uşaqlarının olması, gəlirlərinin olduqca aşağı olması nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi isə nədənsə cərimə məbləğini tam təmin etməklə kreditorun mənafeyini ustün tutmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən 808.55 ABŞ dolları məbləğində cərimə məbləğinin tam təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razi deyillər və qətnaməni qanunsuz və əsassız hesab edirlər. birinci instansiya məhkəməsinin onlardan 833.70 ABŞ dolları məbləğində faiz borcunun tutulması ilə bağlı gəldiyi nəticə ilə razı deyillər. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Qeyd olunanlara əsasən onlar Zərdab Rayon Məhkəməsinin 2(035)-415/2021 saylı, 10 avqust 2021 —ci il tarixli qətnaməsinin qismən ləğv edilərək- cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 833.70 ABŞ dolları faiz borcunun və 808.55 ABŞ dolları cərimə borcunun tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə teleqram göndərmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 2(035)-415/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 833.70 ABŞ dolları faiz borcunun və 808.55 ABŞ dolları cərimə borcunun tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, faiz və dəbbə puluna aid hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni faiz və dəbbə puluna aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq faiz və dəbbə puluna aid hissədə təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)-415/2021 saylı, 10 avqust 2021 —ci il tarixli qətnaməsi qismən ləğv edilərək- cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 833.70 ABŞ dolları faiz borcunun və 808.55 ABŞ dolları cərimə borcunun tutulması hissəsində ləğv edilməli, iddia tələbinin həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Təbriz filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2015-ci il tarixli, İKM 298 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 gündəlik tələbat məqsədi ilə 12 ay müddətinə, illik 28 faiz dərəcəsi 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 ilə "xxxx" ASC-nin Təbriz filialı arasında zaminlik müqaviləsi bağlanmış və o, öhdəliyin icrasına görə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdehlər üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onların əsas borca görə 698.38 ABŞ dolları, faiz borcuna görə 833.70 ABŞ dolları, cəriməyə görə 808.55 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış faiz borcuna görə 172.10 ABŞ dolları, cəmi 2512.73 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi cavabdehlərdən tələb edilsə də, borcun könüllü ödənişi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır. Hazırkı iş üzrə cavabdehdən tələb etdiyi əsas kredit borcu “Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının təsir dairəsinə düşdükdən sonra qalmış qalıq borca bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Birinci apelyator müqavilə bağlanılması üçün iddiaçıya müraciət etməmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan iki ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman apelyatora münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən apelyatora hesablanmış faiz və dəbbə pulu silinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni faiz və dəbbə puluna aid hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq faiz və dəbbə puluna aid hissədə təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 2(035)-415/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilərək - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 833.70 ABŞ dolları faiz borcunun və 808.55 ABŞ dolları cərimə borcunun tutulması hissəsində ləğv edilməli, iddia tələbinin həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-415/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə yəni, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 833.70 ABŞ dolları faiz borcunun və 808.55 ABŞ dolları cərimə borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 833.70 ABŞ dolları faiz borcunun və 808.55 ABŞ dolları cərimə borcunun tutulması hissəsində təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar