Məhkəmə qərarları › İş №2(107)-247/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-247/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-247/2025 08.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınan kreditin yarsının qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınan kreditin yarsının qaytarılması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(039)-1720/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınan kreditin yarsının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh Qaqub oğlu ilə birgə nikahda əldə etdiyi kreditin ½ hissəsinin yəni 3585 manat və ödədiyi 60 manat mediasiya xərci və 40.40 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə birgə nikahda olarkən xx.xx.2018-ci il tarixdə 5300 manat məbləğində kredit götürmüşlər. xx.xx.2019-ci il tarixdə nikahları pozulmuşdur. Həmin krediti bu vaxta qədər yalnız o ödəyir. İndiyə qədər həmin kreditdən 7170 manat pul ödəmiş və qalan 9030 manat ödənilməmiş qalmışdır. O, cavabdehə mediasiyada bu mübahisəni həll etməyi təklif etsə də cavabdeh buna razı olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, hazırda mübahisələndirdiyi kredit üzrə cəmi 270 manat borc qalmış, həmin kredit götürülərkən hər ikisinin razılığı olmuş, o zamanlar cavabdeh rəsmi iş yeri olmadığından özü isə müvafiq iş yerinə malki olduğundan kredit onun adına götürülmüşdür. Keçmiş əri olan cavabdehlə münasibətləri yaxsı olmadığına görə iş yerini 2018-ci ilin fevral ayından Bakı şəhərinə dəyişib bir müddət orada kirayədə yaşamış, daha sonra yəni 2 ay keçdikdən sonra cavabdehlə bir müddət yenidən birgə yaşamışlar. Mübahisələndirdiyi kreditin ailə məqsədləri üçün istifadə olunması barədə hazırda əlində sübutu yoxdur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə 2018-ci il tarixdən faktiki olaraq ayrılmış, onun xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-dən götürülmüş 5300 manat məbləğində kreditdən heç bir xəbər olmamış, iddiaçı həmin pulu özü üçün götürüb xərcləmişdir. Beləki, iddiaçı hazırda mübahisələndirdiyi krediti götürdükdən on bir gün sonra iş yerindən məzuniyyətə çıxmış, ailə üzvlərinə məlumat vermədən, razılıq almadan, iki uşaqlarını onun ümidinə qoyaraq Bakı şəhərinə getmiş, bir aylıq məzuniyyəti bitdikdən sonra isə yaşadıqları Mingəçevir şəhərinə qayıtmayaraq, iş yerini də Bakı şəhər su-kanal idarəsinə dəyişmiş və yeni iş yerinə işə çıxmışdır. İddiaçı həmin götürdüyü pulu da öz şəxsi məsrəflərinə xərcləmişdir. Bundan sonra bir neçə dəfə ailəsi dağılmasın deyə Bakı şəhərinə İddiaçı geri qaytarmaq üçün getsə də, müsbət nəticə olmamış, o ailəsindən uşaqlarından ayrı Bakı şəhərində yaşamağa davam etmişdir. Onun həmin kreditdən və puldan xəbəri olmamışdır. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş edir.

5. Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(039)-1720/2024 nömrəli qətnaməsi ilə, (hakim Kamil Əliyev) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınan kreditin yarsının qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2028-ci il tarixli, 129CLM318030000 №li kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən Əgərova Leyla illik 27.84% faiz dərəcəsi ilə 48 ay müddətinə olmaqla, 5300 manat məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış nikah qeydi xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. İddiaçı cavabdeh ilə birgə nikah dövründə götürülmüş kredit üzrə 5300 manat məbləğində borcun ailə məqsədləri üçün istifadə olunduğuna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

8. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınan kreditin yarsının qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 31.3, 32.1, 32.2, 32.2.1, 32.2.2 və 32.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar çıxardarkən bir sıra maddi və prossesual hüquq normaları pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh ilə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1116/2019 saylı, xx.xx.2019cü il tarixli qətnaməsinə əsasən, xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhər nikah evində bağlanmış 218 nömrə ilə qeydə alınmış nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 onun yanında qalmasını, Əskərov Elşən oğlunun cavabdehdə qalması qət edilmişdir. xx.xx.2018-ci il tarixli, 129CLM318030000№ li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən ona yəni Əsgərova leyla Ələmqulu qızına illik 27.84% faiz dərəcəsi ilə 48 ay müddətinə olmaqla, 5300 manat məbləğində kredit vermişdir. Bu krediti birgə nikah dövründə götürmüşlər.xx.xx.2019-ci il tarixdə nikahları pozulmuşdur. Həmin krediti bu vaxta qədər yanlız o, ödəmişdir. İndiyə qədər kreditdən 7170 manat pul ödəmiş və qalan 9030 manat ödənilməmiş qalmışdır. Cavabdehlə mediasiyada bu mübahisəni həll etməyi təklif etsə də o buna razı olmamışdır.

12. Mübahisələndirdiyi kredit üzrə cəmi 270 manat borc qalmış, həmin kredit götürülərkən hər ikisinin də razılığı olmuş, o zamanlar cavabdehin rəsmi iş yeri olmadığından özü müvafiq iş yerinə malik olduğundan kredit onun adına götürülmüşdür. Cavabdehlə münasibətləri yaxşı olmadığından iş yerini 2018-ci ilin fevral ayından Bakı şəhərinə dəyişib bir müddət orada kirayədə qalmış, daha sonra yəni 2 ay keçdikdən sonra cavabdehlə bir müddət yenidən barışdığı üçün birgə yaşamışlar. Mübahisələndirdiyi kredit cavabdeh özünə minik avtomobili almaq üçün götürülümşdür. Məhkəmə iclasında hakimə cavabdehin "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 129CLM318030000№ li krediti onun adına götürüb özünə minik avtomobili aldığını bildirmişdir. Lakin hakim buna qiymət verməmişdir.

13. Beləliklə də onun götürdüyü kreditin onların birgə nikah dövründə olduğunu və birgə təsərüffat olduğunu hakim nəzərə almamışdır. O, krediti 2018-ci ildə götürmüşdür. Nikahın pozulması 1 il 6 ay sonra baş vermişdir. Lakin hakim bu kreditin hansı məqsədlər üçün xərcləndiyini araşdırmamışdır. Aydın şəkildə məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmişdir. Hakim cavabdehin özünün izahatı ilə təsdiq edilən faktlara qiymət vermişdir. Onun təqdim etdiyi müqaviləyə hüquqi qiymət verməmişdir.

14. Hakim qətnamədə bu pulun şəxsən onun ehtiyacları üçün cavabdeh tərəfindən sübut etməyini tələb etməmişdir. Hakim məhkəmənin sonuncu baxış iclasında bildirmişdir ki, şahid tələb olunur. 2019-cu ilə qədər birgə təəsrüffat aparmışlar. Götürülən pulun 09 Juqili Vaz minik avtomobilinin alınmasına xərclənmişdir. Lakin hakim bu halı araşdırmamışdır.

15. Hakim cavabdeh tərəfindən kredit borcunun ailə məqsədləri üçün istifadə olunubolunmamasını sübut etməyi tələb etməmişdir. Halbu ki, sübut etmə vəzifəsi hər iki tərəfin üzərinə düşür. Hakim faktiki halları araşdırmamış və ona hüquqi qiymət verməmişdir.

16. Odur ki, Yevlax Rayon Məhləməsinin 2(039)-1720/2024 saylı xx.xx.2024-cü il tarixli mülki iş üzrə iddia hissəsində ləğv edilməsi və onun iddiasının təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(039)-1720/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun Cavabdeh qarşı birgə nikah dövründə alınan kreditin yarsının qaytarılması tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(039)-1720/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.

25. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tədbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.39-cu bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

26. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyator Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(039)- 1720/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur .

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 18 noyabr 1997-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Lakin 2018-ci ilin fevral ayından faktiki olaraq ayrı yaşamışlar və aralarında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Lakin hələ faktiki olaraq ayrılmamışdan, yəni 30 yanvar 2018-ci il tarixdə İddiaçı adına "xxxx" ASC-dən 5300 manat kredit götürülmüşdür. İddiaçı həmin kreditin ailə məqsədləri üçün sərf edilərək, götürdüyü kredit hesabına cavabdehin adına avtomaşının alındığını, lakin bankdan götürdüyü kreditdən 7170 manatının onun tərəfindən ödənilməsini əsas gətirərək, həmin məbləğin yarısını təşkil edən 3585 manatın cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən götürülmüş kreditdən məlumatsız olduğunu, iddiaçının götürdüyü kredit hesabına onun adına hər hansı bir nəqliyyat vasitəsinin alınmadığını əsas gətirərək iddia tələbini əsassız hesab etmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisələndirdiyi kreditin cavabdehin özünə minik avtomobili almaq üçün götürülüməsi, beləliklə hakimin kreditin onların birgə təsərrüfatda olduqları vaxt götürülməsini nəzərə almaması, götürülən pulun 09 Juqili Vaz minik avtomobilinin alınmasına xərclənməsi, lakin hakimin bu halı, kreditin hansı məqsədlər üçün xərcləndiyini araşdırmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının adına 5300 manat kredit məbləğinin tərəflərin birgə nikah münasibətlərində olduqları dövrdə götürülməsi işin mübahisəsiz halı olsa da bankdan götürülmüş kreditin ailə ehtiyacları üçün sərf edilməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

35. Həmçinin iddiaçı kreditin cavabdehin adına avtomaşının alınması üçün sərf edildiyini göstərdiyindən məhkəmə kollegiyası tərəfindən həmin halın dəqiqləşdirilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi Yevlax RQİ və TBŞ-nə sorğu göndərilmişdir.

36. Həmin sorğuya 01 aprel 2025-ci il tarixdə verilmiş cavab məktubunda göstərilmişdir ki, vətəndaş Cavabdeh adına DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən heç bir nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. Əlavə olaraq bildirmişlər ki, 2018-ci ilin yanvar, fevral ayları ərzində və hal-hazırda Cavabdeh adına etibarnamə ilə istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur.

37. Beləliklə iddiaçının bankdan götürülmüş kredit hesabına cavabdehin adına avtomaşının alınmasına, yəni həmin kreditin ailə ehtiyacları üçün sərf edilməsinə dair göstərdikləri öz təsdiqini tapmamışdır.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hakimin cavabdeh tərəfindən kredit borcunun ailə məqsədləri üçün istifadə olunub-olunmamasını sübut etməyi tələb etməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, həmin halı sübut etmək yükü cavabdehin deyil, iddiaçının üzərinə düşür.

39. Belə ki, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tədbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.14-cü bəndinə əsasən ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

40. Həmin Qərarın 3.15-ci bəndinə əsasən qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.

41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

42. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İddia tələbinin əsaslılığına dair sübutların təqdim edilməsi isə iddiaçının vəzifəsidir.

43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddia tələbi üzrə düzgün olaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(039)-1720/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(039)- 1720/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar