Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-249/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(025)-943/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) xx xxxxxxxx 2020-ci il tаrixli, 2(025)-943/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1907 manat əsas, 431 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 2348 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «FİNCA Azerbaijan» MMM QBKT-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı «FİNCA Azerbaijan» MMM QBKT məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1907,00 manat, faiz borcuna görə 431,00 manat, cərimə borcuna görə 84,00 manat, cəmi 2422,00 (iki min dörd yüz iyirmi iki manat sıfır qəpik) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» MMM QBKT-nin xeyrinə tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «FİNCA Azerbaijan» MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0166 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1ci maddəsinə əsasən, Kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh borc məbləği əsas borc üzrə 1907,00 manat, faiz borcuna görə 431,00 manat, cərimə borcuna görə 84,00 manat, cəmi 2422,00 (iki min dörd yüz iyirmi iki manat sıfır qəpik) manat təşkil edir. Cavabdeh ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və kreditor «FİNCA Azerbaijan» MMM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölkəmizdə və dünyada COVİD-19 pandemiyası səbəbindən bir çox iş yerləri, ticarət obyektləri bağlanmış və Nazirlər Kabineti tərəfindən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir. Bu dövr ərzində hökumət tərəfindən bank və bank olmayan kredit təşkilatlarına məsləhət görülmüşdür ki, vətəndaşların borcu müvəqqəti olaraq dondurulsun, ödəniş olmayan günlərə də cərimə nəzərdə tutulmasın. Həmin dövrdə onun da işləri olmadığı, sərt karantin dövründə evdən çıxa bilmədiyi üçün iddiaçı təşkilatdan karantin şərtləri düzələnə qədər hər ay ödənilməli məbləğin miqdarının azaladılmasında köməklik göstərilməsini xahiş etsə də, onlar bu təklifi qəbul etmədiklərini bildirmişlər. Daha sonra da sərt karantin rejimi uzun müddət çəkdiyi üçün ödənişlərini həyata keçirə bilməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(063)217/2017 saylı qətnaməsinin dəyişdirilməsi, hesablanmış faiz dərəcəsinin ödənilmiş məbləğin nəzərə alınması şərti ilə yenidən hesablanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(025)- 943/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, iddiaçı «FİNCA Azerbaijan» MMM QBKT ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun kredit alan) arasında bağlanan xx.xx.2020-ci il tarixli, **********0166 saylı kredit müqaviləsinə əsasən Borc alana 2.000 manat məbləğində illik 28 % olmaqla 18 ay müddətinə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, **********0166 saylı kredit müqaviləsinin 8-ci bəndindən görünür ki, borcalan Cavabdeh 2.000 manat məbləği illik 28 %-lə, 18 ay müddətinə aylıq 138,0 manat, sonuncu ay isə 130,0 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, **********0166 saylı kredit müqaviləsi üzrə 19007,0 manat əsas, 431,0 manat faiz və 84,0 manat cərimə borcu olmaqla, cəmi 2422,0 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Kredit kartının Mədaxil (Qəbul) Aktı”dan görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adlı qeyd edilmiş, **********3517419 saylı kredit kartında Cavabdeh təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu Cığatelli kəndində doğulmuş, Qəbələ rayonu, Cığatelli kəndində qeydiyyatdadır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Sаdаlаnаn hüquq nоrmаlаrınа əsаsən, iddiаçının bоrcаlаnа qаrşı əsаs bоrcun və fаiz bоrcunun ödənilməsi tələbi əsаslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin normaları rəhbər tutan birinci instansiya məhkəməsi hesab etmişdir ki, 84,0 manat cərimə borcu yaranmış ümumi borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 10 manata endirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiаnı qismən təmin etmiş, Cavabdeh 1907 manat əsas, 431 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 2348 manat kredit borcunun tutularaq iddiaçı «FİNCA Azerbaijan» MMM QBKT-yə ödənilməsi nəticəsinə gəlmişdir. Belə ki, Cavabdeh kredit müqavilə üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamış, iddiaçı tərəfindən nə qədər faizin artıq hesablanmasını təsdiq edəcək hər hansı sübut növü təqdim edilməmiş, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(025)-943/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(025)-943/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-249/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-249/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver