Məhkəmə qərarları › İş №2(107)-253/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-253/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-253/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X4, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəfnə, yas mərasiminə, qəbrüstü baş daşlarına, müalicəyə və iynə-dərmanlara çəkilən xərclərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-889/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-889/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəfnə, yas mərasiminə, qəbrüstü baş daşlarına, müalicəyə və iynə-dərmanlara çəkilən xərclərin ödənilməsi tələbinə dair” iddiası rədd edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X1 müalicəsinə, iynə-dərmanına, dəfninə, vəfatının 1, 3, 7, 40, 52-ci günü ilə əlaqədar yas mərasimlərinə və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi 19455 manat xərc və mərhum X3nun müalicəsinə, iynə-dərmanına, dəfninə, vəfatının 1, 3, 7, 40, 52-ci günü ilə əlaqədar yas mərasimlərinə və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi 18405 manat xərc olmaqla, ümumilikdə mərhum valideynlərinə çəkdiyi 37860 manat xərcin yarısının Cavabdeh alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma qardaşıdır. X3, anası isə X8 olmuşdur. Valideynləri qardaşı Cavabdeh alçaldıcı-təhqiredici ifadələrinə dözməmiş, son anda onların ürəkləri partlayıb ölmüşdür. X18 xx xxxx 2018-ci il tarixdə, atası Əli Qədimov isə xx xxxxxxxx 2018-ci ildə vəfat etmişdir. Cavabdeh onların yas mərasimində iştirak etməməklə yanaşı, onların dəfn xərclərinə də pul xərcləməmişdir. Ata və anası onun tərəfindən onun maddi imkanı hesabına müalicə olunmuş, dərmanları onun tərəfindən alınmış, dəfn, yas mərasimi və qəbir daşı xərcləri onun tərəfindən çəkilmişdir. X1 müalicəsinə, iynə-dərmanına, dəfin mərasiminə, vəfatının 1, 3, 7, 40, 52-ci günü ilə əlaqədar yas mərasimlərinə və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərc 19455 manat və mərhum X3nun müalicəsinə, iynədərmanına, dəfin mərasiminə, vəfatının 1, 3, 7, 40, 52-ci günü ilə əlaqədar yas mərasimlərinə və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərc 18405 manat olmaqla, mərhum valideynlərinə ümumilikdə 37860 manat pul xərcləmişdir. Lakin cavabdeh bu xərclərdən heç birinin ödənilməsində ona köməklik etməmişdir. Ona görə də X1 müalicəsinə, iynə-dərmanına, dəfin mərasiminə, vəfatının 1, 3, 7, 40, 52-ci günü ilə əlaqədar yas mərasimlərinə və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərc 19455 manat və mərhum X3nun müalicəsinə, iynə-dərmanına, dəfin mərasiminə, vəfatının 1, 3, 7, 40, 52-ci günü ilə əlaqədar yas mərasimlərinə və 5 cümə axşamına, mollaya, qəbrüstü baş daşının qoyulmasına çəkdiyi cəmi xərc 18405 manat olmaqla, ümumilikdə mərhum valideynlərinə çəkdiyi 37860 manat xərcin yarısının Cavabdeh alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi (vəkili) X9 da oxşar məzmunlu izahat verərək, İddiaçı iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X10 iddiaçının nümayəndəsinin izahatını qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, cavabdeh olan əri Cavabdeh atası və anasının yas mərasimlərində iştirak etmək istəmiş, lakin iddiaçı tərəfindən ona şərait yaradılmamışdır. Cavabdeh özü ayrıca valideynləri üçün yas vermişdir. Lakin Cavabdeh vərəsəlik qaydasında hələlik heç bir əmlak qalmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 verdiyi izahatında göstərmişdir ki, X14 və X6 yaxından tanımışdır. Onların dəfn və yas mərasimlərində iştirak etmişdir. Yas mərasimində və dəfndə Ayxan iştirak etməmişdir. Bütün yas mərasimi xərcləri İddiaçı tərəfindən çəkilmişdir. Hətta, Əli və Gülnaz xəstə olduqları zaman onların müalicələrini də Afət etdirmişdir. Birinci instansiya məhkəməsində şahid X12 digər şahid G.Quliyeva ilə eyni məzmunlu ifadə verərək göstərilən faktları bir daha təstiq etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-889/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəfindən təqdim edilmiş arayış və fotoşəkillərlə o, subut edir ki, valideynləri G.Hüseynovaya və Ə.Qədimova özü quluq etmiş, dəfnə çəkilən xərclər onun tərəfindən həyata keçirilmiş, Cavabdeh isə valideynlərinə hər hansı bir köməklik göstərməmiş və dəfnində iştirak etməmişdir. Bundan başqa, məhkəmə işə baxarkən onun tərəfindən dəvət edilmiş şahidlər X13, X12 və digər şahidlər verdiyi ifadələrində göstərmişlər ki, tərəflərin ata və anasına quluq, müalicə və dəfn xərclərini məhz iddiaçı həyata keçirmişdir. Buna baxmayaraq məhkəmə sübutlara obyektiv hüquqi qiymət verməməklə düzgün olmayan qətnamə qəbul etmişdir. AR MPM-in 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və ehtirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin nədənsə Mingəçevir Şəhər Məhkəməsi onun təqdim etdiyi subutlara hüquqi qiymət verməkdən yan keçməklə qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, mülki qanunvericilikdə göstərilir ki, xəstəlik zamanı miras qoyana qulluq xərcləri miras qoyanın xəstəliyi dövründə ona qulluq etməkdən ötrü (bilavasitə qulluq, ərzaq məhsulları almaq, yemək hazırlamaq, paltarları yumaq, evi yığışdırmaq və s.) ötrü çəkilmiş xərclərdir. Bu xərclər müvafiq sənədlərlə təsdiqlənməlidir. Belə sənədlər olmadığı hallarda faktiki xərclər barədə məhkəmə qərarını təqdim etmək lazımdır... Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)- 889/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddiası təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) X9 apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 2(051)-889/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-889/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət olunmuş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasıya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-889/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, tərəflərin valideynləri olan Gülnaz Hüseynova xx xxxx 2018-ci ildə, Əli Qədimov isə xx xxxxxxxx 2018-ci ildə vəfat etmişdir. İddiaçı yaşlı valideynlərinin müalicəsinə, dəfninə və yas mərasimlərinə pul xərcləməsini, qardaşı olan cavabdehin isə bu xərclərdə iştirak etməməsini bildirərək, ümumi valideynlərinə çəkdiyi cəmi 37860 manat məbləğində xərclərin yarısını cavabdehdən tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-82.4-cü maddələrinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3-82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin müddəalarına uyğun olaraq, iddiaçı valideynlərinin sağlığı dövründə onların saxlanması, müalicəsi və onlara qulluqla bağlı xərclərdə iştiraka cavabdehi məhkəmə qaydasında cəlb edə bilərdi, lakin bu imkandan vaxtında istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə görə, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Mülki Məcəllənin normasından göründüyü kimi, sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, habelə dəfni üçün lazımi xərclər ondan qalası və ya qalan mirasın dəyərindən ödənilir. Hazırkı iş üzrə iddiaçı məhkəməyə mərhum valideynlərindən qalan miras və həmin mirası tərəflərdən kimin qəbul etməsi barədə sübutlar təqdim etməmişdir. Bundan əlavə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.2.3-cü maddəsinə əsasən, dəfn üçün müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 10-1.6-cı maddəsinə əsasən, müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə görə isə, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Hazırkı işlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, valideynlərin xəstəliyi, dəfni və yas mərasimi ilə bağlı, habelə qəbirüstü və başdaşı üçün xərclərin çəkilməsi övladların mənəvi borclarına və maddi imkanlarına aid olan məsələdir. Mənəvi borcun yerinə yetirilməməsinə görə isə qanunvericilikdə hüquqi məsuliyyət nəzərdə tutulmamışdır. Ona görə də iddiaçının valideynlərinin müalicəsinə, dəfninə və yas mərasiminə çəkdiyi xərclərə qardaşı olan cavabdehin şərik olmasını, həmin xərclərin yarısını ona ödəməsini tələb etməsinin hüquqi əsası mövcud deyildir. Eləcə də, dəfn və yas mərasimlərinin icra edilmə qaydası, bu zaman çəkilməsi zəruri sayılan xərclərin növləri və həcmi qanunvericiliklə tənzimlənmir. Belə olduğu halda hazırkı iddia tələbinin məhkəmə qaydasında təmin edilməsinin də hüquqi əsası yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuş, işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməməsi əsaslıdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasıya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-889/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)- 889/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar