Məhkəmə qərarları › İş №2(107)-255/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-255/2020

09.01.2020 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-255/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2, onun və İddiaçı4 nümayəndəsi və vəkili X21 və Cavabdeh5 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1278/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, X8, İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2005-ci il tarixli, 4Ə-1/33 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb etmişdir. Sonradan iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə nümayəndələri İddiaçı2 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2005-ci il tarixli, 4Ə-1/34 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqısatqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilmələri və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1278/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi və qətnamənin qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)1278/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbirinin ləğv edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X40 tərəfindən verilmiş ********** nömrəli çıxarışla Cavabdeh3 adına Şəki rayonu Turan qəsəbəsində qeydiyyata alınmış 18 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçılar İddiaçı1, X8, İddiaçı4 və İddiaçı2 tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Şəki rayon X7 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən X5 təsərrüfat başçısı olmaqla, onun ailə üzvləri X9, X12, X15, İddiaçı2, X31, Cəlilova Şölə Adil qızı, İddiaçı4, X17, X10, X16, X18, X13, İddiaçı3 və X3 təsərrüfatı məhsullarının istehsalı üçün 41.30 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə «Torpağa mülkiyyət hüququna dair» JN:268, kod 40401027 nömrəli dövlət aktı hazırlanıb verilmişdir. Sözügedən torpaq sahəsindən həmin vaxtdan bütün ailə üzvləri istifadə etmişlər. xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 mənzil 17 ünvanında yaşayan X32 ilə İddiaçı2 arasında torpaqların ləğvi barədə saziş bağlanmışdır. Həmin sazişə əsasən X15, X31, X16, X18 və X11 birgə mülkiyyətlərində olan 41.30 ha torpaq sahəsinin 18 ha hissəsi 49-34 saylı alqı-satqı müqaviləsinə əsasən satılmışdır. Həmin torpaq sahəsinin 9.45 ha hissəsi İddiaçı2 və onun ailə üzvlərinin adına olduğundan 9.45 ha torpaq sahəsi İddiaçı2 xeyrinə ləğv edilmişdir. Hazırda sözügedən 9.45 ha pay torpaq sahəsi onların istifadələrindədir. «Torpağa mülkiyyət hüququna dair» JN:268, kod 40401027 nömrəli dövlət aktının arxa hissəsinə vurulmuş Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunun möhürü ilə 41.30 ha torpaq sahəsinin 13.75 ha hissəsinin iddiaçıların mülkiyyətində olduğu aydın göründüyündən 13.75 ha pay torpaq sahəsinin 9.45 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmişlər. Lakin sonuncu xx xxxxx 2018-ci il tarixli məktubla sözügedən torpaq sahəsinin 49-34 saylı alqı-satqı müqaviləsinə əsasən bir hissəsinin özgəninkiləşdirildiyini bildirərək çıxarışın verilməsindən imtina etmişdir. Bu səbəbdən Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbləri təmin edilmişdir. Sonradan Cavabdeh3 mübahisə predmetinə aid olan torpaq sahəsinin ona satılmış olduğunu əsas gətirərək xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın ləğv edilməsini və iş üzrə üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(84)-978/2018 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və Cavabdeh3 üçüncü şəxs kimi cəlb edilmişdir. Bundan sonra Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verdikləri şikayət Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2- 1(107)249/2019 saylı qərardadı ilə təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(107)-249/2019 saylı qərardadında qeyd edilmişdir ki, adlarına rəsmiləşdirmək istədikləri 9.45 ha torpaq sahəsi alqı-satqı müqavilələri əsasında başqa şəxsə məxsus olduğundan sözügedən alqı-satqı müqavilələrinin ləğv edilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərlər. Bu səbəbdən sözügedən müqavilələrin ləğv edilməsinə zərurət yaranmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)- 1278/2019 saylıqətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, onun və İddiaçı4 nümayəndəsi və vəkili X21 apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib prosesdə iştirak edən iddiaçının izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tаrixli, 2(075)-1278/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Şəki rayonu X7 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri X5, X9, X12, X15, İddiaçı2, X31, Cəlilova Şölə Adil qızı, İddiaçı4, X17, X10, X16, X18, X13, İddiaçı3 və X3 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 41.30 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-268 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Mülkiyyətçilərdən X9, X12, Cəlilova Şölə Adil qızı, X17 və X13 xx xxxxxx 2005-ci il tarixdə onlara məxsus 41.30 ha torpaq sahəsindən 19 hektarını, X15, X31, X16, X18 və X19 onlara məxsus 41.30 ha torpaq sahəsindən 18 hektarını X2. Torpaq sahəsinin bir hissəsi özgəninkiləşdirildiyindən yerdə qalan torpaq sahəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki rayon Notariat Kontorunun xx xxxxxx 2005-ci il tarixli, 4Ə-33, 4Ə-34 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Şəki rayonu M.Əsədov adına qəsəbə sakinləri X5, İddiaçı2, İddiaçı4, X10 və İddiaçı3 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 4.30 hektar torpaq sahəsi verilmişdir.xx xxx 2006-cı il tarixdə X22 adına 354.58 ha torpaq sahəsi ilə bağlı JN-459 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. xx xxxx 2007-ci il tarixdə müqavilədəki satılmış artıq payın ləğvi barədə saziş bağlanmış, xx xxxxxx 2005-ci il tarixli, 4Ə-34 reyestr nömrəli müqavilə üzrə satılmış 18 hektarın 9.45 hektarı İddiaçı2 və ailə üzvlərinə məxsus pay olduğundan həmin 9.45 hektar sonuncunun xeyrinə ləğv edilmişdir. xx xxxxxx 2008-ci il tarixdə X35 ona məxsus 354.58 ha torpaq sahəsindən 78 hektarını Cavabdeh3, 190.58 hektarını X4 və 86 hektarını X1. Şəki rayonu Turan qəsəbəsində yerləşən 18 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx xxxxxx 2019-cu il tarixdə, **********82 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2005-ci il tarixli, 4Ə-1/34 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqısatqı müqaviləsinin 9.45 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilmələri və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx xxxxxx 2019-cu il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayətinin dəlilləri iş mterialları ilə təsdiqini tapmamışdır. Apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Belə ki, X5, İddiaçı2, İddiaçı4, X10 və İddiaçı3 JN-461 nömrəli (kod 40401027) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilərkən Şəki rayon Notariat Kontorunun xx xxxxxx 2005-ci il tarixli, 4Ə-33 , 4Ə-34 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində mülkiyyətlərində 4.30 hektar torpaq sahəsi olduğunu bilmişlər. Lakin iddiaçılar müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi (xx xxxx 2007-ci il) və ya bilməli olduğu gündən (xx xxxxxx 2005ci il)bir illik iddia müddətini ötürməklə on iki il sonra, yəni 2019-cu ilin mayın 21-də vermişlər. Belə ki, tərəflər arasında hadisəsinin baş verməsi ilə bağlı müddət axımı iddiaçının öz ifadəsi mövqeyindən yanaşdıqda belə xx xxxx 2007-ci il tarixdən hesablanmaqla xx xxxx 2008-ci il tarixdə bitmişdir. Hətta ümumi iddia müddəti belə xx xxxx 2017-ci il tarixdə bitmişdir. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. İddiaçı cavabdeh tərəfindən torpağın satın aldığını bunu öz izahatı ilə də təsdiq etmiş, hüquqlarının həyata keçirilməsinə əngəl kimi maddi imkanlarının olmamasını əsas gətirmişdir. Lakin qanunla iddia müddətinin üzürlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Bütün bunlara baxmayaraq iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi xx xxxx 2008-ci il tarixədək deyil, xx xxx 2019-cu il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Həmçinin mübahisə edilən torpaq sahəsi faktiki iddiaçılarda olsa belə, rəsmi olaraq digər şəxslərə məxsus mülkiyyət sənədinin sərhədləri daxilində olmuş və bu iddiaçıya məlum olmuşdur. Belə ki, iddiaçı öz izahatında həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığını, lakin torpaq sahəsinin onun tərəfindən faktiki istifadə edildiyini, həmin torpaq sahəsinin əkib-becərilməsi üçün dövlət tərəfindən ayrılmış subsidiyanın almalı olmasından xəbəri olduğunu qeyd etsə də, həmin subsidiyanın mülkiyyətçi olmadığı üçün verilmədiyi, əgər tərəfindən müqavilənin hissəvi ləğvinə dair sazişin müvafiq dövlət orqanına təqdim edəcəyi halda həmin torpaq sahələrinin onun və ailə üzvlərinin adına rəsmiləşdirildiyi təqdirdə subsidiyanı ala biləcəklərindən xəbərdar olmuşlar. Bununla da onlar iddia qaldıranadək ötən 12 il ərzində həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasını qəbul etmiş və dövlət tərəfindən təmin ediləcək maddi yardımdan bilərəkdən imtina etmişlər. Halbuki iddiaçı və onun ailəsi mülkiyyət sənədlərini öz adlarına qeydiyyata alınmamasını maddi imkanları ilə əlaqədar olmasını göstərsələr də ötən 12 il ərzində həmin torpağın rəsmiləşdirilməsinə çəkiləcək xərc torpağa görə ödəniləcək subsidiya məbləğinin cüzi hissəsini təşkil edərdi. İddiaçı və ailəsi həmin torpaqların satılmasında bilavasitə rəsmi qaydada iştirak etməsələr də müqavilənin “satıcı” adlandırılan tərəfinin onların yaxın ailə üzvlərindən ibarət olması sonuncuların həmin müqavilədən xəbərdar olmamaları ağlabatan deyildir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçılar hal-hazırda torpaq sahəsinin mülkiyyətçiləri olmadıqlarından, hazırkı iddia tələbi iddia müddəti şamil edilməyən hallara aid deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Təbii ki, qeyd edilən müqavilələr əsasında cavabdehlər çıxarış almışlar. İddia rədd edildiyindən alqı-satqı müqavilələri əsasında verilmiş çıxarış etibarlı hesab olunur və həmin çıxarış ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1278/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, X8, İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tаrixli, 2(075)-1278/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar