Məhkəmə qərarları › İş №2(107)-255/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-255/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-255/2022 01.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin (indiki X5 Cəmiyyəti) nümayəndəsi X2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(025)-2633/2017 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi ilə (hakim Fehruz Abbasov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı İKB ASC) xeyrinə 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları faiz borcu və 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36315,59 (otuz altı min üç yüz on beş dollar əlli doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, Cavabdeh2 məxsus olan Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən, 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilməsi, tutmanın bu qiymətlə həmin fərdi yaşayış evinə və 0.68 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması və iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı İKB ASC (indiki X5 Cəmiyyəti) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 27036,27 (iyirmi yeddi min otuz altı dollar 27 sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar 32 sent) ABŞ dolları faiz borcu və 1555,59 (bir min beş yüz əlli beş dollar 59 sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37771,18 (otuz yeddi min yeddi yüz yetmiş bir dollar 18 sent) ABŞ dolları məbləğində borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan və Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan və Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşladılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 06 dekabr 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “Qəbələ” filialından 60 ay müddətinə 50000 (əlli min) manat məbləğində və yaxud kredit verilə biləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti ayrılmışdır. 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “Qəbələ” filialından illik 22 %-lə, 36 ay müddətinə 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m. ümumi, 85,5 kv.m. yaşayış, 267,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi 0.68 ha torpaq sahəsi ilə birlikdə 10 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 1.14-cü bəndinə əsasən bank 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2017-ci ilin iyunun 01-dək Cavabdeh1 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 27036,27 ABŞ dolları əsas, 9179,32 ABŞ dolları faiz, 1555,59 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37771,18 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Оdur ki, iddiаnın təmin edilməsinə dаir qətnаmə qəbul оlunmаsını xаhiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qismən əsas və faiz borcunun ödənilməsi hissəsində - qəbul etdiyini, manatın devalvasiyasından sonra yaranmış maliyyə çətinlikləri səbəbindən borcunu ödəyə bilmədiyini, buna baxmayaraq hər ay hissə-hissə də olsa kredit borcunu ödəməyə çalışacağını, bu səbəblə də işin hallarını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul etdiyini, Cavabdeh1 kredit borcunun ödənilməsində heç bir vaxt gecikmə olmadığını, yalnız son vaxtlar manatın devalvasiyasından sonra Cavabdeh1 kredit borcunun hazırkı məzənnəyə uyğun olaraq ödəyə bilmədiyini, iddiaçının tutma yönəldilməsini tələb etdiyi fərdi yaşayış evinin onların yeganə yaşayış yeri olduğunu, onların həmin evdən çıxarılmaları isə mənzil hüquqlarından məhrum olmaları ilə nəticələnəcəyini, ipoteka predmeti olan yaşayış evinin ipoteka müqaviləsində olan qiyməti ilə razı olmadığını, çünki həmin əmlakın real dəyərinin ipoteka müqaviləsində olan qiymətdən olduqca çox yuxarı olduğunu, bu səbəblə də işin hallarını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(025)-2633/2017 nömrəli qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh2 оğlu apellyаsiyа şikаyəti verərək şikayətin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(025)-2633/2017 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(107)-17/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(025)-2633/2017 nömrəli qətnаməsi dəyişdirilmiş, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent) əsas borc, 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) faiz borcu olmaqla, cəmi 21721.12 (iyirmi bir min yeddi yüz iyirmi bir dollar, on iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun tutulması, ipoteka predmeti olan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(107)-17/2020 nömrəli qətnaməsindən İddiaçı İKB ASC kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(102)-3758/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(102)-3758/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(107)-17/2020 nömrəli qətnaməsi cavabdehlərdən tutulmalı olan kredit borc məbləği hissədə və digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2021-ci il tarixli 2(107)- 173/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 оğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli, 2(025)- 2633/2017 saylı qətnaməsi dəyişdirilərək, Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilmiş hissəsində həmin əmlakın likvid qiyməti 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(107)-173/2021 nömrəli qətnaməsindən İddiaçı İKB ASC kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(102)-5028/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 173/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2(107)-255/2022 nömrəli qərardadı ilə iş üzrə ipоtekа predmetinin likvid dəyərinin müəyyən edilməsi uçün müstəqil qiymətləndirici dəvət edilməsi, müstəqil qiymətləndiricinin qаrşısındа ipоtekа predmeti оlаn və Cavabdeh2 mülkiyyətində olan, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən, 4 otaqlı, 351,2 kv.metr ümumi, 85,5 kv.metr yaşayış, 267,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.68 ha torpaq sahəsinin hаzırdа likvid dəyərinin neçə mаnаt olması sualının qoyulması, ipоtekа predmetinin likvid dəyərinin müəyyən edilməsinin "xxxx" MMC-yə həvаlə edilməsi qərara alınmış, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli 100/YB/22 nömrəli məktubu ilə mütəxəssis rəyi məhkəmə kollegiyasına 01 iyun 2022-ci il tarixdə daxil olmuş, kollegiyanın 01 iyun 2022-ci il tarixli 2(107)-255/2022 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ipoteka predmetinin 85000 manat məbləğində müəyyən edilməsindən narazıdır. Bundan əlavə faiz borcundan da narazıdır. İş üzrə ekspertiza keçirilməlidir. Ona görə də qeyd edilənlər nəzərə alınaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(025)-2633/2017 nömrəli qətnaməsinin ləğv edilməsini, ipoteka predmeti olan və Cavabdeh2 mülkiyyətində olan, Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən, 4 otaqlı, 351,2 kv.metr ümumi, 85,5 kv.metr yaşayış, 267,7 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.68 ha torpaq sahəsinin likvid dəyərinin 190,000 manat miqdarıda dəyərləndirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İKB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017ci il tarixli 2(025)-2633/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası digər cavabdehlərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(102)- 3758/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli 2(107)-17/2020 nömrəli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(102)- 5028/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2021-ci il tarixli 2(107)-173/2021 nömrəli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 5-M-2-0- 1864-13 saylı Əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit limiti açılmışdır. Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 5-M-2-0- 1864-13 saylı kredit müqaviləsinə əsasən Bank ümumi məbləği 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları olan borc pulu aylıq illik faiz dərəcəsi 22 % dərəcəsi olmaqla 36 ay müddətinə Kredit alana verir, kredit alan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 5-M-2-0-1864-13 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas kreditə görə 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları, faiz borcuna görə 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları və cərimə borcuna görə 1555,59 (bir min beş yüz əlli beş dollar əlli doqquz sent) ABŞ dolları olmaqla, borcun cəmi məbləği 37771,18 (otuz yeddi min yeddi yüz yetmiş bir dollar on səkkiz sent) ABŞ dolları təşkil edir. Аzərbаycаn Respublikаsı ƏMDK yаnındа DƏDRX 9 saylı Ərаzi İdаrəsi tərəfindən verilmiş Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən RX seriyаlı ******* nömrəli Çıxаrışın surətindən görünür ki, 9 saylı Ərаzi İdаrəsi tərəfindən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.68 ha torpaq sahəsi tаm mülkiyyət hüququ ilə Cavabdeh2 оğlunun аdınа dаşınmаz əmlаkın dövlət reyestrində **********08-10301 reyestr nömrəsi ********** qeydiyyаt nömrəsi ilə xx.xx.2013-cü ildə qeydiyyаtа аlınmışdır. İddiaçı İKB ASC Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 5-M-2-0- 1864-13 (İ) saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus olan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.68 ha torpaq sahəsi 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı İKB ASC-nin xx.xx.2017-ci il tаrixli bildirişindən görünür ki, cаvаbdehlər tərəfindən kredit ödənilmədiyindən оnlаrа xəbərdаrlıq edilmiş, əks təqdirdə Аzərbаycаn Respublikаsının qаnunvericiliyinə müvаfiq surətdə tədbir görüləcəyi, hаbelə tələbin ipоtekа predmetinə yönəldiləcəyi bаrədə xəbərdаrlıq edilmişdir. İddiaçı İKB АSC-nin xx.xx.2017-ci il tаrixli ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişdən görünür ki, İddiaçı İKB ASC-nin ipоtekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа bildirişin qeydə аlınmаsı bаrədə xаhişi təmin edilmişdir. 12 fevral 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı İKB ASC-nə olan əsas borcu 19297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent), faiz borcu isə 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) təşkil edir. 25 iyun 2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2(107)-255/2022 nömrəli qərardadı əsasında verilən "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli 100/YB/22 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190000 (bir yüz doxsan min) manat, likvid dəyəri isə 170000 (bir yüz yetmiş min) manat təşkil edir. Məhkəmə kollegiyası bunları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İşin həqiqi halları ilə müəyyən edilir ki, «Nikoyl” İKB ASC ilə Cavabdeh1 оğlunun аrаsındа bağlanmış xx.xx.2013-cü il tarixli, 5-M-2-0-1864-13 saylı Əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit limiti açılmışdır. Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 5-M-2-0-1864-13 saylı kredit müqaviləsinə əsasən Bank ümumi məbləği 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları olan borc pulu aylıq illik faiz dərəcəsi 22 % dərəcəsi olmaqla 36 ay müddətinə Kredit alana verir, kredit alan isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Öhdəliyin təminаtı məqsədi ilə İddiaçı İKB ASC Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 5-M-2-0-1864-13 (İ) saylı ipoteka müqaviləsi bağlanmışdır. Kreditin ödənilməsi bаrədə xəbərdаrlıq və bildirişlər göndərilsə də, cavabdehlər həmin xəbərdаrlıq və bildirişləri аlmаlаrınа bаxmаyаrаq, kreditin ödənilməsini təmin etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(102)- 3758/2020 nömrəli qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Habelə həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır” Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli 2(102)-3758/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli 2(102)-3758/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(107)-17/2020 nömrəli qətnaməsi cavabdehlərdən tutulmalı olan kredit borc məbləği hissədə və digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Yəni, Ali Məhkəmənin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli 2(102)- 3758/2020 nömrəli qərarı qəbul edildikdən sonra işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi artıq mübahisəli mülki işi yalnız ipoteka predmetinin ilikn satış qiyməti (likvid qiyməti) hissədə araşdırmalıdır və qətnamənin digər hissələri işə yenidən baxan apellyasiya instansiyası məhkəməsinin baxış predmetinə aid deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(102)- 5028/2021 nömrəli qərarında göstərilmişdir ki, “İş üzrə ikinci apellyasiya baxışında araşdırma predmetini ipoteka ilə yüklü edilmiş əşyanın likvid dəyərinin müəyyən olunması təşkil etmişdir. Belə ki, kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə həmin hissədə ləğv edilərək yeni baxışa göndərilmiş, apellyasiya kollegiyası da bu məsələyə baxıldığını qeyd etmişdir. Məhkəmə yeni qiymətləndirmə keçirmiş və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatı ilə Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən evin torpaq sahəsi ilə birlikdə likvid qiymətinin 220.000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi həmin rəyə əsaslanaraq, ipoteka predmetinin likvid qiymətinin 220.000 manat müəyyən edilməsi haqqında qərar çıxararkən nəzərə almamışdır ki, əşyanın 190.000 manatdan yuxarı olan qiyməti onun baxış predmeti deyil. Belə ki, birinci apellyasiya baxışında məbləğ 190.000 manat müəyyən edilərkən cavabdeh qətnaməni mübahisələndirməmişdi. İddiaçı məbləğin yüksək olduğunu bildirməklə kassasiya şikayəti vermişdi. Başqa sözlə, həmin qiymətdən artıq olan məbləğ araşdırma predmeti olmamışdır. Qətnamə də ilkin satış qiymətinə aid hissədə məhz iddiaçının kassasiya şikayəti əsasında ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdi. Bu hallar ona dəlalət edir ki, artıq ikinci apellyasiya baxışında işə iddiaçının dəlilləri və şikayəti əsasında baxıldığından, qiymətin 190.000 manatdan az olma imkanları yoxlanılmalı və həll edilməli idi. Çünki, həmin məbləğdən artıq qiymət, ikinci apellyasiya baxışının hədlərindən kənarda olmaqla mübahisələndirilən hissə deyildi. Halbuki, apellyasiya qaydasında məhkəmə aktları mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əks yanaşma iddiaçının öz mənafeyi üçün verdiyi və təmin olunan kassasiya şikayəti üzrə yenilənmiş baxışda onun zərərinə bir vəziyyətin yaranmasına gətirib çıxarardı. Belə bir nəticə isə şikayətin prosessual məqsədi və funksiyası ilə uzlaşmır. Göstərilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya baxışının hədlərini aşmaqla baxmış və mübahisələndirilməyən hissədə qətnamə çıxarmışdır. Bu hal isə MPM-nin 372.6-cı maddəsinin pozulmasına dəlalət edir. Kollegiya onu da nəzərə alır ki, ipoteka predmetinin bazar dəyərinə dair iş materiallarındakı məlumatlar (85.000, 190.000 manat məbləğləri) nəzərə alındıqda, likvid qiymətin bundan artıq olmaqla, 220.000 manat təşkil etməsinə dair "xxxx" MMC-nin hesabatının hansı meyarlara görə mötəbər sübut kimi qəbul edilməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Belə bir əsaslandırma nəinki aparılmamış, hətta bu xüsusat üzrə tərəfin qaldırdığı vəsatət də təmin edilməmişdir. Belə ki, apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında ipoteka predmetinin likvid qiymətinin 220.000 manat təşkil etməsi barədə "xxxx" MMC-nin hesabatı elan edildikdən sonra iddiaçının nümayəndəsi, likvid qiymətin eyni predmetin iş üzrə daha əvvəl müəyyən edilmiş bazar dəyərindən az olmalı olduğunu bildirmiş, bu səbəbdən şifahi vəsatət verərək rəylə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası isə rəyin elan edilməsini əsas gətirərək vəsatəti rədd etmişdir. Halbuki, ekspert rəyi sübutlardan biri olmaqla, onun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər, yaxud rəyin mötəbərliliyinə şübhələr varsa MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.” Ali Məhkəmənin qərarında müəyyən edilmiş göstərişlərin yerinə yetirilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən 28 yanvar 2022-ci il tarixli 2(107)-255/2022 nömrəli qərardadı ilə iş üzrə ipоtekа predmetinin likvid dəyərinin müəyyən edilməsi uçün müstəqil qiymətləndirici dəvət edilməsi və ipоtekа predmetinin likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli 100/YB/22 nömrəli qiymətləndirmə rəyində ipoteka predmeti olan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m. ümumi, 85,5 kv.m. yaşayış, 267,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat, likvid dəyərinin isə 170000 (bir yüz yetmiş min) manat təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 47.5-ci maddəsinə görə, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanını tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli 100/YB/22 nömrəli qiymətləndirmə rəyinin qanunvericiliyin tələbinə uyğun olaraq kifayət qədər əsaslandırıldığına istinad edərək, ipoteka predmeti olan və Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m. ümumi, 85,5 kv.m. yaşayış, 267,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymətinin) "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli rəyində göstərildiyi kimi 170000 (yüz yetmiş min) manat məbləğində müəyyən edilməsini qanunauyğun, ağlabatan və ədalətli hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. MPM-in 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi qismən, yəni Cavabdeh2 mülkiyyətində olan və Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m. ümumi, 85,5 kv.m. yaşayış, 267,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilməsi hissədə dəyişdirilməli və həmin əmlakın ilkin satış qiyməti (likvid qiyməti) 170000 (yüz yetmiş min) manat məbləğində müəyyən edilməlidir. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli 100/YB/22 nömrəli qiymətləndirmə hesabatının (mütəxəssis rəyi) xərci olan 350 (üç yüz əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC kod 805539, müxbir hesab AZ03NABZ********************, VÖEN **********, SWİFT kod İBAZAZ2X H/hesabı AZ52İBAZ********************01 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qətetdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tаrixli, 2(025)-2633/2017 saylı qətnaməsi qismən, yəni Cavabdeh2 mülkiyyətində olan və Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351,2 kv.m. ümumi, 85,5 kv.m. yaşayış, 267,7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilməsi hissədə dəyişdirilsin və həmin əmlakın ilkin satış qiyməti (likvid qiyməti) 170000 (bir yüz yetmiş min) manat məbləğində müəyyən edilsin. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli 100/YB/22 nömrəli qiymətləndirmə hesabatının (mütəxəssis rəyi) xərci olan 350 (üç yüz əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC kod 805539, müxbir hesab AZ03NABZ********************, VÖEN **********, SWİFT kod İBAZAZ2X H/hesabı AZ52İBAZ********************01 hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar