Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-256/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-1447/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda cəmi 16400 manat borc pul verdiyini, cavabdehin isə borcunu qaytarmadığını iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 16400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, Ağdam rayon 49 saylı tam orta məktəbində texniki işçi kimi işləyir. Cavabdeh həmin məktəbdə işlədiyi müddətdən tanımışdır. Belə ki, Cavabdeh şəxsi mikravtobusu ilə onu və Ağdam rayon 49 saylı tam orta məktəbin digər işçilərini həmin məktəbə aparıb gətirmişdir. Münasibətləri normal olmuşdur. Əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Qeyd etdiyi kimi Cavabdeh özünə məxsus 2 ədəd (sprinter) mikravtobusu olmuşdur. 2021ci ilin aprel ayında Cavabdeh ondan xahiş etmişdir ki, yay mövsümü ilə əlaqədar təşkil olunacaq turist turlarında işləməsi üçün maşının nasazlığının aradan qaldırılmasında ona maddi cəhətddən köməklik etsin. Cavabdeh maşınına yeni təkər alınması, matorunun bəzi yerlərinin təmir edilməsi, eləcədə digər xırda işlərin görülməsi üçün ona 6000 (altı min) manat pul lazım olduğunu və həmin pulu sezonun sonunadək işləyib qaytaracağını bildirmişdir. O, cavabdehin xahişini nəzərə alaraq ona təmənnasız 6000 (altı min) manat pul vermişdir. Getdikcə münasibətləri daha da dərinləşməyə başlamışdır. Onun Cavabdeh ilə 2022-ci ilin aprel ayınadək münasibətləri davam etmiş və o, bu müddət ərzində cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 16.400 (on altı min dörd yüz) manat pul vermişdir. X3 ASC-yə məxsus plastik kartı olmuşdur. O anasına verilən şəhid pulunu və öz əmək haqqından qalan pulu həmin karta yönəldərək ehtiyat yığmışdır. Cavabdeh verdiyi ümumilikdə 16.400 (on altı min dörd yüz) manat pulun yalnız 6000 min manatını nağd vermiş, yerdə qalan 10.400 (on min dörd yüz) manat hissəsini cavabdeh ona məxsus plastik kartdan nağdlaşdırmışdır. Cavabdehin dediyinə görə tanışları onu aldatmışdır. O, həmçinin bir neçə dəfə cavabdehin xahişi ilə onun dostlarının da kartına pul göndərmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia qəbul etməmiş və bildirmişdir ki, o, iddiaçıya məxsus plastik kartdan pul vəsaitləri çıxarsa da, o, həmin pulu iddiaçı ilə birlikdə xərcləmişdir. Belə ki, iddiaçı ilə bir müddət sevgi münasibətləri olmuşdur. Həmin müddət ərzində də iddiaçının öz razılığı ilə birlikdə pul xərcləmişlər. İddiaçı özünə məxsus bank kartını ona versə də, o, həmin pulları iddiaçının tapşırığı ilə çıxarıb ona vermişdir. Lakin hazırda həmin pulların məbləğini xatırlamır. Daha sonra isə idiaçı ilə münasibətləri pozulmuş və ona görə də iddiaçı ondan qisas almaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Münasibətləri pozulduqdan sonra iddiaçı hətta onun ailə üzvlərinə zəng etmiş və buna görə də ailəsində problemlər yaranmışdır. Ona görə də hesab edir ki, onun iddiaçıya hər hansı borcu yoxdur. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi haqında qətnamə çıxarılmasını xahiş edir.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı cavabdehlə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Ağdam rayon 49 saylı tam orta məktəbdə işlədiyi üçün cavabdeh isə özünə məxsus sprinter markalı maşınla həmin məktəbin işçilərini, o cümlədən iddiaçını məktəbə aparıb gətirmişdir. Həmin vaxt da onlar arasında münasibət yaranmışdır. Bundan sonra isə iddiaçı cavabdehə müəyyən qədər borc pul verilmişdir. Məhkəmə iclası zamanı bu faktın mövcudluğu hər iki tərəf etiraf etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Bununla belə iddiaçı tərəfindən cavabdehə 16400 manat məbləğində borc pul verilməsi ilə bağlı tərəflərin izahatı ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclası zamanı cavabdehə avtomaşınını təmir etdirmək və digər xərcləri qarşılamaq üçün ümumilikdə 16400 manat məbləğində borc pul verildiyini bildirmiş, cavabdeh isə iddiaçı tərəfindən ona verilən pulların borc olaraq verilmədiyini və iddiaçı ilə birlikdə xərclədiklərini bildirməklə iddiaçının dediklərini təkzib etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır.
7. Məhkəmə iclası zamanı iddiaçı öz tələbinin əsası kimi Kapital bank ASC-yə məxsus hesabdan çıxarışı və Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların fotoçıxarışlarını iş materallarına əlavə etməklə 16400 manat məbləğində pulu cavadehdən tələb etmişdir.
8. Məhkəmə hesabdan çıxarışı və məxaric əməliyyatlarının fotogörüntülərini əks etdirən diski sübut növü kimi qəbul edir və nəzərə alır.
9. Bununla yanaşı məhkəmə, cavabdeh tərəfin öz etirazlarının əsası kimi istinad etdiyi dəlilləri işin faktiki hallarına münasibətdə əsaslı hesab etmir. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər nəticəsində iddiaçı tərəfindən cavabdehə pul verilmişdir. Cavabdeh həmin pulların ona iddiaçı tərəfindən borc olaraq verilmədiyini və onu iddiaçı ilə birlikdə xərclədiklərini bildirsə də, bununla bağlı hər hansı mötəbər mənbədən əldə edilmiş sübutu iş materiallarına əlavə etməmiş, həmçinin iddiaçı da cavabdehin bildirdiklərini qəbul etməmişdir. Belə ki, cavabdeh həmin halları yalnız formal mülahizələr əsasında bildirmişdir. Bunun əksi olaraq isə iddiaçı tərəfindən Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların fotoçıxarışları məhkəməyə təqdim edilmişdir. Həmin yazışmaların isə ümumi mətninə nəzər yetirdikdə aydın olur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş pullar borc olaraq verilmiş və cavabdehdən tələb edilmişdir. Cavabdeh isə bunu inkar etməyərək borcunu qısa zamanda qaytaracağını iddiaçıya bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin öz tələbinin əsası kimi istinad etdiyi dəlillər əsaslı deyildir.
10. Beləliklə, məhkəmə tərəflərin izahatları və işə əlavə edilmiş sənədlərin müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında etibarlı yaxınlıq münasibəti olmuşdur. Bunun nəticəsi olaraq da iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda olmaqla ümumilikdə 16400 manat məbləğində borc pul verilmişdir. Cavabdeh isə həmin pulları qısa zamanda qaytaracağını bildirsə də, qaytarmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.
11. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsi ilə əlaqədar olaraq borcla bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlikləri tənzimləyən hüquq normaların tətbiq edilməsi əsasında həll edilməlidir.
12. Mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı, şifahi əqdi isə şəxsin rəftarından məlum olduğu andan bağlanmış sayılmasını müəyyən etmişdir.
13. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan maddi hüquq normaları əsasında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 16400 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və borcu qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, 16400 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.
14. Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)- 1447/2022 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia təmin olunmuş, Cavabdeh 16400 (on altı min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 385, 406, 427, 442, 739 və 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
16. İş materiallarında olan Kapital bank ASC-yə məxsus xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus bank kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 10400 manat məbləğində pul məxaric edilmişdir.
17. İş materiallarında olan Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların fotoçıxarışlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 16000 manat məbləğində pul cavabdehin diqqətinə çatdırılmış, cavabdeh isə bunu inkar etməməklə iddiaçıya öz təşəkkürünü və razılığını bildirmişdir. Həmçinin həmin yazışmaların ümumi mətninə nəzər yetirdikdə müəyyən edilir ki, iddiaçı cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə ona bir az zaman verməsini və ona olan borcunu qısa zamanda qaytaracağını bildirmişdir.
18. Kapital Bankı tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı məxsus plastik kart vasitəsi ilə aparılmış əməliyyatlara dair bankomat görüntülərini əks etdirən diskə keçirilmiş baxış zamanı müəyyən etdi ki, İddiaçı məxsus plastik kartdan müxtəlif vaxtlarda Cavabdeh pul çıxarmışdır.
19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı ilə aralarında olan münasibət pozulduğundan ondan qisas almaq üçün iddia edir ki, guya ona 16.400 manat pul verib. Həmin pulun kartdan çıxaılmasını qeyd etsə də həmin pulların onun tərəfindən xərclənməsi və ona verilməsi barədə heç bir subut yoxdur. Əgər həmin pullar ona verilmişdirsə həmin pulların ona verilməsi barədə notarial qaydada sənəd və ya hər hansı bir əlyazma olmalı idi. Bu səbəbdən hesab edir ki, iddiaçının iddiası qanunsuz olduğundan rədd edilməlidir. Ümumiyyətlə, borc münasibətləri yazılı şəkildə bağlandığı hallarda borcun məbləği minimum əmək haqqının 10 qatından çox olarsa həmin halda borcun təsdiq edildiyini sübut edən qəbz və ya müqavilə notarial qaydada təsdiqlənməlidir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və iddiasının əsası kimi göstərdiyi heç bir sübut növü təsdiq edilmir. Həmin pulun kart vasitəsilə çıxarıldıqdan sonra onun tərəfindən xərcləndiyi isə sübuta yetirilmir. Bundan əlavə bildirir ki, Watsap Messenger sosial şəbəkəsi vasitəsi ilə yazılmış mesajlar onun tərəfindən yazılmamışdır. Həmin pulun ona verilməsi barədə heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsi qətnaməsində hazırki iş üzrə əsas kimi Watsap Messenger sosial şəbəkəsi vasitəsi ilə yazılmış mesajlarları əsas tutsa da, həmin pulun ona verilməsi barədə heç bir sübut yoxdur. Məhkəmə nəzərə almamış, araşdırmamışdir. Bu da qanunsuzdur.
21. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)- 1447/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-1447/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
26. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 200-cü mаddəsinə görə şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)- 1447/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddianın təmin edilmiş 10.400 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş 16400 manat pulun cavabdehə verilməsini sübut etməlidir. Belə olan vəziyyətdə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Əvvəla, müəyyən edilməlidir ki, kim kimdən nəyi hansı əsasla tələb edir.
31. Apellyasiya şikayətinin dəlilləri bu qətnamənin 30-cu bəndində hissədə əsassızdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin ümumi mənasından hazırki iş üzrə ümumiyyətlə borcun mövcud olmadığı anlaşılır və cavabdeh bu fikrinin əsaslarından biri olaraq pulun kart vasitəsilə çıxarıldıqdan sonra ona verilməsi və onun tərəfindən xərcləndiyinin sübuta yetirilməməsini göstərir ki, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məxaric əməliyyatlarının fotogörüntülərini əks etdirən diskdə yer alan fotogörüntüləri Kapital bank ASC-yə məxsus hesabdan çıxarışla müqayisəli şəkildə tədqiq etdikdə məlum olur ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi 10.400 manat pulun cavabdeh tərəfindən alınması təsdiq edilir. Borc alınmış pulun xərclənibxərclənməməsi halı həmin borcun qaytarılmalı olmasını və hazırki işdə qaytarılmamış olduğu faktını dəyişdirmədiyindən apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır.
32. Cavabdehin hazırki qətnamənin 20-ci bəndində göstərilən apellyasiya şikayətinin borcun təsdiq edildiyini sübut edən qəbz və ya müqavilənin notarial qaydada təsdiqlənməli olması barədə dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qətnamənin 25-ci bəndində göstərilən hüquq normalarının tələbi baxımından 3000 manatdan aşağı məbləğdə olan borc müqavilələrinin yazılı qaydada olması tələb edilmir. İddiaçıya məxsus bank kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çıxarılmış pulların ayrı-ayrılıqda məbləği heç bir halda 3000 manatı aşmamışdır. Göründüyü kimi apellyasiya şikayətinin bu dəlilləri də əsassızdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddianın təmin edilmiş 6000 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şiakyətinin dəlilləri həmni hissədə əsaslıdır.
34. Birinci instansiya məhkəməsi iddiaçının izahatlarını əsas götürməklə, həmçinin Kapital bank ASC-yə məxsus hesabdan çıxarışa, Whatsapp Messenger sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların fotoçıxarışlarına və məxaric əməliyyatlarının fotogörüntülərini əks etdirən diskə istinad etməklə iddianın təmin edilməsini qət etmişdir. Halbuki, məxaric əməliyyatlarının fotogörüntülərini əks etdirən diskdə yer alan fotogörüntüləri Kapital bank ASC-yə məxsus hesabdan çıxarışla müqayisəli şəkildə tədqiq etdikdə məlum olur ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi 16400 manat pulun 6000 manatının cavabdeh tərəfindən alınması təsdiq edilmir. İşə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə bu qətnamənin 33-cü bəndində göstərilən hissədə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, işdə olan sübutları qarşılıqlı şəkildə tədqiq etmədən, iddiaçının izahatlarına uyğun olaraq tələb olunan məbləği bütünlükdə işin təqdim edilmiş sübutlarla təsdiq olunmuş halı kimi qiymətləndirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı qərarlarında göstərildiyi kimi, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu bu qətnamənin 33-cü bəndində göstərilən hissədə edə bilmədiyindən və iddia tələbinin həmin hissədə qanuni əsası müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə iddianın təmin edilmiş 6000 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-1447/2022 saylı qətnaməsi qismən – iddianın təmin edilmiş 6000 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan – iddianın təmin olunmuş 10.400 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(051)-1447/2022 saylı qətnaməsi qismən – iddianın təmin edilmiş 6000 manata aid hissəsində ləğv edilsin. Həmni hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan – iddianın təmin olunmuş 10.400 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev