Məhkəmə qərarları › İş №2(107)-257/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-257/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-257/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X12 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, 2(037)-890/2024 saylı qətnаməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan 19 mart 2024-cü il tarixli, 1710-24 nömrəli məlumatdan görünür ki, Rusiya Federasiyasının “Tatsosbank” vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 350635-20 rubl, xx.xx.2021-ci il tarixdə 2000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 25508-16 rubl və xx.xx.2021-ci il tarixdə 13145-76 rubl Cavabdeh göndərilmişdir.

2. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli məlumatın surətindən görünür ki, Cavabdeh xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərdə “MV NAHİDE-M” gəmisində 2-ci kapitan olaraq çalışmış və 4000 ABŞ dolları əmək haqqı almışdır.

3. İş materiallarında olan X13 notarial qaydada təsdiq edilmiş izahatında qeyd etmişdir ki, Rusiya Federasiyasının Kazan şəhərində müvəqqəti yaşadığı zaman həmkəndlisi X10 onunla görüşərək Bakı şəhərində yaşayan kürəkəni Cavabdeh ev almaq üçün borc pul göndərmək lazım olduğunu, lakin xəstəsi olduğundan 1200 ABŞ dolları məbləğində pulu ona verərək Kazan şəhərinin “AK Bank” vasitəsi ilə Cavabdeh adına göndərilməsini xahiş etmişdir. O da həmin məbləği 20 sentyabr 2021-ci ildə “AK Bank” vasitəsi ilə Cavabdeh adına göndərmişdir.

4. İş materiallarında olan "xxxx" ASC-nin 20 noyabr 2024-cü il tarixli, HTİD-OUT- 08432-2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh adına 20 sentyabr 2021-ci il tarixdə X10 tərəfindən 8000 manat və 21 sentyabr 2021-ci il tarixdə X13 tərəfindən 1200 ABŞ dolları “Zolotaya Korona” sürətli pul köçürmə sistemi vasitəsi ilə pul köçürməsi həyata keçirilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. X1 Emin Həsən oğluna qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 7000 ABŞ dolları və iddianın verilməsi üçün ödənilmiş 127 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, qızı Ceyran Nuriyeva Cavabdeh ilə 17 may 2021-ci il tarixdə rəsmi nikahla ailə qurmuş və birgə nikahlarından 14 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində İsmayıl adlı övladları doğulmuşdur. Qızı ilə cavabdeh arasındakı rəsmi nikah İsmayıllı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh qızı ilə birgə nikah dövründə olan zaman ünvan 1 ünvanında mənzil almışdır. Mənzil alınarkən cavabdeh ondan pul istəmişdir. O da cavabdehə evin alınması üçün 40-50 gün ərzində 12000 ABŞ dolları miqdarında “Tatsosbank”dan pul köçürməsi yolu ilə borc pul göndərmişdir. Lakin göndərilən pulun 5000 ABŞ dolları Rusiyadan xaricə pul köçürmələrinə limit qoyulduğundan həmkəndlisi olan və Rusiyada müvəqqəti yaşayıb işləyən X5 adından göndərmişdir. Lakin o, iddia qaldırarkən Nicat Bağrılı Azərbaycan Respublikasında olduğundan cavabdehə göndərilən pulun sənədini “Tatsosbank”dan hələlik almaq mümkün olmamışdır. Hazırda mövcud sübutlara uyğun olaraq cavabdehdən 2021-ci ilin sentyabroktyabr aylarında köçürmə yolu ilə cavabdehə göndərdiyi cəmi 7000 ABŞ dolları məbləğində borcu tələb edir. Cavabdehdən 7000 ABŞ dolları və iddianın verilməsi üçün ödənilmiş 127 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

7. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı iddiaya qarşı etirazında göstərmişdir ki, iddia nümayəəndəsi olduğu Cavabdeh qarşı qərəzli, yalan, böhtan xarakterli və əvvəlcədən düşünülmüş bir iddiadır Belə ki, Cavabdeh Bakı şəhərində ev alarkən X2 heç vaxt borc pul almamışdır. Həmçinin cavabdeh iddiaçı Asif Nuriyevdən “Tatsobank” vasitəsi ilə ödənilən pulu qəbul etməmişdir. Rusiya Federasiyasında müvəqqəti yaşayan X5 adından Cavabdeh hesabına heç bir vəsait köçürülməmişdir. Ona görə də nümayəndəsi olduğ Cavabdeh iddianı qəbul etmir. İddianın təmin edilməməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin 1200 ABŞ dolları və 8000 manat borc hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hər hansı bir borc münasibəti yoxdur. Mübahisəli mənzil 120000 manata alınmışdır. Cavabdeh həmin mənzili 80000 manatı faktiki əmlakını satması, 20000 manatı öz vəsaiti, qalan 20000 manatını isə qardaşından aldığı borc hesabına almışdır. Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən mənzil alınarkən iddiaçı həmin mənzilin içərisində olan əşyaların çıxarılmaması üçün, yəni həmin əmlakların cehiz əmlaklarının əvəzi olaraq iddiaçı tərəfindən 8000 manat göndərilmişdir. İddiaçının qızı Ceyran Nuriyeva da həmin əmlakların cehiz kimi alınmasına razılıq vermişdir. Cavabdeh gəmi kapitanı vəzifəsində çalışmaqla 4000 ABŞ dolları məbləğində əmək haqqı alır. Cavabdehin iddiaçı tərəfindən göndərilən pullara ehtiyacı olmamışdır. İddiaçının həyat yoldaşı əmlak bölgüsü tələbinə dair iş üzrə məhkəmə iclasında bildirmişdir ki, cehiz əmlaklarının alınması üçün 10000 manat vermişlər. Bu fakt məhkəmə protokolunda və məhkəmə iclasının video-audio yazısında qeyd edilmişdir. İddiaçının qızına məxsus cehiz əmlakarı İsmayıllı şəhərindədir və iddiaçı tərəf istədikləri vaxt həmin cehiz əmlaklarının götürə bilərlər. Bundan başqa, əgər tərəflər arasında borc münasibətləri olsaydı belə, onda hazırkı iddia düzgün tərtib edilməmişdir. Belə ki, həmin borc tərəflərin birgə nikah dövründə olan borcudur. Belə olan halda həmin borc iki yerə bölünməli idi. Hazırkı iddia üzrə də iddiaçının qızı Ceyran Nuriyeva da cavabdeh qismində tərəf olmalı idi. İddia tələbini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 22 noyabr 2024-cü il tаrixli, 2(037)-890/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh qətnamə icra olunduğu gün manatla məzənnəsi ilə 1200 (bir min iki yüz) ABŞ dolları və 8000 (səkkiz min) manat borc, 120,12 (bir yüz iyirmi manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq iddiaçı X6 ödənilməsi, mülki iş üzrə ödənilmiş 127 manat dövlət rüsumun 6,88 manatı iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, sorğuya cavab məktubuna əsasən Cavabdeh adına 20 sentyabr 2021-ci il tarixdə X10 tərəfindən 8000 manat və 21 sentyabr 2021-ci il tarixdə X13 tərəfindən 1200 ABŞ dolları “Zolotaya Korona” sürətli pul köçürmə sistemi vasitəsi ilə pul köçürməsi həyata keçirilməsi faktı məhkəmə iclasında sübuta yetirildiyindən iddia tələbi qismən təmin edilməlidir.

12. Məhkəmə hesab etmişdir ki, X13 iddiaçı X4 tapşırığı əsasında hərəkət edərək cavabdehə pul göndərərmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 777, 779, 385.1, 425.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hesab edir ki, qətnamə tam qanunsuzdur və aşağıdakı səbəblərə görə iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. İddia tələbində qeyd edilmişdir ki, borc mənzilin alınması məqsədilə alınmışdır. İşdə olan sənədlər tədqiq olunarkən müəyyən olunur ki, cavabdeh Bakı şəhərində mənzili 120.000 manata 17 sentyabr 2021-ci il tarixində almışdır. Mənzilin dəyəri olan 120.000 manat pulun 80.000 manatı Nərmin Şükürovanın adında olan faktiki olaraq Cavabdeh məxsus və iddiaçınını qızı ilə nikahdan hələ 4 il əvvəl alınmış mənzil hesabına əldə olunmuş, 20.000 manat isə cavabdehin qardaşından alınmış borc vəsaiti hesabına, qalan 20000 manat isə cavabdehin öz vəsaiti hesabına toplanmışdır. Lakin, Asif Nuriyev tərəfindən verilən pul mənzilin alınması məqsədilə deyil, mənzil alındıqdan sonra mənzildə olan mebellərin qızı cavabdehin keçmiş arvadı X7 cehiz kimi alınması məqsədilə verilmişdir ki, həmin pulun ödənilməsini də evin alınmasından 3 gün sonra xx.xx.2021-ci il tarixində həyata keçirtmişdir. Göründüyü kimi, iddiaçı evin alınmasına heç bir vəsait xərcləməmişdir, hətta iddiaçının arvadı X9 da iddiaçının qızı ilə cavabdeh arasında olan əmlak mübahisəsi üzrə məhkəmə iclasında da bildirmişdir ki, mənzilin alınması zamanı onlar tərəfindən heç bir vəsait verilməmişdir. Belə olan halda onun ərinin belə iddia ilə çıxış etməsi və pul tələbi anlaşılan olmamışdır. Həmin işdə eyni hakimin icraatında olmasına baxmayaraq, hakim tərəfindən sübutlar qiymətləndirilərkən iddiaçıya xoşməramlı, cavabdehə isə qərəzli davranılmış və nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Bundan əlavə qeyd etmək lazımdır ki, tərəflər arasında borc münasibətləri mövcud olmamış, iddiaçı tərəf məhkəməyə hər hansı bir borc müqaviləsi və ya borc verilməsi ilə bağlı hər hansı digər sübutlar (səs yazıları, mesajlar və s.) təqdim etməmişdir. Bu fakt da onu təsdiq edir ki, Asif Nuriyev həmin pulu borc məqsədilə verməmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsaslarını məhkəmədə təsdiq edə bilməmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixində olan 2000 ABŞ dolları, 25508 Rusiya rublu və xx.xx.2021-ci il tarixində verilmiş 13.145 Rusiya rublunun da iddiaçı tərəfindən cavabdehə hansı məqsədlə verilməsi məhkəmə iclasında tədqiq edilməmiş, iddiaçı pulun verilməsi məqsədinin ev alınması olduğunu deməklə kifayətlənmiş, evin alınmasından 2 ay keçdikdən sonra niyə pul göndərilməsini izah edə bilməmişdir. Hesab edir ki, məhkəmənin bu barədə qeyd etdikləri şəxsi mülahizələrdir, sanki hadisələrin şahidi kimi məsələlərə qiymət verilmiş, heç bir subuta və fakta əsaslanmamışdır. Halbuki nə iddiaçı, nə də N.Bağırlı məhkəmə iclasında iştirak etməmiş və izahatlarını təqdim etmişdir. Eyni zamanda iddiaçı Asif Nuriyevin N.Bağırlının adından iddia ilə çıxış etməsi üçün subyektiv hüququ olmamışdır. Bu səbəbdən də borc verilməsi barədə iddianı qəbul etməyərək, məhkəmə iclasında bildirilmişdir ki, əgər borc birgə nikah dövründə alınmışdırsa niyə iddiaçı qızı Ceyran Nuriyevanı cavabdeh qismində iddia tələbində göstərməmişdir. Verilmiş suala iddiaçının nümayəndəsi susmaqla kifayətlənmiş, onun susmasına baxmayaraq, məhkəmə cavabdehin əvəzinə hesab etmişdir ki, iddia düzgün verilmişdir, əsaslandırmada göstərmişdir ki, nikah dövründə alınmış borcun tərəflərdən birinə yoxsa hər ikisinə, borc və ya bağışlanma əsasında verilməsi, həmin məbləğlərin tərəflər arasında hansı hissədə bölünməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilmədiyindən hazırkı tələbin predmetini təşkil etmir. Hesab edir ki, tərəflər arasında borc münasibətləri yoxdur, borc müqaviləsi bağlanmamışdır, bu səbəbdən hər iki iş üzrə icraatı aparan məhkəmə, sübutları qiymətləndirərək öz daxili inamını, hüquq düşüncəsini əsas götürərək iddia tələbini təmin etməməli idi, eləcə də iddianın təmin olunması qərarına gəldiyi halda, onun yarısı Cavabdeh yarısını Ceyran Nuriyevadan tutmalı idi. Lakin, məhkəmə bütün bunların heç birini etməyərək, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin halları obyektiv araşdırılmamış, cavabdeh tərəfindən təqdim olunmuş sübutlara qərəzli yanaşmışdır. Belə ki, təqdim etdikləri İsgenderun Denizçilik firmasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Cavabdeh “MV Nahide-M” adlı gəmidə 2-ci Kapitan olaraq işləmiş və 4000 USD əmək haqqı almışdır. Mənzil alarkən də mənzilin dəyəri olan 120.000 manat pulun 80.000 manatı Nərmin Şükürovanın adında olan faktiki olaraq Cavabdeh məxsus və iddiaçı ilə nikahdan hələ 4 il əvvəl alınmış mənzil hesabına əldə olunmuş, 20.000 manat isə alınmış borc vəsaiti hesabına, qalan 20.000 manat isə öz vəsaiti hesabına toplanmışdır. Bu müddət ərzində iddiaçı heç bir yerdə işləməmiş, müstəqil qazancı olmamış, nə də ki, ev alınmasına hər hansı vəsait qoymamışdır. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bu faktı təsdiq etmiş və bildirmişdir ki, ev alınması zamanı pul verilməmiş, 10000 manat cehiz alınmasına pul vermişlər. Hesab edirlər ki, qətnamənin bu cür əsaslandırılması şəxsi mülahizələrdir, çünki sorğuya əsasən və pulun alınması əsas gətirilərək borc münasibətləri olmadığı halda iddianın qismən, əslində isə tam təmin edilməsi qanunsuzdur. Çünki məhkəmə pulun evin alınması üçün borc və ya cehiz alınması məqsədilə verilməsini aydınlaşdırmamış, Səidə Nuriyevanın isə ev alınmasına pul vermədikləri ilə bağlı verdiyi ifadələri nəzərə almamışdır. Göstərilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, 2(037)-890/2024 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, cavabdeh tərəfin apellyasiya şikayətində müxtəlif bəhanələrlə onun tərəfindən cavabdehə mənzilin alınması üçün verilmiş pulun borc olmadığını, həmin pulun alınan mənzilə qızı üçün cehiz alınması üçün verildiyini qabartmaqla borcun ödənilməsi məsuliyyətindən yayınmağa çalışır. Bununla əlaqədar qeyd edir ki, sözü gedən mənzil içərisində hər bir əşyası, yəni ailənin istifadəsi üçün vacib olan mebel və sair əşyalarla birlikdə alınmışdır. Qızına isə verilən cehiz əşyaları cavabdehin valideynlərinə məxsus olmaqla İsmayıllı şəhərində cavabdehin də qeydiyyatda olduğu fərdi yaşayış evinə aparılmışdır və hazırda da həmin evdədir. Cavabdehin pulun cehiz alınması üçün verildiyi barədə versiyası tamamilə yalandır. Cavabdeh tərəfin borcun pul köçürmə tarixləri ilə mənzilin alınması arasındakı ziddiyyəti, yəni borcun mənzilin alınması tarixindən sonra olması barədə dedikləri ilə bağlı bildirir ki, cavabdeh telefon vasitəsi ilə əlaqə saxlayaraq mənzilin alınmasına vəsaitin çatmadığını bildirmiş, ondan borc istəmiş, o da qızının xatirinə mümkün qədər cavabdehin xahişini yerinə yetirməyə çalışmışdır. O, bunu edəndə cavabdehdən mənzilin alqı-satqı müqaviləsini tələb etməmiş və bunu aralarında mövcud olan qohumluq halında düzgün olmayan yersiz bir hərəkət bilmişdir. Eyni zamanda da mənzil alınarkən o, Rusiya Federasiyasının Kazan şəhərində, cavabdeh isə Bakı şəhərində olmuşdur. Bundan başqa o, pulu borc verərkən fikirləşmirdi ki, cavabdeh nə vaxtsa qızını boşamaq fikrinə gələr. Ona görə də borc müqaviləsi bağlamağı qayınatakürəkən münasibətində yersiz hesab etmişdir. Cavabdeh tərəf cavabdehin mənzili almağa böyük maddi imkanının olmasını, işlədiyi gəmiçilik şirkətində gəmi kapitanı olmaqla 4000 ABŞ dolları əmək haqqı aldığını və onun borc almağa ehtiyacı olmadığını bildirir. Bəs nə üçün onun doğma uşağının saxlanması üçün aliment müəyyən olunarkən maddi vəziyyətini aşağı olmasını göstərərək alimentin minimum həddə təyin olunmasına nail olmuşdur. Onu da qeyd edir ki, cavabdehə verilən borc qətnamə üzrə təmin olunan borcdan iki dəfə çoxdur. Lakin o, göndərilən pulların sənədlərini əldə edə bilmədiyi üçün iddiasında sübut olunması mümkün olan tələbi irəli sürmüşdür. Qeyd olunanlara əsasən İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, 2(037)-890/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərərək İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, 2(037)-890/2024 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, 2(037)-890/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 739. Borc müqaviləsi (köhnə redaksiyada) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

29. Maddə 740. Borc müqaviləsinin forması (köhnə redaksiyada) - 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

30. Maddə 777.1 Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

31. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

32. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

33. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: - 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; - 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, 2(037)-890/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

47. Müəyyən edilmişdir ki, iddiaçının qızı X11 Cavabdeh ilə 17 may 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahlarından 14 iyul 2022-ci il tarixdə bir övladları doğulmuşdur. İddiaçının qızı ilə cavabdeh arasındakı rəsmi nikah İsmayıllı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh iddiaçının qızı ilə birgə nikah dövründə olan zaman Bakı şəhərində mənzil almışdır. Mənzil alınarkən cavabdeh iddiaçıdan pul istəmiş, o da cavabdehə evin alınması üçün “Tatsosbank”dan pul köçürməsi yolu ilə 8000 manat borc pul göndərmişdir. Eyni zamanda Rusiyadan xaricə pul köçürmələrinə limit qoyulduğundan həmkəndlisi olan və Rusiyada müvəqqəti yaşayıb işləyən X5 adından isə əlavə olaraq 1200 ABŞ dolları məbləğində pul göndərmişdir. İddiaçı borcunu tələb etmiş, cavabdeh isə qaytarmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiyaməhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh tərəf apellyaisya şikayəti vermişdir.

48. Birinci instansiya məhkəməsinin araşdırması zamanı da müəyyən edildiyi kimi, iddiaçı cavabdehə 8000 manat və 1200 ABŞ dolları pul göndərmiş, cavabdeh isə həmin məbləğləri qəbul etmişdir. Bu işin mübahisəsiz halıdır. Cavabdeh isə ilk öncə iddianı ümumiyyətlə qəbul etməmiş, məhkəmə iclaslarında isə pulun cehiz əmlaklarının alınması üçün verdiyini bildirmişdir.

49. Kollegiya cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz ərizəsində göstərdiyi xüsusatlara münasibətdə qeyd edir ki, nümayəndə (cavabdehin qardaşı) Nümayəndə2 cavabdeh tərəfindən ümumiyyətlə borc pul alınmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən banklara göndərilən sorğuya müsbət cavablar alındıqdan sonra cavabdeh tərəf mövqeyini tam dəyişməyə məcbur qalaraq qeyd olunan borcun cehiz əmlaklarının alınması üçün alındığını bildirsə də, bu barədə işə baxan məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsi ilə cavabdehin vəkili nümayəndəsi və vəkili Vəkil izahatı bir-biri ilə ziddiyyət təşkil edir.

50. İddiaçı Nicat Bağırlıya şifahi tapşırıq əsasında hazırkı tələb üzrə cavabdehin adına göndərilməsi üçün müəyyən məbləğ pul vermiş və həmin pul məbləği isə sonuncu tərəfindən cavabdehə göndərilmişdir. Nicat Bağırlı ilə iddiaçı arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, tapşırığa əsasən Nicat Bağırlı ona iddiaçı tərəfindən verilmiş 1200 ABŞ dolları məbləğində pulu cavabdehin adına göndərilməsi tapşırılmışdır. Nicat Bağırlı isə üzərinə düşən öhdəliyi yerinə yetirməklə həmin pulu cavabdehə göndərmiş və pul cavabdeh tərəfindən qəbul edilmişdir.

51. Eyni zamanda qeyd edilməlidir ki, qanunverici vəkalət alanın məsuliyyətinin əsasını göstərməklə tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi kimi qiymətləndirmişdir. Hazırkı mübahisə üzrə isə Nicat Bağırlı iddiaçıdan aldığı pul vəsaitini cavabdehə göndərməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir.

52. Bundan başqa Nicat Bağırlı hazırkı pul tələbi üzrə iddiaçı qismində iştirak edən şəxsin tapşırığını yerinə yetirimiş və nəticədə onun cavabdehə göndərdiyi və onun tərəfindən qəbul edilmiş pul məbləğini tələb etmədə subyektiv hüququ hazırkı tələb üzrə iddiaçıya məxsusdur.

53. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

54. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, iddiaçının qızı gəlin köçərkən mebel gətirmədiyindən mənzil alınarkən həmin mənzilin içindəki mebeli cehiz kimi almaq qərarına gəlmişlər. Ona görə də iddiaçı qızına cehiz kimi həmin mənzildəki mebelin dəyərini təşkil edən pulu cavabdehə göndərmişdir.

55. Məhkəmə kollegiyası nümayəndə və vəkilin həmin izahatına tənqidi yanaşaraq qeyd edir ki, izahat iddia ərizəsinə etirazda göstərilənlərə zidd olmaqla yanaşı, həm də inandırıcı və ağlabatan deyildir. Çünki, qızlar gəlin köçərkən onlara köhnə mebel və əşyaların alınması Azərbaycan xalqının mentalitetinə və təşəkkül tapmış milli adətənənələrə uyğun gəlmir.

56. Cavabdeh tərəf həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya şikayətində mübahisəli mənzilin 120000 manata alındığını, həmin məbləğin 80000 manatının cavabdehin faktiki əmlakını satması nəticəsində, 20000 manatının onun öz vəsaiti, qalan 20000 manatının borc hesabına yarandığını göstərmişdir.

57. Göründüyü kimi, mənzil əldə edilərkən müəyyən hissə borc alınması da etiraf olunur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən göndərilmiş pul vəsaiti həmin borcun ödənilməsinə (qaytarılmasına) də yönələ bilərdi.

58. Cavabdehin nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin iclasında onu da qeyd etmişdir ki, mübahisəli borc birgə nikah dövründə alınmışdırsa niyə iddiaçı qızı Ceyran Nuriyevanı cavabdeh qismində iddia tələbində göstərməmişdir.

59. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, nikah dövründə alınmış borcun tərəflərin (ər-arvadın) birinə, yoxsa hər ikisinə borc və ya bağışlanma əsasında verilməsi, həmin məbləğlərin tərəflər (ər-arvad) arasında hansı hissədə bölünməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilmədiyindən hazırkı tələbin predmetini təşkil etmir.

60. Kollegiyası onu da vurğulayır ki, cavabdeh tərəfin bu mövqeyi də borcun verildiyini dolayısı ilə təsdiq edir.

61. Apellyasiya şikayətinin dəlillərindən biri iddiaçı X17 Bağırlının adından iddia ilə çıxış etməsi üçün subyektiv hüququnun olmaması barədədir.

62. Məhkəmə kolegiyası həmin dəlillə bağlı qeyd edir ki, iddiaçı ilə Nicat Bağırlı arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, tapşırığa əsasən Nicat Bağırlıya ona iddiaçı tərəfindən verilmiş 1200 ABŞ dolları məbləğində pulu cavabdehin adına göndərilməsi tapşırılmışdır. Nicat Bağırlı isə üzərinə düşən öhdəliyi yerinə yetirməklə həmin pulu cavabdehə göndərmiş və pul cavabdeh tərəfindən qəbul edilmişdir. Bu faktı Nicat Bağırlının notarial qaydada təsdiq edilmiş izahatı və işə əlavə edilmiş qəbzlər təsdiq edir (bax: 31-33-cü bəndlər).

63. Nicat Bağırlı iddiaçı qismində iştirak edən şəxsin tapşırığını yerinə yetirimiş və nəticədə Nicat Bağırlının cavabdehə göndərdiyi və cavabdeh tərəfindən qəbul edilmiş pul məbləğini tələb etmədə subyektiv hüquq hazırkı tələb üzrə iddiaçıya məxsusdur.

64. Eyni zamanda qeyd edilməlidir ki, qanunverici vəkalət alanın məsuliyyətinin əsasını göstərməklə tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi kimi qiymətləndirmişdir. Hazırkı mübahisə üzrə isə Nicat Bağırlı iddiaçıdan aldığı pul vəsaitini cavabdehə göndərməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir.

65. Apellayasiya şikayətinin digər dəlili isə tərəflər arasında borc münasibətlərinin mövcud olmaması, borc müqaviləsinin bağlanmaması barədədir.

66. Kollegiya həmin dəlillə bağlı ilk öncə onu qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, iddia ərizəsinə etirazda ümümiyyətlə iddiaçı tərəfindən cavabdehə heç bir məbləğ göndərilmədiyi israr edilir. Sonradan pulun göndərilməsi faktı öz təsdiqini tapdıqdan sonra, göndərilmiş məbləğin borc qismində deyil, mebel almaq məqsədilə göndərildiyi deyilir.

67. Kollegiya hesab edir ki, tərəflər müxtəlif dövlətlərdə yaşadığından onlar arasında yazılı şəkildə borc müqaviləsi bağlanmasa da, iş materialları ilə iddiaçı tərəfindən pul məbləğlərinin cavabdehə göndərilməsi və bununla da tərəflər arasında borc münasibətlərinin mövcudluğu sübut olunur.

68. Apellyasiya şikayətinin iddiaçı tərəfin işə baxan məhkəməyə borc verilməsi ilə bağlı hər hansı digər sübutlar (səs yazıları, mesajlar və s.) təqdim etməməsinə dair dəlilli bağlı qeyd olunmalıdır ki, cavabdeh tərəf də bunun əksini təsdiq edən sübutları- pulun mebel alınması üçün göndərilməsinə dair səs yazıları, mesajlar və s. təqdim etməmişdir.

69. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin nümayəndəsi və vəkilinin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

70. Apellyasiya şikayətlərinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

71. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

72. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

73. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

74. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

75. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, 2(037)-890/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tаrixli, 2(037)-890/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar