Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-259/2025 06.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024cü il tarixli e-2(033)-1073/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti 29 avqust 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “X2” ASC-nin xeyrinə 4525 manat əsas borc, 749,36 manat faiz borcu və 58,49 manat cərimə olmaqla, cəmi 5332,85 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 73,73 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 1 65nkSHEK/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 46 ay müddətinə illik 25% olmaq şərtilə 4525 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh Müqavilənin şərtlərini pozaraq, dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 445-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər də iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Borcverən "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 dekabr 2023-cü il tarixli 165nkSHEK/23 nömrəli kredit müqaviləsi; - Borcverən "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 dekabr 2023-cü il tarixli 165nkSHEK/23 nömrəli kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Banka ödənilməsinin 19 dekabr 2023-cü il tarixli Ödəniş Cədvəli (Müqaviləyə 1 saylı Əlavə); - Hazırkı mübahisə üzrə tərtib edilmiş maliyyə arayışı, borcun qaytarılması ilə əlaqədar Borcalana göndərilmiş Bildiriş (pretenziya məktubu) və digər sənədlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi üçün cavabdehə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 07 noyabr 2024-cü il tarixli e- 2(033)-1073/2024 nömrəli qətnaməsi ilə iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilərək, həmin məhkəmə qətnaməsində Cavabdeh 4525 (dörd min beş yüz iyirmi beş) manat məbləğində əsas məbləğ üzrə borc, 749,36 (yeddi yüz qırx doqquz manat 36 qəpik) manat faiz borcu və 58,49 (əlli səkkiz manat 49 qəpik) manat cərimə borcu olmaqla, cəmi 5332,85 (beş min üç yüz otuz iki manat 85 qəpik) manat məbləğində borcun və 73,73 (yetmiş üç manat 73 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2(033)-1073/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixli 165nkSHEK/23 nömrəli kredit müqaviləsinə əsasən borcverən "xxxx" KB ASC borcalan Cavabdeh istehlak məqsədləri üçün 46 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4525 manat məbləğdə kredit vermiş, borcalan Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Çünki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh kredit verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" KB ASC kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Ona görə də, xx.xx.2023cü il tarixli 165nkSHEK/23 nömrəli kredit müqaviləsinə əsasən 4525 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə, əsas borca hesablanmış faiz borcu da cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnir. Bu səbəbdən də, Cavabdeh xx.xx.2023-cü il tarixli 165nkSHEK/23 nömrəli kredit müqaviləsinə əsasən 749,36 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılması tələbi də əsaslıdır. Həmçinin, məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən, məhkəmə iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 58,49 manat cərimənin də cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsini də qanuni və əsaslı hesab edir və iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Çünki, kredit borcu üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi yalnız cavabdehin təqsiri üzündən baş vermişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4525 manat məbləğində əsas məbləğ üzrə borc, 749,36 manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu və 58,49 manat cərimə borcu olmaqla, cəmi 5332,85 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, iddia təmin edildiyindən Cavabdeh iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 73,73 manat məbləğində dövlət rüsumunun əvəzi də tutularaq, iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442-ci, 448.1, 448.2, 458.1, 462.1, 462.3, 465.2, 467, 465.2, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh 20 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2(033)-1073/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2(033)-1073/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Məhkəməsi heç bir araşdırma aparmadan, qeyri-obyektiv və qərəzli qətnamə çıxarmışdır. Belə ki, borc verən Bank xx.xx.2022-ci il tarixdə 36 ay müddətinə xx.xx.2025-ci il tarixədək illik 27,5 faiz ödəmək şərti ilə 4700 manat borcalana kredit vermiş və kreditin məqsədli təyinatı "istehlak" krediti olmuşdur. 4700 manat əsas borca nisbətdə 36 ay ərzində 2244,48 manat əlavə faiz hesablanmışdır ki, bu məbləğ əsas borcun 48 faizi həcmindədir. Göründüyü kimi, kreditin təyinatı istehlak kreditidir və kommersiya və ya biznes sahəsi deyildir ki, yüksək gəlir əldə edəsən və krediti, faizi vaxtında ödəmək qabiliyyəti olsun. Ödəniş cədvəlinə uyğun olaraq o, ayda 194 manat ödəməli idi və borc verən qanunsuz olaraq ilk xx.xx.2022-ci il tarixdən 86 manatı əsas borc, 106 manatı isə faiz borcuna aid etmişdir.. Bu halda faiz əsas borca nisbətdə 123 faiz təşkil edir. Beləliklə ilk aylarda 2000 manat borc ödəsə də, bank onun ödədiyi məbləği əsas borcdan deyil, faiz borcundan silmiş, pulu mənimsəmiş və onunla yenidən xx.xx.2023-cü il tarixdə illik 25 faiz olmaqla 4525 manat 46 aya ödəmək şərti ilə yeni kredit sazişi tərtib etmişdir. Kredit müqaviləsinin son müddəti oktyabr 2027-ci il tarixdə bitməsinə baxmayaraq, Zaqatala Rayon Məhkəməsinə əsassız iddia ərizəsi vermiş və çox təəsüf ki, məhkəmədə kredit müddətinin bitməsinə 34 ay müddət qalmasına baxmayaraq, əsassız iddia ərizəsini icraata qəbul etmiş və 4525 manat əsas borc, 749,35 manat faiz borcu və 58,49 manat cərimə borcu olmaqla, cəmi 5332,85 manat borcun ondan iddiaçının xeyrinə tutulması qərarı verilmişdir. Kredit müqaviləsi başlama tarixi və ondan sonrakı dövr "Pandemiya" insanların hərəkətinin məhdudlaşdırıldığı, eyni zamanda ordumuzun qələbəsi ilə nəticələnən müharibədən yeni çıxdığımız dövrü əhatə edir. İqtisadi çətinliklər, dolanışığın zəifləməsi, 2 azyaşlı övladının olması, 2024-cü ilin fevral ayından işdən çıxarılaraq aylıq 335 manat maaşının kəsilməsi kimi ciddi faktlar da nəzərə alınmadan qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə ən azı, 749 manat faiz borcu və 58 manat cərimə borcu ləğv olunmaqla, əsas borc məbləğinin isə müqavilənin son 2027-ci ilin oktyabr ayınadək müddət verilib ödənmədiyi halda, məhkəməyə müraciət hüququnu iddiaçıya bildirməli idi. 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 06 fevral 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya şikayətini vermiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2(033)-1073/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və eyni zamanda, suallara cavab olaraq bildirmişdir ki, hazırkı iddia ərziəsi ilə məhkəməyə müraciət olunduqdan sonra da cavabdeh tərəf bağladığı kredit müqaviləsi əsasında yaranmış borcları üzrə heç bir ödəniş etməmişdir.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2(033)-1073/2024 nömrəli qətnaməsinin ləğv edilməsinin və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş olunması və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarından görünür ki, borcverən "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 dekabr 2023-cü il tarixli 165nkSHEK/23 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya Bank tərəfindən 46 ay müddətinə, yəni 18 oktyabr 2027ci il tarixinədək, illik 25 faiz dərəcəsi ilə 4525 manat məbləğində kredit verilmişdir və həmin Müqavilədə kreditin Ödəniş Cədvəlinə uyğun qaytarılmadığı halda cərimə məbləğinin hesablanması və Borcalandan tutulması şərtləri də nəzərdə tutulmuşdur. İş materiallarında olan borcverən "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 19 dekabr 2023-cü il tarixli 165nkSHEK/23 nömrəli kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin ödənilməsinin 19 dekabr 2023-cü il tarixli Ödəniş Cədvəlindən (Müqaviləyə 1 saylı Əlavə) görünür ki, kredit alan Cavabdeh Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 156 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini kredit alan Cavabdeh imza etmişdir. X4 əsasən ödənişin son tarixi 18 oktyabr 2027-ci il müəyyən olunmuşdur. İş materiallarında olan (iddia ərizəsinə əlavə edilərək təqdim olunmuş) 19 avqust 2024-cü il tarixli UB-BANK/PİKMD/1216331 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh 19 dekabr 2023-cü il tarixli 165nkSHEK/23 nömrəli Kredit Müqaviləsi üzrə 18 avqust 2024-cü il tarixə borcverən "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 4525 manat məbləğində əsas borc, 749,36 manat məbləğində faiz borcu və 58,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5332,85 manat məbləğində borcu vardır. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, məlum kredit müqaviləsi üzrə Borcalan (apellyasiya şikayətini vermiş cavabdeh) müqavilə öhdəliklərini müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirməmiş və Müqavilədə və Müqaviləyə 1 saylı Əlavə olan Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada kredit ödənişlərini etməmişdir. Ona görə də, 19 dekabr 2023-cü il tarixli 165nkSHEK/23 nömrəli Kredit Müqaviləsi üzrə cəmi 4525 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh 18 avqust 2024-cü il tarixə hesablanmış 4525 manat məbləğində əsas borc, 749,36 manat məbləğində faiz borcu və 58,49 manat məbləğində cərimə olmaqla, cəmi 5332,85 manat məbləğində borcunun cavabdehdən (borcalan Cavabdeh) tutulması üçün hazırkı iddia ərizəsi ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli 2(033)-1073/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 385, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2(033)-1073/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.