Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-262/2023 21.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tаrixli qətnaməsindən Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları xx.xx.2014-cü il tarixli, 26L000003589 nömrəli kredit xətti müqaviləsinə əsasən, Bank, borcalan Cavabdeh3 60 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. xx.xx.2014-cü il tarixli, 26R000005581 nömrəli kredit müqaviləsinə əsasən Bank, borcalan Cavabdeh3 aylıq 2,75 % dərəcəsi olmaqla 24 ay müddətinə 3.900 manat kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh2 və Cavabdeh1 borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi üzrə ödəniş planına dəyişiklik edilmiş və kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin sonu xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 2.654,6 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 1.116,92 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 1.133,51 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas kredit borcunun ödənilməsi məqsədilə 2.654,6 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 1.116,92 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1.133,5 manat olmaqla, cəmi 4905,03 manat borcun Bankın xeyrinə tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir və nəticədə tələb olunan məbləğdə kredit borcu yaranmışdır. Cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, hazırki iş üzrə 3 illik iddia müddətinin ötürülmüş olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(046)- 1640/2022 nömrəli iş üzrə qəbul etdiyi 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddianın təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, xx.xx.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin sonu xx.xx.2017ci il tarixədək dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti xx.xx.2017-ci il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2, 376-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Bank apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. AR MM-nin 399-cu maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Göründüyü kimi, istinad olunan maddi hüquq normasının tələbi üzrə müqavilənin qüvvədə olma müddətinin qurtarması yalnız o halda müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur ki, bu hal müqavilədə nəzərdə tutulsun. Belə ki, Cavabdeh3 Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli, 26L000003589 saylı krеdit xətti müqaviləsinə əsasən 60(altmış) ay müddətinə 10.000 (on min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Cavabdeh3 Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli, 26R000005581 saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3900 (üç min doqquz yüz) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 26R000005581S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin müqaviləni Cavabdeh3 imzalayaraq, müqavilənin bəndlərinə, həmçinin 4.4-cü bəndə öz razılığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yolverilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Mülki Məcəllədə müqavilənin həm “müddəti”, həm də “qüvvədə olma müddəti” anlayışları fərqləndirilir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Göründüyü kimi, Göyçay Rayon Məhkəməsi müqavilənin həm “müddəti”, həm də “qüvvədə olma müddəti” anlayışlarına düzgün qiymət verməmişdir. Məlum olduğu kimi, MPM-nin 88-cimaddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlid ir. İş materiallarına əlavə edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən bu şikayətin 5-ci hissəsində qeyd olunmuş maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticə (cavabdehlərə qarşı iddia tələbinin müddətin ötürülməklə irəli sürülməsi) işin halları ilə uyğunsuzluq təşkil etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bank və borcalan Cavabdeh3 arasında 30 iyun 2014-cü il tarixdə kredit xətti və kredit müqaviləsi bağlanmış və borcalana 2 il (24 ay) müddətinə 3.900 manat məbləğində kredit verilmişdir. Cavabdehlər ilə Bank arasında 30 iyun 2014-cü il tarixdə bağlanmış zaminldik müqavilələrindən və işdə olan digər sənədlərdən görünür ki, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına zamin durmuşlar. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi üzrə ödəniş planına dəyişiklik edilmiş və kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin sonu xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Bank tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, müqavilə üzrə borcalan tərəfindən sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə olmaqla, cəmi 453 manat ödəniş edilmişdir. İşin hallarından müəyyən edilir və cavabdehlər tərəfindən mübahisə edilmir ki, borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, Banka olan borcunu ödəməmiş və nəticədə onun Banka 2.654,6 manat əsas borcu, 1.116,92 manat əsas borc məbləğinə hesablanmış faiz borcu yaranmışdır. Borcun ödənilməsi gecikdirildiyi üçün Bank tərəfindən borcalana 1.133,51 manat məbləğində cərimə tətbiq edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehlərin iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Lakin buna baxmayaraq, həmin öhdəliyin icra edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti Bank tərəfindən ötürülmüşdür. Cavabdehlər isə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməli və bu səbəbdən iddia təmin olunmamalıdır. İddiaçı Bank apellyasiya şikayətində qeyd edir ki, hazırki iş üzrə idia müddətinin tətbiq edilməsi əsassızdır. Çünki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yolverilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, Bank tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı Bank və Cavabdeh3 arasında 30 iyun 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin şərtinə görə borcalana verilən kredit vəsaitindən istifadə müddəti 2 il (24 ay) aydır və bu müddət 30 iyun 2016-cı il tarixdə bitmişdir. Daha sonra xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi üzrə ödəniş planına dəyişiklik edilmiş və kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 27 noyabr 2017-ci il tarixədək uzadılmışdır. Başqa sözlə, müqavilə ilə icra edilməli öhdəliklər Cavabdeh3 tərəfindən 27 noyabr 2017-ci il tarixədək icra edilə, Bank isə müqavilənin şərtinə əsaslanıb həmin müddətin bitməsinə qədər gözləyə bilərdi. Belə olan halda iddia müddətinin axımı məhz müqavilənin bitdiyi 27 noyabr 2017-ci il tarixdən başlamış və Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən 27 noyabr 2020-ci il tarixdə bitmişdir. İşə birinci instansiyası məhkəməsində baxıldığı zaman cavabdehlər “iddia müddətinin tətbiqi barədə ərizə” ilə birinci instansiyası məhkəməsinə müraciət edərək iddiaçının borc tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Birinci instansiyası məhkəməsi də, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən halların, yəni iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının mövcud olmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq iddianı təmin etməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 noyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-262/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-262/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver