Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-264/2022 24.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(025)-624/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3512 (üç min beş yüz on iki) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2020-ci ildə saat 17 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən 74-cü kilometrliyində hərəkətdə olarkən idarə etdiyi Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin qabaq hissəsi Cavabdeh idarə etdiyi VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı həm sağlamlığına, həm də motosikletinə ziyan dəymişdir. Sağlamlığa dəymiş ziyan qismən də olsa sığorta tərəfindən qarşılanmışdır. Lakin motosiletə dəymiş ziyan bu günə qədər Cavabdeh tərəfindən ona ödənilməmişdir. Həmin yol nəqliyyat hadisəsindən sonra Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Qəbələ Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 1(025)- 8/2021 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Hökmün elan olunmasından bir aydan çox vaxt keçməsinə baxmayaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş, hökm öz qanuni qüvvəsini almışdır. Sözügedən hökmdə olan izahatdan da görünür ki, Cavabdeh tərəfindən ona dəymiş ziyan ödənilmədiyi, onun səhhəti ilə maraqlanmadığı üçün ona ağır cəza verilməsini xahiş etmiş və aralarında barışıq olmamışdır. Hökmdə göstərilmişdir ki, “İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 20.10.2020-ji il tarixli məktubdan məlum olur ki, Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə 3512 (üçmin beş yüz oniki) manat ziyan dəymişdir.” Hesab edir ki, Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsirli olmuş və bunun nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilmişdir. Bu səbəbdən ona məxsus Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş ziyan, yəni 3512 (üç min beş yüz on iki) manat Cavabdeh tərəfindən ona ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(025)-624/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3206 (üç min iki yüz altı) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla cəmi 3236 (üç min iki yüz otuz altı) manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 15 sentyabr 2020-ci il tarixdə yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçıya məxsus olan “Mondial 150 Z-ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuşdur. Hadisə zamanı “Mondial 150 Z- ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, “Mondial 150 Z-ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin dəyişməli hissələrinin qiyməti 3006,0 manat, təmir-bərpa işlərinin qiyməti 200,00 manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 3512 (üç min beş yüz on iki) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, “Mondial 150 Z-ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin dəyişməli hissələrinin qiyməti 3006 manat, təmir-bərpa işlərinin qiyməti 200 manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 3512 (üç min beş yüz on iki) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3206 (üç min iki yüz altı) manat tutulmalıdır. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 14.2, 76.1, 76.2, 214-cü maddələri, Mülki Məcəllənin 1097-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, o, iddia tələbini qəbul etməyərək məhkəmə iclasında da bildirmişdir ki, iddiaçı İsmayıl oğlunun maddi ziyan tələbinə dair iddiasını qəbul etmir və qeyd olunan məbləğdə ziyanın ödənilməsinin tələb etməsini əsassız hesab edir. Belə ki, onun avtomobili sığortalıdır və yol-nəqliyyat hadisəsindən sonra, o, sığorta şirkətinə müraciət edərək dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Sığorta şirkətinin əməkdaşları ona bildirdilər ki, onlar Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə baxış keçirmiş müəyyən etmişlər ki, motosikletə az miqdarda ziyan dəymişdir. Həmin məbləği ödəmək istəsələr də iddiaçı buna razı olmayıb. Ona görə də qeyd olunan məbləğdə motosikletə dəymiş maddi ziyan nəqliyyat vasitəsi sığortalı olduğundan onun tərəfindən deyil sığorta şirkəti tərəfindən zərərçəkmişə ödənilməlidir. Belə ki, hadisə olan zaman 15 sentyabr 2020-ci il tarixində ona məxsus VAZ 2109 markalı 36BG875 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə 12.09.2020-ci tarixində PAA********** nömrəli icbari sığorta müqaviləsi bağlanmışdır. Göründüyü kimi ona məxsus VAZ 2109 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı olduğundan hadisə zamanı zərərçəkmiş şəxsə dəyən maddi ziyan müqavilə şərtlərinə görə sığorta şirkəti tərəfindən ödənilməli idi. Ona görə də o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 2(025)-624/2021 saylı 21 oktyabr 2021-ci i tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbini təmin olunması barədə qətnamə qəbul edilməsini xahi etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(025)-624/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(025)-624/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(025)-624/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 15 sentyabr 2020-ci ildə saat 17:00 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən 74-cü kilometrliyində hərəkətdə olarkən idarə etdiyi Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin qabaq hissəsi Cavabdeh idarə etdiyi VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı həm sağlamlığına, həm də motosikletinə ziyan dəymişdir. Həmin yol nəqliyyat hadisəsindən sonra Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Qəbələ Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 1(025)- 8/2021 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 16 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş 16 saylı qiymətləndirmə aktından görünür ki, “Mondial 150 Z-ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş zərərin ümumi məbləği 3512 (üç min beş yüz on iki) manat təşkil edir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv araşdırılması üçün ekspertjza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli 9/4513 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Mondial 150 ZONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı, 2018-ci il buraxılışlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3206 (üç min iki yüz altı) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, 15 sentyabr 2020-ci ildə saat 17:00 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən 74-cü kilometrliyində hərəkətdə olarkən Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin qabaq hissəsi Cavabdeh idarə etdiyi VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində iddiaçının həm sağlamlığına, həm də motosikletinə ziyan dəymişdir. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində qeyd olunan məbləğdə motosikletə dəymiş maddi ziyan nəqliyyat vasitəsi sığortalı olduğundan onun tərəfindən deyil sığorta şirkəti tərəfindən zərərçəkmişə ödənilməli olduğunu bildirmişdir. Qəbələ Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 1(025)- 8/2021 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Göründüyü kimi mübahisə predmetini yaradan hadisə cavabdehin hərəkəti nəticəsində yaranmışdır. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, qeyd edilən məbləğ sığorta şirkəti tərəfindən ödənilmiş olsa belə, sonda sığorta şirkəti subroqsiya qaydasında ödədiyi pulu ziyan vurmuş şəxsdən tələb edəcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(025)-624/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, tərəflərin hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(025)-624/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-264/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-264/2022
24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver