Məhkəmə qərarları › İş №2(107)-268/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-268/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-268/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi, ekspertiza) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(075)-1606/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh «AccessBank” QSC-nin xeyrinə 7204,6 manat məbləğində kredit borcu, 1335,09 manat məbləğində faiz borcu, 2017,28 manat məbləğində cərimə borcunun, ümumilikdə 10556,97 (on min beş yüz əlli altı manat 97 qəpik) manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı «AccessBank” QSC ilə Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən Cavabdeh əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay hissə-hissə ödəməli idi. Həmin kredit müqaviləsinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 %-i cərimə pulu ödəyir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş, kredit məbləğinin bir hissəsini banka geri qaytarmasına baxmayaraq həmin müqavilə üzrə 7204,6 manat məbləğində kredit borcu, 1335,09 manat məbləğində faiz borcu, 2017,28 manat məbləğində cərimə borcunun, ümumilikdə 10556,97 məbləğində krediti ödəməmişdir. Bu səbəbdən də bank hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianı müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(075)-1606/2021 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) İddia qismən təmin edilmiş, Cavabdeh 7204,6 manat məbləğində kredit borcu, 1335,09 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8739,69 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq «AccessBank” QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli, 009A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış kredit müqaviləsi və razılaşmaya əsasən Cavabdeh əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay hissəhissə ödəməli idi. Həmin kredit müqaviləsinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəyir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. İddiaçı QSC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin Cavabdeh ödənilməsinə baxmayaraq Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinə tam şəkildə əməl edilməmişdir. Bu səbəbdən də iddiaçı «AccessBank” QSC Cavabdeh ilə arasında bağlanmış 06 mart 2020-ci il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 06 mart 2020-ci il tarixli 009A********** saylı kredit razılaşması üzrə 7204,6 manat məbləğində kredit borcu, 1335,09 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu, ümumilikdə 8739,69 məbləğində borc tutularaq iddiaçı «AccessBank” QSC-nin xeyrinə ödənilməlidir. Tənasübsüz dərəcədə yüksək hesablandığından 2017,28 manat cərimə tələbinin 1817,28 manatına dair hissəsi təmin edilməməlidir. Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(075)-1606/2021 saylı qərardadına əsasən İddiaçı QSC-nin Cavabdeh qarşı iddia tələbinin Cavabdeh ilə aralarında bağlanmış 06.03.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı hissəsinin baxılmamış saxlanılmasının qərara alınması nəzərə alınmalıdır. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq «AccessBank” QSC-nin hesabına ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2-ci, 442-ci, 448.1-ci, 448.2-ci, 465.2-ci, 467-ci, 739-cu, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1 və 76.2ci, 77.1-ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır. Həmin mülki işə düzgün baxılmamışdır. Onun iddiaçı banka tələb edilən məbləğdə əsas borcu yoxdur. Borcun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməli idi. İddiaçı QSC-nin Şəki filialı ilə arasında kredit müqaviləsi bağlanmış və müqavilə həmin tarixdən qüvvəyə minmişdir. Bundan başqa Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq iş üzrə hesablanmış borc tamamilə azaldıla bilər. Bundan başqa əsas borc məbləğləri də dəqiq hesablanmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü ilin dekabr ayında qəbul edilmiş müvafiq qərarı vardır. Ona görə də həmin qətnamədən narazıdır. İş üzrə hər hansı bir ekspertiza təyin edilməmişdir. Qeyd olunanlara əsasən o Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2 (075)-1606/2021 saylı qətnaməsinin əsas və faiz borcla bağlı hissədə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа, o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2 (075)-1606/2021 saylı qətnaməsinin əsas və faiz borcla bağlı hissədə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni əsas və faiz borcla bağlı hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2 (075)-1606/2021 saylı qətnaməsinin əsas və faiz borcla bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli, 009A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış kredit müqaviləsi və razılaşmaya əsasən Cavabdeh əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay hissəhissə ödəməli idi. Həmin kredit müqaviləsinə əsasən borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə hər gecikdirilmiş gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəyir. Hazırda cavabdehin İddiaçı QSC-ə 7204,6 manat məbləğində kredit borcu, 1335,09 manat məbləğində faiz borcu, qalmışdır. Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər bağlamış olduqlar müqavilədə götürülən məbləğ və faizlərin ödənilmə qaydasını razılaşdırmış və həmin şərtlərə uyğun cavabdeh öhdəliklərini qismən yerinə yetirmişdir. Cavadehin dəlilləri faktiki olaraq müqavilənin şərtlərinin dəyişdirilməsinə yönəlmişdir ki, belə dəyişməyə isə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında yol verilə bilər. Digər tərəfdən cavabdehin müqavilənin şərtlərinin dəyişilməsinə dair iddiası mövcud deyildir. Faiz borcunun ödənilməsi tərəflərin bağlamış olduqları müqavilənin şərtlərinə və qanuna uyğun olmuşdur. Bundan başqa apelyator şikayətində ekspertiza təyin edilmədiyini bildirmiş, ancaq şikayətini əsaslandırmamış və hər hansı bir sübut növü şikayətinə əlavə etməmişdir. Ekspertizanın keçirilməsinin zəruriliyini şikayətində əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü ilin dekabr ayında qəbul edilmiş müvafiq qərarının olması əsas və faiz məbləğinin azaldılması üçün əsas deyildir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2 (075)-1606/2021 saylı qətnaməsi əsas və faiz borcla bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2 (075)-1606/2021 saylı qətnaməsi mübahisələndirilən əsas və faiz borcla bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, surəti rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar