Məhkəmə qərarları › İş №2(107)-269/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-269/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-269/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı2, Cavabdeh - Cavabdeh nümayəndəsi X3, Cavabdeh - Zərdab rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zərdab rayonu Çallı Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı “maddi ziyan və dövlət rüsumu tələbinə dair” mülki iş üzrə Zərdab Rаyоn Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(035)-46/2023 saylı qətnаməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı2 Fəzli oğlu cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 10.000 manat maddi ziyanın və 120 manat dövlət rüsumunun müştərək qaydada alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 10.000 manat maddi ziyanın və 120 manat dövlət rüsumunun müştərək qaydada alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rаyоn Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 05 oktyabr 2023-cü il tаrixli, 2(035)-46/2023 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 Fəzli oğlu və İddiaçı1 cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı “maddi ziyan və dövlət rüsumu tələbinə dair” iddiaları təmin edilməyərək iddialara məhkəmədə baxılması üçün iddiaçılar tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən iddiaçılar İddiaçı2 Fəzli oğlu və İddiaçı1 müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab-Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Həmin qətnаmədən İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh nümayəndəsi X5, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin nümayəndəsi X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zərdab rayonu Çallı Bələdiyyəsinin nümayəndəsi X4 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rаyоn Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(035)-46/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zərdab Rаyоn Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(035)-46/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddialara baxılması inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair 6 oktyabr 2012-ci il tarixli qərarına əsasən, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin qərarda göstərilmişdir ki, elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər. Belə ki, hazırkı iş üzrə mübahisənin subyektləri bir tərəfdən fiziki şəxs, digər tərəfdən isə Cavabdehdir və Zərdab rayon Suvarma Sistemləri İdarəsidir. Cavabdeh inzibati orqandır. Zərdab rayon Suvarma Sistemləri İdarəsi də təbii inhisarçı olan təbii inhisar subyekti olan Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyətinə tabe qürumdur. İddiaçıların ayrı-ayrılıqda tələbi isə cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsindən 10.000 manat maddi ziyanın ödənilməsindən ibarətdir. Qeyd edilməlidir ki, inzibati orqanların qəbul etdikləri inzibati aktların və publik hüquq sahəsindəki digər fəaliyyətlərinin üzərində məhkəmə nəzarətinin mövcudluğu hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhz bu baxımdan Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin normaları əsasında təbii inhisar müəssisəsinin inzibati aktları da məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə olan halda təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Hazırkı iddia tələbləri də inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi barədə mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələblərdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən tələbin inzibati məhkəmə icraatının predmeti olmasına əhəmiyyət verməmiş, həmin tələblərlə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb həmin tələblərini rədd etməklə məhkəmə aidiyyəti ilə bağlı prosessual hüquq normalarını pozmuşdur. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər - iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirələrək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Mülki Prosessual Məcəllənin 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud Mülki Prosessual Məcəllənin düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-ci maddəsində göstərilmişdir ki, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Zərdab Rаyоn Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(035)-46/2023 saylı qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı “maddi ziyan və dövlət rüsumu tələbinə dair” mülki iş üzrə icraata xitam verilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 həmin tələblə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməsi nəzərə alınaraq iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələ də həll edilməklə iddia ərizələrinin verilməsi üçün iddiaçıların hər biri tərəfindən ayrı-ayrılıqda ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumları dövlət büdcəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 qaytarılmalı, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul iddiaçılar İddiaçı2 Fəzli oğlu və İddiaçı1 müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Zərdab Rаyоn Məhkəməsinin 05 oktyabr 2023-cü il tаrixli, 2(035)-46/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh və Zərdab rayon Suvarma Sistemləri İdarəsinə qarşı “maddi ziyan və dövlət rüsumu tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 həmin tələblə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddia ərizələrinin verilməsi üçün iddiaçıların hər biri tərəfindən ayrı-ayrılıqda ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumları dövlət büdcəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 qaytarılsın. Birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul iddiaçılar İddiaçı2 Fəzli oğlu və İddiaçı1 müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar