Məhkəmə qərarları › İş №2(107)-27/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-27/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-27/2023 25.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə mülki iş üzrə (Açar sözlər: Kredit borcu, ipoteka predmetinə yönəlmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tаrixli, 2(014)-1163/2021 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 08 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin Qəbələ filialından illik 25%-lə 36 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında, 0.12 ha torpaq sahəsində yerləşən 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 08 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, 2014-cü il 08 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin Qəbələ filialından illik 25%-lə 36 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi 2014-cü il 08 avqust tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 08 avqust 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə borcludan tələb edilir. 2021-ci il fevralın 24-dək Cavabdeh1 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 13.701.93 manat əsas, 10.633.55 manat faiz, 2.485.69 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 26.821.17 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 24 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 13.701.93 manat əsas, 10.633.55 manat faiz, 2.485.69 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.632.20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 28.453.37 manat borcu vardır. 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Odur ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 13.701.93 manat əsas borcun, 10.633.55 manat faiz borcunun, 2.485.69 manat cərimə borcunun və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.632.20 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 28.453.37 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan sonra 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilir.

4. Ağdaş Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(014)-1163/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 13.695.84 manat əsas borc, 7.317.34 manat faiz borcu, 100 manat cərimə borcu, 1.632.20 manat əldən çıxmış fayda, 22.745.38 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı, cəmi 22.815 manat 38 qəpik (iyirmi iki min səkkiz yüz on beş manat otuz səkkiz səkkiz qəpik) alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlak ekspertiza rəyi ilə müəyyən edilmiş likvid qiymətlə, yəni 46.000 manata açıq hərraca çıxarılması, açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və 0.12 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 200 (iki yüz) manatın Əmlak Ekspert Mərkəzinin hesabına tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, 2014-cü il 08 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin Qəbələ filialından illik 25%-lə 36 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi 2014-cü il 08 avqust tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. 2021-ci il fevralın 24-dək Cavabdeh1 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 13.701.93 manat əsas, 10.633.55 manat faiz, 2.485.69 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.632.20 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 28.453.37 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 08 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 13.701.93 manat əsas borc, 7.317.34 manat faiz borcu, 100 manat cərimə borcu, 1.632.20 manat məbləğində əldən çıxmış fayda, 22.745.38 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı, cəmi 22.815.38 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və borc ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evininvə 0.12 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, iş üzrə Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 200 manat Əmlak Ekspert Mərkəzinin hesabına tutulmalı, iş üzrə cavabdeh İpoteka haqqında Qanunun 59.3 və 59.3.2-ci maddələrinin tələbinə əməl edilməsi, yəni ipoteka qoyan və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri barədə sübut təqdim edilmədiyi üçün iddianın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, 4 otaqlı 251.97 kv.m ümumi, 119.6 kv.m yaşayış, 132.37 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi hissəsində də rədd edilməlidir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 295, 298.1, 298.2, 317.1, 317.2, 319.1, 442, 445.1, 445.2.1, 445.3, 462.1, 467, 448, 449.4, 739.1, 741-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.3, 33, 34.1, 41.1, 59.3, 59.3.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı ASC və Cavabdeh1 аpellyаsiyа şikаyətləri vermişlər.

9. İddiaçı ASC özünün apellyasiya şikayətində göstərmişdir ki, ekspert tərəfindən qurulmuş cədvəldəki ödəniş məbləğinin əsas borca və faiz borcuna silinmə məbləği, faiz borcu hesablanan günlərin sayı həmin müqavilə üzrə ekspertizaya təqdim edilmiş ödəniş cədvəli, hesabdan çıxarışlar və ödəniş qəbzlərindəki rəqəmlərlə uyğunluq təşkil etmir. Hesab edirlər ki, apelyasiya instansiya məhkəməsi tərəfindən bu məsələ araşdırılmalı, iş üzrə təkrar ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilməli və alınan rəydən sonra işdə olan digər sübutlara əlaqəli şəkildə qiymət verilməlidir. Ekspertiza rəyi ilə razılaşmamaqlarını onunla əsaslandırırlar ki, işdən göründüyü kimi 2014-cü il 08 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin Qəbələ filialından illik 25%-lə 36 ay müddətinə 20000 AZN məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinə 2016-cı il tarixdə dəyişiklik edilərək kredit müqaviləsinin müddəti xx.xx.2018ci il tarixədək uzadılmışdır. Nədənsə ekspert işin bu halına düzgün hüquqi qiymət verməmiş, rəyindən də göründüyü kimi müqavilə üzrə faiz borcunu xx.xx.2017-ci il tarixədək hesablamış, ondan sonrakı tarixə görə isə 5 faizlə hesablama aparmışdır. Halbuki müqavilənin şərtlərinə uyğun olaraq əsas borca hesablanan 25 faiz dərəcəsi xx.xx.2018-ci il tarixədək aparılmalı idi. Birinci instansiya məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməyərək nəticədə gəldiyi nəticə işin faktiki halına uyğun olmamışdır.

10. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(014)- 1163/2021 saylı qətnaməsinin qismən (faiz borcunun təmin edilməməsi hissəsində)ləğv edilməsini və həmin hissədə iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir.

11. Cavabdeh1 özünün apellyasiya şikayətində göstərmişdir ki, iş üzrə təyin edilmiş məkhəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının, rəyləri ilə razı deyil. Belə ki, ipoteka predmetının dəyəri 46.000 manat deyil, daha artıq ən azı 120.000 manat dəyərində olmağına baxmayaraq az dəyərləndirilmişdir. Yerində evə və evin yerləşdiyi torpaq sahəsinə baxış keçirilmədən vizual qiymət qoyulmuşdur ki, bunu əsaslı hesab etmək olmaz.

12. Əsas borc, hesablanmış faiz məbləği də süni şəkildə şişirdilmiş və bu hal ekspertin nəzərindən qaçmışdır. Belə ki, 20.000 manata qarşı ən azı 13.000 manata yaxın pul qaytarmışlar, ancaq bu kimi hal da ekspertin nəzərindən qaçmışdır Təqdim etdiyi sənədlərə diqqət yetirilsə əvvəlki xx.xx.2014-cü il tarixli kredit müqaviləsi yenilənmiş və xx.xx.2015-ci ildə restrukturizasiya olunarkən kredit məbləği 16.295 manat olmuşdur. Ancaq iddiaçı tərəf həmin müqaviləni məhkəməyə təqdim etməmiş və hakimi yanıldaraq əvvəlki kredit müqaviləsi üzrə borc məbləğinin ondan tutulması barədə qətnamə çıxarılmasına nail olmuşdur.

13. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin (F.Nəsibov) 25 noyabr 2021-ci il tarixli, 2(014)-1163/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

b)Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçı bankın apellyasiya şikayətində Cavabdeh1 ilə bankın arasında bağlanmış 08 avqust 2014-cü il tarixli kredit müqaviləsinə 2016-cı il tarixdə dəyişiklik edilərək kredit müqaviləsinin müddətinin 08 oktyabr 2018-ci il tarixədək uzadıldığının göstərilməsinə baxmayaraq, 08 avqust 2014-cü il tarixli kredit müqaviləsinə 2016-cı il tarixdə dəyişiklik edilməsinə dair müqavilənin nümayəndəsi olduğu bankda aşkar edilmədiyini, bu səbəbdən onun məhkəmə kollegiyasına təqdim edilməsinin mümkünsüz olduğunu göstərmişdir.

16. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərdən Cavabdeh1 məhkəmə kollegiyasına göndərdiyi teleqramında məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən məhkəmənin başqa vaxta keçirilməsini xahiş etməsinə baxmayaraq, digər cavabdehlər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh1 isə məhkəmə iclasında iştirakının mümkünsüzlüyünə dair səhhətinin vəziyyəti barədə heç bir tibbi sənəd göndərməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinin tələbinə görə də öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2, 445.2.1-civə 445.2.2-ci maddələrində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsi ilə də müəyyən edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun; 1.0 və 1.0.6-cı maddələrinə görə ipoteka hüququ dedikdə, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 -ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 34.1, 34.1.1-ci maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarındandır. 39.3-cü və 39.3.3-cü maddələrində müəyyən edilmişdir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadından görünür ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4- cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipotekapredmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Odur ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 418-1.1-ci maddəsini rəhbər tutaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olduğunu qərara almışdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

25. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tаrixli, 2(014)- 1163/2021 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, cavabdeh tərəfin apellyasiya şikayətində ipoteka predmeti olan əmlakın likvid dəyərinin həqiqəti əks etdirməməsinə dair dəlillərini əsas götürməklə ipoteka predmetinin likvid qiymətinin müəyyənləşdirilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır.

28. Məhkəmə kollegiyası tərəfindən hər iki tərəfin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla, məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəylər alınmışdır.

29. Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3000 saylı rəyində göstərilmişdir:

30. “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh1 arasında bağlanmış 08 avqust 2014-cü il tarixli 5-G-1-0-2693-14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2018-ci il tarixinədək banka olan borcu aşağıdakı kimi, müəyyən olunur:

31. Əsas borc üzrə-13.695,84 manat; faiz borcu üzrə-8.884,75 manat; müqavilə müddətindən, sonra yəni xx.xx.2018-ci il tarixdən maliyyə arayışı müddətinədək yəni, xx.xx.2021-ci il tarixinədək illik 5%-lə 1628.28 manat əldən çıxmış fayda əsas borc üzrə-13.695,84 manat; faiz borcu üzrə-10513,04 manat; (8884,75 + 1628,28 =10513.04)

32. Qeyd edilir ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin ilə Cavabdeh1 arasında bağlanmış 08 avqust 2014-cü il tarixli 5-G-1-0-2693-14 nömrəli kredit müqaviləsinə əsasən tərəflər arasında restrukturizasiyası olması ilə bağlı iş materiallarında müqavilə mövcud deyildir.

33. Yalnız kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan aylıq ödəniş cəvəli mövcuddur. Həmin aylıq ödəniş cədvəlində kredit alan illik faiz dərəcəsi 25% olmaqla, 40 ay müddətinə ayda 604,42 manat olmaqla, 16.295.06 manat məbləğində kredit 01 saylı Əlavədə göstərilmişdir.”

34. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3000 nömrəli rəyində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5%-lə hesablanan məbləğin iddia ərizəsində göstərilən 1632.2 manat məbləğdən bir qədər az-yəni 1628,28 manat təşkil etməsi müəyyən edilməsinə baxmayaraq, tərəflərin apellyasiya şikayətlərində illik 5%-lə hesablanan məbləğlə bağlı məsələ mübahisələndirilməmişdir.

35. “X4” MMC tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 031/22 nömrəli qiymətləndirmə hesabatı ilə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0.12 ha torpaq sahəsi ilə hazırkı dövrə olan likvid qiyməti 70.000 AZN müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası tərəfindən təkrar qiymətləndirici dəvət edilmiş və "xxxx" MMC-nin 1 noyabr 2022-ci il tarixli 231/YB/22 nömrəli qiymətləndirmə rəyi ilə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında, 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı dövrə olan bazar qiyməti 214.000 AZN, likvid qiyməti 190.000 AZN müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası tərəfindən bir daha qiymətləndirici dəvət edilmiş və "XXXX" MMC-nin 13 fevral 2023-cü il tarixli 1001/23 nömrəli qiymətləndirmə rəyində göstərilmişdir ki, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı dövrə olan bazar qiyməti 75.000 AZN, likvid qiyməti 64.000 AZN təşkil edir.

38. Kollegiya iddiaçının apellyasiya şikayətinin əsas borca hesablanan 25 faiz dərəcəsinin xx.xx.2018-ci il tarixədək aparılmalı olmasına dair dəlillərinə münasibət bildirirərək qeyd edir ki, iş materiallarında 08 avqust 2014-cü il tarixli müqavilənin restrukturizasiya olunması, 08 avqust 2014-cü il tarixli müqavilənin müddətinin uzadılmasına dair yeni müqavilə mövcud deyildir. Həmçinin iddiaçının nümayəndəsinə məhkəmə kollegiyasının iclasında buna dair müqavilənin təqdim edilməsi təklif edilməsinə baxmayaraq, iddiaçı bankda belə bir müqavilənin aşkar edilmədiyi, məhkəməyə təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materialına 5-G-1-0-2693-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə şəklində kreditin qaytarılma müddətinin 08 oktyabr 2018-ci il tarixdə başa çatmasına dair kserosurət ödəniş cədvəli əlavə edilsə də, həmin ödəniş cədvəli tərəflərin imzaları, həmçinin bankın möhürü ilə təsdiq edilməməklə ona mötəbər sübut kimi istinad edilməsi mümkünsüzdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 08 avqust 2014-cü il tarixli müqavilənin müddətinin uzadılmasına, həmin müqavilənin restrukturizasiya olunmasına dair yeni müqavilənin təqdim edilməməsi nəzərə alınaraq iddiaçının apellyasiya şikayətinin xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddət üçün əsas borca 25 faiz dərəcəsi ilə faizlərin hesablanması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Belə olan halda, birinci instansiya məhkəməsi 08 avqust 2014cü il tarixli, 5-G-1-0-2693-14 nömrəli kredit müqaviləsi üzrə qalıq qalmış əsas borcun və əsas borca müqavilə üzrə hesablanmış faizlərin məbləğinin müəyyən edilməsində 20 oktyabr 2021-ci il tarixli, 9/6998 nömrəli ekspert rəyinə istinad etməkdə haqlı olmuşdur.

39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin apellyasiya şikayəti təmin edilməməlidir.

40. Cavabdehin apellyasiya şikayətinə gəldikdə, məhkəmə kolloegiyası qeyd edir ki, tərəflər arasında 08 avqust 2014-cü il tarixli, 5-G-1-0-2693-14 nömrəli kredit müqaviləsinin restrukturizasiya olunması barədə yeni müqavilənin bağlanması, nəticədə cavabdehin borcunun azaldılmasına dair iş materiallarında heç bir sübut mövcud olunmadığından cavabdehin apellyasiya şikayətinin əsas borc və hesablanmış faiz borcunun məbləğinə aid dəlilləri əsassızdır və təmin edilə bilməz.

41. Cavabdehin apellyasiya şikayətinin ipoteka predmetinin qiymətinə aid hissəsində məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyən edilərkən iş materialına əlavə edilmiş Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli, ƏEM/N31-1036/21 nömrəli qiymətləndirmə rəyinə istinad edilsə də, həmin rəydən əmlakın bazar və likvid dəyərləri müəyyən edilərkən ipoteka predmeti olan əmlakın yerləşdiyi ərazidəki satışda olan digər evlərlə hər hansı bir müqayisəli tədqiqatın aparılmaması müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin rəyi əsaslı hesab etməyin mümkün olmamasına dair dəlili ilə razılaşır.

42. Məhkəmə kollegiyası tərəfindən araşdırma aparılaraq alınmış qiymətləndimə rəyləri ilə bağlı kollegiya qeyd edir ki, “X4” MMC tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 031/22 nömrəli qiymətləndirmə hesabatı (rəyi) sübut kimi qəbul edilə bilməz. Ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadında göstərilmişdir ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. “X4” MMC tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 031/22 nömrəli qiymətləndirmə hesabatında (rəyində) isə əmlakın yalnız likvid dəyəri müəyyən edilmiş, bazar qiyməti isə göstərilməmişdir.

43. "xxxx" MMC-nin 1 noyabr 2022-ci il tarixli 231/YB/22 nömrəli qiymətləndirmə rəyində isə ipoteka predmetinin bazar və likvid qiyməti digər rəylərlə müqayisədə qeyrimütənasib dərəcədə yüksək müəyyən edilmişdir və rəyin məzmunundan qiymətin həmin həddə olmasının nədən irəli gəldiyi aydın deyildir. Bu səbəbdən həmin rəy də kollegiya tərəfindən sübut kimi qəbul edilmir.

44. "XXXX" MMC-nin 13 fevral 2023-cü il tarixli 1001/23 nömrəli qiymətləndirmə rəyinə münasibətdə kollegiya hesab edir ki, rəy yetərincə əsaslandırılmaqla verilmiş, həmçinin rəydə müxtəlif bənzər fərdi yaşayış evi və torpaq sahələrinin qiymətləri müqayisəli şəkildə təqdim edilmiş, göstərilən araşdırmaya uyğun ipoteka predmeti olan əmlakın bazar və likvid qiyməti müəyyən edilmişdir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

46. Cavabdeh apellyasiya şikayətində ipoteka pedmetinin qiymətinin ən azı 120.000 olmasını göstərsə də, bununla bağlı kollegiyaya hər hansı sübut təqdim etməmişdir. Kollegiya tərəfindən keçirilmiş üç ayrı-ayrı qiymətləndirmə nəticəsində də həmin qiymətin doğruluq payı müəyyən edilməmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir.

47. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən ipoteka predmetinin likvid qiymətinin müəyyənləşdirilməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olduğundan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tаrixli, 2(014)-1163/2021 saylı qətnaməsi ipoteka permeti olan əmlakın likvid qiyməti 64.000 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri tərəflər arasında bərabər bölünməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tаrixli, 2(014)-1163/2021 saylı qətnaməsi ipoteka permeti olan əmlakın likvid qiyməti 64.000 manat müəyyən edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın 50 manatı İddiaçı ASC–dən, 50 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qiymətləndirmə tədqiqatının dəyəri olaraq 300 manatın 150 manatı İddiaçı ASC–dən, 150 manatı isə Cavabdeh1 alınaraq "XXXX" MMC-nin hesabına keçirilsin. (AZ 521BAZ400900 **********4201, VÖEN **********, Müxbir hesab 03 NABZ013501**********2944 SWİFT BİC İBAZAZ2X). Qiymətləndirmə tədqiqatının dəyəri olan 400 manatın 200 manatı İddiaçı ASC–dən, 200 manatı isə Cavabdeh1 tutularaq tutularaq "XXXX" MMC-nin hesabına keçirilsin. (AZ 731BAZ400900 **********3266, VÖEN **********). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar