Məhkəmə qərarları › İş №2(107)-280/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-280/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-280/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(075)-2181/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 7401,23 AZN əsas borc, 1368,49 AZN faiz borcu olmaqla, cəmi 8769,72 AZN borcun və 107,69 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 23 noyabr 2022-ci il tarixli, e-2(075)- 2181/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli RGTK4533516A170 saylı kredit müqaviləsinə əsasən 7401,23 AZN əsas borc, 1368,49 AZN faiz borcu olmaqla cəmi 8769,72 AZN borc və 107,69 AZN dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi formada tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.4-ci maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1 apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Təqdim olunmuş mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Qeyd edilənlər isə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2 və 402.2.1-ci maddələrinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının “apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında” qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(075)-2181/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar