Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-280/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit öhdəliyi, ekspertiza tədqiqatı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-81/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 18086,46 manat əsas, 3114,23 manat faiz olmaqla, ümumilikdə 21200,69 manat borcun və 154 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı KB ASC-ə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 20000 manat məbləğində 36 ay müddətinə, 25 faiz hesablanmaq şərtilə kredit verilmişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faziləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bnk pul öhdəliyinin vaxtından əvvəll icrasını tələb edə bilər. Hazırda cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 18086,46 manat əsas, 3114,23 manat faiz olmaqla, ümumilikdə 21200,69 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-81/2023 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2021–ci il tarixdə bağlanmış CC/19778/80/4 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2021–ci il tarixli CC/19778/80/4 nömrəli saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18086.46 manat, 2776.87 manat faiz borcu borcu olmaqla, cəmi 20863,33 manat məbləğində pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 152 manat hissəsinin alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib qalan 2 manat hissəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, iş üzrə təyin edlmiş məhkəmə mühasibatlıq ekspertizası məhkəmənin təşəbbüsü ilə edildiyi üçün xx.xx.2022-ci il tarixli 9/7927 nömrəli ekspertiza rəyi üzrə 100 manat məbləğındə ekspertiza xərcinin tərəflər arasında bərabər qaydada bölünməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərcindən 50 manatı Cavabdeh, 50 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə təyin edlmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin vəsatəti əsasında edldiyi üçün xx.xx.2023-cü il tariixli 9/976 nömrəli ekspertiza rəyi üzrə ekspertiza xərçi 100 manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi və 100 manat ekspertiza xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2021–ci il tarixdə kredit sazişi, yəni etibarlı şəkildə borc müqaviləsi bağlanmış, həmin sazişə əsasən bank cavabdehə 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 20000 manat məbləğində kredit (borc) vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 18086,46 manat əsas, 3114,23 manat faiz olmaqla, ümumilikdə 21200,69 manat borcu qalmışdır Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit (borc) pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır.
9. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır.
10. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/976 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx.xx.2019-cu il tarixli 900808-804732/1 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 20.650,72 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2022-ci il tarixə əsas borc üzrə-1787385 manat, faiz borcu üzrə 2776.87 manat məbləğində müəyyən edilmişdir.
11. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab etmişdir ki, xx.xx.2021–ci il tarixli kredit müqaviləsi ləğv edilməli və cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 18086.46 manat əsas borc alınmalı, lakin faiz pulu ekspertiza rəyinə əsasən 2776.87 manat məbləğində müəyyən edilməlidir.
12. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəsatəti əsasında məhkəmə mühasibatlıq ekspertiası üzrə rəy vermiş ekspert X5 məhkəmədə dindirilmiş və əsas borcun hansı formada silinməsini sübut etməmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertiza mərkəzinin İqtisadi ekspertizaları şöbəsçinin eksperti X5 iş kredit müqaviləsi üzrə əsas borcu MM-nn 432-ci maddəsinin tələbinə əsasən silməsini bildirmişdir.
14. Məhkəmə hesab edir ki, eksper rəylərində müəyyən edilmiş və azaldılmış əsas borcun məbləği məhkəmə tərəfindən qəbul edilməməli, lakin faiz borun məbləği isə cavabdehin artıq maliyyə sanksiyasına məruz qalmasının qarşısı alınması məqsədi ilə ekspertin müəyyən etdiyi faiz borcu nəzərə alınmalıdır.
15. Məhkəmə, həmçinin hesab etmişdir ki, cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir.
16. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki xx.xx.2021–ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 18086.46 manat, 2776.87 manat faiz borcu borcu olmaqla, cəmi 20863,33 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.3, 427.3, 442.1, 448.2, 739.1, 739.2, 741, 743-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına, Zvierzinski Polşaya qarşı iş üzrə Avropa Məhkəməsinin 19 iyun 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1, 117.1, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş 12 dekabr 2022-ci il tarixli və 06 mart 2023-cü il tarixli təkrar mühasibatlıq ekspertizaların rəylərindən görünür ki, onun əsas borcu 17873.85 manat, faiz borcu 2776.87 manat təşkil etmişdir.
19. Buna baxmayaraq iş üzrə eksperti məhkəmyə dəvət edən məhkəmə hesab etmişdir ki, ekspert Xıdır Abbasov əsas borcun silinməsini sübut edə bilməmişdir. Halbuki, iş materiallarından görünür ki, o, 20 aprel 2021-ci ildə kredit aldığı bir gündən aylıq hissə hissə ödənişi etməyə başlamışdır. Belə ki, aylıq 795.20 manat kredit ödənişini 7 ay heç bir pozuntuya yol vermədən ödəmişdir. Ancaq sonradan işlədiyi iş yerində gecə növbəsi ləğv olunduğundan krediti ödəməsində çətinliyi yaranmışdır. Banka müraciət edib aylıq ödənişinin aşağı salınmasını istəmişdir. 7 ay ərzində 5566 manatdan çox vəsait ödəsə də bank əsas borcun 18086 manat olmasını iddia etməkdə haqlı olmamışdır. Digər tərəfdən 5566 manat pulun 1914 manatının əsas, qalan hissəsinin faiz borcuna çıxılması tam əsassızdır. Hesab etmişdir ki, ekspert Xıdır Abbasovunda verdiyi rəy tam deyildir. Bu səbəbdən komission ekspertizasının keçirilməsi zəruri idi.
20. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432, 739.1-ci maddəsinə istinad edərək iddianı qismən təmin etsə də, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə həmin normanın tələblərini yerinə yetirərək təkrar ekspertiza keçirsədə ekspert rəyini mötəbər saymaraq iddiaçının iddiasını təmin edən qətnaməni qəbul etmişdir.
21. Maddi normannı formal olaraq sadalamış, 5566 manatdan artıq ödəniş etməyinə baxmayaraq əsas borcdan 1914 manat pulun əsas ödənişə yönəldilməsinin qanunsuzluğuna diqqət etməmişdir.
22. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qüvvədə olan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.
23. Təkrar mühasibatlıq ekspertizası təyin etsədə, ekspert rəyi ilə razılaşmadığı halda digər sübutlarla birgə sübutları qiymətləndirməli olduğu halda bunu etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, o 5566 manat pul ödənişi etmişdir.
24. Onun 1914 manatı əsas borca yönəldiyi halda, 1 ildən sonra kredit muüqaviləsi pozulduğu halda illik faiz borcu 25 faiz olan kredit borcu üçün hansı səbəbdən ondan 6429.27 manat faiz borcu tutulmalıdır.
25. Məhkəmə bildirişləri ona çatmadığından məhkəmə iclasına gəlməmişdir.
26. Odur ki, Mingəçevir şəhər məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2(051)-81/2023 saylı qətnaməsinin ləğv edilməsini, əsas borcun 16000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi və vəkili, həmçinin iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
33. “X1rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
37. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, o, qətnamənin ləğv edilməsini xahiş etsə də əsas borcun 16000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı bankın iddiası əsas borca aid hissədə 18086,46 manat həddində təmin edildiyindən iddiaçının mübahisələndirdiyi əsas borcun məbləği 2086,46 manat təşkil edir.
38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam diqqətə almamışdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir.
42. Kollegiyanın iclasında müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit sazişi bağlanmış, həmin sazişə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 20000 manat məbləğində kredit (borc) vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti və ona hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaytarmalı olmasına baxmayaraq, kredit və ona hesablanmış faiz borcunun kredit sazişinə və ona əlavə olan ödəniş cədvəlinə uyğun məbləğlərdə və müddətlərdə ödəməli olmasına dair öhdəliklərinə əməl etməmişdir.
43. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin iş üzrə keçirilmiş 12 dekabr 2022-ci il tarixli və 06 mart 2023-cü il tarixli təkrar mühasibatlıq ekspertizaların rəylərindən göründüyü kimi onun əsas borcunun 17873.85 manat olması, bank əsas borcun 18086 manat olmasını iddia etməkdə haqlı olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin bu dəlilləri qismən əsaslıdır.
44. Belə ki, işə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış CC/19778/80/4 nömrəli kredit sazişindən və ona 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC Cavabdeh illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 20000 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
45. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 20000 manat pul vəsaiti ödənilmişdir.
46. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, birinci istansiya məhkəməsi işin daha da obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilməsi ilə bağlı qərardadlar qəbul etmiş, eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
47. İş materialına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 9/7927 nömrəli və 06 mart 2023-cü il tarixli 9/976 nömrəli rəylərindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu, əsas borc üzrə 17.873,85 manat, faiz borc üzrə 2.776,87 manat müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsas borcun məbləğinin müəyyən edilməsində məhkəmədə dindirilmiş məhkəmə mühasibatlıq ekspertiası üzrə rəy vermiş ekspert X3 əsas borcun hansı formada silinməsini sübut etməməsinə dair əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, əsas borcun qalığının neçə manat təşkil etməsi ilə bağlı ekspertiza rəylərində kifayət qədər əsaslandırma aparılmışdır.
49. Həmçinin mülki işin 90-91-ci vərəqələrində olan birinci instansiya məhkəməsinin 12 may 2023-cü il tarixə dair məhkəmə iclas protokolundan görünür ki, ekspert X5 dindirilərkən “cərimə olmadığı üçün rəydə göstərilən qaydada silinibdir. Əvvəlcə cərimə, faiz sonra əsas borc silinir”dən ibarət fikirlər ifadə etmişdir. Qeyd edilənlərdən əlavə, o cümlədən əsas borcdan silinmələrin hansı formada aparılması barədə ekspert Xıdır Abbasov birinci instansiya məhkəməsinin məhkəmə iclasında heç bir fikir ifadə etməmişdir.
50. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə təkrar ekspertiza keçirsədə ekspert rəyini mötəbər saymayaraq iddiaçının iddiasını təmin edən qətnaməni qəbul etməsinə, təkrar mühasibatlıq ekspertizası təyin etsədə, ekspert rəyi ilə razılaşmadığı halda digər sübutlarla birgə sübutları qiymətləndirməli olduğu halda bunu etməməsinə, sübutların qiymətləndirilməsində səhvə yol verməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, göründüyü kimi ekspert rəylərində Cavabdeh "xxxx" ASC-yə olan əsas borcunun 17.873,85 manat olması müəyyən edilsə də, birinci instansiya məhkəməsi iddianı əsas borca aid hissədə rəylərdə müəyyən edilən məbləğ həddində deyil, tam təmin etmiş, bununla da səhvə yol vermişdir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 5566 manat pulun 1914 manatının əsas, qalan hissəsinin faiz borcuna çıxılmasının tam əsassız olması, ekspert Xıdır Abbasovun verdiyi rəyin tam olmaması, komission ekspertizasının keçirilməsinin zəruri olması, məhkəmənin onun 5566 manat pul ödənişi etməsini nəzərə almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan ekspert rəyləri öyrənilərkən müəyyən edilir ki, həmin rəylərdə cavabdeh tərəfindən iddiaçı banka hansı tarixlərdə və hansı məbləğdə pul vəsaitlərinin ödənilməsinə, ödənilən məbləğlərdən hansı hissəsinin əsas, hansı hissəsinin isə faiz borcuna silinməsinə tam şəkildə aydınlıq gətirilmişdir.
52. Kollegiya qeyd edir ki, ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin komission ekspertizasının keçirilməsinin zəruri olmasına dair dəlili ilə bağlı əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
54. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Həmçinin təkrar məhkəmə mühasibatlıq ekspertizasında gəlinən nəticənin ilkin ekspertiza tədqiqatı üzrə əldə edilən nəticə ilə eynilik təşkil etməsi nəzərə alınmalıdır.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə bildirişləri ona çatmadığından məhkəmə iclasına gəlməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan 28 sentyabr 2022-c il, 23 dekabr 2022-ci il, 29 mart 2023-cü il, 19 aprel 2023-cü il tarixli SMS xəbərdarlıqların AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişlərdən görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh məhkəmə kollegiyasının iclasında da ona aid olmasını təsdiq etdiyi 70-757-51-57 nömrəli mobil telefonuna SMS göndərilməklə sonuncuya məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı bank öz iddia tələbinin əsaslılığını təsdiq edəcək kredit sazişini, ödəniş cədvəlini, kredit məbləğinin cavabdehə verilməsinə dair kassa məxaric orderini, hesabdan çıxarışları məhkəməyə təqdim etmiş, məhkəmə tərəflərin təqdim etdikləri sənədlərlə kifayətlənməmiş və iki dəfə məhkəmə mühasibatlıq ekspertizasını təyin etmiş, əsas və faiz borclarının məbləğlərinin neçə manat təşkil etməsinə dair rəylər məhkəməyə təqdim edilmişdir.
57. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-81/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh 212,61 manat əsas borc, cəmi 212,61 manat məbləğində pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi” hissəsinsə ləğv edilməli, həmin hisssədə yeni qətnamə qəbul edilməli, iddia tələbi “Cavabdeh 212,61 manat əsas borc, cəmi 212,61 manat məbləğində pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi” hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-81/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh 212,61 manat əsas borc, cəmi 212,61 manat məbləğində pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi” hissəsinsə ləğv edilsin. Həmin hisssədə yeni qətnamə qəbul edilsin. İddia tələbi “ Cavabdeh 212,61 manat əsas borc, cəmi 212,61 manat məbləğində pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi” hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.