Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-280/2025 07.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli e-2(051)-1798/2024 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 09 avqust 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 1988,47 manat məbləğində əsas krеdit bоrcu, 96,86 manat məbləğində faiz bоrcu və 24,42 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2109,75 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 41,1 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh kredit verən İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,6667% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı Əlavədə müəyyən оlunmuş Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylar üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2011,53 manat ödəniş etmiş və оnun iddiaçıya 1988,47 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 106 gün üçün hesablanmış faiz borcu 96,86 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 106 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 24,42 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445, 448, 465 və 467-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər, Ödəniş Planı, Hesabdan Çıxarış maliyyə arayışı, borcun qaytarılması ilə əlaqədar Borcalana göndərilmiş Xəbərdarlıq (pretenziya məktubu) və digər sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi üçün cavabdehə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 12 sentyabr 2024-cü il tarixli e-2(051)- 1798/2024 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində Cavabdeh 1102,2 manat əsas, 197,42 manat faiz və 53,14 manat cərimə olmaqla, cəmi 1352,76 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,53 manat məbləğində pulun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli e-2(051)-1798/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 1,6667 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit limiti ayırmışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə 1102,20 manat əsas, 197,42 manat faiz, 53,14 manat cərimə olmaqla, cəmi 1352,76 manat borcu yarandığı xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin 1988,47 manat əsas, 96,86 manat faiz, 24,42 manat cərimə olmaqla, cəmi 2109,75 manat məbləğində banka borcu yaranmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə banka borcu yaranmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə illik 1,6667 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit limiti ayırmışdır. Cavabdeh əldə etdiyi pul vəsaitini hissə-hissə faizləri ilə birgə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə müqavilənin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğv edilməsinə dair cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi ləğv edildiyindən, iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli bildirişə əsasən 1102,20 manat əsas, 197,42 manat faiz, 53,14 manat cərimə olmaqla, cəmi 1352,76 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə 1102,20 manat əsas, 197,42 manat faiz, 53,14 manat cərimə olmaqla, cəmi 1352,76 manat məbləğində borcun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz və cərimə məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanlanmış bildirişdə qeyd edilmiş məbləğdə, yəni 1102,20 manat əsas, 197,42 manat faiz, 53,14 manat cərimə olmaqla, cəmi 1352,76 manat məbləğində qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 33,53 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442-ci, 448.2, 739.1, 739.2, 741 və 743-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 77, 88, 119.1, 217.2, 217.4, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2024cü il tarixli e-2(051)-1798/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin iddiada göstərilən məbləğədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1798/2024 saylı qətnaməsinə əsasən Cavabdeh 1102,20 manat əsas, 197,42 manat faiz, 53,14 manat cərimə olmaqla, cəmi 1352,76 manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,53 manat məbləğində pulun alınıb İddiaçı QSC-yə verilməsi qət edilmişdir. Belə ki, Cavabdeh İddiaçı QSC ilə bağlanmış kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq, dəfələrlə ödənişləri yubatmışdır. O, kredit müqaviləsinin 2.4-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmişdir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1 % artıq olmaması şərti ilə cərimə ödəməlidir. Öhdəlik borclu tərəfindən pozularaq lazımınca icra edilməmişdir. Öhdəlik borclu tərəfindən onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməmişdir. Kredit müqaviləsi üzrə borc alan üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmışdır. Lakin, məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. Cavabdeh ilə "xxxx" QSC arasına kredit müqaviləsi bağlandığı halda qaldırılmış iddia məbləğinə dair əsas borcun tutulmasının düzgün hesablanmadan çıxarılan birinci instansiya məhkəməsi qətnaməsində həmin hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə isə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin borcuna dair iddia ərizəsində və maliyyə arayışında qeyd olunan məbləği nəzərə almadan qətnamə çıxarmışdır. Cavabdehin borcunu heç bir ekspertiza təyin etmədən və daha dəqiq araşdırmadan, sadəcə pretenziya qaydasında ünvanlanmış məktubu əsas götürmüşdür, Həmçinin, birinci instansiya Məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun məlum qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutduğunu qeyd etsə də, həmin qərar borclunun faiz və cərimə borcuna münasibəti müəyyən edir. Lakin bu iş üzrə çıxarılan qətnamədə sırf əsas borc məbləği azaldılmış və iddia ərizəsində göstərilən məbləğdən sırf 886 manat məbləğ fərqi ilə əsas borc məbləği təmin olunmuşdur. Odur ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsində qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası qanunvericiliyinə əsaslanaraq qeyd edilir ki, borcun tutulmasına dair iddia ərizəsində göstərilən məbləğin əsas borc üzrə təmin edilməsi cavabdehlə iddiaçı arasında bağlanılmış qanuni kredit müqaviləsi üzrə tam hesablanmalı idi. Lakin birinci instansiya məhkəməsi bu hesablamanı düzgün aparmadan, heç bir ekspertiza təyin etmədən qətnamə çıxarmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixli 2(051)-1798/2024 saylı qətnaməsində hesab etmişdir ki, faiz və cərimə məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanlanmış bildirişdə qeyd edilmiş məbləğdə, yəni 1102,20 manat əsas, 197,42 manat faiz, 53,14 manat cərimə olmaqla, cəmi 1352,76 manat məbləğində qismən təmin edilməlidir. Halbuki, ümumi hesablamada və iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da qeyd olunduğu kimi, cavabdehin iddia ərizəsinin məhkəməyə təqdim olunduğu günə borcu 1988,47 manat əsas, 96,86 manat faiz və 24,42 manat cərimə olmaqla, cəmi 2109,75 manat məbləğində təşkil etmişdir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli e-2(051)-1798/2024 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında yazılı icraatda baxılması 07 fevral 2025-ci il tarixə təyin edilmiş və apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq yazılı icraatda baxıldığı üçün tərəflər məhkəməyə dəvət edilməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 394-1.1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırkı apellyasiya şikayətində “ Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli e- 2(051)-1798/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin iddiada göstərilən məbləğədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti nin apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilib, Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli e-2(051)-1798/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi tam təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 08 dekabr 2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi əsasında Cavabdeh aylıq faiz dərəcəsi 1,6667% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı Əlavədə müəyyən оlunmuş Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit alan Cavabdeh Banka olan həmin borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən son ödəniş tarixi 10 dekabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh da imzası ilə təsdiq etmişdir. 24 may 2024-cü il tarixli OUT-2024/05/24-54 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh 08 dekabr 2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 24 may 2024-cü il tarixinə krediti vermiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 1988,47 manat məbləğində əsas bоrc, 96,86 manat məbləğində faiz borcu və 24,42 manat məbləğində cərimə оlmaqla, cəmi 2109,75 manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 106 gün təşkil edir. İş materiallarında olan kredit verən İddiaçı QSC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış 10 may 2024-cü il tarixli “Xəbərdarlıq” məktubunda sonuncunun nəzərinə çatdırılır ki, onun xx.xx.2024 tarixinə gecikdiriimiş ödəniş məbləği 1352,76 AZN (əsas məbləğ 1102,20 AZN, faiz ödənişi 197,42 AZN, cərimə məbləği 53.14 AZN) təşkil edir. xx.xx.2024-cü il tarixinədək gecikdiriimiş ödəniş məbləğini Banka qaytarması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilir, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcək və onun Banka borclu olduğu 2695,08 AZN məbləğin (2443,03 AZN təşkil edən əsas məbləğ, 198,91 AZN faiz məbləği və 53,14 AZN cərimə məbləği), həmçinin xx.xx.2024 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəkdir. Bu halda Borclu təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəkdir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, kredit alan Cavabdeh 08 dekabr 2022-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, kredit verən "xxxx" QSC-yə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə cəmi 4000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh 24 may 2024-cü il tarixinə hesablanmış 1988,47 manat məbləğində əsas bоrc, 96,86 manat məbləğində faiz borcu və 24,42 manat məbləğində cərimə оlmaqla, cəmi 2109,75 manat məbləğində borcunun cavabdehdən (borcalan Cavabdeh) tutulması üçün hazırkı iddia ərizəsi ilə iddiaçı "xxxx" QSC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi 12 sentyabr 2024-cü il tarixli e-2(051)-1798/2024 nömrəli qətnaməsində hazırkı mübahisəni həll edərkən iddiaçının cavabdehə ünvanladığı yuxarıda qeyd olunan 10 may 2024-cü il tarixli “Xəbərdarlıq” məktubunun məzmununu səhv təfsir etməklə düzgün olmaya nəticəyə gələrək, iddia tələbini yalnız həmin “Xəbərdarlıq” məktubunun 2-ci abzasında həmin tarixə gecikdirilmiş borc kimi göstərilən məbləğ hissəsində təmin olunması, yəni “1102,2 manat əsas, 197,42 manat faiz və 53,14 manat cərimə olmaqla, cəmi 1352,76 manat məbləğində pulun tutulması” qənaətinə gəlmişdir. Halbuki, bu nəticə işin konkret halları və elə həmin “Xəbərdarlıq” məktubunun ümumi məzmunu ilə təsdiq olunmur. Belə ki, elə həmin “Xəbərdarlıq” məktubunun 3-cü abzasında cavabdeh xəbərdar edilir ki, “ona xx.xx.2024-cü il tarixinədək gecikdiriimiş ödəniş məbləğini Banka qaytarması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilir. Əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcək və onun Banka borclu olduğu 2695,08 AZN məbləğin (2443,03 AZN təşkil edən əsas məbləğ, 198,91 AZN faiz məbləği və 53,14 AZN cərimə məbləği), həmçinin xx.xx.2024 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəkdir.” Yəni, birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi “Xəbərdarlıq” məktubunda müqavilə şərtlərini yerinə yetirməyib, gecikdirilmiş borcu ödəmədiyi təqdirdə cavabdehdən “Banka borclu olduğu 2443,03 manat əsas borc, 198,91 manat faiz borcu və 53,14 manat cərimə olmaqla, ümumilikdə cəmi 2695,08 manat məbləğində borcun” ödənilməsi tələb edilir. Bununla belə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehdən “Xəbərdarlıq” məktubunda tələb etdiyi ümumi borcdan daha az borc məbləğini, yəni “1988,47 manat məbləğində əsas krеdit bоrcu, 96,86 manat məbləğində faiz bоrcu və 24,42 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2109,75 manat məbləğində borcun tutulmasını” xahiş etmişdir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli e-2(051)- 1798/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi tam təmin edilməli və Cavabdeh 1988,47 manat əsas krеdit bоrcu, 96,86 manat faiz bоrcu və 24,42 manat cərimə borcu olmaqla, cəmi 2109,75 manat məbləğində pul vəsaiti və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41,1 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşin halları nəzərə alınmaqla, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 372, 382, 384, 385, 392, 393, 394-1, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli e-2(051)-1798/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilsin. Cavabdeh 1988,47 (min doqquz yüz səksən səkkiz manat 47 qəpik) manat əsas krеdit bоrcu, 96,86 (doxsan altı manat 86 qəpik) manat faiz bоrcu, 24,42 (iyirmi dörd manat 42 qəpik) manat cərimə borcu və 41,1 (qırx bir manat 10 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2150,85 (iki min yüz əlli manat 85 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.