Məhkəmə qərarları › İş №2(107)-281/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-281/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-281/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qаrşı (açar sözlər: Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X1 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli **********02115 №-li Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması” tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə Qax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tаrixli, e- 2(024)-640/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları

1. İddiaçı “Xalq Bank” ASC iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi üzrə iddiaçı “Xalq Bank” ASC qarşısında istifadəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penya, cəmi 883.98 ABŞ dolları məbləğində pul vəsaiti və 35.12 manat məbləğində dövlət rüsumunun “Xalq Bank” ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq" Bankı ilə Cavabdeh arasında ona məxsus Qax şəhəri, Nəriman Nərimanov küçəsində 6 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 46.7 kv.m ümumi, 28,4 kv.m yaşayış, 18,3 kv.m yardımçı sahədən ibarət olan 2 otaqlı 17 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********0211.5/İM №-li ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq" Bankı Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(024)-838 saylı qətnaməsi ilə tutmanın mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 9951,63 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcunun,xx.xx.2017-ci il tarixidək kreditdən istifadəyə görə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 1570.25 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 19 ABŞ dolları məbləğində penyanın, cəmi 11540,88 ABŞ dolları məbləğinin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh həmin qətnamə ilə müəyyən edilmiş borc məbləğini xx.xx.2023-cü il tarixdə tam şəkildə Banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında xx.xx.2017ci il tarixdən xx.xx.2017-ci il tarixədək (qətnamənin qəbul olunduğu tarix) 279,75 (iki yüz yetmiş doqquz ABŞ dolları 75 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz.) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (Qətnamənin qəbul olunduğu tarix) bu məbləğ 63,23 (altmış üç ABŞ dolları 23 sent) ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərdən başqa qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə Qətnamə ilə müəyyən edilmiş 9951.63 ABŞ dolları məbləğində əsas borc xx.xx.2018-ci il tarixdə qaytarıldığından Bank həmin müddətdə qeyd edilən pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır.

3. Birinci instansiya məhkəməsi hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

4. Qаx Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 07 noyabr 2023-cü il tаrixli, e- 2(024)-640/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi üzrə iddiaçı “Xalq Bank” ASC qarşısında istifadəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penya, cəmi 883.98 ABŞ dolları məbləğində pul vəsaiti və 35.12 manat məbləğində pul tutulub “Xalq Bank” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 385.1, 425.1, 442, 443.1, 445.1,445.7 və 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

7. Qаx Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tаrixli, e-2(024)-640/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2015-cil tarixdə “Xalq Bank” ASC Zaqatala rayon filialından kredit götürmüşdür. Həmin kreditin böyük bir hissəsini ödəmişdir. Daha sonra ödəyə bilməmişdir. ASC “Xalq Bank” məhkəməyə verərək pulu ondan tələb etmişdir. O, həmin pulu Qax rayon İcra şöbəsində tamamilə ödəyib qutarmışdır. Lakin bank üzərindən 5 il keçdikdən sonra onu məhkəməyə verərək ondan xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək illik 22 % dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğində illik 5% dərəcəsi ilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penya, cəmi 883.98 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 35 manat dövlət rüsumu istəyir. O, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Faizlər çox hesablanmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qаx Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tаrixli, e-2(024)-640/2023 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

10. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394-1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

12. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 21. Zərərin əvəzinin ödənilməsi (...) 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

14. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq - 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi - 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

16. Maddə 445. Borclunun icranı gecikdirməsi (...) - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

17. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət - 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

18. Maddə 462. Dəbbə pulu anlayışı - 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübutayetirməyə borclu deyildir.

19. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi (...) - 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

20. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir

21. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi - 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (..).

22.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “...Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında müəyyən edilmişdir ki: “Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Qаx Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tаrixli, e-2(024)-640/2023 saylı qətnaməsi qismən ləğv edilməlidir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

39. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 48 ay müddətinə, illik 22%-lə xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12.000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təmini məqsədi ilə tərəflər arasında cavabdehə məxsus Qax şəhəri, Nəriman Nərimanov küçəsində 6 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 46.7 kv.m ümumi, 28,4 kv.m yaşayış, 18,3 kv.m yardımçı sahədən ibarət olan 2 otaqlı 17 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********0211.5/İM №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(024)-838 saylı qətnaməsi mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 9951,63 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcunun,xx.xx.2017-ci il tarixinədək kreditdən istifadəyə görə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 1570.25 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 19 ABŞ dolları məbləğində penyanın, cəmi 11540,88 ABŞ dolları məbləğinin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh həmin qətnamə ilə müəyyən edilmiş borc məbləğini xx.xx.2023-cü il tarixdə tam şəkildə Banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir.

40. Bundan sonra iddiaçı “Xalq Bank” ASC Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

41. Birinci instansiya məhkəməsi belə qənaətə gəmişdir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.

43. İddiaçı kredit müqaviləsi üzrə cavabdehdən: 1) xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, 2) xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penyanın tutulmasını xahiş etmişdir.

44. İşin müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə kredit müqaviləsi üzrə borcun tutulması ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsini, ipoteka predmetindən əldə olunan vəsait hesabına borcun ödənilməsinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş həmin iş üzrə məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(024)-838 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, verilmiş icra vərəqəsi əsasında olan borc xx.xx.2023-cü il tarixdə tam şəkildə cavabdeh tərəfindən ödənildiyindən bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir.

45. İddia tələbləri üzrə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı “Xalq Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi üzrə iddiaçı “Xalq Bank” ASC qarşısında istifadəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penya, cəmi 883.98 ABŞ dolları məbləğində kredit vermiş və cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

46. Göründüyü kimi, birinci instansiya məhkəməsi səhv mövqe sərgiləyərək verilmiş iddia tələbləri ilə bağlı heç bir araşdırma aparmamışdır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “...müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. ... Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. ....Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. ... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. ... kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır”.

48. Konstitusiya Məhkməsinin formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi, yaxud məhkəmədə borcun tutulması və (ya) ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırması müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür.

49. Baxılan işin hallarından görünür ki, iddiaçının cavabdehə qarşı bu məzmunda olan tələblərinə məhkəmə tərəfindən baxılmış və qət olunan borc məbləği xx.xx.2023-cü il tarixdə banka ödənmişdir.

50. Hazırkı iddiada bankın xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər müvafiq müqavilə şərtinə uyğun hesablanmış ödənilməsi gecikdirilmiş məbləğə illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları təşkil edən adi faizlər üzrə borc tələbi ilə bağlı qeyd edilməlidir ki, daha əvvəl cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi və ya qeyd olunan iddianın qaldırılması müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və yuxarıda da qeyd edildiyi kimi müqavilə müddəti artıq bitmişdir. Bundan başqa, iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 19 ABŞ ABŞ dolları məbləğdə cərimə borcunun cavabdehdən tutulmasını qət edilmişdir. Şərh olunanlara əsasən iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.

52. Məhkəmə kollegiyası MM-in 462.1 və 465.2-ci maddələrinə istinadən hesab edir ki, həmin mövqe qanuni və əsaslıdır

53. Kreditorun müqavilə ləğv edildikdən sonrakı dövrdə (müqavilə müddətinin bitdiyi vaxtadək, habelə bu tarixdən sonra öhdəlik tam icra edilənədək) pul vəsaitini qanunsuz şəkildə özündə saxlayan borcludan müvafiq vəsaitin azı illik 5 faizini tələb etmək hüququ istisna olunmur.

54. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

55. Bu baxımdan iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsilə hesablanmış 541 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərərin) tutulması tələbi əsaslıdır.

56. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır.

57. Ona görə də qətnamə qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edlməlidir.

58. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

59. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

60. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qаx Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tаrixli, e-2(024)-640/2023 saylı qətnaməsi qismən - “cavabdehdən xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi üzrə iddiaçı “Xalq Bank” ASC qarşısında istifadəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penyanın tutulması” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qаx Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tаrixli, e-2(024)-640/2023 saylı qətnaməsi qismən - “cavabdehdən xx.xx.2015-ci il tarixli, **********02115 №-li kredit müqaviləsi üzrə iddiaçı “Xalq Bank” ASC qarşısında istifadəyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər illik 22% dərəcəsi ilə hesablanmış 279.75 ABŞ dolları mənləğində adi faizlər üzrə borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 63.23 ABŞ dolları məbləğində penyanın tutulması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə ləğv edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar