Məhkəmə qərarları › İş №2(107)-287/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-287/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-287/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X12 “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı X12 Dəmir Bank ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı X12 “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)- 2104/2023 nömrəli qətnaməsindən iddiaçı X12 Dəmir Bank ASC tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı X12 “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2830.23 manat əsas, 1333.93 manat faiz, 3907.54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respubikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419.25 manat faiz borcu olmaqla cəmi 8490.95 manat kredit borcunun və iş üzrə ödənilmiş 104.91 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, X12 “Dəmir Bank" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 21.5 % dərəcəsi ilə 7100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə bank arasında 210009480/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 015 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc üzrə qalığı konvertasiya edilməklə (1USD-1.40AZN) 7683.05 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 03.09,2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilməli idi. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. 14.08,2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 8490,95 manat təşkil edir. Bundan 2830.23 manat əsas, 1333,93 manat faiz, 3907.54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respubikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419,25 manat faiz borcu təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, 2015-ci ildə bankla Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və ona bank tərəfindən 7100 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin digər cavabdehlərlə də, zaminlik müqavilələri bağlanmışdır. 2017-ci ildə isə cavabdehlərlə bank arasında yeni müqavilələr bağlanaraq kreditin qalan məbləği 3 il ərizində tam ödəmək şərti ilə restrukturizasiya edilmişdir. Yeni bağlanmış kredit müqaviləsinin müddəti 03 sentyabr 2020-ci il tarixdə bitmişdir. Cavabdehlər kredit borcunu qeyd edilən tarixədək ödəməmişlər. Həmin kredit Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsində düşsə də, cavabdehlər yeni müqavilə bağlamaq üçün banka müraciət etməmişlər. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, 2015-ci ildə “Dəmir Bank" ASC-dən 7100 ABŞ dolları məbləğində kredit almış və digər cavabdehlər həmin kredit üzrə bank qarşısında zamin olmuşlar. 2017-ci ildə yenidən bankla onlar arasında müqavilə bağlanaraq müqavilənin müddəti 2020-ci ilədək uzadılmışdır. Daha sonra bank bağlandığından ödəniş etməmişdir. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən borcunun restrukturizasiya edilməsi üçün banka müraciət etmiş və bankın əməkdaşları onunla əlaqə saxlanılacağını bildirmişlər. Lakin hazırkı vaxtadək onunla yeni kredit müqaviləsi bağlanmamışdır. Bundan başqa hazırkı iddia ərizəsi verilərkən iddia müddəti ötürülmüşdür. Ona görə də, iddia müddəti tətbiq edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-2104/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 2830.23 manat məbləğində kredit borcu və 48.30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 56.61 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 ilə "Dəmir Bank” ASC arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 bank tərəfindən 24 ay müddətinə, illik 21.5 faiz dərəcəsi ilə 7100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə "Dəmir Bank” ASC arasında 11 sentyabr 2015-ci il tarixli, 210009480/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 03 mart 2017-ci il tarixli 01 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmiş və kreditin müddəti 03 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. Lakin cavabdehlər hazırkı vaxtadək banka olan borc məbləğini ödəmədiklərindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbinə etiraz edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə, ilk növbədə iddia tələbinin kredit müqaviləsi üzrə tələb edilən borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır.

10. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh3 ilə "Dəmir Bank” ASC arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli, 210009480/ZM nömrəli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində qeyd edilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 ilə "Dəmir Bank” ASC arasında bağlanmış 03 mart 2017-ci il tarixli 01 saylı əlavə sazişin 1.3.1-ci bəndinə əsasən restrukturizasiya edilmiş kreditin müddəti 03 sentyabr 2020-ci il tarixədəkdir. Həmin sazişin 2.3-cü bəndinə əsasən bu əlavə saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, müavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır.

12. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi iddiaçı tərəfindən zaminlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia qaldırılması üçün sonuncu tarix 03 sentyabr 2021-ci il tarix olmuşdur. İddiaçı isə qeyd edilən vaxtdan 2 il keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etməklə zaminlərə münasibətdə iddia müddətini ötürmüşdür.

13. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh2 kredit borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia qismən əsaslıdır.

14. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi Cavabdeh2 iddiaçı bank qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən də iddiaçı "xxxx" ASC kredit borcunun ödənilməsini ondan tələb etməkdə haqlıdır.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" ASC 11 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və 03 mart 2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə 1333.93 manat faiz, 3907.54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419.25 manat faiz borcunu Cavabdeh2dan tələb etməkdə haqlı deyil.

16. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş preblemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə olan borcu 2830.23 manat təşkil edir. Lakin iddiaçının nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi kimi cavabdehə bildiriş göndərilərək yeni kredit müqaviləsinin bağlanması təklf edilməsinə baxmayaraq, cavabdeh yeni müqavilə bağlamaq üçün banka müraciət etməmiş olsa belə, iddiaçı tərəfindən həmin məbləğ, yəni 2830.23 manat məbləğində borc Cavabdeh2 tələb edilə bilər. İddiaçı isə bunun əksinə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanına zidd olaraq restrukturizasiya edilməli olan 2830.23 manat kredit borcuna yenidən faiz və cərimə hesablayaraq borclunu əlavə maliyyə məsuliyyətinə cəlb etməyə davam etmişdir.

17. Məhkəmə hesab etmişdir ki, 11 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 03 mart 2017-ci il tarixli, 015 nömrəli əlavə saziş üzrə 2830.23 manat məbləğində kredit borcu Cavabdeh2 tutulmalıdır.

18. Bundan başqa məhkəmə, Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, ərizə təmin edilməməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 ilə "Dəmir Bank” ASC arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 bank tərəfindən 24 ay müddətinə, illik 21.5 faiz dərəcəsi ilə 7100 ABŞ dolları məbləğində kredit verilmiş, 03 mart 2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmiş və kreditin müddəti 03 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. Bu qayda ilə hesabladıqda isə kredit borcunun ödənilməsini tələb etmək üçün sonuncu tarix 03 sentyabr 2023-cü il tarix olmuşdur. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi 01 sentyabr 2023-cü il tarixdə məhkəməyə ünvanlanmış və icraata qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 104.91 manat dövlət rüsumunun 48.30 manat hissəsi cavabdehə, 56.61 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 372.1, 373.2, 385.1, 386.1, 442, 445.1, 477.0.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4cü maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan iddiaçı LPO DəmirBank ASC apellyаsiyа şikаyəti vermişdir.

23. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 həmin kredit müqaviləsi üzrə yaranmış əsas borcunun qalıq məbləği 2830.23 manat təşkil etsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş; 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan; xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər.

24. Bildirirlər ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Bildirirlər ki, əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 360 gündən az, yəni 209 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. (Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarış və MKR-dən çıxarış apellyasiya şikayətinə əlavə edilir). Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır.

25. Portaldan çıxarışdan aydın olur ki, cavabdehin LPO İddiaçı ASC-yə olan müvafiq kredit üzrə qalıq borcunun məbləği 2830.23 manat təşkil etsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olmamışdır.

26. Qeyd etmək istəyirlər ki, iddiaçı qaydalarla müəyyən olunan vəzifələrini həyata keçirmiş, cavabdehin borcuna dair məlumatı aidiyyatı quruma təqdim etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 8490.95 manat (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb.

27. Bildirirlər ki, iş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır.

28. Məhkəmə Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışı düzgün qiymətləndirməməklə 2830.23 manat məbləğindəki borcun restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmədiyi halda səhvən həmin siyahıya düşdüyünü ehtimal edərək əsas kredit borcunu təmin etmiş, digər borc tələblərini (faiz, cərim, Kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğini) təmin etməmişdir. Bu da nəticədə Bankın maraqlarına toxunan əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur.

29. Göründüyü kimi, məhkəmə qətnaməsi işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. Bildirirlər ki, iş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır.

30. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır.

31. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-2104/2023 saylı qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən (faiz, cərimə, 5%) hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

33. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(075)-2104/2023 nömrəli qətnaməsinin iddianın Cavabdeh2 qarşı təmin edilməyən faiz, cərimə, illik 5 faiz dərəcəsi ilə hesablanan faizlərə dair hissələrdə ləğv edilməsini və həmin hissələrdə də iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-2104/2023 nömrəli qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir.

35. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

38. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. “X6rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri

41. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

44. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. İddiaçı X12 "xxxx" Açıq Səhmdar Cəmiyyəti Şəki Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(075)-2104/2023 saylı qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən (faiz, cərimə, 5%) hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının Cavabdeh2 kredit müqavilə öhdəliklərinə yanlış tətbiq edilməsinə istinad edərək, iddianın Cavabdeh2 qarşı təmin edilməyən hissəsində təmin edilməsini xahiş etmişdr. Belə ki, apellyasiya şikayətinin nəticə hissəsindən də göründüyü kimi apellyator iddianın təmin edilməyən faiz, cərimə, 5% hissəsində də təmin edilməsini xahiş etmişdir. Hansı ki, zaminlərə münasibətdə iddiaçı bankın əsas kredit borcunun ödənilməsinə dair də tələbi təmin edilməmiş, lakin apellyator həmin məsələni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-2104/2023 nömrəli qətnaməsinin əsaslılığını iddianın Cavabdeh2 qarşı rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın Cavabdeh2 qarşı rədd edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 21.5 faiz dərəcəsi ilə 7100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə "Dəmir Bank” ASC arasında 11 sentyabr 2015-ci il tarixli, 210009480/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 03 mart 2017-ci il tarixli 01 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmiş və kreditin müddəti 03 sentyabr 2020-ci il tarixədək uzadılmışdır.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc məbləğinin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməməsi, cavabdehin LPO İddiaçı ASC-yə olan müvafiq kredit üzrə qalıq borcunun məbləği 2830.23 manat təşkil etsə də, həmin borc məbləğinin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olmamasının portaldan çıxarışdan aydın olması, məhkəmənin Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışı düzgün qiymətləndirməməklə 2830.23 manat məbləğindəki borcun restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmədiyi halda səhvən həmin siyahıya düşdüyünü ehtimal etməsinə dair dəlilləri ilə tam, məhkəmənin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların düzgün aydınlaşdırmamasına dair dəlili ilə isə qismən razılaşaraq qeyd edir ki, işdə olan Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışlardan (İ.V.82-83, 114-116) görünür ki, Cavabdeh2 LPO İddiaçı ASC qarşısındakı kredit öhdəliyi üzrə restrukturizasiya edilməli olan kredit borcu mövcud deyildir.

51. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı X12 "xxxx" ASC ilə Cavabdeh2 arasında 11 sentyabr 2015-ci il tarixdə bağlanmış, 03 mart 2017-ci il tarixli əlavə sazişə əsasən 03 sentyabr 2020-ci il tarixədək uzadılmış kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına zidd olaraq restrukturizasiya edilməli olan 2830.23 manat kredit borcuna yenidən faiz və cərimə hesablayaraq borclunu əlavə maliyyə məsuliyyətinə cəlb etməyə davam etməsinə dair gəldiyi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

52. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli fərmanında göstərilmişdir;

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

53. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 2.1.10-cu bəndinə əsasən kompensasiya dedikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ başa düşülür.

54. Həmin Qaydaların 4.3.1-ci bəndinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir.

55. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir.

56. Yuxarıda şərh edilən normaların tələblərindən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Fərmanın və Qaydanın tələblərini səhv təfsir edərək, bankla cavabdeh arasında bağlanmış müqavilə münasibətinin bütünlükdə Fərmanın təsiri dairəsinə düşməsi nəticəsinə gəlmişdir. Belə ki, sadalanan normaların tələblərindən göründüyü kimi şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya verilməsi ilə kredit borcunun restrukturizasiya edilməsi fərqləndirilməlidir. Kompensasiya verilməsi üçün vacib olan hal şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manata nisbətdə artmasıdırsa, restrukturizasiya isə şəxsin vaxtı keçmiş kreditlərə hesablanmış faizlərin silinməsindən sonra əsas kredit borclarının ödənilməsi məqsədi ilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsini ehtiva edir. Bir sözlə kreditin devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya ödənilməsinə baxmayaraq, şəxsin 01 yanvar 2012-ci il tarixdən Fərmanın qüvvəyə mindiyi günədək kredit müqaviləsi üzrə əsas məbləğdə və (və ya) faiz borcunun ödənilməsində 360 gündən çox gecikdirilmə halı yoxdursa həmin müqavilə münasibəti üzrə restrukturizasiyanın tətbiqi əsası da mövcud olmur.

57. Bundan başqa mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə məhkəmə kollegiyasının 06 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

58. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 may 2024-cü il tarixli 9/1616 nömrəli ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 LPO İddiaçı ASC qarşısında 03 sentyabr 2020-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 2764,73 manat, faiz borcu üzrə 602.00 manat, 14 mart 2023-cü il tarixə əsas borc üzrə 2764,73 manat, faiz borcu üzrə 602.00 manat, faiz borcu üzrə (5%lə) 349,82 manat borcu olması müəyyən edilmişdir.

59. Rəydə qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh2 cərimə borcu hesablanmamışdır.

60. Rəydə həmçinin qeyd edilmişdir ki, 19 aprel 2019-cu il tarixdə hesablanmış 2273,17 manat kompensasiya məbləği bank tərəfindən cavabdehin borcunun azaldılmasına 2174,39 manat yönəldilmişdir və 98,78 manat faizə çıxılmışdır.

61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1333.93 manat faiz, 3907.54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respubikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış (illik 5%) 419.25 manat faiz borcunu tələb etməsinə baxmayaraq, ekspertiza tədqiqatı ilə Cavabdeh2 LPO İddiaçı ASC qarşısında faiz borcunun 602.00 manat, müqavilə müddətinin bitməsindən sonra illik 5%lə hesablanan məbləğin 349,82 manat olması, cavabdeh tərəfindən isə əsas kredit borcunun mübahisələndirilməməsi müəyyən edilmişdir.

62. Kollegiya qeyd edir ki, məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli 9/1616 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.

63. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tələb edilən faiz borcunun, müqavilə müddətinin başa çatmasından sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun, cərimə məbləğinin müəyyən edilməsində kənar sübuta istinad edilmədiyindən faiz borcunun, müqavilə müddətinin başa çatmasından sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun, cərimə borcunun müəyyən edilməsində məhz Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2024-cü il tarixli 9/1616 nömrəli ekspert rəyi əsas götürülməlidir.

64. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı təşkilat 3907.54 manat cərimənin də tutulmasını tələb etməsinə baxmayaraq, ekspertiza tədqiqatı ilə Cavabdeh2 bank qarşısında hər hansı bir cərimə borcunun olması müəyyən edilməmişdir.

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 faiz və müqavilə müddətinin bitməsindən sonra illik 5%lə hesablanan məbləğin tutulmasına dair hissədə tələbin tam rədd edilməsində doğru nəticəyə gəlmədiyindən cavabdehdən məhkəmə kollegiyası tərəfindən müəyyən ediləcək məbləğə mütənasib olaraq dövlət rüsumu tutulmalıdır.

66. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X12 LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-2104/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın Cavabdeh2 qarşı rədd olunmuş 602.00 manat faiz borcu, müqavilə müddətinin bitməsindən sonra illik 5%lə hesablanan 349,82 manat faiz borcu, iddiaçının özünə aid edilməklə rədd edilmiş 9,52 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh2 qarşı 602.00 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitməsindən sonra hesablanmış 349,82 manat faiz borcu, 9,52 manat dövlət rüsumuna aid hissələrdə də təmin edilərək, Cavabdeh2 602.00 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitməsindən sonra hesablanmış 349,82 manat faiz borcu, 9,52 manat dövlət rüsumu da alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilməli, qətnamə iddiaçı X12 "xxxx" ASCnin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. İddianın qismən təmin edilməsi nəzərə alınaraq, məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçı LPO "xxxx" ASC-dən, 50 manatı isə Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı X12 "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-2104/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın Cavabdeh2 qarşı rədd olunmuş 602.00 manat faiz borcu, müqavilə müddətinin bitməsindən sonra illik 5%lə hesablanan 349,82 manat faiz borcu, iddiaçının özünə aid edilməklə rədd edilmiş 9,52 manat dövlət rüsumuna aid hissələrdə ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 qarşı 602.00 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitməsindən sonra hesablanmış 349,82 manat faiz borcu, 9,52 manat dövlət rüsumuna aid hissələrdə də təmin edilərək, Cavabdeh2 602.00 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitməsindən sonra hesablanmış 349,82 manat faiz borcu, 9,52 manat dövlət rüsumu da alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilsin. Qətnamə iddiaçı X12 "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçı LPO "xxxx" ASC-dən, 50 manatı isə Cavabdeh2 tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar