Məhkəmə qərarları › İş №2(107)-290/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-290/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-290/2025 26.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(054)-95/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişinə əsasən cavabdehə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 12500 manat kredit verilmişdir. Cavabdeh iddiaçının məhkəməyə müraciətindən sonra - xx.xx.2023-cü il tarixdə borcundan 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, cəmi 800 manat ödəniş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 10648,36 manat məbləğində əsas borcun, 442,32 manat məbləğində faiz borcunun, cəmi 11090,68 manat borcun və 124 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CP/29378/86/13 saylı kredit sazişi müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 22 % olmaqla 12500 manat məbləğində kredit verilmişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və faizləri banka ödəməkdən yayınır, xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Buna görə də 10648,36 manat məbləğində əsas borcun, 442,32 manat məbləğində faiz borcunun, cəmi 11090,68 manat borcun cavabdehdən tutulması barədə tələblə məhkəməyə müraciət edilmişdir. İddia tələbinə uyğun olaraq 124 manat dövlət rüsumu da ödənilmişdir. İddia ərizəsi məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 400 manat olmaqla cəmi 800 manat ödəniş etdiyindən ödəniş etdiyindən iddia predmeti dəqiqləşdirilmiş, xx.xx.2024-cü il tarixə cavabdehin borcu yenidən hesablanmış, dövlət rüsumu və faiz məbləğinin bir hissəsi ödənilmiş məbləğdən çıxılmışdır. Hazırda cavabdehin borcu 10648,36 manat əsas, 131,28 manat faiz olmaqla cəmi 10779,64 manat təşkil edir. xx.xx.2024-cü il tarixdə ödənilmiş məbləğin qalanı qətnamə qəbul olunanadək hər günə hesablanacaq faizdən çıxılır. Cavabdehə qətnamə çıxarılanadək ödəniş etməmək məsləhət görülmüşdür. İddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə və xx.xx.2024-cü il tarixə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlər hesabdan çıxarışda öz əksini tapmışdır. Buna görə də hesab edir ki, ekspertiza təyin olunmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən və mülki qanunvericilik normaları rəhbər tutulmaqla cavabdehdən 10648,36 manat məbləğində əsas borcun, 131,28 manat məbləğində faiz borcunun, cəmi 10779,64 manat borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişinə əsasən cavabdehə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 12500 manat kredit verilmiş, cavabdeh tərəfindən öhdəliklərə əməl edilmədiyindən iddiaçı 10648,36 manat məbləğində əsas borcun, 442,32 manat məbləğində faiz borcunun, cəmi 11090,68 manat borcun və 124 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh iddiaçının məhkəməyə müraciətindən sonra-xx.xx.2023-cü il tarixdə borcundan 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, cəmi 800 manat ödəniş etmişdir. Buna uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək cavabdehin həmin tarixə iddiaçıya borcunun 10648,36 manat əsas, 131,28 manat faiz olduğu, cavabdehin ödənişləri nəzərə alınmaqla dövlət rüsumu tələbinin olmadığı bildirilmişdir. Cavabdeh sonuncu iki ödənişinin bir hissəsinin nəzərə alınmadığını bildirdiyindən borcun məbləğinin hesablanması üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli, 9/3151 saylı ekspert rəyi ilə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixədək 6511 manat məbləğində ödəniş aparıldığı, həmin məbləğdən 2401,04 manat əsas borcdan, 4109,96 manat faiz borcundan silindiyi, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixə 10342,28 manat əsas, 783,72 manat faiz, xx.xx.2024-cü il tarixə 10098,96 manat əsas, 123,43 manat faiz, xx.xx.2024-cü il tarixə 10098,96 manat əsas, 209,83 manat faiz borcunun olduğu müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizə ilə ekspertin hesablamalarında ciddi nöqsanlara yol verdiyini, ödənilmiş cərimə məbləğini (483 manat) əsas borcdan sildiyini, bunun “Banklar haqqında” Qanuna zidd olduğunu, silinmənin cərimə, faiz və əsas borc ardıcıllığı ilə aparıldığını bildirmiş, məhkəmə iclasında iştirakı olmadan işə baxılaraq ekspert rəyi nəzərə alınmadan iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh ekspertiza rəyini xx.xx.2024-cü il tarixə (iddia tələbinin dəqiqləşməsi tarixinə) hesablanmış əsas borc hissəsində qəbul etmiş, faiz borcuna etiraz etmişdir.

6. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri, buna uyğun olaraq ekspertiza rəyini sübut kimi qəbul edərək, habelə cavabdehin cəmi 800 manat ödənişinin iddia ərizəsi məhkəmənin icraatında olduğu dövrdə (xx.xx.2023 və xx.xx.2024) aparıldığını və həmin vaxt iddiaçının iddia tələbinin artıq müəyyən edildiyini, hər hansı məbləğdə cərimənin tələb edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixə hesablanmış 10098,96 manat əsas, 123,43 manat faiz hissəsində təmin edilməli, 549,4 manat əsas, 7,85 manat faiz borcu hissəsində rədd edilməlidir.

7. Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(054)-95/2024 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia qismən təmin olunmuş, xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişi üzrə Cavabdeh 10098,96 manat əsas, 123,43 manat faiz, cəmi 10222,39 (on min iki yüz iyirmi iki manat otuz doqquz qəpik) manat kredit borcunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 200 manat ekspertiza xərcinin 10 manat hissəsinin İddiaçı ASCdən, 190 manat hissəsinin Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********** ********** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445 və 448-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişi və 3016/261198 saylı kassa məxaric orderi Əlavə 1-ödəniş cədvəli xx.xx.2023-cü il tarixli bildiriş xx.xx.2023-cü il tarixli maliyyə arayışı iddia predmetinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3151 saylı ekspert rəyi

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(054)-95/2024 nömrəli qətnaməsi ilə xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişi üzrə ondan 10098,96 manat əsas borca dair hissəni qəbul edir. Ancaq hesab edir ki, faiz borcu olan 123,43 manat ondan tələb edilməli deyildir. Məhkəmə qətanməsi ilə faiz borcu olan 123,43 manat məbləğin ondan tələb edilməsini ədalətli saymır. Çünki o, kredit ödənişi etdiyi ilk aylarda ən yuxarı həddə faiz borcu ödəmişdir.

12. Ona görə də, xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişi üzrə ondan yalnız 10098,96 manat əsas borcun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(054)-95/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(054)- 95/2024 nömrəli qətnaməsini faiz borcuna aid hissədə mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən faiz borcuna aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissə ilə bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə ilə bağlı faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 11-ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin tələblərinə və xx.xx.2022-cu il tarixli, CP/29378/86/13 saylı kredit sazişinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçı banka 123,43 manat faiz borcunun olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3151 saylı ekspert rəyi ilə müəyyən edilmişdir. Cavabdeh ilk aylarda yüksək miqdarda faiz ödədiyini qeyd edir. Halbuki, cavabdeh tərəfindən edilmiş bütün ödənişlər qanunun və müvaqvilənin şərtlərinin tələbinə uyğun olaraq həmin ekspert rəyi ilə nəzərə alınmışdır. Mübahisələndirilən 123,43 manat faiz borcu cavabdehdən tutulmalıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyil. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir.

23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən faiz borcuna aid hissədə düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(054)-95/2024 nömrəli qətnaməsi mübahisələndirilən - faiz borcuna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Cavabdeh qətnaməni 123,43 manat faiz borcuna aid hissədə mübahisələndirdiyindən və həmin məbləğ 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(054)-95/2024 nömrəli qətnaməsi mübahisələndirilən - faiz borcuna aid hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar