Məhkəmə qərarları › İş №2(107)-291/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-291/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-291/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, dəbbə pulu, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)- 1013/2022 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1487.49 manat əsas kredit borcu, 1313.48 manat faiz borcu, 5152.46 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 224.07 manat olmaqla, cəmi 8177.50 manat kredit borcunun kredit borcunun və 101.78 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 24 ay müddətinə 5760 ABŞ dolları məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 3176.22 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya kredit razılaşması üzrə cəmi 8177.50 manat borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqaviləsində irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 2(046)-1013/2022 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsi (İ.Fəttahov) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 1487.49 manat əsas kredit borcunun, 74.28 manat faiz borcu, 2.46 manat cərimə borcunun, gecikdirilmiş vaxt üçün hesablanmış 224.07 manat olmaqla, cəmi 1788.3 manat və 37.88 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməsi, iş üzrə ekspertiza xərci olan 150 manat isə iddiaçı "xxxx" ASC-dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi, iddia tələbi Cavabdeh3 və Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 24 ay müddətinə 5760 ABŞ dolları məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 3176.22 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya kredit razılaşması üzrə cəmi 8177.50 manat borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqaviləsində irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; "xxxx" ASC ilə Cavabdeh1 arasında illik 24 ay müddətinə 5760 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin təminatı kimi Cavabdeh3 və Cavabdeh2ilə bank arasında zaminlik müqaviləsi bağlamış, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 və Cavabdeh2 ilə DəmirBank ASC arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2019cu il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Qanunun mənasından görünür ki, Cavabdeh3 və Cavabdeh2 ilə DəmirBank ASC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı “DəmirBank ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh3 və Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Eləcə də Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 5152.46 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 2.46 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 101.78 manat dövlət rüsumunun, iddia təmin edilən həddə əsasən 37.88 manatı cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, Ekspertiza xərci olan 150 manat iddiaçıdan tutularaq qaydada tutularaq ekspertiza mərkəzinə keçirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 448.2, 470.1, 472.2, 477.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1 və 217-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıdakı qanunvericiliklə müəyyən edilmiş maddi və prosessual hüquq normalar pozmuşdur. Birinci instansiya məhkəməsi 5152,46 manat cəriməni azaldaraq 2,46 manat etməsi ilə AR MM-nin 467-ci maddəsində göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Bundan başqa həmin maddə məhkəməyə yalnız dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsi əsaslandırmadan, yalnız ekspert rəyinə istinad edərək faiz borcunu azaltması Mülki Məcəllənin 467-ci maddəsinin bu rakursdan da pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi iddiaçının borcunu müəyyən edən zaman ekspert rəyinə istinad etmiş, lakin ekspertin düzgün hesablama aparmadığını nəzərə almamışdır. Ekspertin düzgün hesablamalar aparmayaraq öz rəyində bu kimi kobud səhvlərə yol verməsi nəticəsində ödənişlər arasında böyük məbləğdə fərq yaranmışdır ki, bu da Bankın maraqlarına toxunan əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Əlavə olaraq qeyd etmək istəyirik ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi tərəfindən faiz və cərimə borc hissəsi azaldılarkən ekspert rəyinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi istinad etdiyi halları əsaslandırmamışdır. Belə ki, Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı var. Ödəniş qrafikində bankın müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər qeyd edilir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq ekspert rəyinə bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olurdu. Bu istinadı ilə birinci instansiya məhkəməsi qətnamə çıxararkən məhkəmə iclasına tədqiq olunmamış sübuta əsaslanıb ki, bununla da Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin 4-cü bəndinin tələblərinə riayət etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)-1013/2022 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1313,48 manat faiz borcunun tam təmin edilməsini, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 5152,45 manat cərimə borcunun tam təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1013/2022 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1313,48 manat faiz borcunun tam təmin edilməsini, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 5152,45 manat cərimə borcunun tam təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 2(046)- 1013/2022 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1313,48 manat faiz borcunun tam təmin edilməsini, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 5152,45 manat cərimə borcunun tam təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni fazi və cərimə məbləğinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin faiz məbləğinə aid hissədə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq faizə aid hissədə qismən təmin etmişdir. Bununla belə birinci instansiya məhkəməsi dəbbə puluna hissəsində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi dəbbə puluna aid iddia tələbində göstərilən məbləği iddiaçının mənafeyini nəzərərə almadan azaltmışdır. Ona görə də kollegiya hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1013/2022 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilməlidir. Kollegiyanın iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında illik 24 ay müddətinə 5760 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçının borcunu müəyyən edən zaman ekspert rəyinə istinad etmiş, lakin ekspertin düzgün hesablama aparmadığını nəzərə almamışdır. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəməmühasibatlıq təyin edilmiş, ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6469 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka əsas borcu 1487.49 manat, faiz borcu 74.28 manat təşkil edir. Bununlada birinci intansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan faiz borcu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri bu hissədə əsassızıdır. Məhkəmə kollegiyası iddiaçının dəbbə puluna aid apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas olsa da iddia tələbinin tam təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyator şikayətinin dəlillərində bildirmişdir ki, birinci instansiya məhkəməsi 5152,46 manat cəriməni azaldaraq 2,46 manat etməsi ilə AR MM-nin 467-ci maddəsində göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Kollegiya şikayətin dəlili ilə qismən razılaşır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən çoxdur. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə həddindən artıq azdır. İddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun 10 faizindən çoxdur. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməyərək borc ödənilməmişdir. Bu səbəbdən də, cavabdehdən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2.46 manat deyil, 100 manat cərimə tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu iddiaçının mənafeyi nəzərə alınmadan azaldılmışdır. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin faiz məbləğinə aid hissədə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq faizə aid hissədə qismən təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 2(046)-1013/2022 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilməli, Cavabdeh1 alınacaq cərimə borcunun məbləği 100 manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-1013/2022 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilsin. Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə üzrə tutulmalı olan cərimə borcunun məbləği 100 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar