Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-293/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki Regional Cavabdeh2ndə Notariat Ofisinə qarşı “dəymiş maddi, mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlər Cavabdeh1 və Şəki Regional Cavabdeh2ndə Notariat ofisindən 22.320 manat məbləğində dəymiş maddi ziyanın, 10.000 manat məbləğində mənəvi ziyanın, 57.838,56 manat məbləğində əldən çıxmış faydanın və dövlət rüsumu üçün ödədiyi 361 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “dəymiş maddi, mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi” iddiası əsasında icraat başlanılmış və işə baxmış Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra- Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki mülki işinin başlanmasına əsas olmuş iddia ərizəsindən görünür ki, iddiaçının tələbi bir neçə müstəqil tələbdən ibarətdir və bir neçə cavabdehə qarşı irəli sürülmüşdür. İddiaçının tələbi bir neçə müstəqil tələbdən ibarət olub bir neçə cavabdehə qarşı irəli sürülsə də, nə müştərək qaydada irəli sürülmiş, nə də cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilmişdir. Bu da iddia tələbində qeyri-müəyyənlik yaratmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehlərə yönəlmiş və qeyrimüəyyənlik yaradan tələblərə baxaraq mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin birinci instansiya məhkəməsi qeyd edilən bu prosessual hüquq normalarının da tələbinə əməl etməmiş, qeyd edilən iddia ərizəsini baxılmamış saxlamamış, iddia ərizəsi əsasında başlanmış işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir ki, bu yol verilməzdir. Belə ki, MPM-nin 4-cü, 5-ci, 149-cu, 151-ci maddələrinin mənasına görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada, yəni iddia ərizəsinin formasına və məzmununa riayət etməklə tərtib edilmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada imza edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız bu halda məhkəmədə iş başlanılır və mahiyyəti üzrə baxılaraq sürülmüş tələb üzrə Azərbaycan Respublikası adından məhkəmə aktı – qətnamə qəbul edilir. Qeyd olunduğu kimi iddia ərizəsinin forma və məzmununa riayət olunmamışdır. Belə olan halda Şəki Rayon Məhkəməsi həmin iddia ərizəsi əsasında icraatı başlanılmış mülki iş üzrə qətnamə qəbul etmək səlahiyyətində deyildi. MPM-nin 387.1-ci maddəsinin tələbinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilə bilməzdi, qəbul edilmiş qətnamə isə düzgün sayıla bilməz və bu qətnamənin apellyasiya icraatı qaydasında yoxlanılmasının nəticələrinə dair qətnamə qəbul edilə bilməz. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən 22 noyabr 2022-ci il tarixdə qəbul edilmiş qətnamə ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-293/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-293/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver