Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-294/2023 07.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: maddi zərərin ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(033)-621/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus olan Vita markalı Mercedes-Benz" **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin əvəzi olaraq hesablanmış 4485 (dörd min dörd yüz səksən beş) manat pulun və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vita markalı, “Mercedes-Benz" **-XB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyət hüququ ilə ona məxsusdur. Minik avtomobilinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, Zaqatala rayonu, Gözbarax kəndi ərazisində cavabdehə məxsus iribuynuzlu heyvan avtomobilin qarşısına çıxmışdır, avtomobilinə 4485 (dörd min dörd yüz səksən beş) manat məbləğində maddi zərər dəymişdir. Heyvan sahibi ilk öncə dəymiş zərərin ödənilməsinə söz versə də, daha sonra dəymiş zərəri ödəməkdən boyun qaçırmışdır. Bunun üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda onu da qeyd edir ki, cavabdehin əməlində İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsinin tərkibi olduğu üçün Cavabdeh 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdeh inzibati qərardan Zaqatala Rayon Məhkəməsinə şikayət edərək barəsində tərtib olunmuş inzibati qərarın ləğv olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 3(033)-38/2022 saylı qərarına əsəsən Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməsinə dair qərar qəbul edilmişdir.
3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən yol hərəkəti qaydalarının tələblərinin pozulması ilə əlaqədar onun əsassız iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, 09 yanvar 2022-ci il tarixdə Zaqatala rayonu Gözbarax kəndi ərazisində İddiaçı özünə məxsus VİTA Markalı “MersedesBenz” maşını ilə ona məxsus bir baş inəyini vuraraq onu öldürmüşdür və ona nəticədə mühüm maddi ziyan dəymişdir. İddiaçının idarə etdiyi avtomaşının surəti çox yüksək olmuş və onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin tələbləri pozulmuşdur. Həmin qanuna görə yaşayış məntəqələri daxilində saatda maksimum 60 km-dən surətlə sürmək nəzərdə tutulmuşdur. Lakin iddiaçının idarə etmiş olduğu maşının surəti 100-120 km/s olmuş və hadisənin qarşısının alınmasını təmin edə bilməmişdir. Yaşayış məntəqələri daxilində müəyyən edilmiş surətlə sürdükdə həmin maşının saxlanılması mümkündür. Hadisəni görmüş şahidlər vardır və onların dindirilməsi təmin edilməmişdir. O bununla əlaqədar rəsmi surətdə dövlət Polis orqanına və məhkəməyə müraciət etsə də, savadsız adam olduğu üçün ona dəymiş ziyanı iddiaçıdan ala bilməmişdir. Lakin iddiaçı yol hərəkəti qaydasını kobud surətdə pozduğuna görə məsuliyyət daşımasına baxmayaraq Zaqatala rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq ondan guya ki, öz maşınına dəymiş maddi ziyanı tələb edir. İddia ərizəsi ilə tanış olmuşdur və məhkəməyə bildirir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş hallar düzgün deyildir və yalan məlumatlarla onu günahkar sayaraq məsuliyyətdən boyun qaçırmaq istəyir. O, ərizəsində göstərmişdir ki, guya o əvvəlcə özünə vurulmuş ziyanı ödəməyə söz vermiş, lakin sonra o bundan boyun qaçırmışdır. Əslində belə bir söhbət aralarında olmamışdır. Hadisənin baş verdiyi yer diskə də çəkilmişdir və bu disk işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Hadisə yerinə gəlmiş DYP-nin əməkdaşları ondan izahat almadan, onun adından başqa şəxslərdən almış və onlara imzalar etdirmişlər. O heç bir sənədə imza belə atmamışdır. Halbuki, Yol hərəkəti haqqında Qanunun 79-cu maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozuntuları üçün sürücülərin məsuliyyəti öz əksini tapmışdır. DYPnin əməkdaşları birtərəfli mövqe tutaraq iddiaçının mənafeyini qorumaqla öz işlərini bitmiş hesab etmişlər və onu da heç bir əsas olmadan 40 manat cərimələmişlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən DYP-nin əməkdaşlarının hərəkətləri həmin qanunla nizama salınmışdır. İddiaçı Yol Hərəkəti haqqında Qanunun 45-ci maddəsinin tələblərini də pozmuş və yaşayış zonasında idarə etmiş olduğu maşını 100-120 km/s sürərək hadisə törətmiş və ona ziyan vurmuşdur və o da bu ziyanı ödəməlidir. İddiaçı tərəfindən ona məxsus olan 3000 (üç min) manat dəyərində, bir neçə gündən bala gətirəsi cins inək məhv edilmişdir. İddiaçı həmin ziyanı ödəməkdən boyun qaçırmaq üçün saxta yolla məhkəməyə müraciət edərək, guya ki, özünə məxsus maşına 4500 manat ziyanın vurulması barədə iddia qaldırmışdır. Hadisə baş verən növbəti günü iddiaçı onun qapısına gələrək ondan maşına vurulmuş ziyana görə 2500 manat pul tələb etmişdir. O da bundan qəti imtina etmişdir, özünə dəymiş ziyanı ondan tələb etmişdir. Məhkəməyə təqdim olunmuş diskdə maşın ustasının danışığı və çəkilişində onun maşınına cəmi 600-700 manat ziyanın dəyməsi usta tərəfindən deyildiyi öz əksini tapmışdır. Bu da iddiaçının yol hərəkəti qaydalarının kobud surətdə pozulması nəticəsində baş vermiş ziyandır.
5. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, iddianı qəbul etmir, hadisə iddiaçının yol hərəkəti qaydalarını kobud surətdə pozması nəticəsində baş vermişdir. İddiaçı tərəfindən ona məxsus olan 3000 manat dəyərində cins inək məhv edilmişdir. O, həmin ziyanı ödəməkdən boyun qaçırmaq üçün məhkəməyə müraciət edərək özünə məxsus avtomobilə 4500 manat ziyan vurulması barədə iddia qaldırmışdır. Hadisə baş verən gün iddiaçı onun qapısına gələrək ondan 2500 manat pul istəmişdir. Lakin, iddiaçının avtomobilinə cəmi 600-700 manat ziyan dəyməsi usta tərəfindən deyilmişdir.
7. Birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmışdır.
8. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 15 noyabr 2022-ci il tarixli, e-2(033)-621/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 4440 (dörd min dörd yüz qırx) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 64,40 (altmış dörd manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi, 0,60 (altmış qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi, Cavabdeh 70 (yetmiş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
9. Cavabdeh X2 Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(033)-621/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
10. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar ki, bu da son nəticədə qəbul edilmiş qətanamələrin qanuni və əsaslı olmamasına əsas yaratmışdır. Zaqatala Rayon Məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, baş vermiş hadisə nəticəsində sözügedən minik avtomobilinin hansı detallarının sıradan çıxmasını lazımi qaydada araşdırmamış və müəyyən etməmişdir. Məhkəmə sadəcə olaraq ”Avtoservis 100” tərəfindən formal və yalnış olaraq tərtib edilmiş aktda qeyd edilən detallar əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi isə heç bir əsas olmadan absurd, şablon bir rəy verərək guya avtomobilin təmir xərcini təxminən (ehtimalla) 4440 (dörd min dörd yüz qırx) manat müəyyən etmişdir. Sözügedən avtomobil avtoservisə aparılarkən qüsur aktında hansı detalların sıradan çıxmasını sübut edən heç bir fakt, məlumat olmayıb və həmin vaxtdada (avtomobil avtoservisə aparılarkən) cavabdehin iştirakı təmin edilməyib. Bununla da məlum olur ki, məhkəmə işin araşdırılmasını lazımı qaydada həyata keçirməmiş, mötəbər sübutların olmamasına baxmayaraq qətnamə qəbul etmişdir. Ona görə də Zaqatala Rayon Məhəkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(033)- 621/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(033)-621/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(033)-621/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. İş materialında olan Zaqatala Rayon Məhkəməsinin 3(033)-38/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh “barəsində qəbul edilən 25 yanvar 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməmişdir.
23. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh 09 yanvar 2022ci il tarixdə saat 19 radələrində əsas yolun hərəkət hissəsində özünə məxsus mal-qaranı nəzarətsiz qoymaqla yol hərəkəti qaydalarının pozduğuna görə onun barəsində Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X11 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Zaqatala RPŞ-nin polis leytenantı X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə 25 yanvar 2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. - Həmin qərardan görünür ki, Cavabdeh 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında əsas yolun hərəkət hissəsində özünə məxsus mal-qaranı nəzarətsiz qoymuş, nəticədə “Mercedes-Benz” Vita markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 xx.xx.2022-ci il tarixdə idarə etməni itirməsi nəticəsində ona məxsus bir baş iribuynuzlu heyvanı vurmuş, sonuncuya maddi zərər dəymişdir.
24. İş materialında olan “Avtoservis 100” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Mercedes-Benz VİTO 115 CDİ minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə hadisə zamanı dəymiş zərər 4485 manat həcmində qiymətləndirilir.
25. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 9/5334 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis 100” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı (cild İ.V 5) məlumatlarına əsasən 2008-ci il buraxılışlı mühərrikin iş həcmi 2148 sm3, Vaqon 7+1 yer, Mercedes-Benz VİTO 115 CDİ minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4440,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 3480,00 manat; təmir- bərpa işlərinin qiyməti 960,00 manat.
26. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 9/5334 nömrəli ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir.
27. İş materialında olan AC seriyalı 450506 nömrəli X4 Şəhadətnaməsinin surətindən görünür ki, **-XB-*** qeydiyyat nişanlı Mercedes-Benz VİTO 115 CDİ MİNİK markalı gümüşü metalik rəngli nəqliyyat vasitəsinin sahibi İddiaçıdur.
28. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında əsas yolun hərəkət hissəsində özünə məxsus malqaranı nəzarətsiz qoymuş, nəticədə “Mercedes-Benz” Vita markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 xx.xx.2022-ci il tarixdə idarə etməni itirməsi nəticəsində ona məxsus bir baş iribuynuzlu heyvanı vurmuşdur. X1 idarə etdiyi **-XB-*** qeydiyyat nişanlı Mercedes-Benz VİTO 115 CDİ MİNİK markalı nəqliyyat vasitəsinə zərər dəymişdir. Zərər dəymiş nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə onun barəsində Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X11 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Zaqatala RPŞ-nin polis leytenantı X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə 25 yanvar 2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Cavabdeh barəsində qəbul edilən 25 yanvar 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayətlə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və onun şikayəti Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(033)-38/2022 saylı qərarı ilə təmin edilməmişdir. “Avtoservis 100” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ** XB *** qeydiyyat nişanlı Mercedes-Benz VİTO 115 CDİ MİNİK markalı nəqliyyat vasitəsinə dəymiş zərər 4485 manat həcmində müəyyən edilmiş və iddiaçı qeyd edilən məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 9/5334 nömrəli ekspert rəyi ilə Mercedes-Benz VİTO 115 CDİ minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiyməti - 3480,00 manat; təmir- bərpa işlərinin qiyməti - 960,00 manat olmaqla təmir-bərpa xərci təxminən 4440,00 manat müəyyən edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş edir.
29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin rədd olunması üçün əsaslar yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur.
30. Eyni zamanda qeyd edilmişdir ki, cavabdeh daha sonra etiraz ərizəsində özünün təqsirli olmadığını, əslində iddiaçı tərəfindən ona ziyan ödənilməli olduğunu, dəymiş ziyanın 600-700 manat olduğunu bildirmişdir. Zərərin məbləği ilə bağlı ekspertiza təyin edilmiş, rəy alınmışdır. Hazırkı işdə təkrar ekspertiza keçirilməsinə lüzüm yoxdur. Ona görə ki, ekspert rəyinin kifayət qədər aydın və ya tam olmamasına dair əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən buna dair sübutlar da təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh qeyd olunan hadisə ilə bağlı təqsirli bilinmiş, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilsə də, onun şikayəti təmin edilməmişdir.
31. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir.
32. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcuddur. Mülki məsuliyyətin yaranması üçün vacib şərt olan hüquq pozanın təqsirinin olması isə iş materialları ilə sübuta yetirilmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
34. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
35. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
37. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
38. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(033)-621/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
40. Apellyasiya baxışı zamanı mübahisələndirilən məbləğ 5 min manatdan az olduğundan məhkəmə kollegiyasının qəbul etdiyi qətnamədən kassasiya şikayəti verilməsi istisna olunur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh X5 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(033)-621/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov