Məhkəmə qərarları › İş №2(107)-295/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-295/2023

16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-295/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin məbləğinin artırılması) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 2(063)-1024/2022 saylı, 5 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş 14 aprel 2013-cü il təvəllüdlü X7 və 29 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ucar Rayon Məhkəməsinin 2(063)-147/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğdə müəyyən edilməsi və həmin məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki Ucar Rayon Məhkəməsinin 2(063)-147/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından doğulmuş 14 aprel 2013-cü il təvəllüdlü X7 və 29 iyul 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay, hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirimi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Hazırkı şəraitdə onun bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməyi mümkün deyildir, uşaqlar məktəbdən kənar hazırlıqlara gedir, eyni zamanda təbii ki, onun xərcləri əvvəlki miqdarda deyil. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdırlar. İndiki halda onun tək öz gəliri hesabına və 220 manat məbləğində alimentlə bütün bu xərclərin öhədəsindən gəlmək imkanı olmadığına görə birgə nigahlarından 14 aprel 2013-cü il təvəllüdlü X7 və 29 iyul 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan aliment miqdarının artırılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin (hakim; H.Xəlilov) 5 dekabr 2022-ci il tаrixli, 2(063)-1024/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 14 aprel 2013-cü ildə doğulmuş X4 və 29 iyun 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Ucar Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(063)-147/2021 nömrəli qətnaməsinə əsasən sabit pul məbləğində hər ay, hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat müəyyən edilsin və həmin miqdarda aliment qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 14 aprel 2013-cü ildə doğulmuş X4 və 29 iyun 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Ucar Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(063)-147/2021 saylı qətnaməsi ilə hazırkı iş üzrə cavabdehdən 14 aprel 2013-cü ildə doğulmuş X4 və 29 iyun 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub hazırkı iş üzrə iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və hər ay, hər uşağa 193 manat olmaqla, cəmi 386 manat alimentin cavabdehdən alınmasını tələb etmiş, lakin cavabdehin həmin məbləği ödəməyə imkan verən gəlirlərinin olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə bu nəticəyə gəlir ki, uşaqların mənafeyi, habelə hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumu (2021-ci ildə 175 manat, 2022-ci ildə isə 193 manat olması) nəzərə alınaraq, onların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla hər ay, hər uşaq üçün 125 manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, cavabdehin iddiaya qarşı etirazı ilə bağlı qeyd edir ki, qanun qüvvəsini almış məhkəmə qətnaməsi ilə ondan uşaqlarının saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması qət edilmişdir, aliment ödəyən valideyinin kifayət qədər qazanca malik olmaması onun uşaqlarını saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2, 100.1 və 112.1-ci maddləri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13 və 19-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək alimentin məbləğinin artırılaraq hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğdə müəyyən edilməsi və həmin məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(063)-1024/2022 saylı qətnaməsi ilə alimentin sabit pul məbləğində ödənilməsi tələbinə dair iddia qismən təmin edilmişdir. Belə ki, Ucar Rayon Məhkəməsinin 2(063)-1024/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bildirmək istəyir ki, uşaqların yaşı böyükdür. Uşaqlar böyüdükcə onların problemləri də artır. Hesab edir ki, bir uşağa 125 (yüz iyimi beş) manat məbləğində aliment uşaqlarımın heç dərs ləvazimatlarına kifayət etmir. Uşaqların saxlanılması üçün zəruri oları vasitələr tək dəftər kitabdan ibarət deyildir. Yeməkləri bir kənara, onların geyimləri çox bahadır. Hesab edir ki, 125 manat vəsaitlə bir uşağın problemlərini qarşılamaq çox çətindir. Odur ki, Ucar Rayon Məhkəməsinin 2(063)-1024/2022 saylı, 5 dekabr 2022 ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bigər nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün Ucar Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər uşağa görə 193 manat olmaqla 386 manat məbləğində alimentin məndən tutulmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat alimentin tutulması müəyyən edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilə razı deyil və şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməsini xahiş edir. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, uşaqlar azyaşlı olduğundan guya işləyə bilmir, təkcə aliment məbləği ilə dolanırlar. Qevd edir ki, iddiaçının göstərdiyi hal həqiqətə uyğun deyil. İddiaçı xadimə işləyir, anası ilə yaşayır, anası da pensiya alır, o hər ay tutulmalı aliment məbləğini ödəyir. O, məhkəmə qətnaməsi ilə üzərinə düşən aliment öhdəliyini ödəsə də, iddiaçı onunla uşaqların ünsiyyətinə mane olur. Baxmayaraq ki, uşaqlarla ünsiyyətə dair tələbi təmin olunmuşdur, lakin iddiaçı və iddiaçının anası təzyiqlər edərək uşaqlarla görüşünə mane olurlar. Hətta Abşeron rayon icra şöbəsində uşaqlarla görüş üçün gedəndə hər dəfə uşaqları nənəsi gətirir. Nəzərinizə çatdır ki, uşaqların nənəsi xəstədir, hətta çəliklə və çətinliklə yeriyir. Buna görə də vəkili Abşeron icra şöbəsində uşaqların nənəsindən soruşdu ki, nəyə görə uşaqları siz gətirirsiz? Axı siz həm yaşlı, həm çəliklə ağır yerivirsiz, sizə əziyyət olur. İddiaçının anası onda bildirdi ki, uşaqların anası işləyir, onun uşaqları gətirməyə vaxtı yoxdur, ona görə mən gətirirəm. Göründüyü kimi iddiaçı çalışır və illərdir vəkilin xidmətlərindən istifadə edir. Hətta uşaqlara görüş üçün icra şöbəsinə də iddiaçının anası vəkilləri ilə gəlir. Təkcə aliment məbləğinə dolanan adam illərdir vəkilə necə xidmət haqqı ödəyir? Göründüyü kimi onların yeganə dolanacaq mənbəyi aliment məbləği deyildir. Deməli onların vəkilin xidmət haqqını ödəməyə də, dolanmağa da kifayət qədər gəlirləri vardır. O ki qaldı məhkəmə qətnaməsinə, hesab edir ki, məhkəmə qətnaməsi ədalətli və qanuni olduğundan dəyişdirilmədən saxlanmalıdır. Belə ki, o heç yerdə rəsmi olaraq çalışmır, fəhlə kimi işləyir. Gündəlik qazancı 8-10 manat civarında olur və həmin məbləğdən də övladlarının saxlanması üçün aliment ödəyir, qalan məbləğ isə onun yaşayışı üçün tam kifayət etmir. Əgər məhkəmə qətnaməsi ilə alimentin məbləği artırılsa, o halda onun həmin məbləği ödəmək iqtidarı olmayacaq. Belə olan halda məhkəmə qətnaməsinin icrası mümkün olmayacaq və nəticə etibarilə onun barəsində inzibati xəta və ya cinayət məsuliyyəti ilə bağlı tədbirlər görüləcək. Bu cür tədbirlərin görülməsi də onun həmin artırılmış məbləği ödəmək imkanını artırmayacaq. Halbuki hazırda iş tapan kimi gündəlik fəhlə kimi çalışmaqla hər uşağa görə 125 manat olmaqla, 250 manat alimenti ödəyir. O cümlədən nəzərə çatdırır ki, uşaqları saxlamaq və onlara baxmaq hər iki valideynin həm vəzifəsi, həm də borcudur. Deməli o uşaqlarına aliment ödəyirsə, eyni zamanda uşaqların anası da onları maddi cəhətdən təmin etməlidir. İddiaçı isə ana kimi öz hüquqlarından sui istifadə edir, həm uşaqların, həm də onun hüquqlarını pozaraq onun uşaqlarında ünsiyyətinə mane olur. Qanundan da görünür ki, uşaqlar üçün aliment tutularkən tərəflərin maddi vəziyyəti, uşağın əvvəlki təminatı nəzərə alınmalıdır. Odur ki, nəzərinizə çatdırır ki, onların nikahı pozulmazdan əvvəl də biz Ucar şəhərində yaşamışlar və o gündəlik fəhlə kimi çalışmışdır. Ailəsini günəmuzd fəhlə qazancı ilə saxlamışdır. Göründüyü kimi onun əlavə ödəmək imkanı yoxdur. Odur ki, İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin 2(063)-1024/2022 saylı, 5 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, Ucar Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Apellyasiya şikayətinə 16 fevral 2023-cü il tarixdə, saat 11:00-da şifahi icraat qaydasında baxılacaqdır. Bildir ki, 2 övladı var. Təhsil alırlar. Onların saxlanılması, təhsili və digər ehtiyacları üçün onların yanlarında qalmalıdır. Ona görə də məhkəmə iclasında iştirak edə bilmir. İştirak edə bilməməyinin səbəbi həm maddi, həm də mənəvi gücünün olmamasıdır. Hər birimizə məlumdur ki, Şəki şəhəri ilə Bakı şəhəri arasında məlum məsafə vardır. Şəki şəhərinə gəlib qayıtmağı üçün ona müəyyən məbləğ lazımdır. Bildir ki, iddianı müdafiə edir. Odur ki, verdiyi apellyasiya şikayətini təmin etməyinizi və onun iştirakı olmadan qərar qəbul etməyinizi xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı qismən mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ucar Rayon Məhkəməsinin 2(063)-1024/2022 saylı, 5 dekabr 2022-ci il tarixli qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 5 dekabr 2022ci il tаrixli, 2(063)-1024/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 14 aprel 2013-cü il təvəllüdlü X7 və 29 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ucar Rayon Məhkəməsinin 2(063)-147/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğdə müəyyən edilməsi və həmin məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Ucar Rayon Məhkəməsinin 2(063)-1024/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər uşağa görə 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bildirmək istəyir ki, uşaqların yaşı böyükdür. Uşaqlar böyüdükcə onların problemləri də artır. Hesab edir ki, bir uşağa 125 (yüz iyimi beş) manat məbləğində aliment uşaqlarımın heç dərs ləvazimatlarına kifayət etmir. Uşaqların saxlanılması üçün zəruri oları vasitələr tək dəftər kitabdan ibarət deyildir. Yeməkləri bir kənara, onların geyimləri çox bahadır. Hesab edir ki, 125 manat vəsaitlə bir uşağın problemlərini qarşılamaq çox çətindir. Məhkəmə kollegiya apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə kollegiyası şikayətin həmin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün hər uşağa 125 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tаrixli, 2(063)-1024/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tаrixli, 2(063)-1024/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar