Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-295/2025 08.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(039)-64/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ona vurmuş olduqları maddi ziyanın əvəzi olaraq 7000 manat pulun, həmçinin dövlət rüsumunun əvəzi kimi 90 manat olmaqla cəmi 7090 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, hazırda Yevlax şəhəri Nizami prospekti bina 31, mənzil 9-da yaşayır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Hazırkı iş üzrə Cavabdeh1 onun qardaşı, digər Cavabdeh2 qardaşının arvadıdır. O, anası və uşağı ilə birlikdə həmin evdə yaşamış, təxminən 2020-ci ildə “Coronavirus pendemiyası” zamanı Sahib və Cavabdeh2lar yaşamağa yerlərinin olmadığını bildirərək ona məxsus olan evə yığışmış və onlarla birlikdə yaşamağa başlamışlar. Lakin aralarında çoxsaylı söz-söhbətlər, narazılıqlar olduğu üçün o anasını və uşağını götürərək kirayəyə çıxmışdır. Yəni o, öz evi ola-ola kirədə yaşamağa məcbur olmuşdur. Çünki münasibətləri o, həddə çatmışdır ki, hər gün onların evinə polis gəlmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmiş, onun tərəfindən 3000 manat ödənildiyindən cavabdehlərin 3 gün müddətinə həmin mənzildən çıxarılmaları qərara alınmışdır. Bundan bir neçə gün sonra cavabdehlər evdən çıxmışlar. Hazırda mənzil onun sahibliyindədir. Lakin həmin mənzil onun mülkiyyətində və sahibliyində olsa da, o, mənzildən istifadə edə bilmir. Çünki hər iki cavabdeh bu son 2-3 il ərzində onun mənzilini bərbad günə salmışlar. Evin tavanı, divarları, polu, mətbəxi, sanitar qovşağı, hamamı və s. yararsız vəziyyəti düşmüşdür. Mənzilə daxil olmaq, orada yaşamaq qeyri-mümkündür. Sanki bu 2-3 il ərzində ev bir dəfə də olsun təmizlənməmişdır. O, hazırda hər iki cavabdehdən ona dəymiş olan ziyanı tələb edir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında neçə illərdi evlərində dava-dalaş olduğundan öz evindən kənarda kirayələrdə yaşamağa məcbur qaldığını, uzun müddətli məhkəmə çəkişmələri nəticəsində mənzilinin ona təhvil verildiyini, cavabdehlər mənzildən çıxan günü onlarla qarşılaşmamaq üçün kənarda gözlədiyini, icra məmurları tərəfindən mənzilin aktla ona təhvil verildiyini, həmin aktda mənzilə ziyan vurulması ilə bağlı qeydlər etmədiyini, mənzilə daxil olduqdan sonra oranın bərbad hala salındığını müəyyənləşdirdiyini, cavabdehlər mənzildən çıxan günü mənzilin üzərində tarixi qeyd olunan foto və video görüntülərini çəkərək iddiasına əlavə etdiyini, başqa sübutunun olmadığını bildirmiş, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır.
5. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh mərhum Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, 2 otaqlı mənzilin 1 otağında digər cavabdeh olan arvadı Cavabdeh2 ilə birlikdə yaşadıqlarını, digər otaqda isə iddiaçının əşyaları yığılmaqla onun özü tərəfindən daima bağlı saxlanıldığını, evin təmirində olan çatışmazlıqların 1995-ci ildən yarandığını, həmin evdə yaşayan dövrdə evin qızdırılması üçün dəhlizdə odun peçi istifadə etdiyini, onlar yəni cavabdehlər tərəfindən bacısının hazırda mübahisələndirdiyi mənzilə hər hansı ziyan vurulmadığını bildirmiş, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
6. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul maddi ziyan tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilməsi qərara alınmışdır.
7. Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(039)-64/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı maddi ziyan tələbi haqqında iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddiaçı X2 150 manat ekspertiza xərcinin tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ**********0000003944; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər bacı, qardaş və sonuncunun arvadı olmaqla qohumluq münasibətində olmuşlar. ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə yaşamış, ötən ilin iyul ayının əvvələrində müvafiq məhkəmə qətnaməsi əsasında təsdiq olunmuş barışıq sazişinə əsasən həmin dövdə mənzildən çıxmışlar. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. İddiaçı X5 məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan mənzilə ziyan vurulması ilə bağlı sonunculara qarşı maddi ziyan tələbinə dair məhkəmədə iddia qaldırsa da, bu halı təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mənzildən çıxan günü iddiaçı mənzilin üzərində tarixi qeyd olunan foto və video görüntülərini çəkərək iddiasına əlavə etdiyini bildirsə də, məhkəmə iclasında iddiaçının iştirakı ilə həmin sübut tədqiq olunarkən qeyd olunan hal sübuta yetməmiş, habelə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/7008 saylı ekspert rəyində ünvan 3 evin 7 saylı ünvanında yerləşən mənzilin mətbəx və dəhliz tikililəri hislənmiş vəziyyətdə olduğundan ziyan dəydiyi müəyyən edilmişdir ki, bu hislənmədə cavabdehlər mənzildə yaşadıqları zaman mənzildə odun peçindən istifadə etdiklərindən yaranmışdır. Mülki qanunvericilik mülki hüquq pozuntusu-yəni deliktin yaranması üçün hüquqla və ya qanunla müdafiə edilən zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməli əsas şərt kimi göstərmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının iddia etdiyi mənzilin cavabdehlər tərəfindən yararsız vəziyyətə salınması işdə olan mövcud sübutlar əsasında müəyyən olunmur, bu səbəbdən onların üzərinə hər hansı bir vəzifə qoyulmamalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş əsassız bir qətnamə ilə o, öz mülkiyyətindən (7000 manat məbləğində pulundan) məhrum olmuşdur.
15. Məhkəmə belə bir nəticəyə gələrkən səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cüil tarixli 10/2491 saylı ekspert rəyindən görünür ki, Yevlax şəhəri H.Hacıyev küçəsində yerləşən 22 saylı evin, 7 saylı mənzilinə baxış keçirilən zaman, mənzildə təmir aparıldığı, mənzilin ilkin vəziyyətdə saxlanılmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzil ilkin vəziyyətdə saxlanılmadığından mənzilə vurulmuş ziyanın məbləğini müyyən etmək mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində, Yevlax şəhəri H.Hacıyev küçəsində yerləşən 22 saylı evin 7 saylı mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin usta haqqı da daxil olmaqla, mövcud bazar qiymətinə uyğun ümumi dəyərinin təqribən 5894 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspert rəyi ilə onun evi təhvil aldıqdan sonra ona ən azı 5894 manat məbləğində xərc çəkməyi təsdiq olunur (hansı ki, reallıqda bu məbləğdən daha çox xərc çəkilmişdir).
16. Apellyasiya şikayətinə əlavə etdiyi telefon vasitəsilə çəkilmiş fotoşəkillərin “Ayrıntılar ” bölməsindən görünür ki, həmin fotoşəkillər o, evi təhvil aldıqdan sonra - yəni 2023-cü ilin iyul ayının 6 və ya 7-də çəkilmişdir (həmin hallara dair diski də məhkəmədə təqdim edəcəkdir). Həmin sübutdan görünür ki, evin bərbad olması barədə fotoşəkillər məhz ev təhvil alındıqdan sonrakı günlər çəkilmişdir.
17. Odur ki, Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(039)-64/2024 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh2 ona vurmuş olduğu maddi ziyanın əvəzi olaraq 7000 manat pulun, həmçinin dövlət rüsumunun əvəzi kimi 90 manat olmaqla, cəmi 7090 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(039)-64/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(039)-64/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyator Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(039)-64/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı cavabdehin onun əmlakını yararsız hala salması səbəbli cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir.
30. Hazırkı iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 22-də yerləşən 63.6 kv/m-dən ibarət 7 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə rəsmiləşdirilmişdir. İddiaçı mərhum qardaşı Cavabdeh1, həmçinin sonuncunun arvadı Cavabdeh2 təxminən 2020-ci ildə “Coronavirus pendemiyası” zamanı yaşamağa yerlərinin olmaması səbəbli ona məxsus olan evə yığışaraq onlarla birlikdə yaşamağa başladıqlarını, lakin aralarında narazılıqlar olduğu üçün onun anasını və uşağını götürərək kirayəyə çıxdığını, öz evi ola-ola kirədə yaşamağa məcbur olduğunu, cavabdehlərin 2023-cü ilin iyul ayında evdən çıxdıqlarını, cavabdehlər son 2-3 il ərzində onun mənzilini bərbad hala saldıqlarını, evin tavanının, divarlarının, polunun, mətbəxinin, sanitar qovşağının, hamamının və sairənin yararsız vəziyyətə düşdüyünü, beləliklə cavabdehlərin mənzilini yararsız hala saldıqlarını əsas gətirərək, onlardan vurulmuş maddi ziyanın əvəzi olaraq 7000 manat pulun alınaraq ona ödənilməsini tələb etmişdir. Lakin cavabdehlərdən Cavabdeh1 20 sentyabr 2024-cü il tarixdə vəfat etməsi nəzərə alınaraq birinci instansiya məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin Cavabdeh1 aid hissəsində iş üzrə icraata xitam verilmişdir. Cavabdeh2 isə iddia tələbinə münasibət bildirməmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
33. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyi ilə onun evi təhvil aldıqdan sonra ona ən azı 5894 manat məbləğində xərc çəkməyinin təsdiq olunması, reallıqda bu məbləğdən daha çox xərcin çəkilməsi, apellyasiya şikayətinə əlavə etdiyi telefon vasitəsilə çəkilmiş fotoşəkillərin onun evi təhvil aldıqdan sonra - yəni 2023-cü ilin iyul ayının 6 və ya 7-də çəkilməsi, həmin sübutdan evin bərbad olması barədə fotoşəkillərin məhz ev təhvil alındıqdan sonrakı günlər çəkilməsinin görünməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin 01 avqust 2023-cü il tarixli və 11 mart 2024-cü il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir.
34. Birinci instansiya məhkəməsinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə 11 mart 2024-cü il tarixli qərardadının icrası üzrə verilmiş və iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2491 nömrəli ekspert rəyindən görünür ki, Yevlax şəhəri, H.Hacıyev küçəsində yerləşən 22 saylı evin, 7 saylı mənzilinə baxış keçirilən zaman, mənzildə təmir aparıldığı, mənzilin ilkin vəziyyətdə saxlanılmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzil ilkin vəziyyətdə saxlanılmadığından mənzilə vurulmuş ziyanın məbləğini müyyən etmək mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində, Yevlax şəhəri, H.Hacıyev küçəsində yerləşən 22 saylı evin, 7 saylı mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin usta haqqı da daxil olmaqla, mövcud bazar qiymətinə uyğun ümumi dəyərinin təqribən 5894 manat məbləğində olduğu müəyyən edilmişdir.
35. Rəydən göründüyü kimi mənzil ilkin vəziyyətdə saxlanılmadığından mənzilə vurulmuş ziyanın məbləğini müyyən etmək mümkün olmamışdır. Ekspert tərəfindən müəyyən edilmiş 5894 manat isə vurulmuş ziyanın deyil, aparılan təmin bərpa işlərinin dəyəri olaraq müəyyən edilmiş bir məbləğdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair qərardadın icrası üzrə verilmiş xx.xx.2024-cü il tarixli 10/2491 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, iddiaçı tərəfindən mənzilin cavabdeh tərəfə hansı vəziyyətdə təhvil verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
38. İddiaçı tərəfindən mənzilin cavabdeh tərəfə təhvil verilmə vəziyyəti, cavabdeh tərəfindən mənzilin yararsız hala salınmaqla iddiaçıya ziyan vurulması barədə sübutlar təqdim edilmədiyindən, cavabdeh tərəfdən də iddianın etiraf edilməsinə yönəlmiş hər hansı bir mövqe ifadə edilmədiyindən, birinci instansiya məhkəməsi sonradan təhvil alınan mənzildə nəyinsə yararsız olmasının məhz Cavabdeh2 aid edilməli olmasını əsaslı hesab etməməkdə doğru mövqedən çıxış etmişdir.
39. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
41. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
43. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(039)- 64/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(039)-64/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.