Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-297/2021 03.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X5 oğlunun iclas katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə Zərdab Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tаrixli, 2(035)-245/2020 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 5255.6 manat, cərimə borcuna görə 4400 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 9685.6 manat tutularaq "İddiaçı” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tаrixli, 2(035)-245/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı MMC Apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 16 avqust 2017-ci il tarixli, 17-256-6286 saylı müqavilənin 51-ci maddəsinə əsasən fors-major şəraitində (hərbi vəziyyət, sel. daşqınlar, blokada şəraiti, tərəflərdən aslı olmayan ümumi tətil və təbii fəlakətlər) müqaviləyə əsasən götürülən öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. Sözü gedən 16.08.2017-ci il tarixli. 17-256-6286 saylı müqavilənin 5.2-cü bəndində görünür ki. fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri ekstrimal şəraitdədirsə və müqavilə öhdəliklərini yerinə yetirə bilmirsə, fors major şəraiti qutaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir. Yenidən həmin müqavilənin 5.3-cü bəndinə nəzər salsaq bizə məlum olacaq ki. fors major şəraitindən sonra tərəflər yenidən məsuliyyət daşıyırlar. Beynəlxalq hüquq sistemində "fors-major" (fransız dilindən tərcümədə "fövqəl güc" kimi tərcümə edilir) elə bir müqavilə şərtidir ki, fors-major sayıla bilən hallardan biri baş verərsə onda, bu tərəflərə müqaviləyə bütünlüklə və ya qismən xitam vermək və ya müqavilənin icrasını dayandırmaq hüququ verir. Bir qayda olaraq fors-major tərəfləri müəyyən fövqəladə hadisələr zamanı mülki məsuliyyətdən azad etmək üçün nəzərdə tutulur. Forsmajor halları tərəflərin iradəsindən kənar baş verən elə bir hallardır ki, onların baş verməsi tərəflər üçün gözlənilən deyil və bu hallar müqavilənin icrasının qeyri-qanuni, kommersial olaraq qeyri-mümkün, məsləhətli olmayan sayılmasına gətirib çıxarır. Müqavilənin forsmajor sayılan bölməsi təsbit edə bilər ki, fors-major hallarında müəyyən dövrə qədər müqavilənin icrası müvəqətti olaraq dayandırılıb. Ona görə də Zərdab Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tаrixli, 2(035)-245/2020 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı MKT ilə cavabdeh arasında xam pambığın alqı-satqısına dair 16 avqust 2017-ci il tarixli, 17-256-6286 nömrəli müqavilə bağlanmış, həmin müqavilə şərtlərinə görə cavabdehə 5273.6 manat məbləğində avans vəsait verilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh göstərilən avans məbləğini almasına baxmayaraq xam-pambıq təhvil verməmiş və müqavilə şərtlərini pozmuş, cəmi 18 manat dəyərində vəsaiti geri qaytarmışdır. Cavabdehin dediyi şəxsi, yəni Yusif adlı şəxsi tanımırlar, həmin şəxslə də heç bir müqavilə öhdəlikləri olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclsında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, o həqiqətən də icarəyə götürdüyü torpaq sahəsində pambıq əkibbecərmək məqsədilə iddiaçı MKT-dən 5273 manat məbləğində avans götürmüşdür. Lakin toxumu səpib, bir müddət sahəyə qulluq etsə də, sonradan işi başa catdıra biməmiş, MKT ona əlavə heç bir köməklik göstərməmişdir. Bundan sonra Ucar rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsi ondan alınaraq, X3 verilmiş, pambığın bəhrəsini də həmin şəxs götürmüşdür. Ona görə də hesab edir ki, ona qarşı heç bir iddia verilə bilməz. Odur ki, Zərdab Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası tərəflərin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tаrixli, 2(035)-245/2020 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC, "MKT-Zərdab” filialı və Cavabdeh arasında bağlanmış 16.08.2017-ci il tarixli 17 *** **** saylı müqaviləyə əsasən cavabdeh 22.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 44.0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin icrasına görə iddiaçıdan 5273.6 manat məbləğində avans götürmüş, müqavilə şərtlərinə görə götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh iddiaçıya xam-pambıq təhvil verməmiş və müqavilə şərtlərini pozmuşdur. Cavabdeh götürdüyü avans məbləğindən 18 manat geri qaytarmış, onun avansa görə iddiaçıya 5255.6 manat borcu qalmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığm 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 4400 manat təşkil edir. Bununla da cavabdehin iddiaçıya 5255.6 manat əsas borcu, cəriməyə görə 4400 manat, cəmi 9685.6 manat borcu yaranmışdır.Tələb olunmasına baxmayaraq borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olmaqla qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsaslıdır. Belə ki, İddiaçı MMC, "MKT-Zərdab” filialı və Cavabdeh arasında bağlanmış 16.08.2017-ci il tarixli 17 *** **** saylı müqaviləyə əsasən cavabdeh 22.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 44.0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin icrasına görə iddiaçıdan 5273.6 manat məbləğində avans götürmüş, müqaviləşərtlərinə görə götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh iddiaçıya xam- pambıq təhvil verməmiş və müqavilə şərtlərini pozmuşdur. Cavabdeh götürdüyü avans məbləğindən 18 manat geri qaytarmış, onun avansa görə iddiaçıya 5255.6 manat borcu qalmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığm 1-ci növ qiyməti ilə (1-ci növ xampambığm 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği iddiaçının hesablanmasına görə 4400 manat təşkil etmişdir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, iş üzrə cavabdeh Cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçı İddiaçı MMC – yə borclu qalmışdır. Bundan əlavə, işin faktiki halından göründüyü kimi mövcud müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmış və müqaviləni iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmaqla, məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Kollegiya iddiaçı tərəfindən hesablanmış cərimə məbləği ilə tam razılaşmır və hesab edir ki, hesablanmış cərimə məbləği tənasübsüz şəkildə yüksək olmaqla, ağlabatan deyildir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır . Kollegiya hesablanmış cərimə məbləğini həddən artıq yüksək hesab edərək, 100 manatadək azaldılmasını daha məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tаrixli, 2(035)-245/2020 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 5255.6 manat, cərimə borcuna görə 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 5385.6 manat alınaraq "İddiaçı” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tаrixli, 2(035)-245/2020 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 5255.6 manat, cərimə borcuna görə 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 5385.6 (beş min üç yüz səksən beş manat 6 qəpik) manat alınaraq "İddiaçı” MMC-yə ödənilsin. İddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-297/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-297/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver