Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-299/2023 21.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi üzrə (Açar sözlər: Aliment miqdarının artırılması) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(075)-2186/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-1809/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 31 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün tutularaq ona ödənilən 110 manat alimentin miqdarını 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğində bir uşağa görə nəzərdə tutulmuş 193 manat məbləğinə artırılması, Şəki 1 saylı Meiasiya Təşkilatının hesabına ödədiyi 50 manat mediasiya xərcinin və Şəki Regional vəkil bürosunun hesabına ödədiyi 50 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1890/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Şəki Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(075)-5510/2015 nömrəli qətnaməsi ilə 31 yanvar 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş 75 manat alimentin məbləği artırılaraq hər ay 110 (yüz on) manat müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1890/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təyin оlunmuş аliment hаzırki şərаitdə uşağın həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına, habelə məktəbə gedib-gəlməsi üçün, məktəb ləvazımatları, məktəblilər üçün müəyyən olunmuş vahid geyim formaları almaq üçün uşаğın artan tələbatlarını ödəmir. Bundan əlavə son illər onun səhhətində baş verən görmə qabiliyyəti zəiflədiyindən davamlı həkim müayinələrində olmaqla əməliyyat olunmağının vacib olması səbəbli işləmək iqtidarında deyil, habelə həkim müayinələrinə gedib-gəlmək üçün əlavə xərcləri olduğu üçün 31 yanvar 2013-cü il təvəllüdlü X1 üçün təyin olunmuş alimentlə qızının həyat fəaliyyətinin səviyyəsini minumum səviyyədə ödəyə bilmir və hər iki səbəbdən dolanışıq səviyyələri minimum həddən də aşağıdır. Şəki Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 2(075)-477/2016 nömrəli qətnaməsi ilə Cavabdeh hər həftənin bazar günləri səhər saat 11:00-dan axşam saat 18:00-dək uşağı, 31 yanvar 2013-cü il təvəllüdlü X5 ilə görüşərək ünsiyyətdə olması təmin edilməsinə baxmayaraq Cavabdeh övladına olan ögey münasibəti səbəbli bu günə kimi qızı ilə ünsiyyətdə olmamış və ya maraqlanmamışdır. Təyin olunmuş aliment uşağın zəruri tələbatını ödəmir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, İddiaçı ilə 21 sentyabr 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 31 yanvar 2013- cü il təvəllüdlü X5 adlı bir övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrımışlar. Şəki Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(075)- 5510/2015 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan uşaqları 31 yanvar 2013-cü il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanılmış, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay üçün sabit pul məbləğində 75 manat alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, sonradan iddiaçı uşağın maddi ehtiyaclarının artmasını əsas gətirərək aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir və Şəki Rayon Məhkəməsinin 2(075)-1890/2019 saylı, 22 oktyabr 2019- cu il tarixli qətnaməsinə əsasən Şəki Rayon Məhkəməsinin 24 noyabr 2015ci il tarixli, 2(075)-5510/2015 nömrəli qətnaməsi ilə 31 yanvar 2013-cü il təvəllüdlü X1 üçün təyin edilmiş 75 manat alimentin məbləği artırılaraq hər ay 110 (yüz on) manat müəyyən edilmişdir. Göstərmişdir ki, məhkəmə qətnaməsi ilə təyin olunmuş 110 manat məbləğində alimenti hər ay vaxtı-vaxtında ödəmişdir. Bundan başqa uşaqların paltarlarını, məktəb ləvazimatlarını və digər ehtiyaclarını özü almışdır. Hər həftənin bazar günü uşaqla görüşür. Uşaqla görüşdükdə də onun üçün zəruri olan ehtiyaclarını qarşılamışdır. İddiaçının alimenti artırmaqda məqsədi özü üçün qazanc götürməkdir. Bildirmişdir ki, iddiaçıdan ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan da iki azyaşlı övladı vardır. Uşaqlarından birinin səhhətində xəstəlik vardır. Belindən əməliyyat olunmalıdır. Uşağını əməliyyat etdirməyə maddi imkanı yoxdur. Bundan başqa himayəsində yaşlı ata və anası vardır. Valideynlərinin heç biri təqaüd almır. Özü iş olanda fəhləlik eləməklə qazanc əldə edir. Maddi imkanı aşağıdır. Onun artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. 110 manatdan əlvə olaraq 5 manat ödəyə bilər. Təyin olunmuş alimenti vaxtı-vaxtında ödəyir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 02 dekabr 2022-ci il tarixli, 2(075)- 2186/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 31 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1809/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 120 manat məbləğində müəyyən edilməsi və həmin aliment məbləği tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, 50 manat ekspertiza xərci, həmçinin Şəki Regional vəkil bürosunun hesabına ödənilmiş 50 manat xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)- 1809/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 31 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin ikinci dəfə ailə quraraq həmin nikahdan da 2 azyaşlı uşağının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 112.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə zalında tərəfindən məhkəmə təqdim etdiyi sübutlar araşdırmamış və onlardan istifadə etməmişdir. Belə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin ikinci dəfə ailə quraraq həmin nikahdan da 2 azyaşlı uşağının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilmə qənaətinə gəlməklə onun xəstəliyini, bu səbəbdən işləmək iqtidarında olmamağını, 2022-ci il üçün yaşayış minimum haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğini nəzərə almamışdır. Qeyd edir ki, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyi üçün bunu sübut etmək onun üzərinə düşməz. Onun uşağı üçün 2022-ci ilə olan yaşayış minimumu məbləğindən az olmayan həddə aliment tələb etmək hüququnun olmasına baxmayaraq, məhkəmədən 193 manat məbləğindən az olmayan aliment pulunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə cavabdehi də düşünmüşdür. Onu da qeyd edir ki, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci mаddəsində verilmiş tərifdən görünür ki, yaşayış minimumu dedikdə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusunun dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. O ailə qurandan sonra ər evində xəstələndiyi üçün və onun xəstəliyini görən cavabdeh xəstə olmağını bəhanə gətirərək onu və uşağını atmış, onların qayğısına qalmaqdan imtina etməsi səbəbli ayrılmışlar. Buna baxmayaraq xəstə olmağı, işsiz olmağı, əlavə gəlir yerinin olmamasını, övladının onun himayəsində olması və sair halları nəzərə almayan məhkəmə onun iddia tələbini qismən təmin etməklə, övladının haqqının yeyilməsinə şərait yaratmışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-2186/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən təmin olunaraq müəyyən olunmuş aliment məbləğinə aid hissədə dəyişdirilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-1809/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 31 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün tutularaq ona ödənilən 110 manat alimentin miqdarını 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğində bir uşağa görə nəzərdə tutulmuş 193 manat məbləğinə artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunraq, alimentin artırılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 02 dekabr 2022ci il tarixli, e-2(075)-2186/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Kassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(075)-2186/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsinin dəyişdirilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(075)- 2186/2022 nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin 120 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan uşaqları 31 yanvar 2013-cü il təvəllüdlü X5 iddiaçının himayəsindədir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 31 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək artırılmalıdır. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 193 manat aliment ödəmək imkanına malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, alimentin məbləğinin 140 manat sabit pul məbləğində müəyyən edilməsi daha məqsədə müvafiqdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(075)-2186/2022 saylı qətnaməsi dəyişdirilməli, 31 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(075)-2186/2022 saylı qətnaməsi dəyişdirilsin. Şəki Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(075)-2186/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat alimentin miqdarı artırılaraq 31 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-299/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-299/2023
21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver