Məhkəmə qərarları › İş №2(107)-3/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-3/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-3/2021 24.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6, X3 və X1 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(046)-91/2018 saylı qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi X7 və Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(046)-91/2018 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia qismən təmin edilmiş, 04.03.2015-cü il tarixli GY- 1307 saylı kredit müqaviləsi üzrə 31960 (otuz bir min doqquz yüz altmış) ABŞ dolları əsas, 8632 (səkkiz min altı yüz otuz iki) ABŞ dolları 47 (qırx yeddi) sent faiz, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 40642 (qırx min altı yüz qırx iki) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan ünvan 2əsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 110000 (bir yüz on min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, əldə edilən vəsaitdən 40642 (qırx min altı yüz qırx iki) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissəsi 25 (iyirmi beş) manatın, ödənilmiş 38 (otuz səkkiz) manat notariat xidmət haqqının İddiaçı ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manatının müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 5 (beş) manatının İddiaçı ASC-yə aid edilməli, 70 (yetmiş) manat məhkəməmühasibatlıq ekspertizası xərcinin 60 (altmış) manatının müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 10 (on) manatının İddiaçı ASC-yə aid edilməsi, iş üzrə 200 (iki yüz) manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 160 (bir yüz altmış) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 40 (on) manatının İddiaçı ASC-yə aid edilməsi, (VÖİN **********, H/H: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov Filialı M/H:AZ37NABZ********************, Kod:200093 hesabı), iş üzrə sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Cavabdeh2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X2 və X1 qarşı iddia qaldıraraq, 04 mart 2015-ci il tarixli, GY-1307 saylı kredit müqаviləsi üzrə yaranmış 31960 ABŞ dolları əsas borc, 9434 ABŞ dolları faiz borcu, 1036 ABŞ dolları cərimə olmaqla, cəmi 42430 ABŞ dolları borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, 04 mart 2015-ci il tarixli, GY-1307 saylı kredit müqаviləsi üzrə borcun ipoteka qoyulmuş, ünvan 2əsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin evin açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş ünvan 2əsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 103700 manat məbləğində müəyyənləşdirilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 04 mart 2015-ci il tarixli, GY-1307 saylı kredit müqаviləsi üzrə yaranmış cəmi 42430 ABŞ dolları məbləğində borcun ödənilməsi, dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək bildirmişdir ki, 04 mart 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış GY-1307 saylı kredit müqaviləsi əsasən Cavabdeh1 36 аy müddətinə, illik 18 fаiz оlmаqlа 40000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin tarixdə kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur. 04 mart 2015-ci il tarixdə bağlanmış 09 sentyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya görə mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göyçay şəhəri, R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmintı kimi ipotekaya qoyulmuşdur. İpoteka predmeti 103700 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqаviləsi üzrə öhdəliklərini bаnk qаrşısındа tаm icrа etməyən bоrclunun hesаblаşmаlаrа görə iddiаçıyа 31960 ABŞ dolları əsas borc, 9434 ABŞ dolları faiz borcu, 1036 ABŞ dolları cərimə olmaqla, cəmi 42430 ABŞ dolları bоrcu qаlmışdır. Cavabdeh1 dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və bildirmişdir ki, 04 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 36 ay müddətinə illik 18 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 40000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin tarixdə kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ona zamin durmuşdur. 04 mart 2015-ci il tarixdə bağlanmış ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya əsasən Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank tərəfindən cərimə borcu yüksək hesablanmışdır. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X8 məhkəmə iclasında iddianı qismən qəbul etmiş və bildirmişdir ki, 04 mart 2015-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 18 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 40000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin tarixdə kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur. 04 mart 2015-ci il tarixdə bağlanmış, ipoteka müqaviləsinə görə Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank tərəfindən cərimə borcu yüksək hesablanmışdır. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı ASC-nin nümayəndəsi X7 və Cavabdeh1 apellyasiya şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qanunsuz hesab edir. Belə ki, məhkəmə cərimə məbləğini azaldaraq 50 ABŞ dolları müəyyən etməklə iddiaçının əmlak mənafelərin nəzərə almamışdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tаrixli, 2(046)-91/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan daşınmaz əmlakın qiyməti ilə bağlı hissəsindən narazıdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tаrixli, 2(046)-91/2018 saylı qətnaməsinin Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda olan 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 110000 manat məbləğində qiymətləndirilməsi hissəsində ləğv edilməsini, sözügedən yaşayış evinin ilkin satış qiymətinin 265000 manat olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tаrixli, 2(046)-91/2018 saylı qətnaməsinin Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda olan 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 110000 manat məbləğində qiymətləndirilməsi hissəsində ləğv edilməsini, sözügedən yaşayış evinin ilkin satış qiymətinin 265000 manat olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı ASC qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin dəbbə pulunun tutulmasına aid hissəsini, Cavabdeh1 isə qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsini mübahisələndirmişlər. Ona görə də, məhkəmə kollegiyası iddiaçının və cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirdikləri hissələrdə apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tаrixli, 2(046)-91/2018 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2015-ci il tarixli GY-1307 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 18 % hesablanmaqla 36 aylıq müddətə Cavabdeh1 40000 ABŞ dolları məbləğində kredit verilmiş, borclu həmin kredit borcunu müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (1.1, 3.1, 3.4, 4.1-ci bəndləri). İş materiallarına əlavə edilmiş Cavabdeh2 da Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, dəbbə pulunu və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür (04 mart 2015-ci il tarixli zaminlik müqaviləsi). İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə onlara məxsus olub bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 2-ci maddəsində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoyur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti ünvan 2əsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evidir. (3.1-ci bənd). İpoteka predmetinin qiyməti 67400 manat məbləğində qiymətləndirilmişdir (3.2-ci bənd). İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 09 sentyabr 2011-ci il tarixli ipoteka müqaviləsinin 2.1, 2.2 və 3.2-ci bəndlərinə dəyişiklik edilmişdir. İpoteka predmetinin qiyməti 103700 manat məbləğində qiymətləndirilmişdir (3.2-ci bənd). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışa əsasən Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reryestrində 4 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat tarixi 17.09.2008). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 2əsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan fərdi yaşayış evi İddiaçı ASC-nin Göyçay filialının xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi 06.03.2015). İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə 16.06.2016-cı il tarixli məktub ünvanlayaraq ünvan 2əsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən 11.07.2016-cı il tarixdə ipoteka qoyan şəxsə göndərilmiş və cavabdeh tərəfindən bildiriş şəxsən alınmışdır. ipoteka predmeti olan Abakarov Cıbarıl Məhəmməd oğluna məxsus daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 16.07.2016-cı il tarixdə qeydə alınmışdır. Cavabdeh Abakarov Cıbarıl Məhəmməd oğlu kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 31960 ABŞ dolları əsas, 9434 ABŞ dolları faiz və 1036 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 42430 ABŞ dolları borcu yaranmışdır (19.06.2017-ci il tarixli maliyyə arayışı). İş materiallarına əlavə edilmiş Məhkəmə ekspertiza mərkəzinin 16.08.2017-ci il tarixli 18837 nömrəli rəyinə əsasən Cavabdeh1 19 iyun 2017-ci il tarixinə banka olan borcu əsas borc 32270 ABŞ dolları 93 sent, faiz borcu 8632 ABŞ dolları 47 sent, cərimə borcu 789 ABŞ dolları 60 sent olmaqla, cəmi 41693 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Аzərbаycаn Respublikаsı Xаmmаl və Əmtəə Bircаsı qiymətləndirmə Xidməti Tərəqqi MMC tərəfindən verilmiş 31.08.2017-ci il tarixli 114 saylı rəyə əsasən Cavabdeh1 məxsus Göyçay şəhəri. R.Rza küçəsində yerləşən fərdi yaşayış evinin 31.08.2017-ci il tarixinə bazar qiyməti 110.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə Mingəçevir şəhəri "xxxx" MMC-nin 22.12.2017-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 məxsus Göyçay şəhəri, R.Rza küçəsi 103 saylı ünvanda yerləşən 3 mərtəbəli 10 otaqlı fərdi yaşayış evi 265000 manat qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 04 mart 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış GY-1307 saylı kredit müqaviləsi əsasən Cavabdeh1 36 аy müddətinə, illik 18 fаiz оlmаqlа 40000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin tarixdə kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur. 04 mart 2015-ci il tarixdə bağlanmış 09 sentyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmaya görə mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Göyçay şəhəri, R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmintı kimi ipotekaya qoyulmuşdur. İpoteka predmeti 103700 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqаviləsi üzrə öhdəliklərini bаnk qаrşısındа tаm icrа etməyən bоrclunun hesаblаşmаlаrа görə iddiаçıyа 31960 ABŞ dolları əsas borc, 9434 ABŞ dolları faiz borcu, 1036 ABŞ dolları cərimə olmaqla, cəmi 42430 ABŞ dolları bоrcu qаlmışdır. Tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilərinin bağlanması, kredit müqаviləsi üzrə öhdəliklərini bаnk qаrşısındа tаm icrа etməyən bоrclu Cavabdeh1 hesаblаşmаlаrа görə iddiаçıyа 31960 ABŞ dolları əsas borc, 9434 ABŞ dolları faiz borcu, 1036 ABŞ dolları cərimə olmaqla, cəmi 42430 ABŞ dolları bоrcunun olması işin mübahisələndrilməyən hallarıdır. Birinci instansiya məhkəməsi iddddia tələblərinin kredit borcuna aid hissəsini qismən təmin edərək 04.03.2015-cü il tarixli GY-1307 saylı kredit müqaviləsi üzrə 31960 (otuz bir min doqquz yüz altmış) ABŞ dolları əsas, 8632 (səkkiz min altı yüz otuz iki) ABŞ dolları 47 (qırx yeddi) sent faiz, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 40642 (qırx min altı yüz qırx iki) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ASC-yə ödənilməsini qət etmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin cərimə borcunun tutulması hissəsindən narazı qaldığını bildirərək ləğv olunaraq, iddia tələbinin cərimə borcuna dair hssəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianın dəbbə pulu (cərimə) hissəsində düzgün nəticəyə gəlmiş və həmin hissədə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin 463.1-ci mаddəsində yаzılmışdır ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsаsən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. İş materiallarından görünür ki, 1036 ABŞ dolları məbləğində penya hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğ tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Məhkəmə kollegiyаsı, cavabdehlərin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onların əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi 1036 ABŞ dolları məbləğində cərimə borcunu azaldaraq 50 ABŞ dolları müəyyən etməklə cavabdehlərin mülkiyyət maraqları qorunmuş və onların həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmışdır. Bundan başqa Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Azərbaycan Respublikası Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbаycаn Respublikаsı Qаnununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qаnununun 39.3-cü mаddəsinə əsаsən məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh X9 apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə ipoteka predmeti olan Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda olan 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti reallığa uyğun deyildir. İpoteka predmeti olan yaşayış evinin qiyməti qətnamədə göstərilən qiymətlərdən əhəmiyyətli dərəcədə yüksəkdir. Məhkəmənin müəyyən etdiyi qiymət nəticəsində onların əmlak hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 1 saylı qərardaında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş üzrə qаnuni və obyektiv qərаr qəbul edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(107)-3/2021 saylı qərardadı ilə Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsi və həmin yaşayış evinin likvid qiymətinin müəyyən edilməsi qərara alınmışdır İş materiallarına əlavə edilmiş “X12” MMC-nin 14 iyun 2021-ci il tarixli, 059/LBC nömrəli rəyindən görünür ki, Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə likvid qiyməti 155.000 manat təşkil edir. Məhkəmə kollegiyası sözügedən ipoteka predmetinin likvid qiymətinin 155.000 manat təşkil etməsi barədə qiymətləndirmə şirkətinin rəyi ilə razılşır. Belə ki, həmin qiymətləndirmə rəyi daha çox reallığı əks etdirir. Məhkəmə kollegiyası hesab edir ki, həmin rəyə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(046)-91/2018 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 155.000 manat məbləğində müəyyən edilməli, iddiaçı tərəfindən mübahisələndirilən cərimə puluna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-nin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(046)-91/2018 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilərək Göyçay şəhəri R.Rza küçəsi 103 saylı ünvanda 0,0403 ha torpaq sahəsində yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 155.000 manat məbləğində müəyyən edilsin. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilən cərimə puluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar