Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-302/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(046)-103/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(046)-103/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi kimi 752 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki hüquq pozuntusu nəticəsində vurulumuş maddi ziyanı əvəzi olan 2000 manatın və ödənilmiş 30 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanda 2-c mərtəbədə yerləşən 4 otaqlı 44 saylı mənzil onun mülkiyyətindədir. Mənzilinin üst mərtəbəsində 46 saylı mənzildə yaşayan Cavabdeh mənzilindən onun mənzilinə sanitar qovşağının suları axmışdır. Bunun nəticəsində öz vəsaiti hesabına mənizli təmir etditmiş və ümumilikdə 2000 manat dəyərində ona maddi ziyan dəymişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh birinci instansiya məhkəməsinin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh apelyasiya şikаyətləri vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri İddiaçı apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbul edilmiş məhkəmə qətnaməsi iddia tələbində göstərilən maddi ziyan məbləğini tam əhatə etmədiyindən, cavabdehin davam edən qanunsuz hərəkətlərinə qadağa qoymadığından, həmçinin onun pozulmuş hüquqlarını bütövlükdə bərpa etmədiyindən bu qətnamə dəyişdirilməli və pozulmuş hüquqlarının bərpa edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilinin mətbəx və hamam sahələrinə 6 ildən artıq vaxtda ziyan vurmaqda davam edir. Ondan üst mərtəbədə yerləşən cavabdehə məxsus mənzilin sanitar qovşağındakı nasazlığın qəsdən aradan qaldırılmaması nəticəsində ona əsaslı ziyan dəymişdir. Cavabdehin qəsdən göstərdiyi laqeydlik nəticəsində ona 2000 manat ziyan dəymişdir. Bu barədə dəfələrlə cavabdehlə apardığı söhbətlərə və əlaqədar səlahiyyətli orqanlara etdiyi şikayətlərə baxmayarq, heç bir nəticə hasil olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Lakin qəbul edilmiş məhkəmə qətnaməsi onun iddia tələbində göstərilən maddi ziyanı tamamilə əhatə etmədiyindən və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulmasını qət etmədiyindən cavabdeh tərəfindən ondan vurulan ziyanı aradan qaldırmır. Göründüyü kimi ona dəymiş maddi ziyanın tam ödənilməsi barədə qərar qəbul edilmədiyindən narazıdır və qətnamənin dəyişdirilməsi zərurəti vardır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(046)- 103/2020 nömrəli qətnaməsinin dəyişdirilməsini, Cavabdeh ona dəyən ziyana görə 2000 manat pulun alınıb ona verilməsi, cavabdehin zərər vuran hərəkətlərinin dayandırılması və onun bu hərəkətlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il arixli, 2(046)-103/2020 saylı qanunsuz qətnaməsindən narazıdır. Belə, ki Göyçay Rayon Məhkəməsi iddianı qismən təmin edərkən onun məhkəmə iclasında iştrakını təmin etməmiş, Göyçay rayon İcra Hakimiyyətindən Məhkəmədən və Nazirlikdən onun evinə baxış keçirərkən heç bir ziyanın dəyməməsi barəsində ona onlar şifahi bildirmişdilər. Həmçinin iddiaçının göstərdiyi kimi güya onun mənzilinə ziyanın dəyməsi guya ki, onun təqsirindən olmuşdur. Lakin həmin sanitar su qovşağının suları onun mənzilindən yuxarı mərtəbədə olan mənzildən axmışdır. Bunu polis işçiləri təsdiq edə bilərlər. O, bir xeyriyyəçi insan olduğuna görə və binanın qarşısına su çəkdirdiyinə görə iddiaçı ondan pul qoparmaq məqsədi ilə onu məhkəməyə vermişdir. Göyçay rayon Məhkəməsi heç bir dəlil və subut olmadan qanunsuz olaraq onun ıştrakı olmadan qanunsuz qətnamə çıxarmışdır. Onun xahişi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və Azərbaycan Respublikasının Konustitusiyasının 13-cü və 19-cu maddələrinə əsaslanır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(046)- 103/2020 nömrəli qanunsuz qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı özü tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(046)-103/2020 nömrəli qətnaməsinin İddiaçı tərəfindən mübahisələndirilən iddianın təmin edilməmiş 1248 manata aid hissəsi, Cavabdeh tərəfindən mübahisələndirilən qətnamənin tam ləğv edilməsi, o cümlədən iddianın təmin edilmiş 752 manata və ödənilmiş 30 manat dövlət rüsumuna aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan DƏDRX-nın 16 saylı Ucar ərazi İdarəsindən verilmiş MA ******* seriyalı çıxarışdan görünür ki, Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 31A, 44 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 28878 saylı ekspert rəyindən görünür ki, ünvan 1 saylı evin 44 saylı saylı mənzilin divarında olan qüsurları nəzərə əlaraq həmin mənzilə su sızması faktı müəyyən olunmuş, lakin 46 saylı mənzilin sanitar qovşağının gizli şəkildə olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək olmamışdır. Lakin mülki iş materiallarında olan Göyçay rayon MİS-in və Göyçay rayon İH-in əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixində tərtib edilimiş aktın məlumatların eləcə də divarlardakı su sızma izlərini nəzərə alaraq mübahisəli 44 mənzilə 46 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunmuşdur. Tədqiq olunan 44 saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 752 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.3-cü maddələrinə, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 saylı ünvanda evin 2-ci mərtəbəsində yerləşən 4 otaqlı 44 saylı mənzilə Cavabdeh məxsus 3-cü mərtəbədə yerləşən 46 saylı mənzildən su axıdılması nəticəsində maddi ziyan dəymişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi cavabdehdən 2000 manat tələb edir. Lakin ekspert rəyinə əsasən qeyd olunan mənzilə 752 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də iddia göstərilən həddə təmin edilməlidir. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 752 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apelyatorların apelyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(046)-103/2020 nömrəli qətnaməsinin İddiaçı tərəfindən mübahisələndirilən iddianın təmin edilməmiş 1248 manata aid hissəsi, Cavabdeh tərəfindən mübahisələndirilən qətnamənin tam ləğv edilməsi, o cümlədən iddianın təmin edilmiş 752 manata və ödənilmiş 30 manat dövlət rüsumuna aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Göyçay Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli 2(046)-103/2020 nömrəli qətnaməsinin İddiaçı tərəfindən mübahisələndirilən iddianın təmin edilməmiş 1248 manata aid hissəsi, həmçinin Cavabdeh tərəfindən mübahisələndirilən iddianın təmin edilmiş 752 manata və ödənilmiş 30 manat dövlət rüsumuna aid hissəsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-302/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-302/2021
15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver