Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-302/2025 28.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ogluna qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tаrixli e-2(025)- 1473/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 28 noyabr 2024-cü il tаrixli e- 2(025)-1473/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Poçt vasitəsi ilə 16 dekabr 2024-cü il tarixdə rəsmi qaydada almış olduğu həmin Qətnamədən Cavabdeh 15 yanvar 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Həmin qətnamədən İddiaçı isə 21 yanvar 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən və İddiaçı tərəfindən verilmiş həmin apellyasiya şikayətlərini mülki işlə birlikdə baxılması üçün 24 yanvar 2025-ci il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Cavabdeh oglunun və İddiaçı Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tаrixli e-2(025)-1473/2024 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətlərini və iş materiallarını öyrənib, apellyasiya şikayətlərinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, e-2(025)-1473/2024 nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, İddiaçı 07 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh ogluna qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Qəbələ Rayon Məhkəməsində aparılan məhkəmə iclaslarında iddiaçını səlahiyyətli nümayəndəsi Vəkil təmsil etmiş və iş üzrə 28 noyabr 2024-cü il tаrixli e-2(025)-1473/2024 nömrəli qətnamə onun və cavabdehin iştirakı ilə 28 noyabr 2024-cü ildə keçirilən məhkəmə iclasında qəbul edilərək, elan olunmuşdur. Həmin qətnamənin tam mətni isə 06 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində həmin iş üzrə yaradılmış elektron kabinetə daxil edilərək imzalanmışdır. İş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma dövründə “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh oglunun elektron kabineti olmadığına görə (Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində elektron kabinet 15 yanvar 2025-ci ildə yaradılmışdır) ona həmin qətnamə 06 dekabr 2024-cü il tarixli məktubla poçt vasitəsilə göndərilmiş və qətnamənin göndərilməsi ilə əlaqədar “Azərpoçt” tərəfindən məhkəməyə təqdim edilmiş “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”də qeyd olunan məlumatlara əsasən müəyyən olunur ki, Cavabdeh ünvanında “Tağıyev” soyadı qeyd olunmaqla və imzalanmaqla, qətnamənin göndərildiyi pöçt göndərişi 16 dekabr 2024-cü ildə qəbul edilmişdir. İddiaçı tərəfə isə məlum qətnamə “Elektron məhkəmə” informasiya sistemində 06 oktyabr 2024-cü ildən elektron kabineti olan İddiaçı və 15 noyabr 2021-ci ildən elektron kabineti olan nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində həmin iş üzrə yaradılmış elektron kabinetə 06 dekabr 2024-cü ildə daxil edilərək imzalanmış və “İstiqamət” olaraq həmin şəxslərə yönəldilmiş 06 dekabr 2024-cü il tarixli məktublarla elektron qaydada təqdim edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, Cavabdeh poçt vasitəsi ilə 16 dekabr 2024-cü il tarixdə rəsmi qaydada almış olduğu məlum Qətnamədən 15 yanvar 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermiş və bununla da apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. Lakin, İddiaçı isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qətnamədən 21 yanvar 2025-ci ildə apellyasiya şikayəti vermiş və bununla da apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Çünki, iş materialları ilə müəyyən olunur ki, “Elektron məhkəmə” informasiya sistemində 06 oktyabr 2024-cü ildən elektron kabineti olan İddiaçı hazırkı iddia ərizəsini elektron qaydada məhkəməyə təqdim etmiş və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Qəbələ Rayon Məhkəməsində həmin mülki iş üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, elektron kabinet vasitəsilə həyata keçirilən məhkəmə icraatının xüsusiyyətlərinə uyğun olaraq, elektron qaydada təqdim edilən məhkəmə sənədlərinin elektron kabineti olan müvafiq proses iştirakçısına elektron kabinet vasitəsilə təqdim olunmasını təsdiq edən və “Elektron məhkəmə” informasiya sisteminin özü tərəfindən hazırlanan “Elektron bildiriş”lər - birinci instansiya məhkəməsi tərəfindən çap edilərək iş materiallarına əlavə olunmasa da, “Elektron məhkəmə” informasiya sistemində həmin iş üzrə yaradılmış elektron kabinetin “Texniki əməliyyatlar” adlanan bölməsində olan məlumatlarla müəyyən edilir ki, 28 noyabr 2024-cü il tаrixli e-2(025)-1473/2024 nömrəli qətnamənin tam mətni 06 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə daxil edilərək imzalanmış və bundan sonra elektron kabinetləri olan iddiaçı tərəfə, yəni həm iddiaçının özünə, həm də onun səlahiyyətli nümayəndəsinə həmin qətnamə “Elektron məhkəmə” informasiya sistemində iş üzrə yaradılmış elektron kabinetə 06 dekabr 2024-cü ildə daxil edilərək imzalanmış və “İstiqamət” olaraq həmin şəxslərə yönəldilmiş 06 dekabr 2024-cü il tarixli məktublarla rəsmi qaydada təqdim edilmişdir. Bundan əlavə, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı elektron kabineti olmayan cavabdehə həm “məhkəmə bildirişi”, həm də qətnamə poçt vasitəsi ilə göndərilmiş və cavabdehin həmin sənədləri almasını təsdiq edən “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”lər iş materiallarına əlavə edilmişdir (iş vərəqi:- 19 və 48). Lakin, iddiaçı tərəfə “məhkəmə bildirişi”nin və yaxud, qətnamənin poçt vasitəsi ilə göndərilməsini, eləcə də onun həmin göndərişləri rəsmi qaydada almasını təsdiq edən “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”lər iş materiallarına əlavə olunmamışdır. Mülki işin 49-cu vərəqində olan “Poçt göndərişinin izlənməsi” barədə sənəd isə məlum qətnamənin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetləri olan iddiaçının və yaxud onun nümayəndəsinin qətnaməni “xx.xx.2024-cü” ildə rəsmi almalarını təsdiq edən sübut kimi qəbul olunması mümkün deyildir. Çünki, birincisi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə, “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetləri olan proses iştirakçılarına məhkəmə tərəfindən məhkəmə sənədləri elektron kabinet vasitəsi ilə təqdim edilməlidir. İkincisi, poçt vasitəsi ilə göndərilən məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmalı və bunu təsdiq edən “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə” iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134-cü maddəsinin tələblərinə görə, məhkəmə sənədləri, o cümlədən də məhkəmə bildirişi və qətnamə işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinin tələblərinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.5-ci maddəsinin tələblərinə görə, Mülki-Prosessual Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində apellyasiya şikayəti verilməli olmasına baxmayaraq, “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti olan İddiaçı 06 dekabr 2024-cü ildə müvafiq qaydada elektron kabinetə yerləşdirilərək imzalanmış Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tаrixli e-2(025)-1473/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti 21 yanvar 2025-ci ildə Qəbələ Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Lakin, həmin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsinə baxmayaraq, şikayətçi tərəfindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin apellyasiya şikayəti ilə birlikdə məhkəməyə buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa edilməsi üçün müvafiq vəsatət verilməmiş və buraxılan müddətin üzürlü olmasını təsdiq edən sübutlar (sənədlər) məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş və İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar müddətin ötürülübötürülməməsi məsələsini həll etmədən, hər iki tərəfin apellyasiya şikayətlərini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tаrixli e-2(025)-1473/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 360 - 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə həmin apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Cavabdeh apellyasiya şikayətinə münasibətdə isə kollegiya qeyd edir ki, hazırkı mərhələdə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları ilə birgə birinci instansiya məhkəməsinə qaytarılmalı olduğundan və bununla da mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatından çıxdığından, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya instansiyasında baxılması prosessual baxımdan mümkün deyildir. Bu səbəbdən də birinci instansiya məhkəməsi İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin müddətinin ötürülməsi ilə əlaqədar səlahiyyəti həddində Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan müvafiq prosessual hərəkətləri etdikdən sonra mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqda - Cavabdeh apellyasiya şikayətinə baxılacaqdır. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki- Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi iş üzrə verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 360-363-cü maddələrinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh ogluna qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tаrixli e-2(025)- 1473/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-302/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-302/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver