Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-303/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 və iddiaçılar İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X6, X9 və X2 qarşı «aldatma yolu ilə alınmış pul və ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli 2(039)-1556/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 6 sentyabr 2021-ci il tarixli 2(039)- 1556/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X6, X9 və X2 qarşı «aldatma yolu ilə alınmış pul və ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X6, X9 və X2 qarşı «aldatma yolu ilə alınmış pul və ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan aldatma yolu ilə aldığı 3000 (üç min) manat pulun və həmin aldatma nəticəsində onlara vurduğu 2920 (iki min doqquz yüz iyirmi) manat pulun, cəmi 5920 (beş min doqquz yüz iyirmi) manat məbləğində pulun Cavabdeh alınıb onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhər sakini Cavabdeh 2017-ci ilin axırlarında aralarında olan söhbət əsnasında ona bildirdi ki, Bərdə rayon sakini X1 müalicə olunması üçün yaxın münasibəti olduğu X6 verdiyi borc pulun əvəzində 3-cü şəxslər X11, qızı X12 və həyat yoldaşı X3 ilə qarşılıqlı razılaşma əsasında icarəyə götürüb istifadə etdiyi onlara xüsusi mülkiyyət hüququ ilə məxsus olan və Bərdə rayonunun Tağılar kəndinin ərazisində yerləşən 1,86 ha kənd təsərrüfatı təyinatlı torpağı verdiyi borc pulu qaytarıb almaq üçün satır. Onun təklifi ilə Cavabdeh ilə birlikdə qeyd olunan torpaq sahəsini həqiqətən satmaq fikirlərinin olmasını müəyyən etmək üçün onun mülkiyyətçiləri X11, X12 və X3 ilə danışıqlar aparıb aydınlaşdırmışlar ki, sonuncular cavabdehə olduqları borcu ödəmək məqsədi ilə mübahisəli torpaq sahəsini həqiqətən satırlar. Torpağı icarə əsasında Cavabdeh qeyri-rəsmi istifadə etdiyi üçün və torpağın alqı-satqısnı sənədləşdirməyə onun hüququnun olmadığına görə Sədaqətin təklifi və 3-cü şəxslərin qarşılıqlı razılığı əsasında 07 yanvar 2018-ci il tarixdə o 3000 (üç min) manat məbləğində pulu 3-cü şəxs X2 verdi və o isə pulu alan kimi Cavabdeh verdi, aralarında olan borc söhbəti həll olunduğu üçün onlar bir birinə minnətdarlıq etdilər, torpağı da aldığına görə ona halallıq verdilər. Elə həmin vaxt Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda 3-cü şəxslər X11 və həyat yoldaşı X3 tərəfindən 2-ci İddiaçı2 adına 2 ədəd etibarnamə verildi. Belə ki, X11 7E №717 saylı 10 yanvar 2015-ci il tarixli etibarnamə əsasında təmsil etdiyi qızı, iş üzrə 3-cü şəxs X7 adından 10 yanvar 2018-ci il tarixədək, yəni 3 (üç) gün müddətinə, həmçinin 3-cü şəxslər X11 və həyat yoldaşı X3 isə öz adlarından 07 yanvar 2021 -ci il tarixədək, yəni 3 il müddətinə, müvafiq olaraq 7E- 583 nömrə ilə qeyd edilmiş ƏN-İ № 690629 saylı və 7E-584 nömrəsi ilə qeyd edilmiş ƏN-İ № 690630 saylı onlara məxsus bütün növ əmlakı idarə etməyi və onların üzərində sərəncam verməyi, almağı, satmağı və digər hərəkətlər etməyi 2- ci İddiaçı2 etibar etmişlər. Cavabdeh savadsızlıqlarından istifadə edib 3000 (üç min) manat pullarını torpağın mülkiyyətçisi 3 cü şəxs X1 vasitəsilə aldıqdan və torpaq sahəsinin mülkiyyət sənədini və ssuda kartını onlara verdikdən sonra torpaq mülkiyyətçiləri tərəfindən həmin etibarnamələri adlarına alıb verməklə onları inandırdı ki, üç nəfərdən ibarət ailə üzvü, bu iş üzrə 3-cü şəxslər mülkiyyətlərində olan 1,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onların mülkiyyətinə keçirdilər. Bundan sonra, 3-cü şəxslər X11, onun qızı X12 və həyat yoldaşı X3 yuxarıda qeyd olunan etibarnamələri ləğv etdirmişlər və ona görə də alqı-satqı müqaviləsini rəsmiləşdirmək hüququndan onları məhrum etmişlər. Bu hal barədə məlumat əldə etdikdən sonra 3-cü şəxslər X11, onun qızı X12 və həyat yoldaşı X2 müraciət etdilər ki, özlərinin iştirakı ilə alqı-satqı müqaviləsini bağlayaq, lakin onlar imtina etdilər. Bundan başqa Cavabdeh 3000 (üç min) manat pullarını alıb və torpaq mülkiyyətçilərindən etibarnamələri alıb onlara verdikdən sonra onlar da mübahisəli torpaq sahəsini ömürlük mülkiyyətlərinə almaqlarına dair tam əminlik yaratdıqları üçün onlar həmin torpaq sahəsinin münbitliyini artırmaq məqsədi ilə cəmi 2920 (iki min doqquz yüz iyirmi) manat xərc çəkib mübahisəli torpaq sahəsinin üzərində aşağıdakı tədbirləri həyata keçirmişlər: torpağın tam kultivasiyasmm aparılmasına (1,86 ha torpaq sahəsinin üzərində düzləmə işlərinə) görə ekskavatorçuya 500 (beş yüz) manat; torpağın şumlanması və malalanması üçün 200 (iki yüz) manat; 1 kisənin qiyməti 28 manat olmaqla 15 kisə gübrəyə 420 (dörd yüz iyirmi) manat; 30 lafet, hər birinin qiyməti yükləmə qiyməti ilə birlikdə 40 manat olmaqla qurudulmuş peyinin səpilməsinə görə cəmi 1200 (bir min iki yüz) manat; 1 kq-nın qiyməti 5 manat olmaqla 300 (üç yüz) manata yonca toxumu alıb və onun səpilməsinə görə traktorçuya 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat. Yuxarıda qeyd olunan hallar və sənədlərlə təsdiq olunur ki, cavabdeh aldatma yolu ilə ondan 3000 manat pul alıb və mübahisəli torpaq sahəsinin onların mülkiyyətlərində olmasına inandırdığı üçün həmin torpaq sahəsinə 2920 (iki min doqquz yüz iyirmi) manat xərc çəkdirtdirib, ümumilikdə onlara 5920 (beş min doqquz yüz iyirmi) manat ziyan vurmuşdur. Cavabdeh və 3-cü şəxslər X5, qızı X8 və həyat yoldaşı X1 onlara qarşı etdikləri hərəkətləri barədə DİN-in 102 xidmətinə və Bərdə rayon Polis şöbəsinə müraciət edib onlardan pullarını tələb etmişlər. Bərdə rayon Polis şöbəsi 138-30544Q nömrəli 04 noyabr 2020-ci il tarixli məktubla onlara məhkəməyə mülki qaydada müraciət etməyi məsləhət bilmişlər. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı1 məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək izah etdi ki, cavabdeh iddiaçıları aldadaraq onların pulu mənimsəmişdir. Belə ki, onlara üçüncü şəxslərin torpağını satılmasını bildirmiş və tərfələr arasında olan razılıq əsasında iddiaçılar cavabdehə 3000 manat pul vermişlər. Üçüncü şəxslər isə iddiaçılara torpağın alqı-satqısını aparmaq üçün etibarnamə vermişlər. Lakin sonradan həmin etibarnaməni ləğv etdirmişlər. Həmçinin iddiaçılar torpağın onlara məxsus olmasını hesab edərək həmin torpağa 2920 manat xərc çəkmişlər. Cavabdeh öz hərəkəti ilə iddiaçılara 5920 manat ziyan vurmuşdur. Məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, üçüncü şəxslər X6, X9 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsində göstərdikləri və birinci instansiya məhkəməsində İddiaçı1 verdiyi izahatında göstərdikləri ilə əsaslandıraraq bildirmişlər ki, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmadığı və onlar sübutlar təqdim etsə də, müəyyən etmədiyi faktlardan cavabdehlə onların qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi üçün qanunu səhv təfsir etmiş və hüququn tətbiq edilməsində səhv buraxmışdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 6 sentyabr 2021-ci il tarixli 2(039)-1556/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddialarının təmin edilməsini xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli 2(039)-1556/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2, Cavabdeh, üçüncü şəxslər X11, X12 və X3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli 2(039)-1556/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX sariyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, X5, X8 və X1 Bərdə rayonu, Tağılar kəndində 1.86 ha torpaq sahəsi vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1091.1-ci, 1092.1-ci, 1093.1ci, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X5, X8 və X1 Bərdə rayonu, Tağılar kəndində 1.86 ha torpaq sahəsi vardır. İddiaçılar Bərdə RPŞnə müraciət edərək, cavabdehin həmin torpaq sahəsini onlara satması ilə bağlı razılıqları olduğunu və bunun üçün üçüncü şəxslər tərəfindən onlara etibarnamə verildiyini bildirmişlər. İddiaçı1 şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı1 məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçılar cavabdehə üçüncü şəxslərə məxsus torpaq sahəsinin alınması ilə bağlı 3000 manat pul verdiklərini və həmin torpağa 2920 manat xərc çəkdiklərini iddia edərək, cavabdehdən 5920 manat pulun tutularaq onlara verilməi barədə qətnamə çıxarılmasını xahi etmişlər. Odur ki, məhkəmə hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən cavabdehə 3000 manat pulun verilməsinə və torpağa 2920 manat xərcin çəkilməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X6, X9 və X2 qarşı «aldatma yolu ilə alınmış pul və ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəldiyindən məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə, iddia tələbinin və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli 2(039)-1556/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 6 sentyabr 2021-ci il tarixli 2(039)-1556/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-303/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-303/2022
09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver