Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-304/2023 22.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Rəfil oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Rəfil oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 21 may 2021-cü il tarixli 2(063)-372/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-304, kod 90400048 nömrəli dövlət aktı ilə İddiaçı mülkiyyətində olan Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən 2,31 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinə iri və xırda buynuzlu heyvanlar daxil olmaqla əkinlərə zərər vurmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlərə qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2483 manat məbləğində maddi zərərin, vəkilə bu iddia ərizəsini tərtib edilməsi üçün ödədiyi 50 manat məbləğində qonorarın və 30 manat məbləğində dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun, cəmi 2563 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, bu iddia ərizəsinə surətini əlavə etdiyi torpağa mülkiyyət hüququna dair JN-304, kod 90400048 nömrəli dövlət aktından göründüyü kimi Ucar rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə Ucar rayonunun Yuxarı Şilyan kəndindən ona və digər payçılara (ailə üzvülərinə) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,31 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, digər payçılar olan ailə üzvüləri ilə birlikdə taxıl məhsulları əkirlər. Keçən əkin ilində həmin sahəyə buğda əksələr də cavabehlərin malqarası həmin əkinləri yediklərindən o, sahədən heç bir məhsul əldə edə bilməmişdir. Bununla belə o, yenə də həmkəndli olduqlarından keçən il məhkəməyə müraciət etməmiş, yalnız özlərinə xəbərdarlıq etmişdir. Bu il isə o, həmin sahəyə arpa əkmişdir. Lakin cavabdehlər 15 mart 2021-ci il tarixədək həmin sahəni heyvanlarına tam yedizdirmişlər və arpanı tamamilə məhv etmişlər. Ucar rayonunun Yuxarı Şilyan kəndində 2020-ci ildə arpa bitkisinin 1 hektarının orta məhsuldarlığı 21,5 sentner (2,15 ton və ya 2150 kq) olmuşdur. Hal-hazırda isə arpanın 1 kiloqramının bazar qiyməti 45-50 qəpikdir. Beləliklə, cavabehlərin ona yalnız bu il vurduqları maddi ziyan 2483 manat (2,31 hektar X 2150 kq X 0,5 manat) həddindədir.
4. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, ona məxsus 3 baş iribuynuzlu mal-qarası vardır, həmin mal-qaranı həyətində saxlayır, o, mal-qaranı iddiaçıya məxsus torpaq sahəsinə ötürməmişdir və iddiaçıya ziyan vurmamışdır. 2020-ci ilin oktyabr ayında aralarında mübahisə olmuş, onu söyüş söyməkdə günahlandırmışdır.
5. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, ona məxsus mal-qaranı iddiaçıya məxsus torpaq sahəsinə ötürməmişdir və iddiaçıya ziyan vurmamışdır. Həmçinin ona məxsus mal-qaranı növbə ilə mal-qarası olan kənd sakinləri otarırlar.
6. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, ona məxsus mal-qaranı özü otarır, iddiaçıya məxsus torpaq sahəsində mal-qara otarmamışdır və iddiaçıya ziyan vurmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
8. Məhkəmə iclasında cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan vurması müəyyən olunmamış və iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Həmçinin, mülki işin materiallarına əlavə edilmiş fotoşəkillərə və CD diskə baxış keçirilərkən iddiaçıya məxsus torpaq sahəsinə cavabdehlərin mala-qarasının ziyan vurması faktı öz təsdiqini tapmamışdır.
9. Bundan əlavə, iddiaçının təqdim etdiyi aktda aktı tərtib edən şəxslər göstərmişlər ki, iddiaçının deməsinə görə pay torpaq sahəsinə ziyanlıq həmkəndlisi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus mal-qara və qoyun heyvanları tərəfindən vurulmuşdur.
10. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuna uyğun əsaslar yoxdur, buna görə də iddia təmin edilməməli, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona aid edilməlidir.
11. Ucar Rayon Məhkəməsinin 21 may 2021-cü il tarixli 2(063)-372/2021 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İş materiallarında olan JN-304, kod 90400048 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə Ucar rayonu, Yuxarı Şilyan kənd sakinləri X2, İddiaçı, X9, X10, X7 və X3 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,31 hektar torpaq sahəsi verilmişdir.
14. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X13, Ucar rayonu Yuxarı Şilyan bələdiyyəsinin sədri X5, Ucar Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X1, Ucar rayonu Yuxarı Şilyan bələdiyyəsinin mühasibi X6 və Ucar rayonu, Yuxarı Şilyan kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş və Ucar Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 15 mart 2021-ci il tarixli aktdan görünür ki, Ucar rayonu, Yuxarı Şilyan kənd sakini İddiaçı ailəsinə məxsus 2.31 ha pay torpaq sahəsində olan arpa əkininə mal-qara tərəfindən müntəzəm olaraq ziyanlıq vurulmuşdur. Şikayətçinin deməsinə görə həmin ziyanlıq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus mal-qara və qoyun heyvanları tərəfindən vurulmuşdur. Taxıl sahəsinə dəfələrlə mal-qara girdiyindən 2.31 ha pay torpaq sahəsində olan taxıl bitkiləri tamamilə məhv olmuşdur.
15. İş materiallarında olan X22 İnkişaf Mərkəzinin 17 mart 2021-ci il tarixli, 01/X nömrəli məktubundan görünür ki, Ucar rayonunun Yuxarı Şilyan kəndində 2020-ci ildə arpa bitkisinin 1 hektarının orta məhsuldarlığı 21,5 sentner (2.15 ton) olmuşdur. Hazırda arpa məhsulunun 1 kq bu günki bazar qiymət 0,45-0,50 qəpik aralığındadır.
16. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, 111 nömrəli arayışdan və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatdadır və yaşayır.
17. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli, 0******* nömrəli və 00****** nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, cavabdehlər, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatdadırlar.
18. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli, 175 nömrəli arayışdan görünür ki, Cavabdeh1 01 yanvar 2021-ci il tarixə əhalidə olan malqaranın siyahıya alınmasının yekununa əsasən 3 (üç) baş iri buynuzlu mal-qarası vardır. O, fərdi qaydada heyvanların gündəlik örüşə aparılaraq otazdırılması ilə məşğul olmur.
19. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, cavabdehlər tərəfindən ona 2483 manat məbləğində maddi zərər vurulmuşdur. Həmçinin o hüquqi yardım üçün 50 manat pul xərcləmişdir.
21. Belə ki, Ucar Rayon Məhkəməsi onun şəxsən təqdim etdiyi (cavabdehlərə məxsus iribuynuzlu heyvanların arpa məhsulu əkdiyi sahəyə ziyan vurulmasını özündə əks etdirən) SD diski nəzərə almamış, həmçinin iş materiallarında olan Ucar RİHB-nın Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli aktda göstərilənləri diqqətsiz qoymuşdur. Bunlar azmış kimi, birinci instansiya məhkəməsi hazırki işin öz xeyirlərinə həll olunmasında bilavasitə maraqlı olan şəxslərin-cavabdehlərin izahatlarını əsas gətirərək, tamamilə yanlış olaraq onun arpa sahəsinin cavabdehlərə məxsus mal-qara tərəfindən məhv edildiyinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki, məhkəməyə verdiyi izahatlardan, təqdim etdiyi sənədlərdən də görünür ki, arpa sahəsinə dəymiş ziyanla bağlı səlahiyyətli orqanlara müraciət etmiş, arpa məhsulunun məhvi ilə, ona dəymiş ziyanla əlaqədar akt tərtib edilməsini tələb etmişdir.
22. Ona görə də, Ucar Rayon Məhkəməsinin 21 may 2021-cü il tarixli 2(063)- 372/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 Rəfil oğlu, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Cavabdeh Ucar Rayon Məhkəməsinin 21 may 2021-cü il tarixli 2(063)-372/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 20-21-ci bəndlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassız olduğundan həmin qeyd edilmiş dəlillər ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı; ...çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. ...Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi qanunverici sübutların təqdim edilməsini bilavasitə tərəflərin üzərinə qoymuşdur. Ona görə də şikayətin bu dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi CD disk, fotoşəkillər, həmçinin mülki işin 8 ci vərəqində olan 15 mart 2021-ci il tarixli Aktla iddiaçıya məxsus Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən 2,31 hektar torpaq sahəsinə mal-qara və qoyun heyvanları tərəfindən zərər vurulduğu və taxil bitkilərinin məhv olduğu sübut olunsa da, bu zərərin hazırki iş üzrə cavabdehlərin təqsiri üzündən vurulduğu və ya həmin malqara və qoyunların sonunculara məxsus olduğu iş materialları ilə təsdiq olunmur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 21 may 2021-cü il tarixli 2(063)-372/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 21 may 2021-cü il tarixli 2(063)-372/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev