Məhkəmə qərarları › İş №2(107)-307/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-307/2025

29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-307/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Ziyanın ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(035)-61/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 3740 manat pulun və 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh yol hərəkət qaydalarını pozması nəticəsində hər ikisinin idarə etdiyi avtomibillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və buna əsasən idarə etdiyi X6 markalı ** HY *** nömrə nişanlı avtomobilə 3740 manat məbləğində ziyan dəymişdir. İddiaçı dəymiş maddi ziyanı cavabdehdən tələb etsədə cavabdeh ödəniş etməkdən imtina etmişdir. Buna əsasən də hazırkı ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus avtomobilə dəymiş maddi ziyana görə 3740 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun ifadə verərək bildirmişdir ki xx.xx.2023-cü il tarixdə özünün və cavabdehin iştirakı ilə nəticələnən və maddi ziyanlıqla yekunlaşan yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə Zərdab RPŞ-nin DYPB tərəfində müvafiq protokol və qərar tərtib olunmuşdur. Toyota Bakı Mərkəzi MMC tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli Qiymətləndirmə aktına əsasən avtomobilinə ümumilikdə 3740 manat dəyərində maddi ziyan dəymişdir. Eyni zamanda qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində ona sığorta şirkəti tərəfindən 1225 manat sığorta pulu ödənilmişdir. Lakin bu avtomobilin təmiri üçün kifayət etməmiş və hazırda dəymiş ziyanın qarşılanması üçün 3740 manat pula ehtiyacı var. Buna əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyana görə iddiaçıya sığorta şirkəti tərəfindən ödəniş olunub.Onun özünündə avtomobilinə maddi ziyan dəyib. Hazırda maddi vəziyyətinin çətin olması və iddiaçıya dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi səbəbi ilə iddianın rədd olunmasını xahiş edir.

5. Zərdab Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 27 avqust 2024-cü il tarixli, 2(035)-61/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, iddiaçıya məxsus olan X6 200 markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 1645 manat pul və 36,45 manat dövlət rüsumu olmaqla, cəmi 1681,45 (bir min altı yüz səksən bir manat qırx beş qəpik) pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərdab-Mollakənd magistral yolunun 8-ci kilometrliyində İddiaçı idarə etdiyi X6 markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi VAZ 21074 markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomolin toqquşması nəticəsində maddi ziyanlıqla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir.Yol nəqliyyat hadisəsinə səbəb VAZ 21074 markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ara məsafəsini düzgün seçməməsi və nəticədə onunla eyni istiqamətdə hərəkət edən X6 markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılması olmuşdur Buna əsasən Cavabdeh barəsində Zərdab RPŞ-nin DYPB bölməsi tərəfindən İXM-nin müvafiq maddələrinə əsasən protokol və qərar tərtib olunmuşdur.Baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçıya 1225 manat sığorta pulu ödənilmişdir. Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 28 iyun 2024-cü il tarixli 9/1078 nömrəli ekspert rəyinə əsasən X6 200 markalı ** HY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan ümumilikdə 2870 manat müəyyən olunduğundan iddiaçıya cavabdehin avtomobilin icbari sığotası tərəfindən verilmiş 1225 manat məbləğində pul ekspert rəyinə əsasən müəyyən olunmuş ümumi məbləğdən çıxılmalı və yerdə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

8. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan X6 200 markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 1645 manat (dəymiş 2870 manat zərərdən ödənilmiş 1225 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 1645 manat) pul cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissələrində əsassız olduğundan rədd edilməlidir.

9. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 60 manat məbləğində pulun 36.45 manat məbləği cavabdehə aid edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2, 60.1, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına, Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.

12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul olunmalıdır.

13. İlk öncə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Buna əsasən o, İXM-nin 327.1 və 328.4-cü maddələri ilə cərimə olunmuşdur. Eyni zamanda baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçıya dəymiş ziyanın həcmi miqdarında sığorta ödənişi olunmuşdur. Məhkəmə qətnamə qəbul edən zaman sığorta şirkəti tərəfindən ödənilmiş sığorta ödənişini nəzərə alsada lakin prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, ümumiyyətlə məhkəmə işi icraata qəbul edən zaman nəzərə almalı idi ki, onun həmin iş üzrə cavabdeh şəxs qismində işə cəlb olunmağı əsassızdır. Belə ki, onun avtomobili sığorta şirkəti tərəfindən sığortalandığından iddiaçının avtomobilinə dəymiş bütün maddi ziyanlıq həmin şirkət tərəfindən qarşılanmalıdır. Eyni zamanda iddiaçı sığorta pulundan narazı qaldığı halda sığorta şirkəti ilə bağlı məhkəməyə müraciət etməli idi. Hansı ki, bildirir ki, iddiaçı sığorta şirkəti tərəfindən onun bank hesabına ödənilmiş vəsaitdən narazı qalmamış və bununla bağlı sığorta şirkətinə heç bir iradını bildirməmişdir. Sığorta şirkəti ilə onun arasında olan sığorta müqaviləsinə əsasən baş vermiş yol nəqliyyat hadisəsinə görə sığorta ödənişi ödəmək öhdəliyi Paşa sığorta ASC-nin üzərindədir. Buna əsasən hesab edir ki, iş üzrə qəbul olunmuş qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələndiyindən ləğv olunmalıdır.

14. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsada məhkəmə qətnamə qəbul edilən zaman qanunvericiliyin tələblərini pozmuşdur. Sığorta şirkətini üçüncü şəxs və ya maraqlı şəxs qismində məhkəmə prosesinə cəlb etməmişdir. Məhkəmə qətnamə qəbul edən zaman onun hüquqlarının müdafiəsində maraqlı olmamışdır.

15. Hesab edir ki,yuxarıda qeyd etdiyi hallara əsasən maddi və prosessual hüquq normaları işə tam tədbiq olunmamışdır

16. Odur ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-61/2024 saylı Qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması ilə bağlı yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(035)-61/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona qarşı “maddi ziyan” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(035)-61/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.4-cü maddəsinə əsasən Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925- 1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 18.1-ci maddəsinə əsasən Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)- 61/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:20-də Cavabdeh tərəfindən “Vaz 21074” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomaşın Zərdab rayonu ərazisində idarə edilərkən sonuncunun ehtiyyatsızlığından “Vaz 21074” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomaşın eyni istiqamətdə qarşıda hərəkət edən, İddiaçı tərəfindən idarə olunan X7 markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, hadisə nəticəsində X7 markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşın əzilmiş və onun sahibi İddiaçı maddi ziyan dəymişdir. Hər iki nəqliyyat vasitəsi sığortalandığından İddiaçı avtomaşının əzilməsi nəticəsində dəymiş ziyanın məbləği sığorta təşkilatı tərəfindən 1225 manat məbləğində müəyyən edilmiş və İddiaçı tərəfindən həmin vəsait sığorta şirkətindən qəbul edilmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinin əzilməsi nəticəsində ona dəymiş ziyanlığın 1225 manat təşkil etməsinə dair razılığına, bu razılığın nəticəsi üzrə sığorta şirkəti tərəfindən müəyyən edilmiş 1225 manat məbləğini qəbul etməsinə, iddiaçının dəymiş ziyanlığın daha yüksək olmasına dair məsələni sığorta şirkəti ilə mübahisələndirməməsinə diqqət yetirmədən iddianı qismən təmin etmişdir.

30. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

31. Apellyasiya şikayətinin baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçıya dəymiş ziyanın həcmi miqdarında sığorta ödənişinin olunması, iddiaçının sığorta şirkəti tərəfindən onun bank hesabına ödənilmiş vəsaitdən narazı qalmaması, bununla bağlı sığorta şirkətinə heç bir iradını bildirməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da İddiaçı baş vermiş yol nəqliyyat hadisəsindən sonra sığorta şirkətinin nümayəndəsinin hadisə yerinə gəldiyini, dəymiş ziyanı hesabladığını, sığorta şirkəti tərəfindən maşının əzilməsi nəticəsində ona dəymiş ziyanlığın 1225 manat təşkil etməsinə dair apardığı sənədləşmə ilə razılaşdığını və həmin məbləği qəbul etdiyini göstərmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbi üzrə nəticəyə gələrkən işin bu hallarını nəzərə almamış, iddiaçı tərəfindən hadisə nəticəsində ona dəymiş ziyanlığın cəmi 1225 manat təşkil etməsinə dair mövqeyinə diqqət yetirilməmiş, dəymiş ziyanlığın daha yüksək olmasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 28 iyun 2024-cü il tarixli 9/1078 nömrəli ekspert rəyinə istinad etməklə ziyan məbləğinin müəyyənləşdirilməsində səhvə yol vermişdir.

33. Belə ki, ziyan məbləğinin zərərçəkmişin iradəsi ilə müəyyənləşdirildiyi, 5000 manatadək sığorta ödənişini sığorta şirkətindən tələb etmək imkanı olduğu halda iddiaçının ziyan məbləğinin məhz 1225 manat təşkil etməsinə dair mövqeyi olduğu halda sonradan bu məbləğin daha yüksək olmasına dair irəli sürmüş tələb hüquqdan sui istifadə kimi qiymətləndirilməlidir ki, bu da yolverilməzdir.

34. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlilləri ilə də razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılakən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-61/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.

35. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsinə avtomaşınının əzilməsi nəticəsində ona dəymiş maddi ziyanın məbləğinin 1225 manatdan daha yüksək olmasına dair Toyota Bakı Mərkəzi MMC tərəfindən verilmiş X6 200 markalı ** HY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 3740 manat maddi ziyan dəyməsinə dair xx.xx.2023-cü il tarixli Qiymətləndirmə aktını əlavə etsə də 3740 manat maddi ziyanın əvəzində 1225 manat məbləği qəbul etməklə kifayətlənməsinin səbəblərinə aydınlıq gətirilməmişdir.

36. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi Toyota Bakı Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına və həmin akta əsasən tərtib edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 28 iyun 2024-cü il tarixli 9/1078 nömrəli ekspert rəyinə iddiaçıya vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsində mötəbər sübutlar kimi istinad edilməsini doğru hesab etmir.

37. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

39. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

40. Hazırkı iş üzrə isə birinci instansiyası məhkəməsi qeyd olunan normaları nəzərə almayaraq bütün faktların hərtərəfli tədqiqini aparmadan, təqdim edilən sübutlara düzgün hüquqi qiymət vermədən cavabdehin iddiaçıya 1225 manatdan daha yüksək məbləğdə ziyan vurması qənaətinə gəlmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il 23 iyul tarixli Qərarları).

42. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia tələbi üzrə nəticəyə gələrkən doğru mövqedən çıxış etməmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir.

43. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(035)-61/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası təmin edilməməlidir.

44. İddia təmin edilmədiyindən iş üzrə birinci instansiya məhkəməsində aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(035)-61/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar