Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-309/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh apelyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2014/2017 nömrəli qərardadından iddiaçı “xxxx” ASCnin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cavabdeh xx.xx.2014-cü il tarixdə “xxxx” ASC ilə MF-KL/24 nömrəli kredit müqaviləsi bağlayaraq şəxsi məqsədlər üçün 48 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit almışdır. Kredit müqaviləsi üzrə öz öhdəliklərinin təminatı üçün Cavabdeh həmin tarixdə həm də “xxxx” ASC ilə ipoteka müqaviləsi bağlayaraq mülkiyyətində olan, Mingəçevir şəhəri Şəhriyar küçəsi, 1 nömrəli evdə yerləşən, 54,25 kv.m ümumi, o cümlədən 31,32 kv.m yaşayış və 22,93 kv.m yardımçı sahələrdən ibarət 2 otaqlı 32 nömrəli mənzili ipoteka qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti müqavilədə 25000 manat müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, müqavilə şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Nəticədə Cavabdeh xx.xx.2017-ci il tarixinə 8130 ABŞ dolları əsas borc, 2796 ABŞ dolları faiz borcu və 637 ABŞ dolları cərimə оlmaqla cəmi 11563 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Ona görə də iddiaçı “xxxx” ASC Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 8130 ABŞ dolları əsas borc, 2796 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə оlmaqla cəmi 10976 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə olan manat məzənnəsi ilə alınıb iddiaçı “xxxx” ASC-yə ödənilməsi, borcun tutulmasının ipoteka qoyulmuş, Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri Şəhriyar küçəsi, 1 nömrəli evdə yerləşən, 54,25 kv.m ümumi, o cümlədən 31,32 kv.m yaşayış və 22,93 kv.m yardımçı sahələrdən ibarət 2 otaqlı 32 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 25.000 manat məbləğində müəyyən olunması, həmin mənzilin açıq açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsi, habelə iddiaya məhkəmədə baxılması üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumlarının Cavabdeh tutulub “xxxx” ASC-yə qaytarılması qət edilmişdir. İş materiallarından daha sonra görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti olan mənzil açıq hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən mənzil ipotekasaxlayan “xxxx” ASC-yə tələbin məbləği həcmində alış qiymətinə, yəni 15.938 manata təklif olunmuş və ASC ipoteka predmeti olan mənzili kredit borcunun əvəzində almağa razılaşmışdır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, borclu (eyni zamanda ipotekaqoyan) Cavabdeh mülkiyyətində olmuş Mingəçevir şəhəri Şəhriyar küçəsi, 1 nömrəli evdə yerləşən 32 nömrəli mənzil tələbkar (ipotekasaxlayan) “xxxx” ASC tərəfindən 15.938 manat qiymətə alınmışdır. Həmin mənzil üzərində “xxxx” ASC-nin mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə RX-1408906 nömrəli çıxarış verilmişdir. Bundan sonra iddiaçı “xxxx” ASC məhkəmədə cavabdehlər Cavabdeh və ailə üzvlərinə (X7, X8 və X5) qarşı “mənzilə olan yaşayış hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia qaldırmış, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(051)-336/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdehlər Cavabdeh, X7, X8 və X3 Mingəçevir şəhəri Şəhriyar küçəsi, ev 1, mənzil 32-dən yaşayış hüquqlarına xitam verilməklə çıxarılmaları qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-336/2019 nömrəli qətnaməsinin icrası zamanı Cavabdeh xx xxxx 2019-cu il tarixdə həmin Məhkəməyə xx xxx 2017-ci il tarixli, 2(051)-2014/2017 nömrəli qətnamədən (iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə) apelyasiya şikayəti və bu qətnamə üzrə ötürülmüş apelyasiya şikayəti müddətinin bərpası barədə ərizə göndərmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2014/2017 nömrəli qərardadı ilə Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-cı il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddətinin keçməsi səbəbinin üzrlü sayılması və həmin müddətin bərpası haqqında vəsatəti təmin edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh və onun vəkili X6 şikayət verərək, həmin qərardadın ləğv edilməsini və Məhkəmənin xx xxx 2017-cı il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddəti keçmədiyinə görə apelyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2014/2017 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, Məhkəmənin xx xxx 2017-cı il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş və mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2727/2019 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(051)- 2014/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qətnamənin ləğv edilərək iddia ərizəsinin baxılmamış saxlanılmasının hüquqi əsası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2014/2017 nömrəli qərardadından iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 şikayət verərək, həmin qərardadın ləğv edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2014/2017 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin şikayəti təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X6 şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 2014/2017 nömrəli qərardadının isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin, cavabdeh və onun vəkilinin fikirlərini dinləyərək hesab edir ki, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2014/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi cavabdehin qeydiyyatda olduğu ünvana poçt vasitəsilə (poçt reyestrinə əsasən) göndərilmiş, lakin poçt şöbəsi tərəfindən qətnamənin cavabdehə çatdırılması və ya çatdırılmasının mümkün olmaması barədə məhkəməyə sənəd verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsinin Cavabdeh rəsmi qaydada verilməsi təmin olunmamışdır. Məhkəmə sənədinin işdə iştirak edən şəxsə rəsmi qaydada verilməsinin təmin edilməsi vəzifəsi isə məhkəmənin (hakimin) üzərinə düşür. Qanunvericilik işdə iştirak edən şəxsin üzərinə məhkəmə sənədini özünün əldə etmək vəzifəsini qoymamışdır. Bundan sui-istifadə edən cavabdeh sözügedən qətnamənin mövcudluğundan daha əvvəllər məlumatlı olsa da, lakin həmin qətnaməni o vaxt məhkəmədən rəsmi qaydada əldə edib ondan apelyasiya şikayəti verməyə təşəbbüs göstərməmişdir. Cavabdeh izahatına görə, o yalnız 2019-cu il iyun ayının 28-də “xxxx” ASC-də olarkən ona məlumat üçün Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinin surəti təqdim edilmiş və işin nəticəsi haqqında məlumat verilmişdir... Cavabdeh bu izahatı inandırıcı olmasa da, lakin qətnamənin ona rəsmi qaydada verilməsinin məhkəmə tərəfindən təmin olunmaması onun həmin qətnamədən apelyasiya şikayəti vermək hüququnun məhkəmə tərəfindən pozulduğuna dəlalət edir. Digər tərfdən isə, MPM-in 360-cı maddəsinin mənasına görə, qətnamə işdə iştirak edən şəxsə rəsmi qaydada verilməyənə kimi onun həmin qətnamədən apelyasiya şikayəti vermək hüququ qüvvəsində qalır və apelyasiya şikayətinin verilməsi müddətinin axımı müvafiq şəxs üçün qətnaməni rəsmi qaydada aldığı vaxtdan başlayır. MPM-in 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İddiaçı tərəf birinci instansiya məhkəməsinin qərardadından şikayətində göstərmişdir ki, Cavabdeh məhkəmə qətnaməsinin surətini rəsmi qaydada almasa da, lakin həmin qətnamədən vaxtında xəbərdar olmuş, lakin ondan apelyasiya şikayəti verməyə qəsdən vaxtında təşəbbüs göstərməmiş, əslində icraatı yubandırmaq məqsədi güdmüşdür. Bununla əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, milli qanunvericilik apelyasiya şikayətinin verilməsi müddətinin axımının başlanma vaxtını həmin hüquqa malik işdə iştirak edən şəxslərin müvafiq qətnamədən xəbərdar olduqları gündən deyil, müstəsna olaraq qətnamənin onlara rəsmi qaydada verildiyi gündən hesablanmasını müəyyən etmişdir. Ona görə də məhkəmə qətnaməsinin rəsmi qaydada verilmədiyi şəxs üçün apelyasiya şikayətinin verilməsi müddətinin axımı həmin qətnamə ona rəsmi qaydada verilməyənədək başlamır. Cavabdeh də məhkəmənin yol verdiyi prosessual pozuntudan, yəni qətnamənin ona rəsmi qaydada verilməməsindən öz mənafeyinə uyğun istifadə etmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(051)- 2014/2017 nömrəli qətnaməsini 3 ildən artıq müddət keçəndən, həm də həmin qətnamənin icrası başa çatandan sonra mübahisələndirmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədən apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən prosessual müddətin ötürülməsi səbəbini üzrlü hesab edərək həmin müddəti bərpa edib şikayəti baxılması üçün apelyasiya məhkəməsinə göndərdiyindən, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası da Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsindən verilmiş həmin apelyasiya şikayətinə mahiyyəti üzrə baxmış və özünün xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2727/2019 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qismən təmin edərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsini ləğv etmiş, iddia ərizəsini isə baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası hazırda Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2014/2017 nömrəli qərardadından iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 həmin qərardadın ləğv edilməsi və Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsindən imtina edilməsi barədə verdiyi şikayətin təmin olunmasını qeyri-mümkün və əhəmiyyətsiz hesab edir. Ona görə ki, əvvəla, konkret halda müddətin bərpa edilməsindən imtina edilməsi MPM-in 135 və 360-cı maddələrinin tələblərinin pozulmasını ehtiva etmiş olar. Xüsusən də, yuxarıda şərh edildiyi kimi, həmin prosessual normaların müddəalarına uyğun olaraq Cavabdeh əslində Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2017-cı il tarixli, 2(051)- 2014/2017 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək müddətini ötürməmiş hesab olunur. Digər tərəfdən isə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2014/2017 nömrəli qərardadı ləğv olunsa belə, həmin qərardadla apelyasiya məhkəməsinə göndərilmiş Cavabdeh apelyasiya şikayətinə artıq baxılmış və şikayət üzrə yekun məhkəmə qərarı, yəni Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2727/2019 nömrəli qərardadı qəbul olunmuşdur. Mülki prosessual qanunvericiliyə görə sözügüdən qərardadın nə apelyasiya məhkəməsinin özü tərəfindən ləğv edilməsi, nə də ondan kassasiya şikayətinin verilməsi mümkün deyildir. Bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2014/2017 nömrəli qərardadının ləğv edilib-edilməməsindən asılı olmayaraq həmin Məhkəmənin xx xxx 2017-cı il tarixli, 2(051)-2014/2017 nömrəli qətnaməsi artıq ləğv edilmişdir və bu halın aradan qaldırılması və ya dəyişdirilməsi qeyri-mümkündürdür. Ona görə də məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(051)-2014/2017 nömrəli qərardadını dəyişdirilmədən saxlamağı daha məqbul hüquqi mövqe hesab edir. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Mingəçevir Şəhər Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2014/2017 nömrəli qərardadından iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntunun nəticə etibarilə iddiaçı “xxxx” ASC-nin məhkəmə müdafiəsi hüququnu əhəmiyyətli dərəcədə pozduğunu nəzərə alaraq, bununla əlaqədar adekvat reaksiya verilməsini zəruri sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 128-133, 135, 395-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)- 2014/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-309/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-309/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver