Məhkəmə qərarları › İş №2(107)-310/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-310/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-310/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-751/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh verdiyi 79925 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-751/2020 nömrəli (hakim H.Mirzəliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 14090 (on dörd min doxsan) manat məbləğdə pul və 29265 (iyirmi doqquz min iki yüz altmış beş) ABŞ dolları məbləğdə pul alınıb, qətnamə icra olunan günə olan manat məzənnəsi ilə hesablanıb İddiaçı verilməsi, iş üzrə 126 manat məbləğdə ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh X3 vasitəsi ilə tanımışdır. Ona Mingəçevir şəhərində spirtli içkilərin və mineral suların topdan satışı ilə məşğul olduğunu bildirdi. Gələcəkdə də onun oğlunu da bu işə cəlb edərək yaxşı gəlir əldə edəcəyini söylədi. Sonradan həmin biznesini gücləndirmək məqsədilə ondan 87925 manat pul almış, həmin puldan 8000 manatını qaytarmışdır. Hazırda onun 79925 manat borcu qalmışdır. Həmin pulun bir hissəsinin alınmasında yəni 23800 manat və 6000 ABŞ dolları X2 iştirakı və şahidliyi ilə verilmişdir. Bununla bağlı şahidin imzası ilə qəbz də vardır. Hər dəfə cavabdehdən pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirmiş və pulun ödənilməsindən yayınmışdır. Buna görə də Cavabdeh verdiyi 79925 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmişdir. Belə ki, o, iddiaçıdan pul almışdır. Ancaq aldığı pulu tamamilə qaytarmışdır. Aldığı pulla bağlı qəbz yazmışdır. Həmin qəbzdə 6000 ABŞ dolları və 23800 manat qeyd etdiyini bildirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticənin işin həqiqi hallarına uyğun hesab etmiş, nəticədə yuxarıda qeyd edilən maddi və prosesual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-751/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də sahibkarlığını genişləndirmək məqsədilə cavabdehdən 23800 manat və 6000 ABŞ dollar məbləğində borc pul almış, bu barədə sadə yazılı qəbzə imza da etmişdir. Lakin həmin pulun bir hissəsini hissə-hissə olaraq qaytarmışdır. Hesablamasına görə onun cavabdehə 14000 manat borcu qalmalıdır. Cavabdeh isə ondan əlavə faiz tələb edir. Birinci instansiya məhkəməsi ətraflı araşdırma aparmadan, qeyri-obyektiv qərar vermişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Qətnamənin məzmununa nəzər saldıqda təsviri-əsaslandırıcı hissə ilə, qət etdi hissə bir-birini tamamlamır. Belə ki, qətnamənin bir yerində 14090 ABŞ dolları və 29265 manat, digər hissələrində, o cümlədən qət etdi hissəsində isə tamamilə bunun əksi qeyd edilib. Qətnamə tam anlaşılan deyil. Bundan əlavə birinci instansiya məhkəməsi iş materiallarında olan vərəqlərdəki rəqəmlərə də istinad etmişdir. Halbuki həmin vərəqlərdə nə yazılması da başa düşülən deyil. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh ondan hər dəfə borc pul götürərkən qəbzlərə imza etmişdir. Bu ekspert tərəfindən də təsdiq edilmişdir. Hazırda cavabdehin ona 79.925 manat borcu var. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, əvvəlki və yeni araşdırılmış hallar üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Mülki işə əlavə olunmuş qəbzdən (i/m səh.32) görünür ki, Kərimov X1 Fərid Yusif oğlunun şahidliyi ilə birgə biznes qurmaq üçün İddiaçı 23800 manat və 6000 ABŞ dolları məbləğində pul almış və bunu imzasıyla təsdiq etmişdir. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 4/513 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 29- cu vərəqinin orta hissəsində xx xxxxxx 2019-cu il tarixli sənəddə “Coşqun” yazısı önündəki imza, 30-cu vərəqinin orta hissəsində x xxxxxx 2019-cu il tarixli sənəddə “verdim” yazısı qarşısındakı imza, 31-ci vərəqinin orta hissəsində x xxxxxx 2019-cu il tarixli sənəddə “6/1- 2019” rəqəmlərinin qarşısındakı imza və 32-ci vərəqində x xxxxx 2018-ci il tarixli sənəddə “Cavabdeh “ yazıları qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh öz xətti ilə qəbz yazıb iddiaçıya verməklə üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi). Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı olsa da, iddia tələbinin tam rədd edilməsi üçün əsaslı deyil. Birincisi ona görə ki, cavabdeh özü iddiaçıdan 23800 manat və 6000 ABŞ dollar məbləğində borc pul aldığını və bununla bağlı qəbzə imza etdiyini etiraf edir. İkincisi, cavabdeh iddiaçıya olan borcundan bir hissəsini (məbləği açıqlaya bilmir) ödədiyini, hesablamasına görə 14000 manat qaldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Üçüncüsü, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış qəbz əslində mahiyyət etibarı ilə də iddiaçıdan borc pul alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini tam əsaslı hesab etmək olmaz. Dördüncü, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticənin, yəni 14090 manat və 29265 ABŞ dolları məbləğinin məntiqi ardıcıllığını da tuta bilmir. Çünki birinci instansiya məhkəməsi iş materiallarının 29-31-ci səhifələrindəki rəqəmlərə istinad edərkən öz mövqeyini tam açıqlamamış, yalnız həmin vərəqlər üzərindəki imzanın cavabdehə məxsus olmasına istinad edərək hazırki qənaətə gəlmişdir. Məhkəmə bu məbləği təmin edərkən nəyə istinad etməsi sual doğurur. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əvvala həmin vərəqlərdəki imza cavabdehə məxsus olsa da belə, mahiyyətindən görünür ki, bu daha çox borc pulun götürülməsinə deyil, haqq-hesab aparılmaya dəlalət edir. Çünki göründüyü kimi həmin vərəqlərdə olan yazı və rəqəmlər müxtəlif aydın və başa düşülən deyil, həmçinin digər şəxslərin adı qeyd edilmiş, sonda əksər yazıların üzərindən “ Z və X” işarələri çəkilmişdir. Belə olan halda kollegiya hesab edir ki, həmin “qəbz”lər kifayət qədər şübhə doğurduğundan iddiaçının xeyrinə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beşinci, kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-751/2020 nömrəli qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23800 manat və 6000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan manatına məzənnəsi üzrə alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(051)-751/2020 nömrəli qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 23800 (iyirmi üç min səkkiz yüz) manat və 6000 (altı min) ABŞ dolları ödəniş günü üçün Azərbaycan manatına məzənnəsi üzrə alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 126 manat məbləğdə ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar