Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-312/2025 06.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi, ekspertiza məsələləri) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(075)-1062/2024 nömrəli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5853.56 manat məbləğində əsas bоrc və 2413.63 manat faiz borcu оlmaqla, cəmi 8267.19 (səkkiz min iki yüz altmış yeddi manat on doqquz qəpik) manat borcun və 102.68 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 avqust 2022-ci il tariхli, 200804-241745/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 04 mart 2024cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5853.56 manat məbləğində əsas bоrc və 2413.63 manat faiz borcu оlmaqla, cəmi 8267.19 (səkkiz min iki yüz altmış yeddi manat on doqquz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Şəki Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(075)-1062/2024 saylı qətnaməsi ilə (hakim K.Musayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5807,41 (beş min səkkiz yüz yeddi manat, qırx bir qəpik) manat əsas və 90,01 (doxsan manat, bir qəpik) manat faiz, cəmi 5897,42 (beş min səkkiz yüz doxsan yeddi manat qırx iki qəpik) manat borc məbləği və 78,97 (yetmiş səkkiz manat, doxsan yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:
4. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 avqust 2022 il tariхli, 200804-241745/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:
5. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 04 avqust 2022-ci il tarixli, 200804-241745/1 nömrəli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit sazişi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
6. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı əsas və faiz borcunun 1 həftə ərzində geri qaytarılmasını tələb etmiş, əks təqdirdə qanunvericilikdə tədbir görüləcəyini bildirmişdir. Həmin Bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır.
7. Məhkəmə hesab etmişdir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.
8. Mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyi digər sübutlarla birlikdə qiymətləndirilir. Hazırda ekspert rəyini şübhə altına alacaq hal müəyyən edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilir.
9. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını və ekpert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən - ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Belə ki, cavabdehdən 5807,41 manat əsas, 90,01 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 78,97 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 447.1, 739.1 və 741-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı mərhələsində xx.xx.2024-cü il tarixdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaya göndərilməsi barədə qərardad qəbul edilmişdir və ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Verilmiş xx.xx.2024-cü tarixli Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əsasında tələb olan əsas borc 5853.56 manatdan 5807.41 manata və faiz borcu 2413.63 manatdan 90.01 manata qədər azaldılmışdır.
13. Məhkəmə ekspert rəyini sübut növü kimi qiymətləndirməklə bankın irəli sürdüyü tələbini qismən təmin edərək 5807.41 manat əsas borc, 90.01 manat faiz borcu və 78.97 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etmişdir.
14. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bank tərəfindən iddia ərizəsi verilən günə kimi cavabdehin ödəməli olduğu faizlərin məbləği hesablanmış və həmin məbləğ ona qarşı tələb kimi irəli sürülmüşdür. Məhkəmə iş üzrə ekspertiza təyin etmiş və ekspert kredit müqaviləsi üzrə borcu hesablayarkən AR Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almayaraq borcu hesablamışdır. Belə ki, ekspertə təqdim edilmiş hesabdan çıxarış onun tərəfindən düzgün nəzərə alınmamış və nəticədə irəli sürülmüş tələblə ekspertin müəyyən etdiyi məbləğ arasında olan fərqin hüquqi əsaslandırılması aparılmamışdır.
15. Kredit müqaviləsinin 2.10-cu bəndinə əsasən, müqavilənin və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0.5 faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir.
16. Odur ki, cavabdeh razılaşdırılmış cədvəl üzrə ödənişləri etmədiyinə görə kredit üzrə əsas və ona hesablanan faiz borcunun ödənilməsi gecikdirilmişdir.
17. Buna görə də müqavilənin 2.10-cu bəndinə əsasən gecikdirilmiş əsas borca faizlər (dəbbə pulu) hesablanmış və ümumilikdə 775.91 manat məbləğində gecikdirilmə faizinə (dəbbə puluna) silinmişdir. Lakin, müqavilənin 2.10-cu bəndinə əsasən aparılmış silinmələr ekspert rəyində öz əksini tapmamışdır. Ekspert rəyində həmin silinmələr gecikdirilmə faizi (dəbbə pulu) kimi nəzərə alınmasa da ekspert qeyri-peşakarlıq göstərək həmin silinmələri əsas və faiz borcundan silmişdir. Halbuki, ekspert kredit müqaviləsi və təqdim edilmiş sənədlərlə ətraflı tanış olsaydı ona aydın olardı ki bank müqavilənin 2.10cu bəndinə və qanunvericiliyin tələblərinə əsasən hesabalınmış gecikdirlmə faizləri (dəbbə pulu) tutma hüququ var və hüquqdan istifadə edərək həmin ödənişləri Mərkəzi Bankın təlimatları üzrə silmişdir.
18. Ekspert rəyi ilə müəyyən olunmuş borc məbləği ilə bankın tələb etdiyi borc məbləği arasında fərq yaranmışdır. Məhkəmə bank tərəfindən təqdim edilmiş sənədləri ekspert rəyinə münasibətdə düzgün qiymətləndirməmiş və nəticədə bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
19. Belə ki, qeyd olunur ki, bankın təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən ödənilmiş 1922.35 manat pul vəsaitinin Mərkəzi Bankın müəyyən etdiyi hesablar planına uyğun olaraq iddiaçı tərəfindən 1146.44 manat məbləğində olan hissəsinin əsas və vaxtı keçmiş əsas borcuna, 398.90 manat məbləğində olan hissəsinin faiz borcuna, 377.01 manat məbləğində hissəsinin gecikdirilmiş əsas məbləğə hesablanan gecikdirilmiş faiz borcundan (müqavilənin 2.10-cu bəndi) silinmişdir. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixli ekspert rəyində ekspert tərəfindən həmin 1967 manat pul vəsaitinin 1192.59 manat hissəsi əsas borca, 774.41 manat isə faiz borca silinməsi qeyd edilmişdir. Odur ki, aydındır ki bank tərəfindən silinmələr Mərkəzi Bankın təlimatlara uyğun aparılır, lakin ödənilmiş pul vəsaitinin silinmə formasının ekspert tərəfindən hansı qaydalara və təlimatlara uyğun aparıldığı göstərilməmişdir. Nəzərinizə çatdırırıq ki, edilmiş ödənişlərin hansı qaydada və ardıcılıqda silinməsi müqavilənin 3.4-cü bəndində göstərilir. Hesabdan çıxarışda və ekspert rəyində aydın görünür ki kredit borcu gecikmələr olmaqla ödənilib. Lakin, buna baxmayaraq müqavilənin şərtlərinə və Mərkəzi Bankın müəyyən etdiyi hesablar planına ekspert tərəfindən riayət olunmadan və gecikdirilmiş əsas borca hesablanan gecikmə faizləri (dəbbə pulu) nəzərə alınmadan edilmiş ödənişlər yalnız əsas və faiz borcdan silinmişdir. Əgər ekspert kredit müqaviləsi ilə tanış olub 2.10-cu bəndinə nəzərə alsaydı onda başa düşülərdi ki, Bank həmin müqavilənin və Mərkəzi Bankın hesablar planına əsasən kredit borcu üzrə gecikdirilmə faizləri hesablamış və ona uyğun silinmələr aparmışdır. Odur ki, ekspertin qeyri-peşakar yanaşması nəticəsində düzgün rəy verilməmişdir.
20. Həmçinin ekspert rəyində göstərilir ki, təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, edilmiş cəmi 1967 manat ödənişin bank tərəfindən 1192.59 əsas borca və 774.41 manat faiz borca silinmişdir. Halbuki, hesabdan çıxarışdan aydın görünür ki, bank silinmələri hansı qaydada aparmışdır (1146.44 manat əsas borca və 775.91 manat ümumi faiz borcuna (faiz borcu, gecikdirilmiş faiz borcu və gecikdirilmə faizləri (dəbbə pulu)). Odur ki, ekspert qərəzli olaraq öz mövqeyini (silinməni) bankın mövqeyi (silinməni) kimi təqdim etmişdir.
21. Qeyd edirik ki, bank iddia tələbində gecikdirilmə faziləri (dəbbə pulu) tələb etməsə də, sistem üzrə əsas borca gecikdirilmə faizlərini hesablanması aparılır və edilmiş ödənişlər məhkəmə qətnaməsi qəbul olunanadək həm əsas və faiz borcundan, həmdə ki, gecikdirilmə faizlərindən silinir. Bütün silinmələr təqdim olunmuş hesabdan çıxarışda aydın göstərilir. Ekspert öz tədqiqatında hesabda çıxarışda göstərilən məbləğləri əsas götürür, lakin, aparılan silinmələrin təyinatına əhəmiyyət vermir. Eyni zamanda da məhkəmə də bunlara diqqət yetirməmişdir.
22. Bütün bu hallar, yəni təqdim olunmuş sübutlarla ekspert rəyləri arasında olan uyğunsuzluqlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir.
23. Bu səbəbdən hesab edirik ki, hazırki iş üzrə ekspert rəyi təqdim edilmiş sənədlər üzrə aparılmadığına və qəbul olunmuş qaydalara riayət edilmədiyinə görə sübut kimi qiymətləndirilməməlidir.
24. İşin faktiki halı ondan ibarətdir ki, cavabdehin götürdüyü kreditə və onunla bağlanmış müqaviləyə uyğun olaraq əsas və faiz borcun ödənilməsi ödəniş cədvəli ilə müəyyən edilmişdir. Həmin cədvəl cavabdehə təqdim edilmiş və cavabdeh həmin cədvəl üzrə ödənişlər etməli idi. Lakin cavabdeh ödənişləri vaxtında etməmiş və gecikmiş borclar yaranmışdır. Buna əsasən cavabdehin gecikdirilmiş əsas borcuna gecikdirmə faizləri (dəbbə pulu) hesablanmışdır. Ekspert rəyində isə ümumiyyətlə həmin hissəyə toxunulmamışdır. Beləliklə mövcud olan sübutlar arasında (hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş cədvəli və ekspert rəyi) olan uyğunsuzluğa hüquqi qiymət verilməmişdir.
25. Odur ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1062/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 51.34 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ASC məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin e-2(075)-1062/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində dəyişdirilməsi və həmin hissədə iddia tələbinin həcminin artırılması barədə tələb nəzərə alınmaqla iddianın tam təmin edilməsi hissədə mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(075)-1062/2024 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
33. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. İddiaçı ASC Şəki Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(075)- 1062/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(075)-1062/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeharasında bağlanmış 04 avqust 2022 il tariхli, 200804-241745/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.
39. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 04 avqust 2022-ci il tarixli, 200804-241745/1 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir.
40. İş materiallarında olan 04 avqust 2022-ci il tarixli, 200804-241745/1 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
41. 04 avqust 2022-ci il tarixli TT22216KWBF0 saylı kassa məxaric orderindən görünür ki, Cavabdehnqa 7000 manat məbləği təhvil almışdır.
42. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçıya 5853,56 manat əsas və 91,44 manat faiz borcu olmaqla, cəmi 5945 manat məbləğində borcunun ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Həmin bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır.
43. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 04 avqust 2022-ci il tarixli, 200804- 241745/1 nömrəli müqaviləyə əsasən İddiaçı ASC-yə 5853,56 manat əsas və 2413,63 manat faiz borcu olmaqla, cəmi 8267,19 manat məbləğində borcu vardır.
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-9/6831/2024 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 5807,41 manat məbləğində əsas borc, 90,01 manat məbləğində faiz borcu, maliyyə arayışında qeyd edilən xx.xx.2024-cü il tarixə 5807,41 manat məbləğində əsas borc, 958,22 manat məbləğində faiz borcu vardır.
45. xx.xx.2024-cü il tarixli **********32 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 102,68 manat dövlət rüsumu ödənilmişdir.
46. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətində qeyd edir ki, hesabdan çıxarışda və ekspert rəyində aydın görünür ki, kredit borcu gecikmələr olmaqla ödənilib. Lakin, buna baxmayaraq müqavilənin şərtlərinə və Mərkəzi Bankın müəyyən etdiyi hesablar planına ekspert tərəfindən riayət olunmadan və gecikdirilmiş əsas borca hesablanan gecikmə faizləri (dəbbə pulu) nəzərə alınmadan edilmiş ödənişlər yalnız əsas və faiz borcdan silinmişdir. Əgər ekspert kredit müqaviləsi ilə tanış olub 2.10-cu bəndinə nəzərə alsaydı onda başa düşülərdi ki Bank həmin müqavilənin və Mərkəzi Bankın hesablar planına əsasən kredit borcu üzrə gecikdirilmə faizləri hesablamış və ona uyğun silinmələr aparmışdır. Odur ki, ekspertin qeyri-peşakar yanaşması nəticəsində düzgün rəy verilməmişdir.
47. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin banka olan əsas və faiz borcunu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etməkdə haqlı olmuşdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(075)-1062/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(075)-1062/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.