Məhkəmə qərarları › İş №2(107)-313/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-313/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-313/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1008/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1008/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4047 manat məbləğində pulun alınaraq iddiaçı “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manatın qəpik və 19,40 manatın cavabdeh X1 alınaraq “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh və “xxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4360 manat sığorta ödənişinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun və 19,40 manat notarius xərcinin, cəmi 4409,80 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (İddiaçı tərəfindən iddia tələbləri artırılmış və dəqiqləşdirilmişdir.) İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə, Yevlax şəhəri, C.Mustafayev küçəsində Cavabdeh “VAZ 21723” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də MİB-2622-1/14 saylı şəhadətnamə ilə sığortalanmış “Hyundai İX- 35” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi “VAZ 21723” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil «Hyundai İX-35 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı, “VAZ 210” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə, o da öz növbəsində “VAZ 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zəncirvari halqa şəklində davam edən avtoqəza zamanı “VAZ 2101” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə də zərər vurulmuşdur. Nəticədə, cavabdehin təqsiri ucbatından 5 avtonəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və bu da öz növbəsində ödənilən sığorta ödənişinin məbləğinin artmasına öz təsirini göstərmişdir. “Hyundai İX-35” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 7613 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 3253 manatı “VAZ 21723” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etmiş “xxxxxxxxx” ASC tərəfindən ödənilmiş, qalan 4360 manatı isə onlar ödəmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, hadisə törətdiyi avtomobilin ona məxsus olmadığın, avtomobili “xxxxxxxxxx” MMC-yə qaytardığını, eyni zamanda sığorta hadisəsindən 5 il sonra ondan pul tələb edilməsinin əsassız olduğunu bildirərək, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh Apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmişdir. O, qeyd olunan iddianı qəbul etməmişdir. Çünki mübahisəli avtomobil “xxxxxxxxxx” MMC-yə məxsus olmaqla, etibarnamə əsasında həmin avtomobili idarə etmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi xx.xx.2014-cü il tarixdə baş vermişdir. İddiaçı isə iddia tələbini 2019-cu ilin iyul ayında rəsmiləşdirərək məhkəməyə göndərmişdir. Göründüyü kimi, mülki işin materiallarında sığorta məbləğinin ödənilməsi xx.xx.2014-ci il tarixdə icra edilmişdir. Müqavilə öhdəlikləri üzrə mülki qanun vericilikdə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. O, məhkəmə prosesində qeyd olunan məsələ ilə bağlı iddia müddətinin tətbiq edilməsini, tələbə münasibətdə qanunvericiliyin bu normasının tətbiq edilməsini məhkəmənin nəzərinə çatdırmışdır. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1008/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)- 1008/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh idarə etdiyi ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşın “xxxxxxxxxx” MMC-yə məxsus olmaqla 025881 saylı vəkalətnamə əsasında xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək ona etibar edilmiş, eyni zamanda uzunmüddətli icarə müqaviləsinə və qəbul aktına əsasən Cavabdeh ona verilmiş bütün tələb hüquqlarını qəbul etmişdir. İş materiallarına əlavə edilmiş BYP seriyalı 891807 saylı “inzibati xəta haqqında protokol”dan müəyyən edilir ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə saat 20:15-də ** PU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Yevlax şəhəri, C.Mustafayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində işıqforun qırmızı işığından keçərək “Hyundai” markalı ** BD *** saylı avtomaşını vurmuş, nəticədə beş avtomaşının zəncirvari şəkildə bir-biri ilə toqquşmuş, qeyd olunan protokolla Cavabdeh razılaşaraq protokola imza etmiş və o, İXMnin 151.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, “Hyundai İX-35 (** BD ***) 2013” markalı minik avtomobili sığortalı X2 tərəfindən xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2014-cü il tarixli “zərərin hesablanmasına dair” aktına əsasən “Hyundai İX-35 (** BD ***) 2013” markalı avtomobilə dəyən zərər avtomaşının hissələrinə görə 6750 manat, təmir-bərpa işləri üzrə texniki xidmətə görə 2230, 13 faiz endirimlə 7813 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli sığorta aktından müəyyən olunur ki, MİB-2622-1/14 saylı könüllü sığorta şəhadətnaməsinə əsasən xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək “xxxxxxxxxxxx” ASC-də “nəqliyyat vasitəsinin kasko sığortası” növündə sığortalanmış “Hyundai İX-35 (** BD ***) 2013” avtomobillə bağlı dəymiş zərər 7813 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 000767 saylı kassa məxaric orderindən görünür ki, “xxxxxxxxxxxx” ASC tərəfindən R.Süleymanova MİB-2622-1/14 saylı sığorta şəhadətnaməsinə əsasən 7613 manat sığorta ödənişi edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16277 saylı rəyi ilə müəyyən edilmişdir ki, “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü ilin buraxılışlı “Hyundai İX 35” markalı 32BD 332 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7300 manat müəyyən edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə, Yevlax şəhəri, C.Mustafayev küçəsində Cavabdeh “VAZ 21723” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də MİB-2622-1/14 saylı şəhadətnamə ilə sığortalanmış “Hyundai İX- 35” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi “VAZ 21723” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil «Hyundai İX-35 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı, “VAZ 210” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə, o da öz növbəsində “VAZ 21074” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zəncirvari halqa şəklində davam edən avtoqəza zamanı “VAZ 2101” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə də zərər vurulmuşdur. Nəticədə cavabdehin təqsiri ucbatından 5 avtonəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş və bu da öz növbəsində ödənilən sığorta ödənişinin məbləğinin artmasına öz təsirini göstərmişdir. “Hyundai İX-35” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 7613 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 3253 manatı “VAZ 21723” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığorta etmiş “xxxxxxxxx” ASC tərəfindən ödənilmiş, qalan 4360 manatı isə “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci mаddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci madddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.3-cü maddəsinə görə əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; - zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; - zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; - sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Həmin Qanunun 16.1-16.2-ci maddələrinə görə sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə görə əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “xxxxxxxxxx” MMC-yə aid hissədə təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Belə ki, yol-nəqliyyat hadisəsi Cavabdeh təqsiri üzündən baş verdiyindən, yəni iddiaçıya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməl (delikt) şəxsən Cavabdeh tərəfindən törədildiyindən və hadisə baş verən vaxt o, avtomobilə qanuni əsaslarla sahiblik etdiyindən ziyanın əvəzi də məhz onun tərəfindən ödənilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək 4047 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, sığorta hadisəsi xx.xx.2014-cü il tarixdə baş vermiş, iddiaçı sığorta ödənişini xx.xx.2014-ci il tarixdə etmiş, hazırkı iddia isə 2019-cu ilin iyul ayında qaldırılmışdır. Müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 il nəzərdə tutulduğundan cavabdeh məhkəmə prosesində iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, işə baxan birinci instansiya məhkəməsi bunu etməmişdir. Məhkəmə kegiyası şikayətin həmin dəlini əsassız sayaraq qeyd edir ki, hazırkı işdə sığorta müqaviləsi üzrə münasibətlər iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə sığortalı şəxs X2 arasında mövcud olmuşdur. İddiaçı bu müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş, yəni sığorta ödənişini həyata keçirmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iş üzrə iddianı vermişdir. Göründüyü kimi, sığortalı R.Süleymanov və Cavabdeh arasında isə zərərvurmadan (deliktdən) doğan öhdəlik münasibətləri yaranmışdır. İddiaçı sığorta şirkəti sığortalı ilə öz aralarında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən Mülki Məcəllənin 936.1 (Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur) və 936.2-ci (Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir) maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. İşin qeyd olunan halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan irəli gələn öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən əmələ gələn tələblərə isə ümumi iddia müddəti şamil olunur və Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1008/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1008/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar