Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-318/2025 16.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qızına qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, vərəsənin vəzifəsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-1962/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quliyev Əli Əbülfət oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 02 oktyabr 2020-ci il tarixli, BPM**********78 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 3949.89 manat əsas borcun, 2298.78 manat faiz borcunun, cəmi 6248.67 manat məbləğində kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 82.49 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Quliyev Əli Əbülfət oğlu arasında bağlanmış BPM**********78 nömrəli 02 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 24 % dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğində kredit xətti açılmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan 15 noyabr 2021-ci il tarixində vəfat etdiyindən müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 10 yanvar 2023-cü il tarixli, 64/2023 №-li məktubuna əsasən məlum olmuşdur ki, həmin notariat ofisi tərəfindən Quliyev Əli Əbülfət oğlunun miras əmlakına dair Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə 25 may 2023-cü il tarixli, 2V-609 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində 03 iyun 2024-cü il tarixli maliyyə arayışlarına əsasən Quliyev Əli Əbülfət oğlunun kredit xətti müqaviləsi üzrə banka ödənilməmiş 3949.89 manat əsas və 2298.78 manat faiz borcu qalmışdır. Cavabdeh - Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır.
5. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-1962/2024 nömrəli qətnaməsi ilə (hakim R.Əlizadə) iddianın təmin edilməsi, Quliyev Əli Əbülfət oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 oktyabr 2020-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi üzrə 3949.89 manat əsas, 2298.78 manat faiz, cəmi 6248.67 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 82.49 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC-nin “Şəki” filialı ilə Quliyev Əli Əbülfət oğlu arasında bağlanmış 02 oktyabr 2020-ci il tarixli, BPM**********78 №-li kredit müqavilələrinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. X11 Əbülfət oğlu 15 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. 25 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhum Quliyev Əli Əbülfət oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbuletmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, Quliyev Əli Əbülfət oğlunun vəfat etdiyi tarixə banka ödənilməmiş 3949.89 manat əsas, 2298.78 manat faiz olmaqla, cəmi 6248.67 manat borcu qalmışdır. Cavabdeh mərhum Quliyev Əli Əbülfət oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Həmçinin cavabdeh tərəfindən 5629.50 manat pul vəsaitindən başqa mirasın qalmamasına dair məhkəməyə sübut təqdim edilməmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübut etmə yükü adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
8. Məhkəmə hesab etmişdir ki iddia təmin edilməli, Quliyev Əli Əbülfət oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 oktyabr 2020-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi üzrə 6248.67 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 82.49 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulmalıdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739.2, 1133.1, 1134.1, 1306.1, 1306.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 124-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnaməndən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.
11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə haqlı olaraq hazırkı mübahisə üzrə Quliyev Əli Əbülfət oğlunun vərəsəsi olaraq onu cavabdeh qismində müəyyən etmiş, lakin iddianın təmin edilməsi hissəsində işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayaraq prosessual pozuntulara yol vermişdir. Belə ki, onkoloji xəstədir və müalicə aldığına görə məhkəməyə gəlmək iqtidarında olmadığı ilə bağlı məhkəməyə yazılı müraciət etməyinə baxmayaraq, məhkəmə iclası təxirə salınmamış, məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə həmçinin mübahisənin ədadlətli və qanuni həlli üçün aşağıda göstərilən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməyərək qanunvericiliklə müəyyən edilmiş mülki hüquqlarımın pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 8 yanvar 2025-ci il tarixli, 3-21-2-17/2-Q-8-43/2025 saylı arayışıda (qeyd: Arayış apellyasiya şikayətinə əlavə edilir) qeyd edilir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin sabiq böyük X7 Quliyev Əli Əbülfət oğlu xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən onun vərəsəsi X2 bank hesabına 2296.26 manat son haqq-hesab pulu, 2084.70 manat dəfn pulu, 725.70 manat xəstəlik müavinəti pulu və Dövlət Sosial Müdafiə fondu tərəfindən xəstəlik müavinətinin 14 gündən yuxarı olması ilə əlaqədar 550.91 manat xəstəlik müavinəti pulu olmaqla, ümumilikdə 5657.57 (beş min altı yüzəlli yeddi) manat vəsait köçürülmüşdür. 25 may 2022ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən həmin məbləği əldə etmişdir. Məhkəmə qətnaməsində həmin miras əmlakı (pulu) əldə etməyi barədə qeyd vardır. Lakin həmin məbləğin arayışda qeyd edildiyi kimi, 2084.70 manat hissəsi dəfn puludur. Dəfn pulu isə miras əmlak deyildir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (mirasaktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, dəfn pulu miras qoyan Quliyev Əli Əbülfət oğlunun öldüyü məqamadək malik olduğu əmlak deyildir. Və yalnız Quliyev Əli Əbülfət oğlu öldükdən sonra onun dəfni üçün vərəsəsi olaraq ona verilmiş puldur. Yuxarıda göstərilən 5657.57 (beş min altı yüz əlli yeddi) manat vəsaitdən miras əmlak olmayan dəfn pulunu - 2084.70 manatı çıxdıqda, yerdə qalan məbləğ 3572,87 (üç min beş yüz yetmiş iki manat səksən yeddi qəpik) manat təşkil edir ki, nəticədə o, miras qoyan Quliyev Əli Əbülfət oğlundan qalmış həmin miras payı, yəni 3572,87 manat həcmində miras qoyanın öhdəlikləri üçün məsuliyyət daşıyır.
13. İddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, müqavilənin bağlandığı 02 oktyabr 2020-ci il tarixdən Quliyev Əli Əbülfət oğlunun öldüyü 15 noyabr 2021-ci il tarixədək, yəni bir il on iki günlük müddət üçün 3949,89 manat əsas borca görə 2298,78 manat faiz borcu hesablanmışdır ki, bu da qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, məhkəmə tənasübsüz surətdə yüksək hesablanmış və ağlabatan olmayan faizi müəyyən etməklə Mülki Məcəllənin 467-ci maddəsini pozmuşdur.
14. Məhkəmə onkoloji xəstəliyə görə müalicə olunduğunu və bununla bağlı məhkəmə iclasına gələ bilmədiyi üçün məhkəməyə yazılı müraciət göndərdiyini (qeyd: Poçt qəbzi apellyasiya şikayətinə əlavə edilir) nəzərə almamış, nəticədə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Ona görə də sözügedən sübutu məhkəməyə təqdim etmək imkanı olmamışdır.
15. Məhkəmə iddiaçı tərəfindən hesablanmış ağlabatan olmayan və tənasübsüz surətdə yüksək 2298,78 manat dəbbə pulunu tətbiq etməklə, həmin sübutu obyektiv, hərətərəfli və tam araşdırmamış, habelə düzgün qiymətləndirməmişdir. Halbuki məhkəmə həmin məbləğin obyektiv hesablanması üçün Azərbaycan Respublikası MPM-nin 91.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə müvafüq ekspertiza təyin edə bilərdi.
16. Məhkəmə prosessual hüquq normaları qismində MPM-nin 14.1, 88-ci maddələrini pozmuş və bu pozuntu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
17. Məhkəmə iddiaçı tərəfindən hesablanmış ağlabatan olmayan və tənasübsüz surətdə yüksək 2298,78 manat dəbbə puluna dair əhəmiyyətli halları aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi yanlış nəticəyə səbəb olmuşdur. Başqa sözlə, məhkəmə yanlışlığa yol verərək ağlabatan olmayan və tənasübsüz surətdə yüksək 2298,78 manat faiz pulunun ondan tutulmasını müəyyən etmişdir. Hesab edir ki, bu hal sübut edilməmişdir. Çünki iddiaçı tərəfindən hesablanmış bir il on iki günlük müddət üçün 3949,89 manat əsas borca görə 2298,78 manat faiz borcu məntiqli və ağlabatan olmamaqla, tənasübsüz surətdə yüksəkdir. Ona görə də hesab edir ki, həmin məbləğ sübut kimi qeyri-mötəbər və ziddiyətlidir.
18. Tərəflərin (iddiaçının və onun) qarşılıqlı münasibətlərinin əsasında bu ərizənin 6-cı bəndində qeyd edildiyi kimi miras qoyan Quliyev Əli Əbülfət oğlundan qalmış miras payı (miras aktivi), yəni 3572,87 manat pul məbləği durur. Bu baxımdan məhkəmənin cavabdehdən həmin məbləğdən artıq olan (yüksək faiz məbləği də daxil) 6248,67 manat kredit borcunun tutulmasına dair gəldiyi nəticəni səhv hesab edir. Bu baxımdan məhkəmənin qət etdiyi həmin nəticələr işin həqiqi hallarına uyğun gəlmir.
19. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 357, 361-ci maddələrini rəhbər tutaraq məhkəmədən Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)- 1962/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd ediməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə qismən razılaşaraq, mülki işə apellyasiya instansiyası məhkəməsində baxılarkən bank daxili qaydalara əsasən mərhum Quliyev Əli Əbülfət oğlunun vəfat etdiyi 15 noyabr 2021-ci il tarixə olan borcunun və ödənişlərinin eyniləşdirildiyini, vəfat etdikdən sonra hesablanmış faizlərin silindiyini, nəticədə ödənilməmiş 3948.59 manat əsas borc olmaqla, ümumilikdə banka 3948.59 manat ödənilməmiş borcun qaldığını, bu səbəbdən də 3948.59 manat əsas borca aid hissə istisna olmaqla apellyasiya şikayətinin digər məbləğlərə aid hissədə təmin edilməsinə etirazının olmadığını göstərmiş, 3948.59 manat əsas borca aid hissədə isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar
24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)- 1962/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini tam diqqətə almamışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Quliyev Əli Əbülfət oğlu arasında bağlanmış 02 oktyabr 2020-ci il tarixli, BPM**********78 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. X11 Əbülfət oğlu 15 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bərdə regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən 25 may 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə 15 noyabr 2021-ci il tarixdə vəfat etmiş Quliyev Əli Əbülfət oğlunun arvadı Cavabdeh mərhum ərinin 11 saylı Ərazi Vergilər İdarəsində adına olan 5629.50 manat pul vəsaitindən tam hissədə pay almalı olması müəyyən edilmişdir. X9 Əbülfət oğlunun qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Quliyev Əli Əbülfət oğlu 15 noyabr 2021-ci il tarixdə vəfat etdiyindən onun 02 oktyabr 2020-ci il tarixli, BPM**********78 №-li kredit müqaviləsi üzrə Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan borcu tam şəkildə ödənilməmişdir.
33. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas təşkil etmirlər.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin bağlandığı 02 oktyabr 2020-ci il tarixdən Quliyev Əli Əbülfət oğlunun öldüyü 15 noyabr 2021-ci il tarixədək, yəni bir il on iki günlük müddət üçün 3949,89 manat əsas borca görə 2298,78 manat faiz borcunun hesablanmasının qanunsuz, məhkəmənin cavabdehdən 3572,87 manat məbləğdən artıq olan kredit borcunun tutulmasına dair gəldiyi nəticəninin səhv olmasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi X4 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarında hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəaların nəzərdə tutmalı olmasına dair tələbin olması diqqətə alınaraq məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC-yə borcalan Quliyev Əli Əbülfət oğlunun vəfat etdiyi 15 noyabr 2021ci il tarixdən sonra 02 oktyabr 2020-ci il tarixdə bağlanmış BPM**********78 nömrəli kredit müqaviləsi üzrə faizlərin hesablanmasının davam etdirilməsi yaxud dayandırılması, əgər dayandırılmışdırsa, 02 oktyabr 2020-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi üzrə borcalan Quliyev Əli Əbülfət oğluna hesablanmış və sonuncu tərəfindən 15 noyabr 2021-ci il tarixədək ödənilməmiş faiz borcunun neçə manat təşkil etməsi barədə məhkəmə kollegiyasına məlumat verilməsinə dair 18 noyabr 2025-ci il tarixli, 2(107)-318/2025 nömrəli sorğu məktubu ünvanlanmışdır.
35. Məhkəmə kollegiyasının sorğusuna cavab üzrə göndərilmiş, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Mingəçevir filialının 16 dekabr 2025-ci il tarixli maliyyə arayışında Quliyev Əli Əbülfət oğlu ilə bağlanmış 02 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas borcun 3948.59 manat, faiz borcunun isə 0.00 manat, borc üzrə cəmi tələb edilən məbləğin 3948.59 manat və 82.89 manat dövlət rüsumu məbləği olması qeyd edilmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddiaçı tərəfindən hesablanmış ağlabatan olmayan və tənasübsüz surətdə yüksək 2298,78 manat dəbbə pulunu tətbiq etməklə, həmin sübutu obyektiv, hərətərəfli, tam araşdırmaması, habelə düzgün qiymətləndirməməsi, Mülki Məcəllənin 467-ci maddəsini pozmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin hazırkı iddia tələbindən də müəyyən edildiyi kimi Bank tərəfindən cavabdehdən heç bir dəbbə pulu məbləği tələb edilməmiş, bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq dəbbə pulunun alınması istiqamətində heç bir dəyərləndirmə aparılmamışdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müalicə aldığına görə məhkəməyə gəlmək iqtidarında olmadığı ilə bağlı məhkəməyə yazılı müraciət etməyinə baxmayaraq, məhkəmə iclasının təxirə salınmaması, məhkəmədə iştirakının təmin edilməməsi, nəticədə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin ünvanına bildirişlər göndərilmiş, lakin iş materiallarından cavabdeh tərəfindən xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasına dair birinci instansiya məhkəməsinə hər hansı bir müraciət ünvanlaması halı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinə 18 oktyabr 2024-cü il tarixdə, yəni məhkəmə qətnaməsinin qəbul edilməsindən bir gün sonra daxil olmuş ərizəsində isə cavabdeh səhhətinin vəziyyətinin yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin öz təşəbbüsü ilə müvafüq ekspertiza təyin edə bilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
39. Göründüyü kimi ekspertizanın təyin edilməsi işə baxan məhkəmənin mütləq vəzifəsi olmamaqla, işin hallarından asılı olaraq məhkəmənin aparılmasını zəruri hesab etdiyi bir tədqiqatdır.
40. Buna baxmayaraq məhkəmə kollegiyasının qərardadları ilə ekspertizalar təyin edilmiş, məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 07 iyul 2025-ci il tarixli 9/2169 nömrəli rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 02 oktyabr 2020-ci il tarixli BPM**********278 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Quliyev Əli Əbülfət oğlunun 04 iyun 2024-cü il tarixinə (iddia ərizəsi üzrə tarixə) "xxxx" ASC-nə olan borcu 7154.40 manat məbləğində, o cümlədən əsas borcunun 4331.66 manat, faiz borcunun isə 2822.74 manat olması, əlavə məhkəmə mühasibatlıq ekspertizasının 31 oktyabr 2025-ci il tarixli 9/4084 nömrəli rəyi ilə isə 02 oktyabr 2020-ci il tarixli BPM**********278 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Quliyev Əli Əbülfət oğlunun 02 oktyabr 2023-cü il tarixə "xxxx" ASC olan borcunun 6504.56 manat məbləğində o cümlədən əsas borcunun 4331.66 manat, faiz borcunun isə 2172.90 manat olması müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mühasibatlıq ekspertizasının 07 iyul 2025-ci il tarixli 9/2169 nömrəli, 31 oktyabr 2025-ci il tarixli 9/4084 nömrəli rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizaların rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
42. Kollegiya həmçinin qeyd etməyi vacib hesab edir ki, iddiaçı tərəfindən əsas borc məbləğinin ekspertiza tədqiqatları ilə müəyyən edilmiş əsas borc məbləğindən daha az həddə tələb edilməsi, faiz borcunun isə ümumiyyətlə tələb edilməməsi diqqətə alınaraq, mübahisənin həlli zamanı ekspertiza rəylərində qeyd edilən deyil, məhz iddiaçının tələb etdiyi məbləğə istinad edilməlidir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun miras qoyan Quliyev Əli Əbülfət oğlundan qalmış həmin miras payı, yəni 3572,87 manat həcmində miras qoyanın öhdəlikləri üçün məsuliyyət daşımasına dair dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
44. Yəni həmin normanın mənasina görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə yükü vərəsənin üzərinə düşür. Vərəsə olan Cavabdeh tərəfindən isə buna dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
47. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
48. Qeyd edilənlər diqqətə alınaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində ifadə edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin 3948.59 manat əsas borca və həmin məbləğə mütənasib olan dövlət rüsumuna aid hissədə də ləğv edilməli olmasına dair tələblə razılaşmır.
49. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-1962/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Quliyev Əli Əbülfət oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 oktyabr 2020-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi üzrə 1.30 manat əsas, 2298.78 manat faiz, cəmi 2300.08 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 23 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” hissəsində ləğv edilməli, ləğv edilmiş hisssədə yeni qətnamə qəbul edilməli, iddia tələbi Quliyev Əli Əbülfət oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 oktyabr 2020-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi üzrə 1.30 manat əsas, 2298.78 manat faiz, cəmi 2300.08 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 23 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Ekspertiza tədqiqatları ilə cavabdehin kredit borcunun iddia ərizəsində qeyd edilmiş 6248.67 manatdan daha az olması müəyyən edilmədiyindən məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizaları üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 200 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(039)-1962/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Quliyev Əli Əbülfət oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 oktyabr 2020-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi üzrə 1.30 manat əsas, 2298.78 manat faiz, cəmi 2300.08 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 23 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması” hissəsində ləğv edilsin. Ləğv edilmiş hisssədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Quliyev Əli Əbülfət oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 oktyabr 2020-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi üzrə 1.30 manat əsas, 2298.78 manat faiz, cəmi 2300.08 manat borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 23 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 200 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.