Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-319/2025 06.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, kredit borcunun qaytarılması, iddia müddəti) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(019)-1034/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, sadələşdirilmiş icraat qaydasında işə baxaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 528.83 (beş yüz iyirmi səkkiz manat səksən üç qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh2 etirazı əsasında Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia icraatına keçirilmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605-2306.2017-SM52 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2018-ci il tarixdə borclu X7 vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605- 2306.2017-SM52 saylı kredit müqaviləsi üzrə 528.83 manat əsas borc yaranmışdır.Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin vərəsələr barədə məktubundan görünür ki, X1 qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X5 vərəsələri Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişlər. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər.
Birinci instansiya məhkəməsində icraat
4. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(019)-1034/2024 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddiası, iddia müddəti tətbiq olunmaqla təmin edilməmiş, ödənilmiş 30,40 manat məhkəmə xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:
5. İddiaçı "xxxx" ASC-nin “Zaqatala” filialı ilə cavabdehlərin anası X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605-2306.2017-SM52 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borclu bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.xx.xx.2018-ci il tarixdə borclu X7 ölmüş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC -nin “Zaqatala” filialı ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605- 2306.2017-SM52 saylı kredit müqaviləsi üzrə 528.83 manat əsas borc yaranmışdır. X1 qalmış mirasa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
6. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbini irəli sürməkdə haqlıdır.
7. Eyni zamanda məhkəmə hesab edir ki, "xxxx" ASC iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiklərindən onun iddiası təmin edilə bilməz.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 465.2, 448.1,, 445, 442, 377.1, 377.2, 373.2, 384.0.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 220.5 və 119.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Hazırkı mübahisədən və mülki iş materiallarından da görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X5 birinci növbəli qanuni vərəsələridir. Göründüyü kimi, iddiaçı tərəf olaraq tərəflərindən cavabdehlər iddia tələbi mərhum şəxsin qanuni vərəsələri olduğu üçün verilmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdircikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırkı mübahisədən və mülki iş materiallarından da görünür ki, Balakən regiona! “ASAN xidmət” mərkəzində notariat ofisininn xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 vərəsə olaraq mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiyi üçün və vəsrəslik şəhadətmamisi aldığı üçün o, mərhum X5 vərəsələridir. Bununlada o, X5 vərəsələri olduğunu şəksiz formada nümayiş etdirmişlər. Göründüyü kimi, iddiaçı tərəf olaraq tərəfimizdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi mərhum şəxsin qanuni vərəsəsi olduğu üçün verilmişdir. Məhkəmə iddia müdəti ilə bağlı maddi hüqqu normanı düzgün tətbiq etməmişdir. Belə ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin X2 miras qalmış əmlakını qəbul etmiş vərəsələr barədə məlumatı xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bu səbəbdən də, iddia müddəti məhz xx.xx.2024-cü il tarixdə hesablanmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsindən görünür ki, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Odur ki, Balakən Rayon Məhkəməsinin 9 dekabr 2024-cü il tarixli, 2(019)-1034/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(019)-1034/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. 380.1-ci maddəsinə əsaən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanılır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(019)-1034/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. İddiaçı "xxxx" ASC Balakən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(019)-1034/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(019)-1034/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605-2306.2017-SM52 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində nağd kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2018-ci il tarixdə borclu X7 vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 605- 2306.2017-SM52 saylı kredit müqaviləsi üzrə 528.83 manat əsas borc yaranmışdır. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin vərəsələr barədə məktubundan görünür ki, X1 qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X5 vərəsələri Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişlər. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər.
25. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
26. Şikayətdə qeyd edilir ki, məhkəmə iddia müdəti ilə bağlı maddi hüquq normanı düzgün tətbiq etməmişdir. Belə ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin X1 miras qalmış əmlakını qəbul etmiş vərəsələr barədə məlumatı xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bu səbəbdən də, iddia müddəti məhz xx.xx.2024-cü il tarixdə hesablanmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsindən görünür ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
27. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır.
28. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
31. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixdə bağlanmış 605-2306-2017-SM saylı Kredit müqaviləsindən görünür ki, X6 iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Zaqatala filialından 24 ay müddətinə illik 29 % ödəmək şərti ilə, 1000 manat məbləğində nəğd kredit verilmişdir.
32. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2017-ci il tarixli 345PTL********** nömrəli kredit müqaviləsi üzrə-cəmi 528.83 manat əsas borc yaranmışdır.
33. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 iyul 2018-ci il tarixli AZ-İ seriyalı 956009 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 07 ayının 26 günündə 89 nömrə ilə qeyd edilmişdir.
34. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh2 ərizəsindən görünür ki, o, iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini göstərərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1 ərizəsindən görünür ki, o, iddiaçı Azərbaycan Beynəlxalq Bankı”ASC-nin iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini göstərərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apellyator şikayətində Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin X1 miras qalmış əmlakını qəbul etmiş vərəsələr barədə məlumatın xx.xx.2024-cü il tarixdə daxil olduğunu, bu səbəbdən də, iddia müddətinin məhz xx.xx.2024-cü il tarixdə hesablanmalı olduğunu qeyd etsə də, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsi ilə tənzimlənir.
37. Belə ki, həmin maddəyə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
38. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, borc münasibətləri xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmaqla yaranmış, kredit 24 ay müddətinə verildiyindən, icra müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə iddia müddətinin axımı icra müddətinin başa çatdığı xx.xx.2019-cu ildə başlanılmışdır. Beləliklə müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2019cu ildən başlanılaraq xx.xx.2022-ci ildə başa çatır.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(019)-1034/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2(019)-1034/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.