Məhkəmə qərarları › İş №2(107)-323/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-323/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-323/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili X3 oğlunun, Cavabdeh iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1448/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2850 manat məbləğində pulu və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, hazırki cavabdeh onun həmkəndlisi olmaqla 2019-cu ilin noyabr ayında yaşadığı evə gəlmiş və anası Ceyran Hüseynovanın gözünün əməliyyatı ilə bağlı ona pul lazım olduğunu bildirmişdir. Bu səbəbdən də 3000 manat məbləğində ondan pul istəyərək yaxın günlərdə Türkiyədə yaşayan xalası oğlundan 3000 manat pul alıb qaytaracağını bildirmişdir. Həmin məbləğdən onun təkid və iradından sonra 750 manatını qaytarmışdır. Bundan sonra 2020-ci ilin avqust ayında 1000 manat məbləğində bir baş inəyini ondan nisyə almışdır. Həmin 1000 manat məbləğində inəyin dəyərindən 400 manatını qaytarmışdır. 600 manatını isə qaytarmamışdır. Sonuncu dəfə 28 may 2021-ci il tarixində tərəfindən Cavabdehla telefon danışıqları etmişdir. Şəxs pulunu qaytarmadığından onu Yevlax Rayon Polis Şöbəsinə vermək məcburiyyətində qalmışdır. Bu barədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyun 2021-ci il tarixli qərar vardır. Həmin qərarda Cavabdeh ifadə vermiş, onunla 2019-cu il tarixində xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Həmin il anası Ceyran Hüseynovanın əməliyyatı üçün 1000 manat məbləğində pul aldığını, sonra isə əlində maya kimi istifadə etmək üçün 1000 manat məbləğində pul aldığını rəsmən etiraf etmişdir. Eləcə də 2020-ci ilin oktyabr-noyabr ayında 1000 manat, həmçinin ondan 800 manat məbləğində bir baş inək satın aldığını rəsmən etiraf edib. Həmin etirafında guya bu pulu qaytardığını bildirib. Göründüyü kimi onun qeyd etdiyi 3000 manat məbləğində pul, o cümlədən 1000 manat dəyərində olan inəyi dolayı olaraq etiraf edilir. Qeyd olunan etiraf rəsmi sənədlərdə öz əksini tapmışdır. Bu gün şəxsin ona 2850 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1448/2021 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) iddia təmin edilmiş, Cavabdeh 2850 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh 2000 manat borc pul vermişdir. Həmçinin nisyə 850 manat dəyərində bir baş mal vermişdir. Cavabdeh iddiaçıdan borc pul və 850 manat dəyərində nisyə mal alsa da, borcunu qaytara bilməmişdir. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, cavabdeh pulun və malın alınmasını etiraf edir. Həmçinin cavabdeh pulu faizə verilməsini və borcun qaytarılmasını və malın nağd pula aldığını bildirsə də buna dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 2850 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 427- ci, 600.1-ci, 739.1-ci, 739.2-ci, 740.1-ci, 740.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 124-cü, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o iddiaçıdan 2019-cu ilin noyabr ayında 3000 manat borc pul (faizlə) almışdır. Həmin məbləği faizi ilə birlikdə tam ödəmişdir. İddiaçıdan 2020-ci ilin avqust ayında bir baş inək almamışdır. Əgər o iddiaçıya 3000 manat pul borclu idisə və borcunu qaytarmırdısa, hansı səbəbdən iddiaçı yenidən ona nisyə inək verirdi. İddiaçı ilə onun arasında xırda buynuzlu heyvanların alqı-satqısı ilə bağlı sövdələşmə olmuşdur. Lakin aralarında olan həmin münasibət uzun illər bundan öncə olmuşdur. Ona qarşı həmin tələb əsassızdır. Birinci instansiya məhkəməsndə o bununla bağlı fikrini bildirmişdir. Qəbul edilmiş məhkəmə qətnaməsini ona münasibətdə ədalətsiz hesab edir. O borc pul aldığını, eyni zamanda həmin məbləği qaytardığını etiraf etsə də, məhkəmə pulu almağı ilə bağlı etirafını qəbul edir, lakin qaytarmağı ilə bağlı etirafını qəbul etməmişdir. Bu halı aşkar ədalətsizlik hesab edir. Qeyd olunanlara əsasən o, Yevlax Rayon Məhkəməsinin 2(039)-1448/2021 nömrəli, 19.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh oğlu verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1448/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X2 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1448/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1448/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaya münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq iddianı təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1448/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 2000 manat borc pul vermişdir. Həmçinin nisyə 850 manat dəyərində bir baş mal vermişdir. Cavabdeh iddiaçıdan borc pul və 850 manat dəyərində nisyə mal alsa da, borcunu qaytara bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəm kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddiaya münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandımış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, qarşılıqlı iddianı təmin etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, o iddiaçıdan 2019-cu ilin noyabr ayında 3000 manat borc pul ( faizlə ) almışdır. Həmin məbləği faizi ilə birlikdə tam ödəmişdir. İddiaçıdan 2020-ci ilin avqust ayında bir baş inək almamışdır. Əgər o iddiaçıya 3000 manat pul borclu idisə və borcunu qaytarmırdısa, hansı səbəbdən iddiaçı yenidən ona nisyə inək verirdi. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsassız sayır. Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən tərəfin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaya münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, düzgün olaraq iddianı təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1448/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1448/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar