Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-325/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh2 və digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1697/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1697/2019 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh2 950 manatın və 1600 ABŞ dollarının (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) alınaraq İddiaçı ödənilməsi, iddianın Cavabdeh1 aid və qalan hissədə təmin edilməməsi, Cavabdeh2 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada borc qismində verdiyi 950 manat və 3600 ABŞ dolları, həmçinin mənəvi zərərin əvəzi olaraq 2000 manat olmaqla, cəmi 2950 (iki min doqquz yüz əlli) manat və 3600 (üç min altı yüz) ABŞ dollarının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 atası onun mərhum anası Çiçək İsbəndiyarovanın xalası oğludur. Anasının sağlığında və o rəhmətə getdikdən sonra onların həmişə gediş-gəlişləri olmuş, qohumluq əlaqələri davam etmişdir. Cavabdeh1 ona müraciət edərək Şəki rayonu Öryət kəndində yerləşən tam orta məktəbin direktorunun yaşlandığını və pensiyaya çıxacağını, onun yerinə məktəbə direktor keçmək istədiyini, bunun üçün 2000 ABŞ dolları pula ehtiyacı olduğunu bildirərək ondan qaytarmaq şərtilə borc pul istəmiş, o da qohum olduqlarından sonuncunun istəyini geri çevirməmiş və ona 2000 ABŞ dolları borc vermişdir. Bundan başqa Cavabdeh1 ona yenidən zəng edərək ondan borc pul istəmiş, özü gələ bilməyəcəyini bildirmiş, ona görə də pulu almaq üçün xalası, hazırkı iş üzrə Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində yaşadığı evə gələrək 1000 ABŞ dolları və 500 manat pulu qəbz yazaraq videoçəkilişlə almışdır. Daha sonra Cavabdeh2 Cavabdeh1 çatdırmaq üçün yenidən borc pul istəmiş, xx xxx 2016-cı il tarixdə 900 ABŞ dolları və 450 manat pulu qəbz yazaraq videoçəkilişlə almışdır. Lakin cavabdehlər hazırkı vaxtadək həmin borc puldan cəmi 300 ABŞ dollarını 2019-cu ildə qaytarmış, qalan borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışlar. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1 onun oğludur. İddiaçı ilə onların qohumluq əlaqələri mövcuddur. Bacısı, hazırkı iş üzrə Cavabdeh2 övladı xəstə olduğundan onun müalicəsi üçün pul tələb olunmuş, sonuncu bunun üçün iddiaçıya müraciət etmişdir. Lakin iddiaçı onu tanımadığı bildirmiş, əgər Cavabdeh1 razılıq verərsə borc verə biləcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1 iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlayaraq xalası Cavabdeh2 borcunu vaxtında qaytacağını bildirmiş və ona borc verməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd olunanlar həqiqətə uyğun olmayan ifadələrdir. Belə Cavabdeh1 heç vaxt məktəb direktoru keçmək məqsədi olmamış və hazırda xarici ölkədə yaşayır. Həmçinin, iddiaçının iddia etdiyi müddətdə onlar Şəki şəhərində deyil, Rusiya Federasiyasında olmuşlar. Qeyd etdi ki, cavabdehin İddiaçı heç vaxt borc almamış və hazırda da ona heç bir borcu yoxdur. Cavabdeh1 qarşı irəli sürülən iddia tamamilə əsassız və qanunsuzdur. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, övladı xəstə olduğundan onun müayinə və müalicəsi üçün pul tələb olunmuş, bu məqsədlə iddiaçıya müraciət etmişdir. Lakin iddiaçı ona əgər Cavabdeh1 razılıq verərsə borc verə biləcəyini bildirmişdir. Bundan sonra Cavabdeh1 telefon vasitəsilə iddiaçı ilə əlaqə saxlayaraq ona borc verməsini xahiş etmişdir. Beləliklə, iddiaçı ona məxsus şəxsiyyət vəsiqəsini girov götürməklə xx xxxxxx 2015-ci il tarixdə 1000 ABŞ dolları və 500 manat borc vermişdir. O, həmin pulun 15%-ni hər ay iddiaçıya ödəmişdir. Oğlunun xəstəliyi üçün çoxlu vəsait tələb olunduğundan borcunu tam şəkildə qaytara bilməmiş, iddiaçı isə ona dəfələrlə zəng edərək pulunu tələb etmişdir. Bundan sonra xx xxx 2016-cı il tarixdə iddiaçıya məxsus evə gedərək qəbz yazmış, iddiaçıya olan 1000 ABŞ dolları və 500 manat borcu olduğunu, həmçinin həmin pulun 15%-i miqdarında 6 ay üçün, yəni 900 ABŞ dolları və 450 manat pulu borc şəklində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxt iddiaçıdan heç bir miqdarda borc pul almamışdır. Qeyd etdi ki, o, 1000 ABŞ dolları və 500 manat borcundan 500 manatını 2017-ci ildə mərhum əri ilə, 700 ABŞ dollarını 2018-ci ilin iyun ayının axırında tanışları Şahid1 və Şahid2la, 300 ABŞ dollarını isə 2019-cu ilin yanvar-fevral aylarında tanışı Şahid3 ilə birlikdə iddiaçıya qaytarmışdır. Həmin məbləğlərin 15%-ni isə aybaay ödəmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Ona qarşı irəli sürülən iddia tamamilə əsassız və qanunsuzdur. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılsa da, ona obyektiv hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1697/2019 saylı qətnaməsinin ləğv edilməsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borc qismində verdiyi 950 manatın, 3600 ABŞ dollarının, həmçinin mənəvi zərərin əvəzi olaraq 2000 manatın, cəmi 2950 manatın və 3600 ABŞ dollarının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)- 1697/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirmişdir. Eyni zamanda işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)- 1697/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Birinci instasniya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, özü ali hüquq təhsilli hüquqşünasdır. Cavabdeh2 bir neçə ildir ki, tanıyır. Sonuncuya dəfələrlə hüquqi yardım göstərmiş, ona hüuqi məsləhətlər vermişdir. Cavabdeh2 ona «Cəmilə» adlı şəxsdən 1000 ABŞ dolları və 500 manat borc aldığını, borcunun bir hissəsini, yəni 700 ABŞ dolları və 500 manatını qaytardığını, hazırda 300 ABŞ dolları borcu qaldığını, sonuncunun ona tez-tez zəng edərək borcunu tələb etdiyini bildirmişdir. O öz növbəsində cavabdehlə razılaşaraq ona həmin pulu borc verəcəyini bildirmiş, «Cəmilə» adlı şəxsə zəng edərək qalıq 300 ABŞ dolları borcu qaytarmaq üçün görüşmüşlər. Pulu verərkən sonuncu cavabdehin hər hansı məbləğdə borcunun qaldığı ilə bağlı fikir ifadə etməmişdir. Birinci instasniya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Cavabdeh2 ilə 20 ildən çoxdur ki, ailəvi yaxındırlar. Cavabdeh2 ona «Cəmilə» adlı şəxsdən faizə 1000 ABŞ dolları və 500 manat borc pul aldığını, həmin puldan 500 manatını mərhum əri ilə birlikdə sonuncuya qaytardığını bildirmişdir. 2018-ci ilin iyun ayında Cavabdeh2 əri vəfat etmiş, onun yas mərasimindən toplanmış pulları ABŞ dollarına çevirərək «Cəmilə» adlı şəxsə vermək üçün ayırmışdır. Bundan sonra iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlamış, sonuncu pulu aparıb evlərinə vermələrini bildirmişdir. O, cavabdeh və Şahid2 birlikdən iddiaçının yaşadığı evə getmişlər. Həmin vaxt iddiaçı evdə olmamış, pulu onun bacısına vermişlər. Əlavə olaraq bildirdi ki, pulu verərkən qəbz yazmasalar da iddiaçıya verilmiş ABŞ dollarlarının nömrələrini yazmışlar. Birinci instasniya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə məzmunca eyni olan oxşar ifadə vermişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən İddiaçı verilmiş qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı xx xxxxxx 2015-ci il tarixdə 1000 ABŞ dolları və 500 manat borc götürdüyünü, həmçinin xx xxx 2016-cı il tarixdə 900 ABŞ dolları və 450 manat borc götürdüyünü, həmin pulu 2016-cı ilin oktyabrın əvvəlinədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh2 1000 ABŞ dolları və 500 manat borc vermişdir. Bundan sonra xx xxx 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən qəbz yazılaraq xx xxxxxx 2015-ci il tarixdə 1000 ABŞ dolları və 500 manat, xx xxx 2016-cı il tarixdə 900 ABŞ dolları və 450 manat borc götürdüyü etiraf edilmişdir. İddiaçı Cavabdeh2 həmin borcdan cəmi 300 ABŞ dolları qaytardığını bildirmişdir. Cavabdeh2 iddiaçıya olan borcunu tam şəkildə icra etməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 öz ifadəsində borc məbləğinin onun tərəfindən tam ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyası Cavabdeh2 həmin izahatına tənqidi yanaşır. Çünki, cavabdehin iddiaçıya hər hansı ödəniş etməsi barədə sübut işə baxan məhkəmələrə təqdim edilməmişdir. Həmçinin, Cavabdeh2 iddiaçıya təqdim edilmək üçün onun bacısına 700 ABŞ dolları məbləğdə pul verdiyini qeyd etsə də, iddiaçı ona həmin məbləğdə hər hansı ödəniş edilmədiyini bildirmişdir. Bundan başqa birinci instansiya məhkəməsinə cavabdehin vəsatəti ilə dəvət olunmuş şahidlər də 700 ABŞ dollarının iddiaçıya şəxsən təqdim edilməsini təsdiq etməmiş, cavabdeh iddiaçıya 700 ABŞ dolları ödəniş etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində qeyd edilən borc məbləğlərinin Cavabdeh1 verilməsini təsdiq edən hər hansı bir mötəbər sübut İddiaçı tərəfindən məhkəməyə təqdim etmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi Cavabdeh1 aid hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərərinsanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin İddiaçı tərəfindən ona 2000 manat məbləğində mənəvi zərərin dəyməsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab etmir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1697/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1697/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-325/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-325/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver