Məhkəmə qərarları › İş №2(107)-327/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-327/2020

21.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-327/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə; İddiaçı - Nağıyeva (Məmmədova) Aygün Sadir qızının və onun vəkili X2; Cavabdeh - Cavabdeh iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsindən iddiaçı Nağıyeva (Məmmədova) Aygün Sadir qızı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia qismən təmin edilmiş, xx xxxxxx 2015-ci il təvəlüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 manat, xx xxxx 2016-cı il təvəlüdlü X15 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 manat, cəmi 240 manat sabit pul miqdarında alimentin hər ay Cavabdeh tutulub, iddiaçı Nağıyeva (Məmmədova) Aygün Sadir qızına verilməsi, alimentin qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulması, Cavabdeh 20 manat məbləğində dövlət rüsumunun tutulub, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları: İddiaçı Nağıyeva (Məmmədova) Aygün Sadir qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Nağıyeva (Məmmədova) Aygün Sadir qızı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Cavabdeh ilə xx xxxx 2014-cü ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 2015-ci il təvəllüdlü Hüseyn və xx xxxx 2016-cı il təvəllüdlü Kənan adlı iki nəfər uşaqları doğulmuşdur. Nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Hüseyn və Kənan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Özü işləsə də müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Uşaqların tələbatları artmış və maddi cəhətdən onları təmin edə bilmir. Cavabdehin də uşaqlarına baxmaq borcudur. Cavabdeh X5ndə işləyir və kifayət qədər əmək haqqı alır. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, xx xxxxxx 2015-ci il təvəllüdlü X9 və xx xxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 200 (iki yüz) manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, uşaqlarına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. “Mingəçevir Sukanal” İdarəsinin Su və Kanalizasiya sistemlərinin istismarı sahəsində nasos qurğularının maşinisti peşəsində işləyir. Əmək haqqı 342 manatdır. İddiaçının tələbi ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. İddiaçı özü də işləyir. Yüksək əmək haqqı alır. Uşağı saxlamaq hər iki valideynin borcudur. Xahiş etmişdir ki, aliment onun əmək haqqından qanunla müəyyən edilmiş faizlə tutulsun. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı Nağıyeva (Məmmədova) Aygün Sadir qızı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarında işə əlavə edilmiş X8 idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 243 saylı arayışa əsasən onun əmək haqqı 520 manat olduğunu qeyd edilmişdir, halbuki onun əmək haqqı 430 manat təşkil edir. Həmin qərarda işə əlavə edilmiş X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 26 saylı arayışa əsasən Cavabdeh “Mingəçevir Sukanal” İdarəsinin Su və Kanalizasiya sistemlərinin istismarı sahəsində nasos qurğularının maşinisti peşəsində işlədiyini və əmək haqqının 342 manat olduğunu qeyd etmişlər. Halbuki onda olan arayışda cavabdehin əmək haqqı 412-467 manat olduğu qeyd edilmişdir (işin xüsusiyyətindən aslıdır). Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nağıyeva (Məmmədova) Aygün Sadir qızı və onun vəkili X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlаvə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 2015-ci il təvəllüdlü X9 və xx xxxx 2016-cı il təvəllüdlü X4 valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlаvə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx xxxxxxxx 2019-cu ildə ləğv edilmişdir. İş materiallarına əlаvə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2063/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü X9 və xx xxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlаvə edilmiş “Mingəçevir Sukanal” İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 26 №-li arayışdan görünür ki, Cavabdeh “Mingəçevir Sukanal” İdarəsinin Su və Kanalizasiya sistemlərinin istismarı sahəsində nasos qurğularının maşinisti peşəsində işləyir. Əmək haqqı 342 manatdır. İş materiallarına əlаvə edilmiş X8 İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 243 saylı arayışdan görünür ki, X1 rayon Qiyaslı kənd uşaq musiqi məktəbinin Mingəçevir filalında müəllimə işləyir. Orta əmək haqqı 520 manat təşkil edir. İş materiallarına əlаvə edilmiş Ağdam rayon İHB-nin Xıdırlı ərazi nümayəndəliyindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Məmmədova (Nağıyeva) X10 və Kənan adlı uşaqları ilə birlikdə Xıdırlı kəndində qeydiyyatdadır, 03 nəfər ailə üzvləri üçün cəmi 180 manat yemək xərci alır. Məhkəmə kolegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx xxxx 2014-cü ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2015-ci il təvəllüdlü Hüseyn və xx xxxx 2016-cı il təvəllüdlü Kənan adlı iki uşaqları doğulmuşdur. Nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Hüseyn və Kənan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat alimentin cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı işləsə də müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Uşaqların tələbatları artmış və maddi cəhətdən onları təmin edə bilmir. Cavabdeh X5ndə işləyir və kifayət qədər əmək haqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəflər arasında mübahisəni həll edərkən onların ümumi uşaqlarının mənafeyini, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyini, uşaqların tərbiyəsi, təhsili, onların fiziki və mənəvi inkişafı ilə bağlı tələbatlarının artması dinamikasını, uşaqların iddiaçının yanında qalmaqla hüquqlarının üstün mühafizə prinsipini, həmçinin cavabdehin maddi vəziyyətini, alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının çətinlik törədərək iddiaçının marağının əhəmiyyətli dərəcədə pozduğunu nəzərə alır və belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbinin cavabdehdən xx xxxxxx 2015-ci il təvəllüdlü Hüseyn və xx xxxx 2016-cı il təvəllüdlü Kənanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün 200 manat manat məbləğində alimentin alınıb verilməsinin tam həcmdə təmin edilməsi məqsədə müvafiq deyildir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının 120 manat müəyyən edilməsi nəticəsinə gələrkən hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, tərəflərin maddi vəziyyətini, həmçinin yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə almış və iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2217/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Nağıyeva (Məmmədova) Aygün Sadir qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2217/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar