Məhkəmə qərarları › İş №2(107)-327/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-327/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-327/2024 27.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, cavabdeh biznes qurmaq məqsədi ilə ondan 33.000 manat borc pul almış, həmin pulun 30.000 manatını qaytarmışdır, qalan hissəsini isə qaytarmaqdan imtina edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan xarici ölkələrdən uşaq bezi gətirib ölkə ərazisində satmaq adı ilə 33.000 manat pul almışdır. Cavabdeh ona borclu olduğu pulun 30.000 manatını qaytarsa da qalan 3.000 manat məbləği qaytarmaqdan imtina edir. Cavabdeh iddiaya etirazını belə əsaslandırmışdır ki, o, iddiaçıdan 33.000 manat deyil, 30.000 manat borc pul alıb və həmin məbləği də iddiaçıya qaytarıb. İddiaçının tələb etdiyi 3.000 manat pul götürdüyü borca görə tələb olunan faiz məbləğidir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(051)- 1885/2023 nömrəli iş üzrə qəbul etdiyi 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 3.000 manat məbləğində pulun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə aralarında olan tanışlıq münasibətlərindən dolayı borc pul vermiş vermiş, cavabdeh isə həmin pulu iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. İddiaçı cəmi 33.000 manat cavabdehə pul vermişdir. Cavabdeh onun 30.000 manatını geri qaytarmış, yerdə qalan 3.000 manat borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. İddiaçının gətirdiyi dəlillər iş materiallarında olan Mingəçevir şəhər PŞ-nin İB-nin təhqiqatçısının 28 mart 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı, işə əlavə edilmiş telefon yazışmalarından əldə edilmiş çıxarışlarla sübut olunur. Həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatdan da iddiaçının tələbinin əsaslı olduğu sübut olunur. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıdan 30.000 manat pul almasını və əlavə olaraq iddiaçıya 3.000 manat pul verəcəyini öhdəsinə götürməsini, həmin puldan 30.000 manat məbləğində borcunu qaytarmasını etiraf etmişdir. Lakin maddi vəziyyətinin pis olması ilə həmin 3.000 manat pulu verə bilməməsini, həmçinin qanunvericilikdə iddiaçının faiz tələb etmək hüququnun olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 329.3, 285.1, 433.3, 448.1, 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qətnamədə qeyd edir ki, “İş materiallarında olan Mİngəçevir şəhər PŞ-nin İB-nin təhqiqatçısının 28 mart 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X2 ərizəsi əsasında tolplanılmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan müəyyən olunur ki, Cavabdeh X1 borc pul almışdır”. Bu halı qətnamədə qeyd edən məhkəmə qərarda cavabdehə 33.000 manat pulun verilməsinə dair hansı müddəaya rast gəlmişdir ki, bunu sübut kimi sadalamışdır. Məhkəmə qətnamədə qeyd etmişdir: “Həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatdan da iddiaçının tələbinin əsaslı olduğu sübut olunur. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıdan 30.000 manat pul almasını və əlavə olaraq iddiaçıya 3.000 manat pul verəcəyini öhdəsinə götürməsini, həmin puldan 30.000 manat məbləğində borcunu qaytarmasını etiraf etmişdir. Lakin maddi vəziyyətinin pis olması ilə həmin 3.000 manat pulu verə bilməməsini, həmçinin qanunvericilikdə iddiaçının faiz tələb etmək hüququ olmamasını bildirmişdir. Məhkəmə həmin sübutları mötəbər sübut kimi qəbul edir və hüquqi qiymət verir”. Məhkəmənin bu cür qiymətləndirmə aparması cavabdehin izahatının təhrif edilməsindən başqa bir hal deyildir, cavabdeh məhkəmədə iddiaçının ondan əlavə pul istədiyini qeyd etmiş, iddiaçıdan 33.000 manat borc aldığını qeyd etməmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında özü 3.000 manatı cavabdehdən faiz olaraq tələb etdiyini bildirmişdir. Eyni zamanda iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilən şahid də ifadəsində bildirmişdir ki, 33.000 manat pulu iddiaçı cavabdehə verəndə o, iddiaçının yanında olmayıb. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə 33.000 manat pul verdiyini, cavabdehin həmin pulun yalnız 30.000 manatını qaytardığını iddia edir, cavabdeh isə iddiaçıdan 30.000 manat pul aldığını etiraf edir və həmin məbləği də iddiaçıya ödədiyini bildirir. Məhkəmə, tərəflər arasında mülki mübahisənin həlli ilə bağlı bildirir ki, mülki işlərə baxılması zamanı bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı, şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Həm də nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı sübut etməlidir ki, cavabdehə həqiqətən də 33.000 manat borc pul verib. İş materiallarına əlavə edilmiş iddiaçı və cavabdehin “Whatsapp” yazışmalarından görünür ki, cavabdeh iddiaçıya 13.000 manat borcunu ödədiyini, 20.000 manat borcunun qaldığını etiraf etmişdir(iş vər.10). Göründüyü kimi, iddiaçının cavabdehə 33.000 manat borc pul verməyi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar